Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-889/2024 14.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət məhkəmə tərkibində, X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(071)-101/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun abonent hesabına hesablanmış 3907,69 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-101/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Zaur Hüseynov) iddia qismən təmin edilərək İddiaçı abonent hesabına Cavabdeh ASC tərəfindən artıq hesablanmış 3007,39 manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 29,54 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. xx.xx.2023-cü il tarixdə su idarəsinin işçiləri gəlib onun evinə su təminatı məqsədilə su təchizatı və su sayğacı qovşağının vəziyyətini yoxlamaq üçün onun ünvanına gələrək ünvana baxış keçirdiblər. Həmin gün onun su idarəsinə 3907,69 manat məbləğində borcu olduğunu bildirərək onun evinin su təminatını heç bir akt tərtib etmədən, ediblərsə belə ona həmin akta imza etməyi təklif etmədən dayandırıblar. O bu qədər böyük məbləğdə borcun necə və hansı halda yarandığını onlardan soruşduğu zaman ona əlavə su sərfiyyatı nəticəsində 2018-ci il tarixdən bu günədək ödəniş etmədiyi üçün bu qədər borcun yarandığını bildiriblər. Bu sözlər ona bildirildiyi zaman onlara etirazını bildirib və 2018-ci il tarixdə onun evinə su təminatı üçün quraşdırılmış elekton kart sistemi ilə çalışan su sayğacının xarab olduğunu və həmin 2018-ci il tarixdən bəri onun ünvanına içməli suya görə hər ay verilən bildirişlərin belə gəlmədiyini 2021-ci il tarixdə yeni mexaniki su sayğacının quraşdırıldığı, lakin ondan sonra da ona bildirişlərin gəlmədiyini, onun abonent hesabına əlavə edilən 3907,69 manat borcun iki nəfərin sərfiyyatı üçün ağılasığmaz dərəcədə çox hesablandığını bildirib. Daha sonra o, su təminatı olmadığı üçün ağır çətinliklər çəkdiyinə görə 220 manat ödəniş etmişdir ki, su təminatı bərpa olunsun. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşamaqla su və kanalizasiya xidmətlərindən fasiləsiz istifadə edir. İddiaçının yaşadığı fərdi yaşayış evinə 2013-cü ildə “smart” tipli sayğac qoyulmuşdur. 2021-ci ildə sayğacda aşkarlanmış qüsur ilə bağlı yeni mexaniki sayğacla əvəz edilmişdir. 2021-ci ildə qoyulmuş sayğac 2023-cü ilin oktyabr ayında baxış keçirilən dövrə kimi 1507 kub metr sudan istifadə edildiyini müəyyən edilmişdir. İddiaçı sayğacın quraşdırıldığı vaxtdan yoxlama keçirilən vaxtadək heç bir ödəniş etməmişdir. Bu səbəbdən iddiaçının abonent hesabına 904,20 manat borc hesablanmışdır. Bundan başqa, iddiaçı 2021-ci ildə sayğac quraşdırıldığı vaxtadək də sudan istifadə etmiş, lakin sudan istifadəyə görə ödənişlər etməmişdir. Bu səbəbdən hesablamalar aparılmaqla müəyyən edilmişdir ki, iddiaçı 2021-ci ildə sayğac quraşdırıldığı vaxtadək 5600 kub metr su sərf etmişdir. Bu səbəbdən onun abonent hesabına 2511,19 manat əlavə borc hesablanmışdır. İddiaçının abonent hesabında göstərilən 827 kub metr həcmində su sərfiyyatı, yəni 496,20 manat borc texniki səhv olaraq onun abonent hesabına hesablanmışdır. Həmin borcundan su təchizatı müəssisəsi tərəfindən silinməsi təmin ediləcəkdir. Məhkəmənin “cavabdeh tərəfin mexaniki sayğacın quraşdırıldığı vaxtdan etibarən iddiaçıya qaydalara uyğun olaraq hər ay əvvəlki aya dair hesab təqdim edilməsinə dair sübutların təqdim etməməsi” qənaətinə gəlməsi yanlışdır. Belə ki, bu halın doğruluğunu yoxlamaq üçün iş üçün əhəmiyyətli olan digər hallar araşdırılmamışdır. Yuxarıda qeyd olunan məsələlərin araşdırılmaması məhkəmənin yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı bildirmişdir ki, sayğac təxminən 2013-cü ildə, smart kart isə 2018-ci ildə quraşdırılmış, daha sonra 2021-ci ildə mexaniki sayğaca keçirilmişdir. Sayğac yaşadığı fərdi yaşayış evinin həyətində yerləşir. Hadisə zamanı xəstəxanada olmuşdur. Evdə heç kim olmamışdır. Qardaşı da həmin vaxt bacısıgilə getmişdir. 2023-cü ildə suyu anidən kəsməyə başladılar. Səbəbini soruşduqda 5 il ərzində su pulunun ödənilmədiyi üçün suyun kəsildiyini bildirdilər. Halbuki, həmin zaman kəsimində onlara heç bir xəbərdarlıq etməmiş, heç bir bildiriş göndərməmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar (yaxud nümayəndələri) məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri ilə bağlı hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və Hacıqabul Rayon Məhkəməsinin 2(071)-101/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan Hacıqabul rayon İcra Hakimiyyətinin inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Zeynalova X1 şəhəri D.Ağamaliyev küçəsi, ev 39 ünvanında yaşayır. İşdə olan İddiaçı adına olan abonent kartından görünür ki, onun yaşadığı fərdi yaşayış evinə ilk dəfə xx.xx.2013-cü il tarixdə su sayğacı quraşdırılmışdır. 2018-ci il də daxil olmaqla onun sudan istifadəyə görə borcu olmamışdır. xx.xx.2021-ci il tarixdə onun yaşadığı ev üzrə su sayğacı sökülmüş və yerinə yeni sayğac quraşdırılmışdır. Abonent kartında 2019-cu ildən 2023-cü ilin oktyabr ayınadək olan dövrdə iddiaçının istifadəyə etdiyi suyun həcmi, sudan istifadəyə görə yaranmış borc barədə məlumatlar göstərilməmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının abonent hesabına 1507 kub metr sudan istifadəyə görə 904,20 manat borc, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində 5600 kub metr sudan istifadəyə görə 2511,19 manat borc və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində 827 kub metr sudan istifadəyə görə 496,20 manat borc hesablanmışdır. İşdə olan 53483 nömrəli xx.xx.2023-cü il tarixli və 164543 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən sudan istifadəyə görə müvafiq olaraq 200 manat və 20 manat ödənişlər edilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 5.1.5-ci bəndinə əsasən istehlakçının verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ vardır. Həmin Qaydaların 7.2-ci maddəsinə əsasən STKM “smart-kart” tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 7.3-cü maddəsinə əsasən “smart-kart” tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, bir aylıq müddət ərzində iddiaçının 5600 kub metr həcmdə sudan istifadə etməsi ağlabatan görünmür. Digər tərəfdən məhkəmə iclasında cavabdehin nümayəndəsi həmin borcun iddiaçının yaşadığı evə quraşdırılmış əvvəlki sayğac üzrə müəyyən edilmiş su sərfiyyatına görə hesablandığını bildirsə də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının abonent kartından görünür ki, 2018-ci ilin yekununa onun sudan istifadəyə görə borcu olmamışdır. Həmin vaxtdan 2023-cü ilin oktyabr ayınadək olan müddət üzrə hesabat isə abonent kartında qeyd edilməmişdir. İddiaçı özü isə məhkəmə iclasında bildirmişdir ki, əvvəlki sayğac “smart-kart” tipli sayğac olmuş, yəni karta pul mədaxil etmiş və həmin dəyərdə də sudan istifadə etmişdir. Həmçinin iddiaçının abonent kartına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində 827 kub metr sudan istifadəyə görə 496,20 manat borcun hesablanması da əsassız olmuşdur. Belə ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi özü izahatında bildirmişdir ki, həmin borc iddiaçının abonent hesabına səhvən hesablanmışdır və həmin borcun öz tərəflərindən silinməsi təmin ediləcəkdir. MPM-in 76.1-ci və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin mübahisələndirdiyi iki zaman aralığında hesablanmış borcların əsassız olması iş materialları və digər halları ilə kifayət qədər sübuta yetirildiyindən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Kollegiya diqqətə çatdırır ki, MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Cavabdeh tərəfindən 2023-cü ilin oktyabr və noyabr ayları aralığında iddiaçı tərəfindən 5600 kub metr su sərf etməsi ağılabatan həcmdə deyil. Bu halla bağlı cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində həmin borcun iddiaçının yaşadığı evə quraşdırılmış əvvəlki sayğac üzrə müəyyən edilmiş su sərfiyyatına görə hesablandığını bildirərək sübutetmə vəzifəsini üzərinə götürsə də, bu halı təsdiq edən hər hansı sənəd iş materiallarında mövcud deyildir. Cavabdehin nümayəndəsi birinci instasiya məhkəməsində və apellyasiya şikayətində xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarix aralığında hesablanmış borcun texniki səhv olduğunu bildirmiş və iddianı bu hissədə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlər baxımından formal və əsassızdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-101/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədiyindən hazırkı iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 29,54 manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 77.2, 217.2, 372, 385, 386, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(071)-101/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-889/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-889/2024
14.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver