Məhkəmə qərarları › İş №2(106)-904/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-904/2023

13.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-904/2023 13.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, Masallı Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər "xxxx" İstehsalat Birliyinə (İB-yə) və Lənkəran X4 İdarəsinə (Lənkəran Regional Qİİ-yə) qarşı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Masallı Rayon Məhkəməsinin (hakim C.Quliyev) 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "Azəriqaz” İstehsalat Birliyinə və Lənkəran X4 İdarəsinə qarşı "30 oktyabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatının və hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı "xxxx" İstehsalat Birliyinə və Lənkəran X4 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 oktyabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatının və hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Masallı rayonu, Şərəfə kəndində yaşadığı evə verilən təbii qazın sərfiyyatını qeydə alan sayğac Lənkəran X4 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə ******* saylı akt yazılaraq çıxarılmış, aktda sayğacda heç bir qüsur aşkarlanmadan dəyişdirilməsi qeyd edilmiş, bir müddət sonra verilən bildirişdə 8640 m3 qaz sərfiyyatına görə borcun olduğu bildirilmişdir. Masallı regional “ASAN Xidmət” Mərkəzinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə yazılan ******* nömrəli aktı almış və məhkəməyə müraciət etmişdir. Həyətindən kənarda quraşdırılan qaz sayğacı xüsusi trosla plomblanmışdır, sayğaca müdaxilə mümkün deyil. Heç bir ekspertiza təyin edilmədən və ekspert rəyi olmadan belə bir nəticəyə gələrək qanunsuz akt əsasında cərimə edilmişdir. Halbuki, qaz sayğaclarına olan müdaxilənin və itirilmiş qaz sərfiyyatının müəyyənləşdirməsindən ötrü müvafiq ekspertiza keçirilməli və ekspert rəyi əsasında nəticəyə gəlinməli, şahidlərin iştirakları ilə, müvafiq qaydada çəkiliş aparılmaqla akt tərtib olunmalı idi. Cavabdeh bu qaydalara əməl etməməklə qanunsuz akt tərtib etmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçının fərdi yaşayış evinə verilən təbii qazın sərfiyyatını qeydə alan sayğacın hesablama mexanizminin üst qapağı yandan əzildiyi üçün yenisi ilə əvəz olunmuşdur. Bundan sonra yoxlama nəticəsində müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmışdır. Qaz keçir, qeydə almır. Sayğacın membranını hərəkətə gətirən qollar kənar təsir nəticəsində sınıb. Bununla bağlı 30 oktyabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, itirilmiş qazın bərpası kimi 8640 m3 qaz sərfiyyatı hesablanmışdır. Sayğac iddiaçının həyətinin daxilində yerləşir. Belə olan halda isə sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyula bilməz. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1-ci maddələrinə, Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə, “N.Məmmədovanın şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, birinci instansiya məhkəməsi tərəfindən işin bütün halları ətraflı təhlil olunmamış, sübutlara qiymət verilməmişdir. Belə ki, sayğac ekspertizaya aparılan zaman onun məlumatı olmamış, sayğac aparıldıqdan 1 ay sonra ona cərimə yazılmışdır. Qaz sayğacı həyətdən, evdən aralıda, küçədə olduğuna və üzərində qoruyucu qutu və ya hər hansı bir qoruyucu vasitə ilə qorunmadığına görə qaz sayğacına ediləcək müdaxiləyə də vətəndaş məsuliyyət daşımamalıdır. P r o s e s s u a l mə sə l ə l ə r Apellyasiya baxışında iddiaçı və cavabdehin təmsilçisi iştirak etməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya, Azərbaycan Respublikasının MPM 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçının Masallı rayonu, Şərəfə kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadəyə görə sayğac quraşdırılmışdır və o, həmin sayğac əsasında istifadə etdiyi qazın haqqını ödəyir. Təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə Lənkəran X4 İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus evdə qaz sayğacı çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında barədə akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizminin üst qapağının yandan əzildiyi qeyd edilmişdir. Bundan sonra ərizəçinin evində quraşdırılmış qaz sayğacına baxış keçirilməsi və onun barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Akta görə, Azəriqaz İB-nin qaz sayğaclarının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli, MSK 2941710-04083-1 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamam elə aralanmışdır ki, qaz keçir, qeydə almır. İtirilmiş təbii qazın dəyəri hesablansın və ödənilsin. Akta uyğun olaraq "Azəriqaz” X1 X4 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 31 oktyabr 2022-ci il tarixli hesabatda sayğacın dəyişdirilməsindən əvvəlki 90 gün üzrə 8640 m3 qaz sərfiyyatına görə borc hesablanmışdır. İddiaçı həmin aktın və akta görə hesablanmış borcun qanunsuz sayılmaqla silinməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, onu əsassız hesab etmişdir. Kollegiya məhkəmənin gəldiyi qənaətlə razılaşmır. Məhkəmə Kollegiyası hesab edir ki, məhkəmənin qətnaməsi əsassızdır. Belə ki, məhkəmə gəldiyi nəticəni kifayət qədər əsaslandırmamışdır. İddiaçı tərəfin tələbinin əsasını o hal təşkil edir ki, qaz sayğacına onun tərəfindən müdaxilə edilməmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Mübahisələndirilən akta görə, İddiaçı sayğaca müdaxilə etmişdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından görünür ki, mübahisəli akt əsasında, aktın tərtib edilməsindən əvvəlki 90 gün üzrə borc hesablanmışdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, aktın və bunun əsasında hesablanmış borcun həqiqiliyini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh Şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki halda aktın qanuniliyini, eləcə də akt əsasında hesablanmış borcun həqiqliyini, mübahisəli akt əsasında borcun hesablanması qaydasını və s. sübuta yetirmək cavabdehin üzərindədir. Bu hallardan birinin müəyyən edilməməsi hesablanmış borcun əsaslılığını şübhə altına alır. Birinci instansiya məhkəməsi mahiyyətcə belə qənaətə gəlmişdir ki, abonent İddiaçı (iddiaçı) hüquq pozuntusu və ya delikt törətmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Ərizəçi tərəfindən hər hansı pozuntu və ya delikt törədilməsi müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, sayğaca müdaxilə edilməsini, bunun abonentin (iddiaçının) qanunsuz hərəkətləri nəticəsində edildiyini, eləcə də akt üzrə tələb edilən borc məbləğinin hansı qaydada hesablanmasını cavabdeh tərəf əsaslandıra bilməmişdir. Bu hal özlüyündə borcun və onun hesablanmasının əsassızlığına dəlalət edir. Əvvəla, cavabdeh tərəf nöqsan aktının əslini məhkəməyə təqdim etməmişdir. İş materiallarında aktların surəti təqdim edilmişdir ki, bu aktlarda da iddiaçının imzası yoxdur. Sayğacın nöqsanlı olmasının və qaz sərfiyyatının qeydə alınmamasının aşkar edilməsi barədə akt abonentin iştirakı ilə tərtib edilməmişdir. Bundan başqa, sözügedən akt əsasında borc məbləğinin 90 gün ərzində hesablanması əsaslandırılmamışdır. Halbuki, Qazdan istifadə Qaydalarının 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Birinci instansiya məhkəməsi hesabdan çıxarışa istinad edərək qeyd etmişdir ki, mübahisəli sayğacın dəyişildiyi ay ilə əvvəlki ilin həmin ayı üçün olan sərfiyyat arasında kəskin fərq var. Kollegiya hesab edir ki, bu hal sayğaca müdaxilə edilməsi qənaətinə gəlmək üçün əsas hesab edilə bilməz. Digər tərəfdən, hesabdan çıxarışdan görünür ki, abonent tərəfindən qazdan istifadəyə görə mütəmadi ödənişlər edilmişdir. Birinci instansiya məhkəməsi göstərilən bu halları nəzərə almamış, maddi və prosessual hüquq normaları pozmuş, nəticədə iddianı əsassız olaraq rədd etmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olduğundan ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(050)-526/2023 saylı qətnaməsi ləğv edilsin. İddia tam təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 8640 m3 qaz sərfiyyatına görə hesablanmış borc İddiaçı abonent hesabından silinsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar