Məhkəmə qərarları › İş №2(106)-956/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-956/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-956/2025 18.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X3 ibarət məhkəmə tərkibində, X7 oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-1504/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2024cü il tarixə kimi istehlak etdiyi 820 (səkkiz yüz iyirmi) manat 20 (iyirmi) qəpik debitor borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 850,20 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Lənkəran X8 İdarəsinin Biləsuvar rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********00530 olmaqla xx.xx.2023-cü il tarixli, XS-32-00609/23 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh mənzilində təbii qazdan istifadəyə görə xx.xx.2024-cü il tarixə 820,20 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin ödənilməməsi olmuşdur. İddiaçı Lənkəran RQİİ tərəfindən 820,20 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərinin tam ödənilməsi istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bü müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.3.6-cı bəndinə əsasən müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə istehlakçı qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat: Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-1504/2024 nömrəli qətnaməsi (Hakim: Nüsrət Mirzəyev) ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 820 (səkkiz yüz iyirmi) manat 20 (iyirmi) qəpik debitor borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 850 (səkkiz yüz əlli) manat 20 (iyirmi) qəpik pulun tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı İB 820 (səkkiz yüz iyirmi) manat debitor borcun və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaitinin ondan tutulmasına dair iddia qaldırmış və Biləsuvar Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(022)-1504/2024 saylı qətnaməsi ilə iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul etmişdir. O, həmin məhkəmə prosesi və çıxarılmış qətnamə barədə məlumatsız olmuşdur. Bu yaxınlarda bu barədə məlumat əldə etdikdə qətnaməni əldə edərək apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi həmin apellyasiya şikayətini qeyri-mümkün hesab edərək geri qaytarmışdı. Hazırda o, apellyasiya şikayətini yenidən verir və şikayətinə müddətin bərpasına dair ərizəsini də əlavə edir. O, həmin məhkəmə prosesi və məhkəmə qətnaməsi barədə məlumatsız olmuşdur. Belə ki, qaz sayğacının quraşdırıldığı həmin mənzilin yerləşdiyi binada yerləşən mənzillərin birində baş vermiş qaz sızması nəticəsində xx.xx.2023-cü il tarixdə baş vermiş partlayışdan (həmin partlayışda binanın yuxarı mərtəbələrinin birindən partlayış dalğası bir qadını pəncərədən bayıra tullamış və qadın yerindəcə ölmüşdü, binanın yuxarı hissəsi dağılaraq üst panellərin çökməsi baş vermişdi) dərhal sonra onlar da daxil olmaqla, binanın bütün sakinləri binadan təxliyə edilmişlər və bina təhlükəli və yaşayış üçün yarasız olması səbəbindən boşaldılmışdı. Həmin vaxtdan o da valideynlərinin yanında, yəni Biləsuvar rayonu Aşağı Cürəli kəndində yaşamağa başlamışdır. Ola bilsin ki, məhkəmə bütün bildirişləri və qətnaməni həmin mənzilə göndərmiş, binada yaşayış olmaması səbəbindən bildiriş və qətnamə ona çatdırılmamışdır. Nəticədə o, məhkəmə prosesi və qətnamə barədə məlumatsız qalmışdır. Birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyindən hüquqlarının müdafiəsi ilə bağlı qanunla cavabdehə verilmiş imkanlardan, o cümlədən vəsatətlər vermək, sübutlar təqdim etmək və sair istifadə edə bilməmişdir. Birinci instansiya məhkəməsində iştirakı təmin olunsaydı, o həmin məhkəmədə iştirak edər və həmin qaz sayğacına görə məsuliyyət daşımadığına dair sübutları məhkəməyə təqdim edərdi. Elektron məhkəmə sistemi bütün vətəndaşların telefon nömrələrini əldə etməyə imkan verir və birinci instansiya məhkəməsi onun telefon nömrəsinə bildiriş göndərməklə onu məlumatlandırmalı idi. Hesab edir ki, məhkəmə mülki iş materiallarında öhdəliyin yaranma əsasını düzgün aydınlaşdırmamışdır. Belə ki, qətnamədən belə görünür ki, o tələb olunan məbləğdə qazı istehlak etmiş və pulunu ödəməmişdir. Halbuki bu borc guya itrilmiş qaza görə yazılmış borcdur. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair gəldiyi nəticələrdən biri də iddiaçı ilə onun arasında bağlanılmış təbii qazın alqı-satqı müqaviləsidir. Məhkəmə həmin müqavilənin onun üçün hüquq və vəzifələr yaratdığını da qətnamənin 2-ci səhifəsində qeyd etmişdir. Qətnamədə açıq-aydın həmin müqavilənin tarixi də göstərilib. İddiaçı ilə onun arasında bağlanılmış yeganə müqavilə olaraq bu müqavilənin tarixi xx.xx.2023-cü il təşkil edir. Həmin müqavilə bağlanılandan 9 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə binada baş vermiş dəhşətli partlayışdan dərhal sonra o da daxil olaraq, bina sakinləri oradan təxliyə edilmişlər. xx.xx.2023-cü il tarixli müqaviləni iddiaçının nümayəndələri tələm-tələsik bütün bina sakinləri kimi onunla da bağlamışdılar ki, aparılacaq araşdırmalarda müqavilələrin mövcudluğuna dair ortaya sənəd qoya bilsinlər. Birinci instansiya məhkəməsinin qətnaməsindən belə bəlli olur ki, guya həmin borc onun istehlak etdiyi qazın dəyərini ödəmədiyi səbəbindən formalaşıb. Ərizəsinə əlavə etdiyi Energetika Nazirliyi Enerji X1 Lənkəran Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, tələb edilən məbləğ qaz sayğacının növbədənkənar dövlət yoxlamasından sonra qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin sınması nəticəsində yazılmış itirilmiş qaza görə hesablanmış borcdur. Həmin məktubdan görünür ki, sayğac çıxarıldığı zaman onun borcu 42 manat 60 qəpik olmuşdur. Qaydaların 4.7-ci bəndinə əsasən qaz paylayıcı qaz sayğacını kənar müdaxilələrdən qorumaq üçün sayğacı müvafiq örtüklə örtməlidir və Qaydaların 4.8-ci bəndinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılması qaz paylayıcının vəzifəsidir. Bu normaların tələbinə görə qaz sayğacına görə məsuliyyət iddiaçının üzərinə düşür. Bundan başqa burada daha öhəmli bir məqam vardır ki, bu da həmin qaz sayğacının binadakı partlayışdan və sakinlərin köçürülməsindən nə az, nə də çox, düz 8 (səkkiz) ay sonra növbədənkənar dövlət yoxlamasına göndərilməsidir. O, səkkiz ay yaşamadığı binada yerləşən qaz sayğacına görə hansı məsuliyyət daşımalıdır? Sual yaranır ki, iddiaçı partlayış günü əhalinin köçürlüməsindən dərhal sonra qaz sayğaclarını niyə çıxarıb dövlət yoxlamasına göndərməyib? Axı həmin dəhşətli partlayışdan dərhal sonra binaya qaz verilişinin dayandırıldığını, FHN-in həmin binada baş vermiş dağıntıdan sonra təhlükəsizlik səbəbindən binada yaşayışın qadağan etdiyini və bina sakinlərinin köçürüldüyünü iddiaçı gözəl bilirdi. Belə olan təqdirdə qaz sayğaclarını boş və yarı uçuq binada saxlamaqda məqsəd nə idi? O, gecələr yarı uçuq və dağılmış binaya gəlib orada qaz sayğacının qaravulunu çəkməli idimi? Yuxarıda qeyd edilən səbəblərdən o, birinci instansiya məhkəməsi barədə məlumatsız olmuş və bu səbəbdən də hüquqlarının müdafiəsi ilə bağlı müvafiq sübutları birinci instansiya məhkəməsində təqdim edə bilməmişdir. Hazırda o Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstehsalat Sahəsinin verdiyi xx.xx.2025-ci il tarixli arayışını və Energetika Nazirliyi Enerji X1 Lənkəran Filialının xx.xx.2024-cü il tarixli məktubunu şikayətinə əlavə edir. Həmin sənədlərdən görünür ki, ona məxsus mənzilin yerləşdiyi binada xx.xx.2023-cü il tarixdə qaz sızması nəticəsində partlayış baş vermiş və sakinlər dərhal həmin binadan köçürülmüşlər. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-1504/2024 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-1504/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. İddiaçınə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomlar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2-ci bəndinə əsasən Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri: İddiaçı apellyasiya şikayəti verərək Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-1504/2024 nömrəli qətnaməsini ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(022)-1504/2024 nömrəli qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri həcmində yoxlanılmasını məqsədəuyğun hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixə kimi istehlak etdiyi 820 (səkkiz yüz iyirmi) manat 20 (iyirmi) qəpik debitor borcun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabehin debitor borcu 820.20 deyil, 42.60 manatdır. 777.60 manat isə xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən hesablanmışdır. Bu hal Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X4 filialının 06 dekabr 2024-cü il tarixli məktubu ilə öz təsdiqini tapmışdır. Cavabdeh özü də apellyasiya şikayətində 42.60 manat borcunun olmasını təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı ərizəsində əsaslandırmasa da işin hallarından görünür ki, iddiaçının tələb etdiyi borcun bir hissəsi qazdan istifadəyə görə yaranmış debitor borcu, digər hissəsi akt üzrə itirilmiş sərfiyyata görə hesablanmış borc məbləğidir. Məhkəmədə işin faktiki halları və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Cavabdeh abonent saldosuna İddiaçı işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarını pozduğu üçün xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 777.60 manat cərimə əlavə edilmişdir. Lakin Cavabdeh evində qazpaylayıcı tərəfindən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilməsi, həmin ünvanda qazın talanması və ya qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin (abonentin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Belə ki, qanunvericiliyə görə (Cinayət Məcəlləsinin 189-1ci maddəsi, İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi) təbii qazın talanması dəyərindən asılı olaraq cinayət və ya inzibati məsuliyyətə səbəb olur. Təbii qazın talanmasına görə şəxsdən pul tələb edilməsi üçün ilk növbədə talama hadisəsi cinayət təqibi və ya inzibati xətalara dair icraat qaydasında araşdırılmalı, təqsirlilik məsələsi həll olunandan sonra şəxsdən vurulmuş ziyan mülki icraat qaydasında, yaxud da cinayət işinə baxılması ilə əlaqədar mülki iddia verməklə tələb oluna bilər. Bunun üçün İddiaçı təbii qazın talanması ilə əlaqədar Cavabdeh cinayət və ya inzibati məsuliyyətə cəlb olunması üçün ilkin olaraq aidiyyəti orqanlara müraciət etməli, Cavabdeh təqsiri sübuta yetirilərdisə, bundan sonra ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməli idi. Qeyd olunan hallar müəyyən edilmir. Bundan başqa, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X4 filialınn 06 dekabr 2024-cü il tarixli məktubunda da göstərilir ki, Lənkəran RQİİ tərəfindən xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən 777.60 manat məbləğində itirilmiş qazın hesabatı aparılaraq qanunsuz olaraq abonentin hesabına daxil edilmişdir. Bundan başqa, işdə olan Biləsuvar RİH Biləsuvar rayon Mənzil təsərrüfatı təmir istismar şahəsinin xx.xx.20235-ci il tarixli arayışından görünür ki, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən, 1986-cı ildə inşa edilmiş, beşmərtəbəli, 6 saylı ev xx.xx.2023-cü il tarixdə qaz sızması nəticəsində partlayışa məruz qalmış, dərhal əhalinin köçürülməsi həyata keçirilmiş və bütün kommunikasiya sistemi, binaya qaz, su, işıq verilməsi dayandırılmışdır. Cavabdeh mülkiyyətində olan 37 saylı mənzildən köçürülmə həyata keçirilmiş və həmin mənzilə qaz, su, işıq verilməsi dayandırılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-1504/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş 777.60 manat hissəsində ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 42.60 manat debitor borc alınaraq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməli, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-1504/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş 777.60 manat hissəsində ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 42.60 manat debitor borc alınaraq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar