Məhkəmə qərarları › İş №2(106)-894/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-894/2023

04.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-894/2023 04.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Bağırov Məhəmmməd Ənvər oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(017)-316/2023 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(017)-316/2023 saylı qətnaməsi ilə (hakim Rəşad Nuriyev) İddia təmin edilərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 oktyabr 2022-ci il tarixli ******* saylı aktının ləğv edilməsi və həmin akta əsasən İddiaçı hesabına (abonent kodu: **********03530) əlavə edilmiş 1036 (min otuz altı) manat 80 (səksən) qəpik məbləğdə borcun silinməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İB Ağcabədi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(017)-316/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-316/2023 saylı qətnaməsinin təmin edilmiş hissədə ləğv edlib, İddiaçı iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edərək “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə borcun və dövlət rüsumun ödənilməsinə dair apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 oktyabr 2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına əlavə edilmiş 1036 manat 80 qəpik məbləğdə borcun silinməsi tələbinə dair iddia qaldırmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Ağcabədi rayonu Xocavənd kəndində yaşayır və evinə quraşdırılmış qaz sayğacı onun adınadır. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin işçiləri onun evinə quraşdırılan qaz sayğacına baxış keçirmiş və köhnə qaz sayğacını çıxararaq yeni qaz sayğacı ilə əvəz etmişlər. Bundan sonra ona məlum olmuşdur ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi onun barəsində tərtib etdiyi 31 oktyabr 2022-ci il tarixli ******* saylı aktda köhnə sayğacda nöqsan olduğu müəyyən olunmuş və həmin akt əsasında da ona itirilmiş təbii qazın bərpasına görə 1036 manat 80 qəpik məbləğdə borc hesablanmışdır. O, həmin aktı və akta əsasən hesablanmış borcu əsaslı hesab etməmişdir. Belə ki, o və ailə üzvləri fərdi yaşayış evini təmin edən təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müdaxilə etməmişlər. O, həmin sayğacın sərfiyyat göstəricisi əsasında ödəniş etmiş, “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən ona heç bir xəbərdarlıq edilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh “Azəriqaz” İB apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, istehlakçı bu müqavilənin və “Qazdan İstifadə qaydaları”nın tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə yalnız ekspert rəyinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Nəzərə alınsa ki, ekspert rəyi sırf ehtimallar əsasında tərtib edilmişdir. İş materiallarından da göründüyü kimi cavabdeh tərəf iddia tələbinə dair etirazı ilə bağlı kifayət qədər sübutlar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına hər hansı əlavə hesabat yüklənməmiş və mübahisələndirilən dövrlə digər illərin müvafiq dövrləri ilə müqayisə etdikdə ay ərzindəki istehlak həcmlərində kəskin dəyişikliyin olmadığını açıq görmək olur. İddiaçı qazdan istifadə etmişdir. Yəni abonent məqsədli şəkildə sayğacın çıxış plastmas borusunu deşərək sayğacın hərəkət mexanizmininin fasilələrlə işləməsinə şərait yaratmşdır. Bu da sayğacdan keçən qazın sərfinin tam qeyd etməsinə mane olmuşdur. İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyininə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin və ya səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və Ağcabədi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(017)- 316/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 oktyabr 2022ci il tarixli ******* saylı aktdan görünür ki, aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı Ağcabədi rayon Xocavənd kəndində yerləşən evində quraşdırılan sayğaca müdaxilə olunduğu və sayğacın hesablama mexanizminin qapağının yan tərəfinin əzilməsi aşkar edildiyindən dəymiş maddi ziyanın hesablanması qeyd edilmişdir. İşdə olan 19 dekabr 2022-ci il tarixli abonentin saldosundan görünür ki, abonent İddiaçı 2022-ci ilin oktyabr ayında akta əsasən 8641 m3 və ya 1036 manat 80 qəpik məbləğdə borc hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Azəriqaz” İB-nin Tərtər Regional Qİİ tərəfindən verilən 31 oktyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı fərdi yaşayış evində işlətdiyi (abonent kodu: **********03530, ünvan: Ağcabədi rayon Xocavənd kəndi) mövcud qaz işlədicilərinə görə 31 oktyabr 2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə mövcud qaz işlədicilərinə görə ümumilikdə 8640 m3 qaz sərfiyyatı hesablanmışdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyətləri (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomlar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Habelə, MPM-in 76.1-ci və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Beləliklə, məhkəmədə işin faktiki halları və tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı abonent saldosuna “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarını pozduğu üçün akt əsasında 8640 m3 qaz sərfiyyatı yəni, 1036 manat 80 qəpik məbləğdə cərimə əlavə edilmişdir. Hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Kollegiyası bildirir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən köhnə sayğacın çıxış plastmas borusunun deşilməsində iddiaçının təqsirli olmasını və həmin halın nəticəsində iddiaçının təbii qazdan qanunsuz istifadə etməsini təsdiq edən mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Həmçinin 31 oktyabr 2022-ci il tarixli ******* saylı aktın və itirilmiş qazın bərpası üzrə vurulmuş ziyanın 8640 m3 təbii qaz sərfiyyatı və ya 1036 manat 80 qəpik məbləğdə borcun əsaslı olmasını sübut edə bilməmişdir. Kollegiya diqqətə çatdırır ki, MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər, ancaq “Azəriqaz” İB tərəfindən sayğaca müdaxilənin İddiaçı tərəfindən edilərək zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlarını nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlər baxımından formal və əsassızdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(017)-316/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 77.2, 217.2, 372, 385, 386, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ağcabədi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(017)-316/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(017)-316/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar