Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-958/2025 02.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: Lizinq müqaviləsi üzrə borcun ödənilməsi. Şirvan şəhəri, 02 oktyabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X10, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh2, onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, e-2(050)-397/2025 saylı qətnaməsindən (hakim Elşən Hüseynov) Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə 4370,65 (dörd min üç yüz yetmiş manat altmış beş qəpik) manat məbləğində qalıq borcun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 63,71 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti 20 fevral 2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə təqdim edərək tələblərinin 4100,17 manat olaraq təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyəti (bundan sonra mətndə "MONETRİ BOKT "MMС adlandırılacaq) ilə Cavabdeh2 arasında 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 1 (bir) ədəd 2010-cu il buraxılışı olan “Hyundai Sonata” minik markalı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 22 (iyirmi iki) faiz dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə lizinqə verilmişdir. Müqavilə üzrə lizinq məbləği 13500 (on üç mın beş yuz manat) manatdır. 12 dekabr 2022- ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında 12 dekabr 2022-ci il tarixli 4430 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən Cavabdeh1 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Sözügedən müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq, lizinq alan 12 yanvar 2023-cü ildən 12 dekabr 2025-ci ilədək hər ayın 12-si tarixində lizinq verənin bank hesabına 515,57 (beş yüz on beş manat əlli yeddi) manat məbləğdə lizinq haqqı ödəməli idi. Lakin lizinq alan Cavabdeh2 müqavilə üzrə öhdəliyini uzun müddət icra etməyib, lizinq haqqı ödənişini həyata keçirməyib. Belə olan halda qanunvericiliyə uyğun olaraq iddiaçı lizinq predmeti olan nəqliyyat vasitəsini cavabdehin istifadəsindən geri almışdır. Lizinq predmeti olan 2010-cu il buraxılışı olan "Hyundai Sonata" minik markalı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsi geri alınarkən zədəli olmuş və işlək vəziyyətdə olmamışdır. “Tax Audit and Consulting Services" MMC tərəfindən tərtib edilmiş "Avtomobilin qiymətləndirilməsi barədə” Ekspert rəyinə əsasən 2010-cu il buraxılışı olan “Hyundai Sonata" minik markalı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsinin bazar dəyəri 7000 (yeddi min) manat məbləğdə müəyyənləşdirilmişdir. 12 fevral 2024-cü il tarixli 08 nöməli alqı-satqı müqaviləsinə əsasən həmin nəqliyyat vasitəsinin satış qiyməti 7000 (yeddi min) manat məbləğdə razılaşdırılmaqla, İddiaçı BOKT MMC (satıcı) tərəfindən X8 (alıcı) satılmışdır. Beləliklə sözügedən nəqliyyat vasitəsinin satışından əldə edilən 7000 (yeddi min) manat məbləğində pul vəsaiti Cavabdeh2 İddiaçı BOKT MMC-nə olan borcundan çıxılmışdır. İddiaçı BOKT MMC tərəfindən tərtib olunan maliyyə arayışına əsasən Cavabdeh2 İddiaçı BOKT MMC-nə olan qalıq əsas borcu cəmi 4370,65 (dörd min üç yüz yetmiş manat altmış beş qəpik) manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə lizinq öhdəliyinin icra edilməsinə dair müxtəlif vaxtlarda pretenziya məktubları ünvanlanıb (pretenzitya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Cavabdeh2 11 mart 2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, o, 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsi bağlayaraq 2010-cu buraxılış ili olan “Hyundai Sonata” minik markalı nəqliyyat vasitəsini 36 ay müddətinə, 22% dərəcəsi ilə lizinqə götürmüşdür. Həmin müqavilədən əlavə olaraq lizinq müqaviləsi üzrə öhdəliyin icrası kimi İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında 12 dekabr 2022-ci il tarixli 4430 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə aylıq ödəniş məbləği 515,57 manat təşkil edir. O, adıçəkilən avtomobili 2022-ci ilin dekabr ayında götürmüş və 2023-cü ilin təxminən mart-may ayları arasında istifadəsində olmuş, avtomobil onda olduğu müddətdə hər ay aylıq ödənişi tam və gecikdirmədən ödəmişdir. Daha sonra qarşılıqlı razılıq əsasında və lizinq şirkətinə də, məlumat vermək şərti ilə həmin minik avtomobilini Hüseyn adlı şəxsə təhvil vermişdir. Hüseyn də, öz növbəsində həmin lizinq öhdəliyi ilə aylıq ödənişi vaxtında ödəmişdir. “Hyundai Sonata" minik markalı nəqliyyat vasitəsi 2023-cü ilin oktyabr ayına kimi istifadəsində olmuş və həmin ilin oktyabr ayı daxil olmaqla aylıq ödəniş öhdəliyini yerinə yetirmişdir. Daha sonra Hüseynin ona verdiyi məlumata görə həmin minik avtomobilini onun tanımadığı Fərəməz adlı şəxsə onun məlumatı və razılığı olmadan satmışdır. Həmin vaxtdan sonra Hüseynlə Fərəməzin avtomobil üçün aylıq yol vərəqəsini hansı qaydada, hansı şəkildə və hansı şərtlə lizinq şirkətindən almağını bilmir. Çünki Hüseyn ona bu barədə heç bir məlumat verməmişdir. Eyni zamanda “Monetri Bank olmayan Kredit Təşkilatı" MMC tərəfındən onun razılığı və məlumatı olmadan hansı qanuna əsasən Fərəməzə yol vərəqəsi verməsi özü-öz növbəsində qanunsuzdur. Belə ki, avtomobil onun istifadəsində olmadan, o, avtomobildən yararlanmadan digər şəxslərin istifadə etdiyi və iddiaçının iddiasına görə aylıq ödənişlərin ödənilmədiyini təəssüf ki, iddiaçı ondan tələb edir. İddiaçı "Monetri” Bank olrrıayan Kredit Təşkilatı MMC ilk öncə onunla aralarında lizinq müqaviləsini ləğv etməli və ləğv edilən vaxtadək avtomobildən istifadə etdiyi (sahibliyində olan müddət) aylar üzrə ödənişi tələb etməli idi. Ancaq bütün bunları etmədən, onun məlumatı olmadan İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC tanımadığı şəxslərə avtomobili idarə etmək üçün müvafıq sənəd vermiş, əvəzində isə aylıq ödənişin gecikməsi nəticəsində yaranmış qalıq borcu ondan tələb etmişdir. İddiaçı avtomobili 2023-cü ilin dekabr ayında Fərəməz adlı şəxsdən təhvil almış, 2024-cü ilin fevral ayında onunla lizinq şirkəti arasında bağlanmış müqavilənin ləğv edilməsini bildirmişlər. Halbuki, həmin müqavilə avtomobilin Fərəməzdən təhvil alındığı vaxtda, yəni ki, 2023-cü ilin dekabr ayında ləğv edilməli idi. İddiaçı bunları etmədiyi üçün aylıq ödəniş müddəti əsassız olaraq uzanmış və borc məbləği artmışdır. Halbuki, iki aylıq gecikmiş pul rrıəbləği yəni ki, 1031,14 (bir min otuz bir manat on dörd qəpik) manat pul Fərəməz adlı şəxsdən tutulrrıalıdir. İddiaçı tərəfındən təyin edilmiş aylıq qrafik üzə hesablamadan görünür ki, onun iddiaçıya 2 aylıq yəni ki, 1031,14 (bir min otuz bir manat on dörd qəpik) manat qalıq borcu vardır. Bununla da, onun etirazı iddia məbləği olan 4370,65 (dörd min üç yüz yetmiş manat altmış beş qəpik) manat məbləğədir. Çünki o, etiraf edir ki, onun iddiaçıya cəmi 2 aylıq ödəniş kimi 1031,14 (bir min otuz bir manat on dörd qəpik) manat qalıq borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı “Monetri Bank olmayan Kredit Təşkilatı” MMC birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişdir. Lakin “Monetri Bank olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsi X11 09 aprel 2025-ci il tarixdə ərizə ilə “Elektron məhkəmə” sistemi vasitəsi ilə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasına etiraz etmədiklərini bildirmiş, təqdim etdikləri dəqiqləşmə ərizəsi üzrə iddia tələbinin təmin olunaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, lizinq müqaviləsi əsasında İddiaçı BOKT MMC-dən “Hyundai Sonata” minik markalı avtomobili almış və vaxtında ödənişlərini etmişdir. Sonra maşını Hüseyn adlı bir şəxsə satmış və o, ödənişi tam ödəməmişdir. Müqaviləni onun adına dəyişməmişdir. İcazəsi əsasında ona maşını idarə etmək üçün yol vərəqəsi verilmişdir. Sonradan ona məlum olmuşdur ki, İddiaçı BOKT MMC həmin maşını üçüncü şəxsə, səhv etmirsə Fərəməz adlı bir şəxsə yol vərəqəsi əsasında vermişdir, lakin ona bu barədə heç bir məlumat verilməmişdir. Həmin Fərəməz adlı şəxs ödənişlərini vaxtında etməmişdir, həmçinin maşına müəyyən ziyan vurduğu barədə məlumatı var. Sonradan təşkilatın və onun arasında bir razılaşma olmuş, maşını onlara qaytarmış, həmin ödənişləri və ziyanı öz aralarında həll etmişlər. Həmin Fərəməz adlı şəxs bir dəfə ona zəng edərək narahat olmağına əsas olmadığını bildirmiş, o isə həmin şəxsə əgər maşın başqa şəxs idarə edirsə onu rəsmi qaydada həll etməyi və onun müqaviləsinə xitam verməyi təklif etmişdir. O, da söz vermişdir ki, zəng edəcək və məsələ həll olunacaq. Sonra Hüseyn əsgərliyə getmiş və tam əlaqəsi kəsilmişdir. Bir az sonra bir xanım ona zəng edərək maşını aldığını, lakin yol vərəqəsinin Fərəməzin adında olduğunu demiş və sənədlərin rəsmiləşdirməsini istəmişdir. O, razı olsa da, yenə də, heç kimdən heç bir xəbər çıxmamışdır. İddiaçı BOKT MMC-nə yaxınlaşaraq baş verənlərlə bağlı onlara suallar vermiş, problemli kreditlərin şöbəsinin işçisi belə bir vəziyyətdən xəbərləri olmadığını bildmiş və məhkəmədə aydınlaşacağını izah etmişdir. Maşın 2023-cü ilin dekabr ayında təhvil verilmişdir. Cəmi 10 ay ərzində 5207 manat ödəmiş olunmuş, cəmi iki ayın ödənişi olmamışdır, onları qəbul edir. Qalan ödənişlərin problemini Fərəməz adlı şəxs yaratmışdır. Maşın Fərəməz adlı şəxsə verilmişdir, həmin şəxs də, maşını təhvil vermişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh1 məhkəmə baxışında iştirak etmədiyindən onun mövqeyini öyrənmək mümkün olmamışdır. Masallı Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, e-2(050)-397/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 4100,17 (dörd min yüz manat on yeddi qəpik) manat məbləğində pul və ödənilmiş 63,71 (altmış üç manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil apellyasiya şikayəti verərək, Masallı rayon məhkəməsinin e-2(050)-397/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv etməklə, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddiaçını təqdim etdiyi qiymətləndirmə haqqında aktı qəbul etmiş, dəfələrlə məhkəmə iclası zamanı həmin rəy ilə razı olmadığını bildirsə də, həmçinin şifahi vəsatət versə də, məhkəmə tərəfindən yenidən qiymətləndirməyə göndərilməmişdir. Belə ki, 2010-cu il istehsalı olan Hyundai Sonata markalı avtomobili 7000 manat məbləğində dəyərləndirmişdir. Həmin avtomobilin yararlığı normal vəziyyətdə olduğunu nəzərə almadan məlum rəy verilmişdir. Həm də rəy verən təşkilatın maraqlı olub olmaması da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə tərəfindən yuxarıda qeyd olunan nuanslara fikir yetirmədiyi üçün ondan əlavə 4100 manat məbləğində pulun tutulması qət edilmişdir. Lakin ümumi borcdan avtomobilin dəyəri çıxandan sonra onun iddiaçıya borcu yox, əksinə iddiaçının ona borcu mövcud olacaqdır. Belə ki, avtomobil üzrə ödənişləri mütamadi həyata keçirmiş və maşın saz vəziyyətdə olmuşdur. Digər halda isə ümumi onun verdikləri və iddiaçıya olan borcunun hesablanması xüsusi biliyə malik olan mühasibatlıq ekspertizası tərəfindən hesablanmalı idi. Bu məsələni də məhkəmə diqqətdən keçirməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermiş və onun təmin edilməsini xahiş etmişlər. Əlavə olaraq göstərmişdir ki, mübahisəli avtomobil 7000 manat məbləğində dəyərləndirilmiş, avtomobilin dəyəri olan 7000 manat ona olan borcdan çıxılmışdır. Əslində isə avtomobilin dəyəri daha çox edə bilərdi ki, həmin məbləğ də onun ümumi borcundan çıxıldığı halda cavabdehin iddiaçıya hər hansı borcu qalmazdı. Buna görə də hesab edirlər onların iddiaçıya hər hansı borcu yoxdur. Cavabdeh2 əlavə olaraq göstərmişdir ki, avtomobil ona xx.xx.2022-ci ildə təhvil verilib, lizinq müqaviləsi üzrə 10 ay ödəniş etmiş, ödənilməmiş 2 aylıq ödənişləri qalmışdır. Həmin ödənişləri isə Hüseyn ödəməli idi. Belə ki, mübahisəli avtomobili Hüseynlə qarşılıqlı razılıqla Hüseynə məxsus Niva ilə barter etmiş və avtomobili Hüseynə yol vərəqəsi əsasında vermişdir. Həmçinin göstərmişdir mübahisəli avtomobil ondan 2023-cü ilin may ayınadək onda olmuş və həmin avtomobil 2023-cü ilin dekabr ayında iddiaçı tərəfindən götürülmüşdür. Kollegiyanın iclasında iştirak edən İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X9 apellyasiya şikayətini əsassız hesab etmiş və bildirmişdir ki, cavabdehlər tərəfindən lizinq ödənişləri vaxtında edilməmiş, buna görə də avtomobil nasaz vəziyyətdə Cavabdeh2 götürülərək qiymətləndirmiş, qiymətləndirici mübahisəli avtomobili 7000 manat məbləğində qiymətləndirmişdir. Cavbdehlərdən tələb edilən məbləğ bütün lizinq müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən ödənişlər və avtomobilin dəyəri olan 7000 manat çıxıldıqdan sonra yerdə qalan məbləğdir. Qeyd etmişdir ki, cavabdeh tərəfindən 5207 manat lizinq ödənişi edilmişdir. Həmçinin göstərmişdir ki, avtomobilin cavabdehdən nə vaxt götürülməsi ilə bağlı onda hər hansı məlumat yoxdur. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv etməklə, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti cavabdehə münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinin tələbinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Məcəllənin 431.3-cü maddəsinə görə əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istintad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, e-2(050)-397/2025 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" BOKT MMC (hazırda "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC) ilə Cavabdeh2 arasında bağlanmış 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC Cavabdeh2 tərəfindən seçilmiş 1 (bir) ədəd 2010-cu il buraxılışı olan “Hyundai Sonata” minik markalı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsini 18000 manat məbləğinə mülkiyyətinə əldə etməyi, müəyyən haqq müqabilində lizinq alanını müvəqqəti sahiblik və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Maliyyə lizinqi müqaviləsinin 8.2-ci bəndinə əsasən lizinq alan lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 18560 manat, illik 22 % hesablanmaqla, 36 ay müddətinə təşkil edir. Müqavilənin 8.3-cü bəndinə əsasən lizinq alan 30% - 4770 manat ilkin ödənişi müqavilə imzalandığı gündən "xxxx" BOKT MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 12.1.3-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verən müqavilədən birtərəfli qaydada imtina edə, lizinq obyektini geri ala və satışını həyata keçirə bilər. İşdə olan "xxxx" BOKT MMC (hazırda "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC) ilə Cavabdeh1 arasında bağlanmış 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə BOKT ilə borclan arasında bağlanmış 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə BOKT qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2010-cu il buraxılışlı, “Hyundai Sonata" minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, KMHEB41BBBA211072 ban nömrəli, ağ mirvari rəngli avtomobilin sahibi "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dir. İşdə olan 12 dekabr 2022-ci il tarixli, ML/4430 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC 1 (bir) ədəd 2010-cu il buraxılışı olan “Hyundai Sonata" minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsini alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir. İşdə olan 12 dekabr 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" BOKT MMC-yə məxsus “Hyundai Sonata" minik markalı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsi alıcı Cavabdeh2 təhvil verilmişdir. İşdə olan Ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 hər ayın 12-dən gec olmayaraq 36 ay müddətinə hər ay 515,57 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan 23 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 tərəfindən "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC-nə 12 dekabr 2022- ci il tarixli Maliyyə lizinqi müqaviləsinə əsasən ümumi 5207 manat ödənilmişdir, qalıq borcun məbləği 4370,65 manat təşkil edir. Son ödəniş tarixi 23 oktyabr 2023-cü ildir. İşdə olan "xxxx" BOKT MMC (hazırda "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC) tərəfindən Cavabdeh2 ünvanlanmış 01 fevral 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 "xxxx" BOKT MMC ilə arasında bağlanmış 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsinin birtərəfli qaydada vaxtından əvvəl ləğv edilməsi, lizinq obyektini bazar qiymətinə uyğun satın ala biləcəyi və ya lizinq alıcısını göstərə biləcəyi, lizinq obyektini almadığı və ya lizinq alıcısını göstərmədiyi təqdirdə nəqliyyat vasitəsinin lizinq verən tərəfindən mövcud qiymətə satışa çıxarılacağı, nəqliyyat vasitəsinin satışından əldə edilən vəsaitin onun "xxxx" BOKT MMC-nə olan 11285,80 manat borcundan çıxılacağı, həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait lizinq alanın lizinq verənə olan borcunu ödəmədiyi təqdirdə qalıq borcun ondan tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Courier Service rəhbərliyin ünvanlanmış 18 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, "MONETRİ” BOKT MMC tərəfindən Cavabdeh2 ünvanlanmış 867161 nömrəli, 02 fevral 2024-cü il tarixli qaimənin çatdırılması barədə dublikatın verilməsi xahiş olunmuşdur. İşdə olan 867161 nömrəli qaimənin surətindən görünür ki, PSG Finans BOKT MMC tərəfindən Cavabdeh2 ünvanlanmış bildiriş 02 fevral 2024-cü il tarixdə qəbul edilmişdir. İşdə olan "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh2 ünvanlanmış 21 oktyabr 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 “Hyundai Sonata” minik markalı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsinin 12 fevral 2024-cü il tarixli, 08 nömrəli alqı-satqı müqaviləsinə əsasən 7000 manat məbləğində pula X2, həmin vəsaitin onun "MONETRİ” BOKT MMC-nə olan borcundan çıxıldığı, lakin vəsaitin borcu tam ödəmədiyi və qalıq borcunun 4370,65 manat olması və borcu 3 gün müddətində ödəməyəcəyi təqdirdə qalıq borcun, eləcə də, bu işlə bağlı çəkilmiş xərclərin ondan tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan “Tax Audit and Consulting Services" MMC tərəfindən tərtib edilmiş "Avtomobilin qiymətləndirilməsi barədə” 31 yanvar 2024-cü il tarixli Ekspert rəyindən görünür ki, 2010- cu il buraxılışı olan “Hyundai Sonata" minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsinin bazar dəyəri 7000 (yeddi min) manat məbləğdə qiymətləndirilmişdir. İşdə olan 12 fevral 2024-cü il tarixli, 08 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, PSG Finans BOKT MMC 1 (bir) ədəd 2010-cu il buraxılışı olan “Hyundai Sonata" minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsini alıcı X6 mülkiyyətinə vermişdir. Avtomobilin satış qiyməti 7000 manat məbləğində müəyyən edilmişdir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli çıxarışdam görünür ki, qurumun əvvəlki adı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC, hazırki adı "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC-dir, 19 avqust 2013-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan 11 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 63,71 manat dövlət rüsumu ödəmişdir. Göründüyü kimi iddia tam təmin olunmuş, qətnamədən Cavabdeh2 narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili avtomobilə ziyan dəymədiyi təqdirdə iddiaçı tərəfindən mübahisəli avtomobilin 7000 manat məbləğində qiymətləndirilməsi və həmin məbləğin cavabdehin borclu qaldığı məbləğdən çıxılmasıdır. Cavabdeh qeyd edir ki, avtomobilə ziyan vurmamış, o saz vəziyyətdə olmuşdur. Əgər avomobil obyektiv olaraq qiymətləndirilsə idi onun dəyərinin daha çox olması üzə çıxardı və həmin məbləğ onun qalmış borcundan çıxıldığı təqdirdə onun iddiaçıya hər hansı borcu qalmazdı. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları bildirir. İddia tələbindən görünür ki, iddiaçı cavabdehdən aralarında bağlanmış 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə 4100,17 manat məbləğində qalıq borcunu tələb etmişdir. Yəni, iddiaçı tələbində cavabdehdən avtomobilə yetirilmiş ziyanla bağlı hər hansı vəsait tələb etməmişdir. Lakin birinci instansiya məhkəməsi gəlmiş olduğu nəticəni belə əsaslandırmışdır ki, “iş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 lizinq borcu 13500 manat müəyyən olunmuş, 12 fevral 2024-cü il tarixədək 13 ay müddətində 3895,24 manat əsas və 2807,17 manat faiz olmaqla cəmi 6702,41 manat borcu ödəməli idi. Maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, 23 oktyabr 2023-cü il tarixədək 5207 manat ödəniş olunmuşdur. 12 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “Hyundai Sonata” markalı, **-AX-*** dövlət nömrə nişanlı avtomobil 7000 manat məbləğində pula X1. Cavabdeh2 lizinq müqaviləsi üzrə 13500 manat pul və 12 fevral 2024-cü il tarixədək, 13 ay müddətində 2807,17 manat faiz borcu ödəməli idi. Həmin məbləğdən 7000 manat avtomobilin dəyəri və 5207 manat ödəniş çıxıldıqdan sonra 4100,17 manat borc qalmışdır.” Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən etmiş olduğu əsaslandırma və gəlmiş olduğu nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, müəyyən edilmişdir ki, lizinq predmeti olan avtomobil xx.xx.2022-ci il tarixdə rəsmi olaraq Cavabdeh2 təhvil verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixindən etibarən 36 aya müddətində xx.xx.2025ci il tarixinədək hər ay iddiaçıya 515.57 manat lizinq ödənişi etməli idi. İşdən müəyyə edilir ki, cavabdeh müqavilə üzrə lizinq ödənişlərini vaxtında ödəməməklə öz öhdəliyini yerinə yetirməmişdir. Həm iddiaçı həm də cavabdeh avtomobilin iddiaçıya hansı tarixdə təhvil verilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Lakin işdə olan işdə olan “Tax Audit and Consulting Services" MMC tərəfindən tərtib edilmiş "Avtomobilin qiymətləndirilməsi barədə” 31 yanvar 2024-cü il tarixli Ekspert rəyindən görünür ki, mübahisəli nəqliyyat vasitəsi 7000 (yeddi min) manat məbləğdə qiymətləndirilmişdir. Bu isə onu deməyə əsas verir ki, avtomobil xx.xx.2024-cü il tarixdən artıq cavabdehin istifadəsində olmamış, iddiaçının sahibliyində olmuşdur. Belə olduqda iş materiallarında olan lizinq ödənişi cədvəlinə əsasən demək olar ki, avtomobil xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək olan 14 ay ərzində cavabdehin istifadəsində olmuşdur. Deməli cavabdeh 14 ay ərzində ödəniş cədvəlinə əsasən iddiaçıya (14x515.57=7217.98) 7217.98 manat lizinq ödənişi etməli idi. İddiaçı bildirmişdir ki, indiyədək cavabdehin etdiyi lizinq ödənişlərinin ümumi məbləği 5207 manat təşkil etmişdir. Bu məbləğ iddiaçı tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışında da öz əksini tapmışdır. Belə olan halda cavabdehin avtomobilin onun istifadəsində olan 14 ay ərzində ödəməli olduğu 7217.98 manatdan etmiş olduğu 5207 manat ödənişi çıxdıqda (72xx.xx- 5207=2010.98) 2010.98 manat qalır ki, bu da cavabdehin iddiaçıya etməmiş olduğu lizinq ödənişlərini təşkil edir. Buna görə də kollegiya hesab edir ki, cəmi 2010.98 manat pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsinin əsaslandırması və gəlmiş olduğu nəticə işin hallarına uyğun deyil, məhkəmə avtomobilin dəyəri olan 7000 manatı güya cavabdehlərə aid borc məbləğindən çıxmaqda yanlış mövqe nümayiş etdirmişdir. Həmçinin birinci instansiya məhkəməsi iddianı tam təmin etmişdir ki, belə olan halda da birinci instansiya məhkəməsinin ləğv edilməsi kollegiya üçün qaçılmaz olmuşdur. Göründüyü kimi, cavabdehlər lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər, bununla da, müqavilənin şərtlərini pozmuşlar. Hazırda da, iddiaçı həmin daxili lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, e-2(050)-397/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 2010.98 (iki min on manat doxsan səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 63,71 (altmış üç manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, həmçinin şikayət təmin edildiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 32 manat dövlət rüsumu iddiaçıdan alınıb Cavabdeh2 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda mübahisələndirilən qətnamədə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, e-2(050)-397/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 2010.98 (iki min on manat doxsan səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 63,71 (altmış üç manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 32 manat dövlət rüsumu iddiaçıdan alınıb Cavabdeh2 ödənilsin. Qətnamədən qəbul olunduğu gündən qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-958/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-958/2025
02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver