Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-946/2025 06.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı sığorta ödənişini vermiş sığorta təşkilatının dəymiş zərərin pul əvəzinin suboqrasiya qaydasında tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(056)-348/2025 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarına əlavə olunmuş PAZ**********№-li İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, "Vaz 21704" markalı **-BH-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış, sığorta haqqı 5000 manat həcmində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Sığorta AKTının surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə saat 08:40 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 42 km-də Sabirabad rayonu Bulaqlı kəndi ərazisindən keçən yolda baş vermiş yol-nəqliyyat hadisəsi (sığorta hadisəsi) nəticəsində zərərə uğramış “Nissan Sunni” **-DA-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi 4423,92 (dörd min dörd yüz iyirmi üç manat doxsan iki qəpik) AZN məbləğində və “Mesedes-Benz E 270” **-ST-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi 576,08 (beş yüz yetmiş altı manat səkkiz qəpik) AZN məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən avtomobillərin mülkiyyətçilərinə sığorta ödənişi edilmiş, həmçinin sağlamlığına dəymiş zərərin əvəzi kimi X3 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “cinayət işinin xitam edilməsi haqqında” Qərarın surətindən görünür ki, xx.xx.1993-cü ildə Sabirabad rayonunda anadan olmuş, azərbaycanlı, AR vətəndaşı, məhkum olunmayan, Sabirabad rayonu, Qaratəpə kəndində yaşamış X6 barəsində olan ********* saylı cinayət işinə qərarın təsviri hissəsində göstərilənlərə əsasən xitam verilməsi, Cavabdeh İXM-nın 335.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması və qərarın surətinin tədbir görülməsi üçün BDYPİ-nin YPXA-na göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, həmin qərarla Cavabdeh şikayəti təmin edilərək, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat Şöbəsinin müstəntiqi Q.Ş.Mansurovun “cinayət işinə xitam verilməsi barədə” xx.xx.2018-ci il tarixli Qərarının ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat Şöbəsinin müstəntiqi Q.Ş.Mansurovun “cinayət işi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2020-ci il tarixli Qərarının surətindən görünür ki, həmin qərarla xx.xx.2018-ci il tarixdə saat 08:40 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılmış araşdırmanın nəticəsi olaraq cinayət işinə xitam verilməsi, həmçinin mərhum X4 “Vaz- 21074” markalı 54BH482 qeydiyyat nişanlı avtomobili atası Cavabdeh icazəsi olmadan həyətdən götürüb sürdüyünə görə, Cavabdeh inzibati məsuliyyətə cəlb olunmaması qərara alınmışdır. Y İstinad edilən DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat Şöbəsinin müstəntiqi Q.Ş.Mansurovun “cinayət işi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, mərhum X6 atası Cavabdeh məxsus və PAZ**********№-li İcbari Sığorta Müqaviləsi əsasında xx.xx.2017-ci il tarixdən - xx.xx.2018- ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış "Vaz 21704" markalı **-BH-*** qeydiyyat nişanlı avtomobili atası Cavabdeh icazəsi olmadan, gizli şəkildə, naqilləri birləşdirmək yolu ilə avtomobili işə salaraq, sürücülük vəsiqəsi və etibarnaməsi olmadan sürüb apararaq, xx.xx.2018-ci il tarixdə saat 08:40 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 42 km-də Sabirabad rayonu Bulaqlı kəndi ərazisindən keçən yolda “Yol hərəkəti” haqqında qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi (sığorta hadisəsi) törətmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “sığorta ödənişini vermiş sığorta təşkilatının dəymiş zərərin pul əvəzinin suboqrasiya qaydasında tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5173.92 (beş min yüz yetmiş üç manat doxsan iki qəpik) manat əsas pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 72.13 manat pulun, ümumilikdə 5246.05 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixində, Sabirabad rayonu ərazisində "xxxx" ASC-də "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmış X6 tərəfindən sürücülük hüququ olmadan idarə edilən "Vaz 21704" markalı **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobil "Nissan Sunny" markalı ** DA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq, nəticədə sonuncu nəqliyyat vasitəsinin sürücüsü X5 yüngül dərəcəli xəsarət almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 aldığı xəsarətə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 750 manat, əmlaka dəymiş maddi zərərə görə 4423.92 məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, mayoru X1 Cinayət işinin xitam edilməsi haqqında Qərarına əsasən, mərhum X6 yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmiş, Cavabdeh İXM-nın 335.1-ci maddəsi inzibati məsuliyyətə cəlb olunmuşdur. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək, etirazının əsası kimi bildirmişdir ki, mərhum oğlu Yusif Hüseynovun həlak olduğu xx.xx.2018-ci il tarixdə saat 08:40 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 42 km-də Sabirabad rayonu Bulaqlı kəndi ərazisindən keçən yolda baş vermiş yol-nəqliyyat hadisəsində onun hər hansı təqsiri müəyyən edilməmişdir. Belə ki, iddiaçı təşkilat ona qarşı reqres qaydasında pul tələbi barədə hazırkı iddia verərkən, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat Şöbəsinin müstəntiqi Q.Ş.Mansurovun “cinayət işinə xitam verilməsi barədə” xx.xx.2028-ci il tarixli Qərarına əsaslanmışdır. Həmin qərarla “Vaz-21074” markalı 54BH482 qeydiyyat nişanlı avtomobilin güya ki onun tərəfindən sürüçülük hüququ olmayan şəxsə verdiyindən barəsində İXM-nın 335.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. Lakin Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarı ilə onun şikayəti təmin edilərək, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat Şöbəsinin müstəntiqi Q.Ş.Mansurovun “cinayət işinə xitam verilməsi barədə” xx.xx.2018-ci il tarixli Qərarı ləğv edilmişdir. Bundan sonra DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat Şöbəsinin müstəntiqi Q.Ş.Mansurovun “cinayət işi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2020-ci il tarixli Qərarı ilə xx.xx.2018-ci il tarixdə saat 08:40 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılmış araşdırmanın nəticəsi olaraq cinayət işinə xitam verilməsi, həmçinin mərhum oğlu Yusif Hüseynovun “Vaz-21074” markalı 54BH482 qeydiyyat nişanlı avtomobili onun (Cavabdeh) icazəsi olmadan həyətdən götürüb sürdüyünə görə, onun inzibati məsuliyyətə cəlb olunmaması qərara alınmışdır. Göstərdiklərinə əsaslanaraq ona qarşı hazırkı iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Sabirabad Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Nurəddin Bağırov) 13 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə mövqeyini "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasinin Qanununun 25.1 və 25.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2, 1108.3, 936.2, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsaslandırmış, qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdə saat 08:40 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 42 km-də Sabirabad rayonu Bulaqlı kəndi ərazisindən keçən yolda baş vermiş sığorta hadisəsində Cavabdeh təqsirli pozuntusu üzrə məsuliyyəti müəyyən olunmadığı halda, sığorta hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi subroqasiya qaydasında Cavabdeh tutula bilməz. Ona görə də, iddiaçı "xxxx" ASC-nin reqres qaydasında ziyanın əvəzinin ödənilməsi tələbinin Cavabdeh qarşı irəli sürülməsində haqlı olmamışdır. Buna görə də, iddia rədd edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı "xxxx" ASC apellyasiya şikayəti vermişdir. İddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, göstərmişdir ki, savabdehin əməlində inzibati xəta tərkibinin müəyyən edilməməsi isə onun məsuliyyətini istisna etmir. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinin Azərbaycan Respublikas Mülki Məcəlləsinin 373, 377.1 və 379-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi) qərarında Konstitusiya Məhkəməsi əməlin cinayət və ya inzibati hüquqi baxımdan araşdırılmamasının, inzibati xətalar və ya cinayət prosesində təqsirin sübuta yetirilməməsinin mülki hüquqi təqsirin mövcudluğunu istisna etməməsi barədə hüquqi mövqeyini ifadə etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, hazırkı halda cavabdehin əməlində inzibati xəta tərkibinin müəyyən edilməməsi onun Mülki Məcəllənin 21, 936.1, 936.2, 1096, 1097-ci, 1108.1, 1108.2-ci maddələri və “İcbari Sığortalar haqqında” Qanunun 25.1 və 25.1.3-cü maddələrinin tələbləri müvafiq qaydada təqsirini istisna etmir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı tərəfin apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən Cavabdeh izahatında göstərdi ki, avtomobili onun oğlu aparmış və bu barədə ona əvvəlcədən məlumat verilməmişdir. Bildirdi ki, avtomobilin açarı özündə olmuş, lakin oğlu pəncərəni sındıraraq avtomobilə daxil olub onu aparmışdır. Bu səbəbdən, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçı tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 163.1-ci maddənin tələblərinə görə sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1-ci maddəsinin tələbinə görə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 53.1-ci maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(056)-348/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin materiallarından görünür ki, 02 mart 2018-ci il tarixdə, saat 08:40 radələrində, Hacıqabul– Horadiz avtomobil yolunun 42-ci kilometrində, Sabirabad rayonu Bulaqlı kəndi ərazisindən keçən yolda baş vermiş sığorta hadisəsində Cavabdeh təqsirli pozuntuya yol verməsi sübuta yetirilməmişdir. Cavabdeh izahatında göstərmişdir ki, hadisə baş verən gün özü Bakı şəhərində olmuş, avtomobil isə onun xəbəri və razılığı olmadan oğlu X6 tərəfindən gizli şəkildə, naqilləri birləşdirmək yolu iləaparılmışdır. Cavabdeh avtomobilin açarını özü ilə götürsə də, oğlu pəncərəni sındıraraq avtomobilə daxil olmuş və onu idarə etmişdir. Avtomobilin qaçırılması faktından cavabdeh yalnız qəza törədildikdən sonra xəbər tutmuşdur. Bu hallar, Cavabdeh hadisə zamanı avtomobilə faktiki nəzarət imkanının mövcud olmadığını və onun hərəkətlərində təqsir elementinin olmadığını təsdiq edir. İş materiallarında mövcud olan 01 iyun 2018-ci il tarixli “cinayət işinin xitam edilməsi haqqında” Qərardan görünür ki, 19 aprel 1993-cü ildə Sabirabad rayonunda anadan olmuş X6 barəsində olan ********* saylı cinayət işinə, qərarın təsviri hissəsində göstərilən əsaslarla, xitam verilmiş, Cavabdeh isə İXM-nın 335.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qərarına əsasən, Cavabdeh şikayəti təmin edilərək, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi Q.Ş. Mansurovun “cinayət işinə xitam verilməsi barədə” 01 iyun 2018-ci il tarixli qərarı ləğv edilmişdir. Bu məhkəmə aktı ilə cavabdehin inzibati məsuliyyətə cəlb olunmasının hüquqi əsası aradan qalxmışdır. Mövcud sübutlar bir daha göstərir ki, hadisə baş verdiyi vaxt cavabdeh nə avtomobili idarə etmiş, nə də onun istismarına nəzarət edə bilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 25.1 və 25.1.3-cü maddələrinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Hazırkı iş üzrə materiallardan isə aydın olur ki, cavabdeh avtomobilin idarə edilməsinə nəzarət etmək imkanı olmamış və nəqliyyat vasitəsi onun xəbəri olmadan, hüququ olmayan şəxs – X6 tərəfindən qanunsuz olaraq aparılmışdır. Bu hallar göstərir ki, cavabdeh nə qanunla nəzərdə tutulmuş “hüququ olmayan şəxsə” avtomobil vermiş, nə də belə şəxsin avtomobili idarə etməsinə şərait yaratmışdır. Bir sözlə, avtomobili idarə etmə hüququnun “qanunsuz” olması üçün onun sahiblikdən “iradəxaric” çıxması (yəni zorla, qanunsuz ələ keçirilməsi) zəruridir (Mülki Məcəllənin 1108.2-ci maddəsi). Bu səbəbdən, "xxxx" ASC tərəfindən sığorta hadisəsi üzrə ödənilmiş məbləğin subroqasiya qaydasında cavabdehdən tutulması üçün zəruri hüquqi və faktiki əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları düzgün qiymətləndirərək iddianı rədd etmiş və apellyasiya instansiyası məhkəməsi həmin qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını zəruri hesab edir. Kollegiya qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən digər dəlillərin müzakirəsi üçün hüquqi əsas yoxdur, iddiaçının irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və iddianın təmin olunması mümkün deyildir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan həmin qətnaməsinin dəyişdirilib ləğv edilməsi üçün heç bir əsas yoxdur. Nəticə etibarilə, apellyasiya şikayətində göstərilən hallar iş üzrə mövcud hüquqi vəziyyəti dəyişmir və birinci instansiya məhkəməsinin qətnaməsi həm faktiki, həm də hüquqi baxımdan əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Sabirabad Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(056)-348/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(056)-348/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-946/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-946/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver