Məhkəmə qərarları › İş №2(106)-960/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-960/2024

15.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-960/2024 15.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs F qarşı əmək fəaliyyəti barədə arayışların şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi X15 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, KR və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs F qarşı əmək fəaliyyəti barədə arxiv sənədlərinin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-85/2024 saylı 18 mart 2024-ci il tarixli qətnaməsindən (hakim Səidə Məmmədova) maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1976-1980-cı illərdə Bakı kolxozunda əmək fəaliyyətini təsdiq edən arxiv sənədlərində Bağırov Pənah kimi qeyd edilmiş şəxsin o, olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda 57 yaşdan güzəştli pensiyanın yenidən hesablanması işi üzrə Şirvan Apellyasiya Məhkəməsində cavabdeh tərəfindən verilmiş şikayətə baxılır. Proses zamanı dəqiqləşdirilməsi tələb olunan bir hüquqi fakt ortaya çıxmışdır ki, həmin məhkəmənin tövsiyyəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etməli olmuşdur. Belə ki, o, 1976-1980-cı illərdə, hələ orta məktəbdə oxuyarkən mövsümi fəhlə qismində Bakı kolxozunda çalışmışdır. Bu barədə Azərbaycan Respublikası Dövlət Arxivinin iki filialının-Sabirabad rayon filialının və Şirvan Filialının müvafiq arxiv arayışları apellyasiya icraatında olan ərizəçi olduğu işin materiallarına əlavə edilmişdir. Lakin dəqiqləşdirilməsi tələb olunan fakt odur ki, onun 1976-1980-cı illərdə mövsümi fəhlə işlədiyi həmin dövrə aid sənədlərdə onun adı və soyadı "Ərizəçi” deyil, "Bağırov Pənah” kimi qeyd edilmişdir. İşlədiyi 1976-1980-cı illərdə onunla eyni zamanda həmin kolxozda işləmiş şəxslər onun həqiqətən də orda işlədiyini təsdiq edə bilərlər. Həmçinin, həmin illərdə yaşadığı kənddə onunla həmyaşıd olmaqla, məktəbli kimi və adı-soyadı Bağırov Pənah olan ikinci bir şəxs olmayıb. Vaxtilə onun əmək fəaliyyəti barədə kolxozun sənədlərində qeydlər aparılarkən, kənd sakinlərinin onu sadəcə "Pənah” kimi çağırması, həmin yaşlarda məktəblilərin pasportunun olmaması həmin qeydləri aparan məsul işçinin çağırıldığı adla adını kolxozun sənədlərinə daxil etməsi ilə nəticələnib. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Ərizəçi lazımi sənədlərin alına bilinməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, ərizənin rədd edilməsini xahiş etmişlər. Şirvan Şəhər Məhkəməsinin 2(032)-85/2024 saylı 18 mart 2024-ci il tarixli qətnaməsi ilə ərizə təmin olnaraq, Ərizəçi 1976-1980-cı illərdə Bakı kolxozunda əmək fəaliyyətini təsdiq edən arxiv sənədlərində "Bağırov Pənah” kimi qeyd edilmiş şəxsin Ərizəçi olması faktının müəyyən edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və ərizənin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və qanunvericiliyin tələblərinə zidd qərar qəbul etmişdir. Belə ki, hazırkı işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Əliyev X1 rayon Bakı Kolxozunda konkret olaraq hansı illərdə ərizəçi ilə birlikdə kolxozda işləməsinə dair məlumat verə bilməmişdir. Həmçinin digər şahid qismində dindirilmiş Şahid1 Mirsahib qızı da ifadəsində bildirmişdir ki, 1962-ci ildən Sabirabad rayon Bakı kolxozunda işləmiş, Ərizəçi orada işləyən zaman tanımışdır. Şahid1 Sabirabad rayon Bakı kolxozunda işləməsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməməklə yanaşı, ərizəçinin konkret olaraq hansı illərdə onunla birgə kolxozda işləməsinə dair məlumat verə bilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəməyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsu olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Qeyd edilən qərarla məhkəmə təcrübəsinin vahidliyi pozulmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Ərizəçi apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, məhkəməyə ərizə verməkdə əsas məqsədi təqdim etdiyi arxiv sənədlərinin ona yəni, Ərizəçi məxsus olmasını müəyyən etdirmək olmuşdur. Lakin ərizəsi yanlış olaraq arxiv sənədlərində X5 qeyd edilmiş şəxsin - Ərizəçi olması faktının təsdiq edilməsi kimi yazılmışdır. Onun hüquqi savadı yoxdur. Əsas niyyəti təqdim etdiyi 1976-1977-ci illəri əks etdirən 21 noyabr 2022-ci il tarixli, 637 nömrəli və 1978-1979-cu illəri əks etdirən 10 oktyabr 2022-ci il tarixli, 141 nömrəli arxiv sənədlərinin ona yəni, Ərizəçi məxsus olmasını müəyyən etdirmək olmuşdur. Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirməsinə dair ərizə təqdim etmişdir. Ərizədə işə 1976-1979-cu illərdə Sabirabad rayon Bakı kolxozundakı 1976-1977-ci illərdə olan əmək fəaliyyətini təsdiq edən 21 noyabr 2022-ci il tarixli, 637 nömrəli və 1978- 1979-cu illərdə Sabirabad rayon Bakı kolxozundakı əmək fəalliyyətini təsdiq edən 10 oktyabr 2022-ci il tarixli, 141 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, ərizənin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin maraqlı şəxsə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İnsan Hüquqlarının və X6 X3 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələbləırinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 13.1-ci bəndində qeyd edilir, nəzərə alınmalıdır ki, "Əmək pensiayaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2.1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı ilin 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi" Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı ilin yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək fəaliyyəti barədə sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Qaydaların 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizə yeni əsaslarla təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının 21 noyabr 2022-ci il tarixli arayışında göstərilmişdir ki, ARDA Şirvan filialında mühafizə olunan Sabirabad rayon Şıxsalahlı kənd "Bakı” kolxozunun 1976-1977-ci illərə aid kolxozçuların əmək günlərinin uçot kitabında Bağırov Pənah şəxsi hesab 103/92 vərəqində olan əmək fəaliyyəti belədir: 1976-cı ildə illik qazancı 108.19, 1977-ci ildə isə 171.20 manat. Sabirabad rayon Dövlət Arxivinin 03 may 2023-cü il tarixli məktubu ilə Ərizəçi Sabirabad rayon Şıxsalahlı kənd "Bakı” kalxozunda 1978-1979-cu illərdə kolxozçu işlədiyi müəyyən olunmuşdur. Sabirabad rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 1961-ci illər üzrə Sabirabad rayonunun Şıxsalahlı kəndində "Bağırov” soyadı ilə doğulmuş şəxslər barədə məlumatların verilməsi "Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə zidd olması nəzərinə çatdırılaraq, həmin sübutların iş üçün əhəmiyyət kəsb edən hansı halların müəyyən edilməsini, sübutların əlamətlərini və olduğu yeri göstərməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilir. Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının 11 dekabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Sabirabad rayon Şıxsalahlı kənd "Bakı” kolxozunun digər sənədləri filiala təhvil verilməyib. Aşkar olunan sənədlərdə vətəndaşın adı Mirpənah deyil, Pənah olaraq qeyd olunub. Həmin kolxozun 1978-1981-ci illərə aid sənədləri filiala təhvil verilməyib. Azərbaycan Respublikası Sabirabad rayon İcra Hakimiyyəti Şıxsalahlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 06 fevral 2024-cü il tarixli arayışında göstərilmişdir ki, Sabirabad RİHB-nın Şıxsalahlı KİƏDÜ nümayəndəliyin Şıxsalahlı kəndində 1961-ci il tarixində Bağırov Pənah adında şəxsin doğumu qeydiyyata alınmamışdır və X8 təsərrüfatında Ərizəçi Məmməd oğlunun xx xxx 1961-ci il tarixində doğulduğu qeydə alınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Sabirabad rayon Təhsil Şöbəsi Şıxsalahlı kənd tam orta məktəbinin 06 fevral 2024-cü il tarixli arayışında göstərilmişdir ki, Şıxsalahlı kənd tam orta məktəbində 1968/1978-ci tədris illərində Bağırov Pənah adında şagird təhsil almamışdır, həmin illərdə xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi Məmməd oğlu adlı şagird təhsil almışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Məmməd oğlu xx.xx.1961-ci il tarixdə anadan olmuşdur, ana qrafasında X11, ata qrafasında X12 qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, Sabirabad rayon Bakı kalxozunda 10 il müddətində işləmiş, 3 il müddətində sədr müavini vəzifəsində işləmiş, Ərizəçi da Bakı kalxozunda işləmişdir. Məhkəmə iclasında Şahid1 Mirvahib qızı da ifadəsində bildirmişdir ki, 1962-ci ildən Sabirabad rayon Bakı kalxozunda işləmiş, Ərizəçi orada işləyən zaman tanımışdır. Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin etmişdir. Maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsini tam olaraq mübahisələndirmişdir. Şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, hazırkı işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Şahid ifadələri tam deyil, eyni zamanda hazırkı hüquqi əhəmiyyəti olan fakt müəyyən edilə bilməz. Apellyasiya baxışında ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirməsinə dair ərizə təqdim etmişdir. Ərizədə işə 1976-1979-cu illərdə Sabirabad rayon Bakı kolxozundakı 1976-1977-ci illərdə olan əmək fəaliyyətini təsdiq edən 21 noyabr 2022-ci il tarixli, 637 nömrəli və 1978-1979-cu illərdə Sabirabad rayon Bakı kolxozundakı əmək fəalliyyətini təsdiq edən 10 oktyabr 2022-ci il tarixli, 141 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası ərizənin dəqiqləşdirilməsini mümkün hesab etmişdir. Kollegiyanın iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilən X9 göstərmişdir ki, 1969-cu ildən 1994-cü ilədək o zaman mövcud olmuş Sabirabad rayon Bakı kalxozunda sürücü işləmişdir. Mirpənahı tanımış və onun 1976, 1977 və 1978-ci illərdə həmin kolxozda işləməsini görmüşdür. Belə ki, ərizəçinin atası kolxozda suçu işləmiş, Mirpənah da ona köməklik etmişdir. Seyid olduqlarından hamı onu Mirpənah çağırırmışlar. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Birincisi. Kollegiyanın ilk baxışında iştirak edən maraqlı şəxsin nümayəndəsi Rəşidova (Həmidova) Fatimə Rövşən qızı apellyasiya şikayətinin “hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcudluğunun olmaması” dəlilinə münasibət bildirərək göstərmişdir ki, hazırkı vaxtda arxiv sənədlərini hazırlayan “Kolxoz” mövcud olmadığından ərizəçinin adında olan səhvlərin düzəldilməsi ilə bağlı müraciət edəcəyi orqan olmadığından onun belə bir imtinanın ala bilməməsi başadüşüləndir. Lakin şahid ifadələrinin natamam olması aşikardır. İkincisi. Kollegiya hazırda arxiv sənədlərinin ərziəçiyə məxsus olması faktının müəyyən edilməsinə baxır. Belə olan halda həmin sənədlərin ərizəçiyə məxsus olmasının müəyyən edilməsinə şahid ifadələri bir növ köməkçi funksiya daşıyır. Belə ki, iş materialları müəyyən edilir ki, 1976-1979-cu illərdə Sabirabad rayon Bakı kolxozundakı 1976-1977-ci illərdə olan əmək fəaliyyətini təsdiq edən 21 noyabr 2022-ci il tarixli, 637 nömrəli və 1978- 1979-cu illərdə 10 oktyabr 2022-ci il tarixli, 141 nömrəli arxiv arayışlarının Ərizəçi aid olması ilə bağlı yetərli sübutlar mövcuddur. Üçüncüsü, kollegiya qeyd edir ki, müəyyən edilir ki, ərizəçi ərizəsində qeyd etmişdir ki, hazırda 57 yaşdan güzəştli pensiyanın yenidən hesablanması işi üzrə Şirvan Apellyasiya Məhkəməsində cavabdeh tərəfindən verilmiş şikayətə baxılır. Proses zamanı dəqiqləşdirilməsi tələb olunan bir hüquqi fakt ortaya çıxmışdır ki, həmin məhkəmənin tövsiyyəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etməli olmuşdur. İş materiallarından ərizəçinin hansı vaxtda iddia ərizəsi ilə İnzibati Məhkəməyə müraciət etməsi müəyyən olunmasada işdə olan 2-1(120)-280/2023 saylı qətnamədən görünür ki, həmin qətnamə xx.xx.2023-cü il tarixdə çıxarılmışdır. Deməli, qeyd edilən tarixdən götürüldükdə ərizəçinin digər işi ən azından 1 il 6 aydır ki, məhkəmələrin icraatında olmuşdur. Buna görə kollegiya prosessual qənaət prinsipini əsas tutaraq ərizəçinin hazırkı iş üzrə dəqiqləşmə barədə ərizəsini məhkəmənin icraatına qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası, hesab edir ki, ərizə dəqiqləşdirildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, dəqiqləşdirilmiş yeni ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəməyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsu olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Məhkəmə Kollegiyası maraqlı şəxsin şikayətinin dəlillərini tam əsaslı hesab etmir. Buna görə də Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 2(032)-85/2024 saylı 18 mart 2024-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, Sabirabad rayon Bakı kolxozundakı 1976-1977-ci illərdə olan əmək fəaliyyətini təsdiq edən 21 noyabr 2022-ci il tarixli, 637 nömrəli və 1978-1979cu illərdə Sabirabad rayon Bakı kolxozundakı əmək fəalliyyətini təsdiq edən 10 oktyabr 2022-ci il tarixli, 141 nömrəli arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Maraqlı şəxs AFapellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-85/2024 saylı, 18 mart 2024-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Sabirabad rayon Bakı kolxozundakı 1976-1977-ci illərdə olan əmək fəaliyyətini təsdiq edən 21 noyabr 2022-ci il tarixli, 637 nömrəli və 1978-1979-cu illərdə Sabirabad rayon Bakı kolxozundakı əmək fəalliyyətini təsdiq edən 10 oktyabr 2022-ci il tarixli, 141 nömrəli arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar