Məhkəmə qərarları › İş №2(106)-946/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-946/2023

24.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-946/2023 24.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sadıxov Zahid Musa oğluna (üçüncü şəxslər Sadıxov Tahir Musa oğlu, Sadıxov Mahir Musa oğlu, Sadıxov Rövşən Musa oğlu, Lənkəran rayon notariat ofisi və Azərbaycan Respublikası Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi) miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsindən cavabdeh Sadıxov Zahid Musa oğlu tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə baxaraq MÜƏYYƏNETDİ: Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsi ilə (hakim Məhəmmədəli Rzayev) iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında 144.5 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 102.7 kv.m olan3 otaqlı miras evin 1/5 hissəsi üzərində Sadıxov Fəxrəddin Musa oğlunun payının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh Sadıxov Zahid Musa oğlu tərəfindən Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və işin hallarına uyğun qətnamə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası cavabdeh Sadıxov Zahid Musa oğlu tərəfindən Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti verilərkən bu Məcəllə ilə müəyyən edilmiş müddətlə bağlı tələblərə əməl edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh Sadıxov Zahid Musa oğlunun apellyasiya şikayətinin MPM-in tələblərinə cavab vermədiyi müəyyən edilməklə müvafiq olaraq apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, qəbul edilərək baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsinin surətini cavabdeh Sadıxov Zahid Musa oğlunun nümayəndəsi Həbibov Vəliəhəd Heydər oğlu xx.xx.2023-cü il tarixdə imza edərək almışdır. Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsindən narazı qalan cavabdeh Sadıxov Zahid Musa oğlu xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsindən cavabdeh Sadıxov Zahid Musa oğlu apellyasiya şikayəti verilərkən prosessual müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə görə isə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Göründüyü kimi, qətnamə 17 mart 2023-cü il tarixdə alındığı halda, cavabdeh Sadıxov Zahid Musa oğlu tərəfindən apellyasiya şikayəti 18 aprel 2023cü il tarixdə vermişdir. Qeyd edilməlidir ki, MPM-in 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Qətnamənin alınması 17 mart 2023-cü il tarixdə baş vermiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin başlanğıcı 18 mart 2023-cü il tarixdə hesablanmış və 17 aprel 2023-cü il tarixdə bitmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 129-cu maddəsinin tələblərinə əsasən aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İşdən də görünür ki, cavabdeh Sadıxov Zahid Musa oğlu tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət qurtardıqdan sonra 18 aprel 2023-cü il tarixdə məhkəməyə verilmişdir. MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bundan başqa, iş materiallarından görünür ki, cavabdeh Sadıxov Zahid Musa oğlu tərəfindən Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, “Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.” Habelə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında prosessual müddətlərlə bağlı hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq diqqətə çatdırır ki, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsindən cavabdeh Sadıxov Zahid Musa oğlu tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 363.1.3-cü maddələrinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, hakim apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Golder Birləşmiş Krallığa qarşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 361, 364, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsindən cavabdeh Sadıxov Zahid Musa oğlu tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin. Cavabdeh Sadıxov Zahid Musa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar