Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-931/2023 14.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı "təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və onun nəticələrinin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli 2(055)-188/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı "təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və onun nəticələrinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, 30 sentyabr 2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1036.80 manat cərimənin silinməsi barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. Tələb onunla əsasladırılmışdır ki, ailəsi ilə birlikdə Saatlı rayonunun Sarıcalar kəndində yaşayır. Cavabdeh “Azəriqaz” X4 X10 İdarəsinin Saatlı xidmət sahəsinin işçiləri onun evinə quraşdırılan qaz sayğacına baxış keçirmiş və «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 27 sentyabr 2022-ci il tarixli ******* saylı akt tərtib edərək, köhnə qaz sayğacını çıxararaq yeni qaz sayğacı ilə əvəz etmişlər. Həmin aktda köhnə sayğacın çıxarılma səbəbi kimi sayğacın giriş borusunun deşik olması qeyd edilmişdir. Cavabdeh “Azəriqaz” X4 X10 İdarəsinin Saatlı xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulmasına görə 30 sentyabr 2022-ci il tarixli ******* saylı aktla ona məxsus olan qaz sayğacının giriş membranının deşici alətlə deşilməsi, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin mnimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olması müəyyən olunmuş və ona həmin akt əsasında itirilmiş təbii qazın bərpasına görə 8640kub/metr və ya 1036.80 manat borc hesablanmışdır. Həmin aktı və akta əsasən hesablanmış borcu əsaslı hesab etmir. Belə ki, o, fərdi yaşayış evini təmin edən təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müdaxilə etməmiş, həmin sayğacın sərfiyyat göstəricisi əsasında ödəniş etmiş, “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən ona heç bir xəbərdarlıq edilməmiş və cavabdeh “Azəriqaz” X4 X10 İdarəsinin Saatlı rayon xidmət sahəsinin nəzarətçisinə bu barədə məlumat vermiş, lakin bunun heç bir nəticəsi olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X6 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddiaçı X2 yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı açılaraq Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və Məişət qaz sayğaclarının yoxlanılması laboratoriyasına göndərilmiş, həmin laboratoriyanın rəyinə əsasən qaz sayğacının giriş membranının deşici alətlə deşilməsi, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin mnimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olması müəyyən olunmuş, faktla bağlı “Azəriqaz” X4 RQİİ-nin Saatlı rayon XS-nin işçiləri tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən iddiaçının fərdi yaşayış evində işlətdiyi qaz işlədicilərinə görə 8640 kub/metr qaz sərfiyyatı hesablanmışdır. Bundan sonra itirilmiş təbii qazın bərpası üzrə hesablanmış 8640 kub/metr qaz sərfiyyatı iddiaçı X2 Saatlı XS-nin abonent bazasındakı **********04420 nömrəli abonent koduna (abonent saldosuna) 1036.80 manat borc əlavə edilmişdir və həmin borc “Azəriqaz” İstehsalat Birliyinə ödənilməlidir. Saatlı Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli 2(055)-188/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2022-ci il tarixli ******* saylı aktı əsasında İddiaçı (abonent kodu: **********04420) yaşadığı Saatlı rayon Sarıcalar kəndində yerləşən fərdi yaşayış evində işlətdiyi qaz işlədicilərinə görə itirilmiş təbii qazın bərpası üzrə təbii qazın dəyəri kimi hesablanmış 1036.80 manat borcun 216 manatadək azaldılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qaz sayğacı İddiaçı təqsiri üzündən zədələndiyi təqdirdə, itirilmiş qazın bərpası üzrə hesablanmış qaz sərfiyyatının neçə gün müddətinə və ya itirilmiş qazın dəyərinin nə qədər pul məbləği ilə hesablanmasına dair hər hansı müqavilə tərəflər arasında bağlanmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qismən ləğv edilərək, iddiasının tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən qismən narazıdır və bu səbəbdən də apellyasiya şikayət vermək məcburiyyətindədir. İddia tələbi tam təmin edilməli idi. Cavabdehə ümumiyyətlə 61 manat təbii qaz borcu qalmışdır ki, onunda çox hissəsini şəxsi kart hesabı vasitəsi ilə ödəmişdir. İş materiallarında olan cərimə aktından görünür ki, cavabdeh istismara yararsız olan köhnə sayğacı yenisi ilə əvəz edərkən, sayğacın giriş borusunun deşik olması kimi səbəblər göstərməklə ona cərimə yazmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, «Azəriqaz» İB-yi bütün abonentlərin köhnə sayğaclarını dəyişən zaman öz maraqlarına uyğun olan şablon xarakterli qanunsuz cərimlər yazmaqla məşğuldur və bu adət halını alıb. Birmənalı olaraq bildirmək istəyir ki, sayğacın hansısa hissəsində olan deşikdən hansısa üsulla (boru vasitəsi ilə) mənzilə təbii qaz təchiz etmək praktiki olaraq qeyri-mümkündür. Həmin deşiyin həcmi buna imkan vermir. Buna cəhd etsədə praktiki olaraq bu halın yaranması mümkün deyil. Digər sübut budur ki, cavabdehin ərazi üzrə müvafiq nəzarətçi işçiləri vardır. Əgər belə bir hal olsaydı nəzarətçi qabaqcadan həmin halı müəyyən edə bilərdi. Göründüyü kimi bu hal da, baş verməmişdir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydalarının» 4.7-ci bəndini kobudcasına pozaraq, abonent kimi onun evimə quraşdırğı təbii qaz sayğacını açıq qaydada quraşdırmaqla, qanunla müəyyən olunmuş örtüklə təmin etməmişdir. Nəhayət cavabdehə ümumilikdə 35 manat borcu qalmışdır ki, həmin borcu hər ay şəxsi kart hesabı vasitəsilə ödəyir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 216 manat cərimə borcu da, əsassız və qanunsuzdur. Hesab edir ki, iddia tələbi tam təmin olunmalı və borc tam silinməli idi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, yaşadığı evi qazla təmin edən xəttin üzərindəki sayğac bütün kənddə olduğu kimi həyətində deyil, küçədə quraşdırılmışdır və küçədə quraşdırılmış sayğaca görə məsuliyyət daşıya bilməz. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmamış, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə tam təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 27 sentyabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, istehlakçı X2 Saatlı rayonu, Sarıcalar kəndində yerləşən fərdi yaşayış evində quraşdırılan köhnə qaz sayğacının çıxarılma səbəbi sayğacın giriş borusunun deşik olması, yeni sayğacın quraşdırılma səbəbi əvəzetmə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı X2 fərdi yaşayış evinə quraşdırılmış (abonent kodu: **********04420) qaz sayğacının giriş membranının deşici alətlə deşilməsi, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olması aşkar edildiyindən, dəymiş ziyanın hesablanıb ödənilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş «Azəriqaz» İB-nin Salyan Regional Qİİ tərəfindən verilən 01 oktyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, X3 (abonent kodu: **********04420) itirilmiş təbii qazın bərpası üzrə 8640 kub/metr qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, abonent X3 (abonent kodu: **********04420) 2022-ci ili sentyabr ayında itirilmiş təbii qazın bərpası üzrə 8640kub/metr təbii qaz sərfiyyatı və itirilmiş təbii qazın dəyəri kimi 1036.80 manat borc hesablanmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK ( bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri nəzərə alınmaqla hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İş materiallarından müəyyən olunur ki, iddiaçının yaşadığı evi təbii qazla təmin edən xətt üzərində sayğac küçədə quraşdırılmışdır. Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, istehlakçının sayğaca müdaxiləsinə dair mötəbər sübutlar verilmədiyindən, iddianı aktın ləğv olunması hissədə təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla yanaşı, aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq öz təsdiqini tapdığından təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.2, 217.2, 372, 384.0.2, 385.1, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli 2(055)-188/2023 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. “Azəriqaz” İB-in “Qaz sayğacının yoxlanması barədə” 30 sentyabr 2022-ci il tarixli aktı İddiaçı aid hissədə ləğv edilsin və həmin akt əsasında istehlakçının **********04420 nömrəli abonent hesabına işlənmiş 1036.80 manat borc silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-931/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-931/2023
14.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver