Məhkəmə qərarları › İş №2(106)-907/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-907/2023

06.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-907/2023 06.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şaiq qızına qarşı «daşınmaz əmlakın bağışlanma müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi» barədə iddia ərizəsinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(049)-372/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şaiq qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 14 may 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən-Cavabdeh1 13 aprel 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla tam mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.0393 ha torpaq sahəsindən 0.0147 ha torpaq sahəsini hədiyyə alan-Cavabdeh2 mülkiyyətinə vermişdir. Hazırda qanuni qüvvəyə minmiş Lənkəran Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(049)-1463/2020 saylı qətnaməsi ilə Lənkəran rayon 1 saylı Notariat Ofisinin notariusu X4 tərəfindən təsdiq edilmiş 2V-206 reyestr nömrəli, 17 mart 2018-ci il tarixli X14 Hüququ haqqında Şəhadətnamə, Cavabdeh1, İddiaçı2 və İddiaçı3 arasında bağlanmış 3M- 113 reyestr nömrə, 17 mart 2018-ci il tarixli miras payın bağışlama müqaviləsi, Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixdə qeydə alınmış Çıxarışın etibarsız hesab edilməsi, X1 miras əmlak kimi qalmış ünvan 1 ünvanda yerləşən 0.0393 ha torpaq sahəsi və onun ümumi sahəsi 88.7 kv.m. olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində İddiaçı1 vərəsəlik hüququ tanınmaqla, həmin əmlak üzərində İddiaçı1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 1/3 hissə və Cavabdeh1 1/3 hissə paylarının müəyyən edilməsi qət edilmişdir. Buna baxmayaraq, etibarsız hesab edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixdə qeydə alınmış çıxarışın nəticəsində bağlanmış sözügedən 14 may 2019-cu il tarixli bağışlama müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh2 verilmiş 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, Cavabdeh1 verilmiş 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış hazırda qüvvədə qalmışdır. Bu səbəbdən qanuni qüvvəyə minmiş Lənkəran Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(049)-1463/2020 saylı qətnaməsinin torpaq sahəsinə payların müəyyən edilməsi hissəsində icrası mümkünsüz olmuşdur. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçılar Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-1463 nömrəli hazırda qanuni qüvvədə olan qətnaməsilə etibarsız hesab edilmiş hüquqların X7 daşınmaz əmlakın dövlət reyestrindən 13 aprel 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın əsasında 8 saylı “Səyyar-Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notarisusu X8 tərəfindən təsdiq edilmiş 14 may 2019- cu il tarixli, 4Ə-58 №ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin həmin müqavilənin əsasında Cavabdeh2 Şaiq qızına verilmiş 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və Cavabdeh1 verilmiş 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın məhkəmə qaydasında etibarsız hesab edilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçının əsaslandırması: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, mərhum miras qoyan X6 xx.xx.1969-cu il tarixdə vəfat etdikdən sonra ondan miras əmlak kimi qalmış ünvan 2 ünvanında yerləşən 0,0393 ha. torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m. olan olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində onların da vərəsəlik hüquqlarının tanınması şərtilə, miras əmlakda İddiaçı1 münasibətdə miras əmlakda onun 1/6, İddiaçı2 münasibətdə miras əmlakda onun 1/6 (yəni, onlara ümumilikdə 1/3 hissə) hissə ilə pay hüququnun müəyyən edilməsi, İddiaçı3 aid olaraq miras əmlakda onun 1/3 hissə ilə pay hüququnun müəyyən edilməsi və Cavabdeh1 miras əmlakda onun 1/3 hissə ilə pay hüququnun müəyyən edilməsi,həmin miras əmlaka verilmiş əvvəlki 2V-206 nömrəli, xx.xx.2018-ci il tarixli “X14 Hüququ haqqında Şəhadətnamə”nin, 3M-113 nömrəli, xx.xx.2018-ci il tarixli“Bağışlanma Müqaviləsi”nin və onların əsasında AR Əmlak Məsələləri üzrə DövlətKomitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 daşınmaz əmlakın dövlət reseyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə İddiaçı1 iddia tələbi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)4463 saylı qətnaməsi ilə təmin edilmiş və aşağıdakılar qət edilmişdir: “Lənkəran rayon 1 saylı Notariat Ofisinin notariusu X4 tərəfindən təsdiq edilmiş 2V-206 nömrəli, 17 mart 2018-ci il tarixli X14 Hüququ haqqında Şəhadətnamə, Cavabdeh1, İddiaçı2 və İddiaçı3 arasında bağlanılmış 3M-113 nömrəli, 17 mart 2018-ci il tarixli miras payın bağışlanma müqaviləsi, Hüquqların X7 daşınmaz əmlakın dövlət reseyestrindən ********** qeydiyyat nömrəli,xx.xx.2018-ci il tarixdə qeydə alınmış çıxarış etibarsız hesab edilsin. X1 miras əmlak kimi qalmış ünvan 2 ünvanında yerləşən 0,0393 ha. torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m. olan olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində İddiaçı1 vərəsəlik hüququ tanınmaqla, həmin əmlak üzərində İddiaçı1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 1/3 hissə və Cavabdeh1 1/3 hissə payları müəyyən edilsin.” Hazırda həmin qətnamə qanuni qüvvəsini almış, lakin həmin qətnamə əsasında verilmiş icra sənədi bu günədək icra edilməyib o səbəbdən ki, onlara mirasəmlak kimi çatası olacaq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0,0147 ha. olan hissəsi Cavabdeh1 tərəfindən vaxtikən, Lənkəran rayon 1 saylı Notariat Ofisində bağlanılmış 14 may 2019-cu il tarixli, 4Ə-58 reyestr nömrəli (daşınmaz əmlakın) bağışlanma müqaviləsi əsasında vətəndaş Cavabdeh2 Şaiq qızına bağışlanmış və həmin bağışlanma müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması haqqında aşağıdakı 2 iki (iki) ədəd çıxarışlar verilmişlər: ünvan 2 ünvanında yerləşən 0,0147 ha. torpaq sahəsinə aid olan 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və ünvan 2 ünvanında yerləşən 0,0393 ha. torpaq sahəsinə aid olan 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, lakin həmin iki ədəd çıxarışlar. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)4463 saylı qətnaməsi çıxarılmazdan əvvəl Cavabdeh1 və Cavabdeh2 verildiyindən hazırda həmin qətnamənin icrasında çətinlik yaranmışdır. Qeyd edirlər ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-4463 saylı qətnaməsinə əsasən, Lənkəran rayon 1 saylı Notariat Ofisinin notariusu X4 tərəfindən təsdiq edilmiş 2V-206 nömrəli, 17 mart 2018-ci il tarixli X14 Hüququ haqqında Şəhadətnamə, Cavabdeh1, İddiaçı2 və İddiaçı3 arasında bağlanılmış 3M-113 nömrəli, 17 mart 2018-ci il tarixli miras payın bağışlanma müqaviləsi və onun əsasında verilmiş Hüquqların X7 daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 13 aprel 2018-ci il tarixdə qeydə alınmış çıxarış etibarsız hesab edil sə də həmin çıxarışın əsasında cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 Şaiq qızı arasında Lənkəran rayon 1 saylı Notariat Ofisində bağlanılmış 14 may 2019-cu il tarixli, 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi və həmin müqavilənin əsasında verilmiş 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar hələ məhkəmə qaydasında etibarsız hesab edilməyib. Ona görə də hesab edirlər ki, hazırda qanuni qüvvədə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-1463 saylı qətnaməsilə etibarsız hesab edilmiş Hüquqların X7 daşınmaz əmlakın dövlət reseyestrindən 13 aprel 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın əsasında Lənkəran rayon 1 saylı Notariat Ofisində bağlanılmış 14 may 2019-cu il tarixli, 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi və həmin müqavilənin əsasında verilmiş 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar da məhkəmə qaydasında etibarsız hesab edilməlidir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3-337.5-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iddiaçılar iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)- 1463 saylı, hazırda qanuni qüvvədə olan qətnaməsilə etibarsız hesab edilmiş Hüquqların X7 daşınmaz əmlakın dövlət reseyestrindən 13 aprel 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın əsasında, 8 saylı “Səyyar-Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notarisusu X8 tərəfindən təsdiq edilmiş 14 may 2019- cu il tarixli, 4Ə-58 № ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin, həmin müqavilənin əsasında Cavabdeh2 Şaiq qızına verilmiş 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və Cavabdeh1 verilmiş 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın məhkəmə qaydasında etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia tələbinin təmin edilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 24 yanvar 2023-cü il tarixl iclasında iştirak edən müstəqil tərəb irəli sürməyən üçüncü şəxs Lənkəran rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 14 may 2019-cu il tarixli, 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi qanunamuvafiq qaydada həyata keçirildiyindən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Lənkəran Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(049)-372/2023 nömrəli qətnaməsi ilə (hakim Nicat Ağabəyov) iddia təmin edilmiş, 8 saylı “Səyyar-Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş 14 may 2019-cu il tarixli, 4Ə-58 reyestr № ilə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsi, Cavabdeh2 Şaiq qızına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların X7 daşınmaz əmlakın 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və Cavabdeh1 verilmiş 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışlar etibarsız hesab edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 139-1.1, 139- 1.4, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3, 2.4, 8.0 və 8.0.3-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini xahiş etmişlər. Cavabdehlər apellyasiya şikayətlərini ayrı-ayrılıqda versələr də eyni mətnlə, yəni onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1 və 668-ci maddələrinin tələblərini pozmuş və həmin maddələrin ziddinə hərəkət etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1ci maddəsinin tələbinə riayət etməmiş, işi hərtərəfli və faktlar əsasında keçirməmiş, iş üzrə yerli baxış təyin etməmişdir. Həmin Məcəllənin 9.3-cü maddəsinin tələbini pozaraq çəkişmə prinsipini təmin etməmiş, cavabdehləri məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmamışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən hərtərəfli və tam araşdırma aparılmamış, məhkəmə həmin Məcəllənin 14.2-ci maddəsinə istinad etsə də səhv tətbiq etmiş və nəticədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, eyni predmet üzrə baxılan işə xitam verməli olduğu halda iş üzrə qətnamə qəbul etmiş və onların qanunla qorunan hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 77.1-77.2, 76.1, 217 və 220.4-cü maddələrinin tələblərini pozmuş və həmin maddələrin zidddinə hərəkət etmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, məhkəmə iddiaçıların iddiasını təmin etməklə cavabdehlərin mülkiyyət hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməmişdir. Belə ki, məhkəmə qətnaməsinin giriş, əsaslandırıcı və nəticə hissəsində 14 may 2019-cu il tarixli, 4Ə-58 reyestr № ilə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsinin 8 saylı “Səyyar-Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X5 təsdiq etdiyi qeyd olunmuşdur. Halbuki həmin bağışlama müqaviləsi Lənkəran rayon 1 saylı notariat ofisinin notariusu X4 tərəfindən təsdiq edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılar apellyasiya şikayətinə etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək Lənkəran Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(049)-372/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh1 teleqramla məhkəmə kollegiyasına müraciət edərək, ayağının gipsdə olması səbəbindən digər Cavabdeh2 Şaiq qızının isə ona baxması səbəbindən məhkəmə iclasında iştiak edə bilməyəcəylərini, bu səbəbdən də məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərzi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə yuxarıda adları göstərilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Şirvan Apellyasiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə icraatın dayandırılması barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şaiq qızı tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinə əsasən notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın 6-cı hissəsinin a) və b) bəndlərinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. Hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.3-cü bəndinə əsasən daşınmaz əmlak barəsində notariatqaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmazəmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır; İş materialında olan 13 aprel 2018-ci il tarixli, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DaşınmazƏmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 88.7 kv.m ümumi sahəsi olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evi, 0.0393 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. İş materialında olan 8 saylı “Səyyar-Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notarisusu X8 tərəfindən təsdiq edilmiş 14 may 2019-cu il tarixli, 4Ə-58 № ilə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, 8 saylı “Səyyar-Asan xidmət” mərkəzində hədiyyə verən-Cavabdeh1 13 aprel 2018-ci il tarixli, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı ilə tam mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.0393 ha torpaq sahəsindən 0.0147 ha torpaq sahəsini hədiyyə alan-Cavabdeh2 mülkiyyətinə vermişdir. İş materialında olan 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət ReyestriXidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 198 A ünvanda yerləşən 0.0147 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. İş materialında olan 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət ReyestriXidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 198 ünvanda yerləşən 88.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi, 0.0246 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. İş materialında olan Lənkəran Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(049)- 1463/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər Cavabdeh1, İddiaçı2, X3, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın DövlətReyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, miras əmlakdan payın müəyyən edilməsi, X14 hüququ haqqında Şəhadətnamənin, Bağışlanma müqaviləsinin, hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddia tələbi təmin edilməklə, Lənkəran rayon 1 saylı Notariat Ofisinin notariusu X4 tərəfindən təsdiq edilmiş 2V-206 reyestr nömrəli, 17 mart 2018-ci il tarixli X14 Hüququ haqqında Şəhadətnamə, Cavabdeh1, İddiaçı2 və İddiaçı3 arasında bağlanmış 3M-113 reyestr nömrə, 17 mart 2018-ci il tarixli miras payın bağışlama müqaviləsi, Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixdə qeydə alınmış Çıxarışın etibarsız hesab edilməsi, X1 miras əmlak kimi qalmış ünvan 1 ünvanda yerləşən 0.0393 ha torpaq sahəsi və onun ümumi sahəsi 88.7 kv.m. olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində İddiaçı1 vərəsəlik hüququ tanınmaqla, həmin əmlak üzərində İddiaçı1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 1/3 hissə və Cavabdeh1 1/3 hissə paylarının müəyyən edilməsi qət edilmişdir. İş materialında olan Lənkəran Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(049)-1463/2020 saylı qərərdadından görünür ki, iddiaçı X2 cavabdehlər Cavabdeh1, İddiaçı2, X3, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, miras əmlakdan payın müəyyən edilməsi, X14 hüququ haqqında Şəhadətnamənin, Bağışlanma müqaviləsinin, Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Lənkəran Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(049)-1463/2020 saylı qətnaməsində yol verilmiş yanlışlıqların aradan qaldırılması məsələsinin müzakirəsi zamanı Lənkəran Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(049)-1463/2020 saylı qətnaməsinin nəticəsi hissəsində qeyd olunmuş“Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixdə qeydə alınmış Çıxarışın etibarsız hesab edilməsi” cümləsi “Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixdə qeydə alınmış Çıxarışın etibarsız hesab edilsin” cümləsi kimi oxunması qərara alınmışdır. İş materialında olan Şirvan Apellyasiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(106)1843/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 və qətnamə ilə hüquqlarına toxunulan 3-cü şəxs Cavabdeh2 tərəfindən ayrı-ayrılıqdaverilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 1463/2020 №-li, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materialında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(102)-942/2022 saylı qərarından görünür ki, Cavabdeh1 və qətnamə ilə hüquqlarına toxunulan 3-cü şəxs Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)1843/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri yalnız formal mülahizələrdən ibarətdir. Apellyasiya şikayətlərinin o cümlədən, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinin tələbini pozaraq çəkişmə prinsipini təmin etməməsi, cavabdehləri məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmaması barədə dəlili iş materialı ilə öz təsdiqini tapmır. Belə ki, həm hazırlıq, həm də məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə cavabdehlərə poçt vasitəsilə göndərilmiş məhkəmə bildirişləri, mobil nömrələrinə göndərilmiş smslər onlar tərəfindən alınmışdır /i.v.132, 154-155, 160-161/. Apellyasiya şikayətlərinin həmçinin, məhkəmə qətnaməsinin giriş, əsaslandırıcı və nəticə hissəsində 14 may 2019-cu il tarixli, 4Ə-58 reyestr № ilə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsinin 8 saylı “Səyyar-Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X5 deyil, Lənkəran rayon 1 saylı notariat ofisinin notariusu X4 tərəfindən təsdiq edilməsi barədə dəlili də iş materialı ilə öz təsdiqini tapmamışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.1.4.-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 və Cavabdeh2 Şaiq qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(049)-372/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tam formada təqdim olunduğu gündən 2(iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə təqdim edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar