Məhkəmə qərarları › İş №2(106)-944/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-944/2023

19.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-944/2023 19.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Müşviq Kamil oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Masallı rayon Sığdaş bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin, çıxarışın ləğv edilməsi və icarə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2(050)-68/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Masallı rayonun Sığdaş Bələdiyyəsi Cavabdeh qarşı bələdiyyə ilə 15 aprel 2006-cı il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixi olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv olunması və 945 manat icarə pulunun tutularaq bələdiyyənin hesabına köçürülməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, 15 aprel 2006-cı il tarixli icarə müqaviləsi əsasında Sığdaş Bələdiyyəsi tərəfindən Cavabdeh 0.65 ha torpaq sahəsi 75 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün icarəyə verilmişdir. Həmin müqavilənin şərtlərinə görə icarəçi icarə haqqı olaraq hər il 40 manat ödəməyi öhdəsinə götürmüşdür. Ötən müddət ərzinə cavabdehin 945 manat icarə haqqı borcu yaranmışdır. Lakin icarəçi olan cavabdeh üzərinə düşən öhdəliyi doğru düzgün yerinə yetirməmiş, yəni hər il üçün müəyyən edilmiş 40 manat olan icarə haqqını tam olaraq ödəməmişdir. Həmin torpaq sahəsi ilə bağlı cavabdehə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016cı il). Həmçinin cavabdeh torpaq sahəsini təyinatına uyğun istifadə etmir. Eləcə də torpaq sahəsinin cavabdehə icarəyə verilməsi barədə bələdiyyə tərəfindən verilmiş qərarın (protokolun) heç bir sənəddə qeydiyyatı yoxdur. Dəfələrlə cavabdehə icarə haqqını, vergiləri ödəməsini və həmin torpaq sahəsini təyinatına uyğun istifadə etməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh bu xəbərdarlıqlara məhəl qoymamışdır. Ona görə də, Masallı rayon Sığdaş Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2002-ci il tarixli icarə müqaviləsi və cavabdehə verilmiş Çıxarış ləğv edilməli və 945 manat icarə haqqı alınaraq bələdiyyənin hesabına köçürülməlidir. Masallı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2(050)-68/2022 nömrəli qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddia qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 aprel 2006-cı il tarixli icarə müqaviləsinin və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016- cı il olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 600 manat icarə pulunun cavabdehdən tutularaq Bələdiyyənin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf sübut edə bilmişdir ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, bələdiyyə sədrinin imzası ilə xx.xx.2021-ci il tarixdə 20 nömrəli xx.xx.2021-ci il tarixdə 24 nömrəli məktublarla cavabdehə məktublar ünvanlanmışdır ki, icarə müqaviləsi üzrə ödəmə sənədləri Bələdiyyəyə təqdim edilsin, əks halda icarə müqaviləsinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət olunacaqdır. Cavabdehin nümayəndəsi də həmin məktubu almalarını təsdiq etmişdir. Bununla belə cavabdeh tərəf icarə haqqı ilə bağlı ödəniş sənədlərini təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf 2021-ci ilə qədər icarə haqqının tam ödənilməsi haqqında 06 iyun 2006-cı il tarixli 48 nömrəli və 11 yanvar 2010-cu il tarixli 23 nömrəli kassa mədaxil qəbzlərini məhkəməyə təqdim etsə də, məhkəmə həmin qəbzləri mötəbər və təkzibolunmaz sübut kimi qəbul etməmişdir. Belə ki, məhkəmə mötəbər sübut kimi tədqiq edilmiş ekspertiza rəyində göstərilənləri əsas götürərək vurğulamışdır ki, təqdim edilmiş qəbzlərin 2006 və 2010-cu illərdə kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə yazılması və imza olunması, möhür əkslərinin ştempel boyalarının eyni olması məntiqi olaraq mümkün olmamışdır. Məhkəmə bundan başqa qeyd etmişdir ki, ekspertizaya 06 iyun 2006-cı il tarixli 48 nömrəli və 11 yanvar 2010-cu il tarixli 23 nömrəli kassa mədaxil qəbzlərinin tarixlərinə yaxın günlərə aid olan sərbəst əks nümunələri olan mədaxil qəbzləri təqdim edilmiş və müqayisə zamanı ekspertiza tədqiqi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş 06 iyun 2006-cı il tarixli 48 nömrəli və 11 yanvar 2010-cu il tarixli 23 nömrəli kassa mədaxil qəbzlərinin üzərlərində olan “Kapital Bank Masallı rayon filialı Mədaxil kassası” məzmunlu möhür əksi eyni məzmunlu sərbəst əks nümunələri ilə eynilik təşkil etməmişlər. Belə olan halda, məhkəmə cavabdeh tərəfin etirazlarını əsassız hesab etmiş və sübut kimi təqdim edilmiş kassa mədaxil qəbzlərini mötəbər hesab etməmişdir. Məhkəmə cavabdehin adına olan DƏDRX-dən çıxarışın ləğv olunması tələbinə münasibətdə qeyd etmişdir ki, icarə müqaviləsinin ləğv olunması həmin çıxarışın da ləğv olunmasına əsas olduğundan, həmin tələb də əsaslı hesab olunmalıdır. Məhkəmə 945 manat icarə haqqı tələbinə münasibətdə qeyd etmişdir ki, 2006- 2021-ci illər üzrə 15 ilə görə icarə haqqı hər ilə görə 40 manat olmaqla cəmi 600 manat təşkil etmişdir. Ona görə də torpaq sahəsindən istifadə edilmiş illərə görə cavabdehin 600 manat icarə haqqı borcu yaranmışdır və həmin məbləğ cavabdehdən alınaraq Bələdiyyənin hesabına ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 241.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47, 66-68, 73cü, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11, 15, 23-cü, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 dekabr 2022-ci il tarixli 2(106)-2128/2022 nömrəli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Nüsrət Mirzəyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən icarə haqqlarının ödənilməsi ilə bağlı sənədlər bələdiyyəyə təqdim edilməmiş, bununla da icarə müqaviləsinin şərtləri pozulmuşdur ki, bu da icarə müqaviləsinin ləğv edilməsinə imkan vermişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 423, 713-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15, 23-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin bələdiyyə ilə bağladığı icarə müqaviləsi tam qanuni olmuş və rəsmi olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi hal-hazırda əkib-becərilməsə də, ot yeri kimi istifadə olunmuş, bütün illər ərzində cavabdeh tərəfindən icarə haqqı tam ödənilmişdir. Bu barədə xx.xx.2006-cı il tarixdə 160 manat, xx.xx.2010-cu il tarixdə isə 440 manat icarə haqqının ödənilməsi barədə bank qəbzləri məhkəməyə təqdim edilmişdir. Həmin qəbzlərdə heç bir saxtakarlıq olmamış, qeyd olunan tarixlərə uyğun ödənilmişdir. Bələdiyyə cavabdehin özünə icarə haqqının ödənilməsi ilə bağlı rəsmi hər hansı bir məlumat verməmişdir. Hazırda isə təyin olunmuş bələdiyyə sədri belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Çünki hazırkı bələdiyyə sədrinin cavabdehlə aralarında olan münasibətləri normal olmamış, aralarında şəxsi münaqişələri olmuş və bu səbəbdən də, hazırkı bələdiyyə sədri şəxsi münasibətlərini işinə qarışdıraraq belə bir iddia tələbi irəli sürmüşdür. Kassator qeyd etmişdir ki, keçirilmiş ekspertiza ilə razı deyildir. Belə ki, ekspertiza qanunsuz və saxta olmuşdur. Çünki həmin ekspert rəyi qəbzlərdə olan möhürün saxta olduğunu ehtiva etmişdir. Bu isə həqiqətə uyğun deyildir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 5-ci səhifəsinin sonuncu abzasında cavabdehin bir ildən artıq icarə haqqı ödəmədiyi yazılmışdır. Əgər cavabdehin həmin bir ilin icarə haqqını ödədiyi sübut olunmuşdursa nəyə görə digər illərə aid ödənişlər qəbul olunmamışdır. İş üzrə təkrar ekspertiza təyin olunmalıdır. Kassator qeyd etmişdir ki, cavabdeh torpağın təyinatını dəyişməmişdir. Həmişə təyinatına və müqavilənin şərtlərinə uyğun torpaq sahəsindən istifadə etmiş, cavabdeh bu günə kimi müqavilənin tələblərini pozmamışdır. Əgər pozuntu olmuş olsaydı ötən bu 16 il müddət ərzində hər hansı bir tədbir görülmüş olardı ki, belə bir tədbirin görülməsi barədə heç bir sənəd, sübut olmamışdır. Eləcə də məhkəmə banka sorğu verərək verilmiş ödəniş qəbzlərinin (bir nüsxəsinin) kötüyünün bankda saxlanıbsaxlanmadığını araşdırmamışdır. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146, 149, 152, 157, 238, 337-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 97, 255, 256, 388-390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2128/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin adıçəkilən qərarında qeyd edilmişdir ki, iddiaçı tələbinin faktik əsası kimi ona istinad edir ki, cavabdeh torpağın icarə haqqını ödəməmiş, 940 manat borcu yaranmışdır. Müqavilə üzrə icarə haqqının 40 manat olması və müqavilənin 2006-cı ildə bağlanması nəzərə alınarsa, bu nəticə hasil olur ki, cavabdeh tərəfindən ümumiyyətlə müqavilə bağlanan vaxtdan sonra icarə haqqı ödənilməmişdir. Lakin cavabdeh iddianı qəbul etmir və bələdiyyənin hesablaşma hesabına 6 iyun 2006-cı il tarixdə 160 manat, 11 yanvar 2010-cu il tarixdə 440 manat məbləğində icarə haqqı ödənildiyinə dair bank qəbzlərini təqdim etmişdir. Bu qəbzlərin sübut kimi əhəmiyyəti ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bankın kassa mədaxil qəbzləri icarə haqqının ödənilməsini təsdiq edən, qanunla müəyyən edilmiş sənədlərdir. Belə ki, “Banklar haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, bank-fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Həmin Qanunun 1.0.14-cü maddəsinə görə hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və ya bir neçə digər iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri üzrə yaranan tələblərin və öhdəliklərin, onların fərqi olan bir xalis tələb və ya bir xalis öhdəliyə çevrilməsi prosesi – klirinq adlanır. Adı çəkilən Qanunun 32.1.4-cü maddəsinə əsasən, klirinq, hesablaşmakassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi fəaliyyət növləri ilə banklar məşğul ola bilərlər. Göründüyü kimi kassa mədaxil qəbzi icarə haqqının ödənilməsini təsdiq edən qanunla nəzərdə tutulan rəsmi sənəddir. Lakin işə baxmış məhkəmələr həmin kassa mədaxil qəbzlərinin mötəbərliyini şübhə altına almış və bu zaman iddiaçının izahatına və "xxxx" ASC-nin Masallı filialının 18 noyabr 2021-ci il tarixli 5011 nömrəli məktubuna istinad etmişdir. Həmin məktubda göstərilib ki, bələdiyyənin adına bankda xx.xx.2010-cu ildə hesab açılmışdır, 48 və 23 nömrəli qəbzlərdə tarixlər hesab açılmamışdan əvvələ aiddir və həmin məbləğlərdə vəsait Bələdiyyənin hesabına mədaxil olmamışdır. Halbuki, tərəflərin arasında bağlanmış icarə müqaviləsində, icarə haqqının Bələdiyyənin "xxxx"ın Masallı filialında olan **********00 nömrəli hesablaşma hesabına ödənilməli olduğu qeyd edilib. Cavabdehin təqdim etdiyi 48 və 23 nömrəli qəbzlərdən də görünür ki, cavabdeh 06 iyun 2006-cı il tarixdə 160 manat və 11 yanvar 2010-cu il tarixdə 440 manat pulu məhz həmin hesaba ödəmişdir. Yəni "xxxx" ASC-nin Masallı filialının 18 noyabr 2021-ci il tarixli məktubunda bələdiyyənin adına bankda xx.xx.2010-cu ildə hesab açılması barədə məlumat işdə olan sənədlərlə təkzib olunurdu. Bundan başqa, "xxxx" ASC-nin Masallı filialı 18 noyabr 2021-ci il tarixli 5011 nömrəli məktubuna əlavə etdiyi Bələdiyyənin hesabından xx.xx.2010xx.xx.2023-cü il tarixlərə aid çıxarış da, cavabdehin təqdim etdiyi 48 və 23 nömrəli qəbzlərin mötəbər olmaması barədə nəticəyə gəlməyə əsas vermirdi. Çünki cavabdehin təqdim etdiyi 06 iyun 2006-cı il tarixli və 11 yanvar 2010-cu il tarixli qəbzlərdə göstərilən məbləğlərin bələdiyyənin hesabına ödənilməsi, bələdiyyənin həmin dövrü əhatə edən hesabdan çıxarış məlumatları əsasında yoxlanıla bilərdi. Lakin məhkəmə bu halı araşdırmamış, qeyd olunan dövrə aid hesabdan çıxarışı tələb edib, iddiaçının dəlillərinə qiymət verməmişdir. Bundan başqa, məhkəmənin qeyd olunan bank qəbzlərinin mötəbər olmaması barədə gəldiyi nəticə, həmin qəbzlərin saxtalaşdırılmasını (cinayət xarakterli əməlin törədilməsini) ehtiva edir. Bu halda məhkəmə araşdırmanı davam etdirməli, həmin qəbzlərin kim tərəfindən və harada tərtib olunması, əgər məhkəmə qəbzlərin eyni tarixdə tərtib olunması barədə qənaətə gəlmişsə, məhz hansı tarixdə tərtib olunmasını müəyyən etmək üçün sual-cavab etməli idi. Bu cür araşdırma ona görə zəruri idi ki, məhkəmələr qəbzlərdə göstərilən pul məbləğinin bələdiyyənin hesabına ödənilmədiyi barədə nəticəyə gələrkən, ilk növbədə cavablandırılmalı olan suala – yəni, həmin pulların bankın hesabına həqiqətdə ödənib ödənilmədiyini (köçürülməyibsə bank işçisi pulu alıbmı, əgər işçi pulu almayıbsa hansı motivlə bankın möhürü ilə təsdiqlənmiş sənəd verildiyini və s. kimi əhəmiyyətli halları) müəyyən etməli idi. Bundan başqa, "xxxx" ASC-nin Masallı filialının məhkəməyə ünvanlandığı məktublarda mübahisələndirilən məbləğin bələdiyyənin hesabına mədaxil edilmədiyi qeyd olunub. Lakin bu məbləğlərin bankın kassasına ödənilmədiyindən bəhs olunmayıb. Ümumiyyətlə qəbzlərdə göstərilən məbləğlərin (yəni icarəçinin bələdiyyənin hesabına köçürülməsi üçün klirinq xidməti göstərən banka ödədiyi icarə haqqının) sonradan bank tərəfindən bələdiyyənin hesabına ödənilməməsi, iki əsas üzrə icarəçi ilə müqavilənin ləğvi kimi hüquqi nəticəni aradan qaldırır. Birincisi, icarə müqaviləsində icarə haqqının bələdiyyəyə deyil, bank hesabına ödənilməsi qeyd olunub. İkincisi, icarəçi bələdiyyənin hesabına köçürülməsi üçün bankın kassasina ödədiyi icarə haqqının sonradan bank tərəfindən bələdiyyənin hesabına köçürülməməsi və ya gec köçürülməsinə görə məsuliyyət daşımır. Başqa sözlə, bu halda cavabdehlə icarə müqaviləsinə xitam verilməsi üçün Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsində müəyyən olunan dispozisiya şərti - torpaq vergisi və icarə haqqının “üzrlü səbəb olmadan” 1 il ərzində ödənilməməsi - mövcud olmayacaq. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr həqiqətə nail olmaq üçün qanunvericiliyin onlara verdiyi mümkün vasitələrdən istifadə edərək işi hərtərəfli, tam və obyektiv araşdırmalı, nəticədə qanuni və əsaslı qətnamə çıxarmalıdır. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır. MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. Cavabdeh vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilib iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin izahat verərək bildimişdir ki, xx.xx.2006-ci il tarixli müqavilədə icarə pulunun Sığdaş bələdiyyəsinin “Kapitalbank” hesabına köçürülməsi şərti qoyulmuş və həmin hesaba da ödənişlər edilmişdir. 2010-cu ildə yeni bir bank hesabı açılır. Onların müqavilə üzrə olan öhdəlikləri lazımi qaydada icra edilmişdir. Sözügedən bankdan Sığdaş bələdiyyəsinin hesabına pulun köçürülüb-küçürülməməsi üçün onlar məsuliyyət daşımırlar. Əgər Bank tərəfindən Bələdiyyənin pulları hesaba köçürülməyibsə, Banka qarşı iddia qaldıra bilərdi. Həmin bələdiyyənin 2001-ci ildən bank hesabı fəaliyyətə başlamalı idi. İddiaçı tərəf bank hesabı və ödənişlərin olub-olmaması barədə heç bir sübut təqdim etməmişdir. Bu məsələrdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Cavabdeh da vəkilinin dedikləri ilə razılaşaraq əlavəsinin olmadığını bildirmişdir. İddiaçının nümayəndəsinə (yaxud nümayəndələri) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Masallı rayonu Sığdaş bələdiyyəsinin 04 aprel 2006-cı il tarixli 04 nömrəli qərarı ilə bələdiyyənin mülkiyyətinə aid torpaqlardan icarə predmeti olan torpaq sahəsindən Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsinin 75 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. İşdə olan Masallı rayonu Sığdaş bələdiyyəsinin 04 aprel 2006-cı il tarixli 04 nömrəli qərarı əsasında bələdiyyə ilə Cavabdeh arasında 15 aprel 2006-cı il tarixli icarə müqaviləsi bağlanmaqla, bələdiyyənin mülkiyyətində olan 0.65 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 75 il müddətə (15 aprel 2081-ci il tarixə qədər) Cavabdeh icarəyə verilmişdir. Müqavilədə icarə haqqı hər il üçün 40 manat müəyyən edilmişdir. İşdə olan Masallı rayonu Sığdaş bələdiyyəsi və Cavabdeh arasında 15 aprel 2006-cı il tarixli icarə müqaviləsi əsasında Masallı rayonu Sığdaş bələdiyyəsinin 0.65 ha torpaq sahəsi üzərində Cavabdeh icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016cı ildə qeydiyyata alınaraq RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. İşdə olan Cavabdeh tərəfindən Bələdiyyənin hesabına köçürülməsi üçün "xxxx" Masallı rayon filialına 06 iyun 2006-cı il tarixli 48 nömrəli qəbzlə 160 manat, 11 yanvar 2010-cu il tarixli 23 nömrəli qəbzlə 440 manat məbləğində icarə haqqı ödənilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-in 423-cü maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər həmin Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. MM-in 713-cü maddəsinə əsasən əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73.1-ci maddəsinə görə torpaqdan məqsədli təyinatına görə istifadə edilməməsi, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi, torpaq vergisi və icarə haqqının üzrlü səbəb olmadan 1 il ərzində ödənilməməsi torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi üçün əsasdır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə görə icarəçi icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etməli, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etməli, icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görməli, torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddianın təmin edilməsi üçünməhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia tələbi əsaslı, əgər uzlaşmırsa, iddia tələbi əsassız hesab edilir. Beləliklə, məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi hərtərəfli araşdırma apararaq işin faktiki hallarına düzgün qiymət verməmiş və yekun olaraq yanlış nəticəyə gəlmişdir. Beləcə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hazırkı mülki işin faktiki hallarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında ehtiva olunan məcburi göstərişlərə uyğun olaraq hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələrinin tələbləri baxımından hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən də göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddianın sübuta yetirilməsi üçün təqdim edilmiş sübutların mötəbərliliyi barədə ətraflı və hərtərəfli araşdırma aparılmadan, sübutetmə yükünün tərəflərin hansının üzərinə qoyulmasına dair prosessual normaların göstərişlərinə riayət etmədən yekunda aydın olmayan nəticəyə gəlinmişdir. Belə ki, iddiaçı öz tələbinin faktik əsası kimi cavabdeh tərəfindən torpağın icarə haqqının ödənilməməsinə və nəticədə onun 940 manat borcunun qalmasına ona istinad etmişdir. Cavabdeh bələdiyyənin hesablaşma hesabına 06 iyun 2006-cı il tarixdə 160 manat və 11 yanvar 2010-cu il tarixdə 440 manat məbləğində icarə haqqı ödənildiyinə dair bank qəbzlərini təqdim etmişdir. Kassa mədaxil qəbzi icarə haqqının ödənilməsini təsdiq edən və qanunla nəzərdə tutulan rəsmi sənəddir. Birinci instansiya məhkəməsi iddia ərizəsinə və "xxxx" ASC-nin Masallı filialının 18 noyabr 2021ci il tarixli 5011 nömrəli məktubuna istinadən həmin kassa mədaxil qəbzlərinin mötəbərliyini şübhə altına almışdır. Çünki adıçəkilən məktubda göstərilmişdir ki, Bələdiyyənin adına bankda xx.xx.2010-cu ildə hesab açılmış, 48 və 23 nömrəli qəbzlərdə tarixlər hesab açılmamışdan əvvələ aiddir və həmin məbləğlərdə vəsait Bələdiyyənin hesabına mədaxil olmamışdır. Halbuki, tərəflər arasında 200-cı ildə bağlanmış icarə müqaviləsində (səh. 7), icarə haqqının Bələdiyyənin "xxxx" ASC-nin Masallı filialında olan **********00 nömrəli hesablaşma hesabına ödənilməli olduğu göstərilmişdir. Cavabdehin təqdim etdiyi 48 və 23 nömrəli qəbzlərdən də görünür ki, cavabdeh 06 iyun 2006-cı il tarixdə 160 manat və 11 yanvar 2010-cu il tarixdə 440 manat pulu məhz həmin hesaba ödəmişdir. Cavabdehin təqdim etdiyi həmin qəbzlərdə göstərilən məbləğlərin bələdiyyənin hesabına ödənilməsi, bələdiyyənin həmin dövrü əhatə edən hesabdan çıxarış məlumatları əsasında yoxlanıla bilərdi. Lakin məhkəmə araşdırması zamanı nə bələdiyyə, nə də "xxxx" ASC ("xxxx" ASC-nin Masallı filialı) tərəfindən göstərilən dövrləri əhatə edən hesabdan çıxarış məlumatları məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən "xxxx" ASC-yə verilmiş sorğular (məlumatların əldə edilməsi barədə qərardad) üzrə zəruri sənədlərin 10 ildən artıq müddətə saxlanılmaması əsası ilə heç bir məlumat əldə edilməsi mümkün olmamışdır. Qeyd edilən səbəblərdən də, həmin qəbzlərin mötəbərliliyinin şübhə altına alınması yolverilməzdir. Eyni zamanda, qəbzlərdəki rekvizitlərin də qanuni olmaması təsdiq edilmir. Habelə 2006-cı ildə bağlanmış icarə müqaviləsi üzrə icarə haqqının ödənilməməsi əsası ilə müqaviləyə xitam verilməsi barədə iddianın 15 ildən sonra qaldırılması hal-hazırda sübutun əldə edilməsi imkanlarını da mümkünsüz etmişdir. Bütün qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi üçün Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsində müəyyən olunan dispozisiya şərti olan torpaq vergisi və icarə haqqının üzrlü səbəb olmadan 1 il ərzində ödənilməməsi şərti mövcud deyildir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilərək Masallı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2(050)-68/2022 saylı qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bundan əlavə, nəzərə alınmalıdır ki, MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilməmişdir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/262 saylı 20 iyun 2022-ci il tarixli ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 300 manat məbləğdə pul vəsaiti Masallı rayon Sığdaş bələdiyyəsindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77, 89, 124, 217.2, 218.1, 372, 384, 385, 387, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2(050)-68/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Masallı rayon Sığdaş bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin, çıxarışın ləğv edilməsi və icarə haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/262 saylı 20 iyun 2022-ci il tarixli ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 300 manat məbləğdə pul vəsaiti Masallı rayon Sığdaş bələdiyyəsindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar