Məhkəmə qərarları › İş №2(106)-921/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-921/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-921/2024 25.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, X47 oğlunun katibliyi, iddiaçı və cavabdehin iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-1963/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1726 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37,65 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-1963/2023 saylı qətnaməsi (hakim Elxan Əmirəliyev) ilə iddia təmin edilmiş, Cavabdeh 1726 (bir min yeddi yüz iyirmi altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37,65 (otuz yeddi manat altmış beş qəpik) manatın alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cəlilabad rayonu Maşlıq kəndində yaşamaqla, kartof məhsulunun əkilməsi, becərilməsi və satışı ilə məşğul olmaqla ailəsini dolandırır. Cavabdeh onun həmkəndlisidir. Cavabdeh kartof mövsümündə vətəndaşlardan kartof məhsulunu yığıb başqa şəxslərə satmaqla qazanc əldə edir. 05 may 2023-cü il tarixdə Cavabdehla razılaşmalarına əsasən əkdiyi kartof məhsulundan 5252 kq çıxarıb 1 kq 50 manat olmaqla Cavabdeh nisyə satmış, aralarında olan razılaşmaya əsasən Cavabdeh ondan aldığı 5252 kq kartof məhsulunun dəyəri olan 2626 manat pul məbləğini həmin gün ona verməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh həmin gün aldığı kartof məhsulunun dəyərini ona ödəməmiş, həmin vaxtdan 10 gün sonra 100 manat, sonradan 300 manat və bir aydan sonra 500 manat ödəməklə, ümumilikdə ona 900 manat ödəmiş, qalan 1726 manat məbləği isə hal-hazıra kimi ona ödəməmişdir. Həmin vaxt kəndin çox adamı Cavabdeh kartof satmış və həmin şəxslərin çoxu pullarını ala bilməmişlər. Bundan sonra o, aralarında yaranmış mübahisəyə görə məcbur qalıb Cəlilabad RPŞ-yə müraciət etmiş, müraciəti arşadırıldıqdan sonra Cəlilabad RPŞ-nin TB-nin 31 may 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Cəlilabad rayonunun Maşlıq kəndində yaşamaqla kənd təsərrüfatı ilə məşğul olur. Həmin kəndin sakinləri də ailənin ərzaq təminat və ailənin digər ödəniş xərclərinin təmin edilməsi məqsədi ilə özlərinə məxsus olan torpaq sahələrində kartof yetişdirir və həmin kartofun bir hissəsi ailənin ərzaq təminatı üçün saxlanılmaqla bir hissəsi də satışa çıxarılır. 2023-cü ilin aprel-may aylarında Lənkəran rayonunun Şağlaser kənd sakinləri X41 və X38 təsərrüfatda becərdikləri kartof məhsulunu almaq istədiyini və digər kənd sakinləri ilə də onları tanış etməkdə ona köməklik göstərilməsini xahiş etmiş, o da həmkəndlilərini Lənkəran rayonunun Şağlaser kənd sakinləri İqbal və Kazımla tanış etmişdir. İqballa Kazım digər kəndlilərdən kartof məhsulunun hansı qiymətə alınmasını, məhsulu nağd və ya nisiyə almasından da həmin vaxt məlumatı olmamışdır. İqballa oğlu Kazım kartof yığımı vaxtı onu tanıdıqları üçün yığılacaq kartofun qablaşdırılması üçün lazım olan kağız kisələrini hər bir kəndlinin əkin sahəsinə ayrı-ayrılıqda aparmamış, onun həyətində qoymuş və həm özünə lazım olan sayda kisələri, həm də digər kəndlilərə lazımi sayda kisələri aparıb həmkəndli kimi iş üzrə iddiaçıya və digər kənd sakinlərinə paylamışdır. İqballa Kazımın kartof alması ilə bağlı olaraq hər hansı faiz və ya mənfəət almamış, nə kəndlilərdən, nə də alıcılar olan İqbal və Kazımdan heç bir məbləğ götürməmişdir. 2023-cü ildə Lənkəran rayon Şağlaser kənd sakinləri İqbal və Kazım ondan və digər kənd sakinləri olan X20, X4, X5, X9, X13, X10, X32, X49, X11, X45, X12, X21, X46, X39, X2, X14, X3, X24, X25, X40, Cavabdeh, X6, X26, X27, X22, X7, X23, X15. X8 ümumilikdə 85520 manat dəyərində kartofu məhsulunu nisyə almış və hazırkı vaxta kimi də pulu ödəməmişlər. Bununla bağlı olaraq müxtəlif dövlət orqanlarına - polisə, prokurorluğa və dövlət başçısına şikayətlər göndərilmiş və həmin iş üzrə araşdırma başlanılmış, Cəlilabad RPŞ-nin TB-nin 31 may 2023-cü il tarixli cinayət işini başlanılmasının rədd edilməsi barədə qərar ləğv edilmiş və iş üzrə icraat təzələnərək iş yenidən araşdırılmağa başlanılmış və hazırda da Cəlilabad rayon poliş şöbəsinin icraatındadır. Məhkəmə gəldiyi nəticənin hansı mötəbər sübutlarla təsdiq edildiyini, göstərməmiş, onun iddiaçıdan kartof almağını təsdiq edən heç bir mötəbər sübutun olmamasına baxmayaraq qanunsuz və əsassız olan qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsini birbaşa sübutlara əsaslanmayan dolayısı ilə yalnız iddiaçının yaxın qohumu və ailə üzvləri olan atası, anası və qaynatasının şifahi izahatına və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ləğv edilmiş heç bir prosessual əhəmiyyətə malik olmayan Cəlilabad RPŞ-nin TB-nin 31 may 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsaslanmışdır. Halbuki, məhkəmə həmin şahidlərin işdə birbaşa iddiaçının maraqlarına xidmət etməsini nəzərə almamış, onların ifadələrinin hansı sübutları təsdiq etməsini də qətnamədə əsaslandırmamış, iddiaçının xeyrinə işi bir növ bağlamışdır. Bundan başqa, işə baxan hakim onun kartof alqı-satqısı ilə məşğul olmamağını, maşlıq kənd sakinləri olan yuxarıda adlarını qeyd etdiyi şəxslərlə yanaşı onun da kartof məhsulunu Lənkəran rayon Şağlaser kənd sakinləri olan İqbal və Kazım Ağayevlərin nisyə alıb 29 nəfərə 85520 manat pulu ödəmədiklərini, iddiaçının məhkəmə iclasına gətirdiyi şahidlərin onun ailə üzvləri olmasının, həmin şahid ifadələrinin heç bir sübuta əsaslanmadığını, kartofun alınması zamanı həmin şahidlərin orada olamamasını, iddiaçının dilindən eşitdiklərini həmin şahid ifadələrinin yalan ifadələr olmasını, nəzərə almamış, işia raşdırarkən həmin xüsusatları araşdırmamışdır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçıdan kartofu özü üçün yox, İqbal adlı şəxs üçün danışmışdır. O, sadəcə vasitəçidir. İqbal rayona gələrək Rusiya bazarına aparması üçün ondan yaxşı kartof istəmiş, o isə iddiaçıda yaxşı kartofun olduğunu bildirərək vasitəçilik etmişdir. Kərim İqbalın oğludur. İddiaçının yanına kartof almaq üçün İqbal və oğlu Kərimlə birlikdə getmişdir. İddiaçı onları görmüşdür. İqbal hər maşına görə ona 150 manat pul verməyi vəd etmiş, o da öz növbəsində kartofu İqbal üçün nisyə almışdır. Lakin İqbal ona malın pulunu, habelə ona çatacaq pulu vermədiyi üçün iddiaçının yanında pis vəziyyətdə qalmışdır. İqbal ona və rayonda ayrı-ayrı şəxslərə qarşı da oxşar əməllər törədərək onlara maddi ziyan vurmuş, bundan sonra kollektiv şəkildə müvafiq polis idarəsinə müraciət etmişlər. Bu hal polis idarəsində verdikləri izahatlarla təsdiq olunur. İddiaçı özü də İqbaldan şikayət etmişdir. Hazırkı işdə cavabdeh o yox, İqbal olmalıydı, lakin iddiaçı İqbala gücünün çatmadığını düşündüyündən ona qarşı iddia qaldırmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdehlə qohumdurlar. Cavabdeh həmişə ondan aldığı malı başqa adamlara satmışdır. İqbal və oğlunu şəxsən tanımır. Cavabdeh onlarla birlikdə ona məxsus sahəyə gələrək yaxşı kartof istəmişdir. Orada onlardan başqa ata və anası da olmuşdur. Cavabdeh malları İqbal adlı şəxs üçün aldığını deməmişdir. Kartofu Lənkərandan gələn maşına yükləmişlər və həmin maşın da İqbala məxsus olmuşdur. Cavabdeh malların pulundan bir qismini ödəsə də, ona olan 1726 manat məbləğində pulu ödəməmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-1963/2023 saylı qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 359.1-ci maddəsinə əsasənə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Apellyasiya instansiya məhkəməsi tərəfindən tam hüquqlu məhkəmə olaraq mülki işin tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, işin mübahisəsiz faktiki hallarına əsasən iş üzrə alqı-satqı İqballa Sehran arasında olmuş, İqbal Rusiya bazarına aparması üçün Vüsaldan yaxşı kartof istəmiş, Vüsal da tərəflər arasında vasitəçi olmuşdur. İqbal malın pulunu vermədiyinə görə Sehran iddianı kartofu alan şəxsə - İqbala qarşı yox, vasitəçi olan Vüsala qarşı iddia qaldırmışdır. Halbuki, kartof Vüsal tərəfindən mənisənilməsi və istifadə edilməsi sübuta yetirilmir. İddiaçı özü də izahatında kartofu Lənkərandan gələn İqbala məxsus maşına yüklənildiyini bildirmişdir. İşdə olan cavabdehin izahatından və Cinayət işinin başlanılmasının rədd edilməsi barədə Cəlilabad RPŞ-nin TB-nin 31 may 2023-cü il tarixli qərarından görünür ki, cavabdeh Alşanov X16 RPŞ-nin TB-də verdiyi ifadəsində İddiaçı kartof məhsulu almamış, iddiaçı kartof məhsulunu onun vasitəsi ilə tanış olduğu Lənkəran şəhər sakini İqbal adlı şəxsə satmışdır. Bundan əlavə, MPM-in 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Habelə MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Kollegiya hazırkı iddia tələbinin prosessual baxımdan təmininin mümkünlüyü üzrə diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı hazırkı iş üzrə cavabdehin həmin iddiaya cavab verməli şəxs olub-olmamasını aydınlaşdırmamışdır. Belə ki, yuxarıda istinad olunan prosessual normaların (MPM 50.1, 50.2 və 50.3) tələblərindən göründüyü kimi, iş üzrə tərəflər yalnız iddiaçı və cavabdehdir. Tələb etmək hüququ olan şəxs iddiaçı, iddiaya cavab vermək vəzifəsi olan şəxs isə cavabdehdir. Cavabdeh hazırkı iş üzrə iddiaya cavab verməli olan şəxs olmadığı üçün iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi yekun qənaət əsaslı və düzgün deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmayaraq, gəlinən nəticəni işin faktiki hallarına uyğun olmamaqla qanuni və əsaslı hesab etmir. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır ("F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-1963/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar