Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-90/2023 02.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı Sadıq oğlunun nümayəndəsi X3 və Cavabdeh Şavəli oğlunun iştirakları ilə, İddiaçı Sadıq oğlunun Cavabdeh Şavəli oğluna qarşı qanunsuz tikilmiş tövlənin dam örtüklərinin hasarının üstündən həyətinə olan hissədə çıxıntının sökülməsi və yağış sularının həyətinə axıdılmasının qarşısının alınması tələbinə dair mülki işi üzrə Astara Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(018)209/2022 saylı qətnaməsindən İddiaçı Sadıq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Sadıq oğlu Cavabdeh Şavəli oğluna qarşı “Qanunsuz tikilmiş tövlənin dam örtüklərinin hasarının üstündən həyətinə olan hissədə çıxıntının sökülməsi və yağış sularının həyətinə axıdılmasının qarşısının alınması tələbinə dair” iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Şavəli oğlu tərəfindən torpaq sərhədində qanunsuz inşa edilmiş tövlənin dam örtüyü hissəsinin həyətinə çıxıntılı hissəsinin, həmçinin gediş-gəliş yolunda küçə darvazasının yanında inşa etdiyi tikilinin dam örtüyünün gediş-gəlişə mane olan hissəsinin Cavabdeh öz hesabına sökülməsi və həmin hissədə yağış sularının həyətinə axıdılmasının qarşısının alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onlar Astara rayonu Səncərədi kəndində yaşayırlar. Cavabdeh Şavəli oğlu da onunla eyni kənddə yaşayır. Onların torpaqlarını birbirindən mişar daşı ilə hörülmüş hasar ayırır. Astara Rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 18 saylı qərarına əsasən onun mülkiyyətinə 1498,94 kvadrat metr həyətyanı torpaq sahəsi verilmişdir. O, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etməklə ailə üzvüləri ilə birlikdə orada yaşayır. Cavabdeh Şavəli oğlu ilə torpaqlarını mişar daşı ilə hörülmüş daş hasar ayırır. Cavabdeh sərhədi pozmuş, qanunsuz inşa etdiyi tövlənin dam hissəsinin hasarın üstündən qərəzli olaraq, təxminən 20 santımetr ölçüdə mülkiyyətində olan həyətyanı torpaq sahəsinə çıxartmışdır. Bundan başqa küçədə darvazanın yanında gediş-gəliş yolunda da inşa etdiyi tikilinin dam örtüklərini gediş-gəliş yoluna təxminən 50 santımetr ölçüdə çıxartmışdır. Nəticədə də oradan axan yağış sulları onun həyətinə axır, yaşadığı evin aşağı hissəsi suda qalaraq nəm çəkir. Ona görə də o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh Şavəli oğlu iddia tələbini qəbul etməmiş və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Astara rayonu Səncərədi kəndində yaşayır. İddiaçı Sadıq oğlu onunla qonşuluqda yaşayır. O, özünə məxsus olan torpaq sahəsində tövlə tikməklə, həmin tövlənin dam hissəsinin hasarın üstündən çıxartmamışdır. Küçədə gediş-gəliş yolunda tikili inşa etməmiş dam örtüklərini gediş-gəliş yoluna çıxartmamışdır. İddiaçı Sadıq oğlunun təqdim etdiyi fotoşəkillər isə ona məxsus olan tikililəri əks etdimir. Astara Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(018)209/2022 saylı qətnaməsi ilə İddiaçı Sadıq oğlunun Cavabdeh Şavəli oğluna qarşı “Qanunsuz tikilmiş tövlənin dam örtüklərinin hasarının üstündən həyətinə olan hissədə çıxıntının sökülməsi və yağış sularının həyətinə axıdılmasının qarşısının alınması tələbinə dair” iddiasının əsassız olmasına görə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları, xüsusən şahidləri dindirilməklə, ekspertiza təyin etməklə yazılı və maddi sübutları tələb etməklə yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüs ilə ekspertiza təyin edə bilər. Həqiqətə nail olmaq üçün məhkəmə tərəfindən ekspertiza təyin etməli olduğu halda təyin etməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. Hesab etmişdir ki, məhkəmə qətnaməsi sübutlara əsaslanmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı Sadıq oğlunun nümayəndəsi X3 məhkəmədə apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Göstərmişdir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyini almış və onunla tanış olmuşdur. Ekspertiza rəyi ilə razı olduğunu və rəyə uyğun iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh Şavəli oğlu apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində vermiş olduğu izahatla oxşar məzmunlu izahat verərək göstərmişdir birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Həmçinin bildirmişdir ki, iş üzrə təyin edilmiş ekspert rəyi ilə tanış olmuşdur. Ekspertiza rəyi ilə razılaşmır və iş üzrə əlavə ekspertiza təyin edilməsini xahiş edir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri həddində tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və Astara rayon İHB-nın Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan surətindən məlum olur ki, İddiaçı Sadıq oğlu 17 avqust 1949cu ildə Astara rayonu, Səncərədi kəndində anadan olmaqla orada yaşayır. İş materiallarında olan “Torpaq sahəsinin planı və ölçüsü barədə” sənədindən məlum olur ki, Astara rayon Aqrar İslahatı Komissiyasının 15 may 1998-ci il tarixli, 18 nömrəli qərarı ilə İddiaçı Sadıx oğluna Astara rayonu, Səncərədi kəndində 1498.94 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2023-cü il tarixli, 10/7140 nömrəli ekspert rəyindən görünür ki; a) Cavabdeh Şavəli oğlu tərəfindən tikilmiş tövlənin və talvarın dam ötrüklərinin hasarının üstündə olan hissəsindən yağış sularının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********68-10301 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış sənədinə əsasən, Astara rayonu, Səncərədi kəndində yerləşən 164,00 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli Texniki Pasportda qeyd olunan 0,2396 ha torpaq sahəsinə axıdılması müəyyən edilmişdir. b) Cavabdehə məxsus tövlənin və talvarın dam ötrüklərinin hasarın üstündən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə çıxıntısının sökülməsi texniki cəhətdən mümkündür. Bunun üçün həmin hissədə dam örtüyünə vurulmuş şifer təbəqələri sökülməklə Çıxıntı olan hissəsi kəsilməli və yenidən vurulmalıdır. Eyni zamanda hasarın üst hissəsində navalça quraşdırılmalıdır. c) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********68- 10301 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış sənədinə əsasən, Astara rayonu, Səncərədi kəndində yerləşən 164,00 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli Texniki Pasportda qeyd olunan 0,2396 ha torpaq sahəsinə Cavabdeh Şavəli oğlu tərəfindən tikilmiş tövlənin və talvarın dam ötrüklərinin hasarının üstündən yağış sularının axıdılmasının qarşısının alınması texniki cəhətdən mümkündür. Bunun üçün dam örtüyünün mübahisəli hissəsinə navalça quraşdırılmalı və ya dam örtüyünə vurulmuş şifer təbəqələri sökülməklə çıxıntı olan hissəsi kəsilməli, yenidən vurulmalı eyni zamanda hasarın üst hissəsində navalça quraşdırılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi üçün əsasdır. Mülki işə tətbiq edilən hüquq: Kollegiya hazırki mübahisənin obyektiv həlli ilə bağlı ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. -164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və cavabdehin öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, cavabdeh öz əmlakı olan torpaq sahəsi üzərində qanunveriliklə müəyyən edilmiş qaydada tikililər və qurğular inşa edə, o cümlədən qonşu torpaq sahələrindən torpaq sahəsini ayırmaq üçün hasara alaraq mərzlənmə işlərini həyata keçirə bilər. Eyni zamanda mülki qanunvericilik mülkiyyət hüququnun məhdudlaşdırılmasını da istisna etmir. Mülki Məcəllənin 169.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Qeyd olunan müddəa Məcəllənin 169.2, 170 və 172-ci maddələrində əksini tapmışdır. MM-nin 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Məcəllənin 170.2-ci maddəsinə görə isə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. MM-nin 172.1-ci maddənin məzmununa görə qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. 172.2-ci maddəyə görə torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər; MM-nin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. MM-nin 170.4-cü maddəsinə əsasən isə bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslı olmaqla, şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır. İş materiallarına əlavə olunmuş sənədlərdən və tərəflərin izahatı ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh qonşuluq münasibətlərində olmasına baxmayaraq, mövcud dam və talvardan axan suya görə onlar arasında olan münasibətlər pisləşmiş və mübahisəni məhkəmədənkənar qaydada həll edə bilməmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Şavəli oğlu tərəfindən tikilmiş tövlənin və talvarın dam ötrüklərinin hasarının üstündə olan hissəsindən yağış suları iddiaçının xx.xx.2022-ci il tarixli Çıxarış sənədinə əsasən, Astara rayonu, Səncərədi kəndində yerləşən 164,00 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli Texniki Pasportda qeyd olunan 0,2396 ha torpaq sahəsinə axıdılır. Həmçinin müəyyən edilmişdir ki, cavabdehə məxsus tövlənin və talvarın dam ötrüklərinin hasarın üstündən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə çıxıntısının sökülməsi texniki cəhətdən mümkündür. Bunun üçün həmin hissədə dam örtüyünə vurulmuş şifer təbəqələri sökülməklə Çıxıntı olan hissəsi kəsilməli və yenidən vurulmaqla eyni zamanda hasarın üst hissəsində cavabdeh tərəfindən navalça quraşdırılmalıdır. Bundan başqa iddiaçının mülkiyyətində olan torpaq sahəsinə Cavabdeh Şavəli oğlu tərəfindən tikilmiş tövlənin və talvarın dam ötrüklərinin hasarının üstündən yağış sularının axıdılmasının qarşısının alınması texniki cəhətdən mümkündür. Bunun üçün də dam örtüyünün mübahisəli hissəsinə navalça quraşdırılmalı və ya dam örtüyünə vurulmuş şifer təbəqələri sökülməklə çıxıntı olan hissəsi kəsilməklə yenidən vurulmaqla eyni zamanda hasarın üst hissəsində cavabdeh tərəfindən navalça quraşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslı hesab edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunub iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin 100 manat ekspertiza xərci də cavabdehdən alınaraq Məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya məhkəməsində iddia tələbini, eləcə də apellyasiya şikayətini təkzib edəcək hər hansı mötəbər sübütü məhkəməyə təqdim etməmişdir. Ona görə də kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Sadıq oğlunun apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(018)-209/2022 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********68- 10301 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış sənədinə əsasən İddiaçı Sadıq oğlunun mülkiyyətində olan Astara rayonu, Səncərədi kəndində yerləşən 164,00 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli Texniki Pasportda qeyd olunan 0,2396 ha torpaq sahəsi ilə qonşuluqda yaşayan Cavabdeh Şavəli oğlu tərəfindən tikilmiş tövlənin və talvarın dam örtüklərinə vurulmuş şifer təbəqəsinin mübahisəli cıxıntılı hissəsi cavabdehin hesabına sökülməklə kəsilıb yenidən vurulsun, eyni zamanda tövlənin və talvarın dam örtüklərinin kəsilmiş hissələrinə yağış sularının axıdılmaması üçün navalça quraşdırılsın. İş üzrə iddaçı tərəfindən ödənilən 100 manat dövlət rüsumu Cavabdeh Şavəli oğlundan alınaraq İddiaçı Sadıq oğluna ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh Şavəli oğlundan alınaraq (Məhkəmə ekspertiza Mərkəzinə) -dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, X1, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-90/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-90/2023
02.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver