Məhkəmə qərarları › İş №2(106)-97/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-97/2025

14.01.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-97/2025 14.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, Masallı Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, daşların cavabdeh tərəfindən götürülməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0,4797 ha torpaq sahəsi İddiaçı, X3 və X4 ümumi birgə mülkiyyətindədir. Onların adına xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. xx.xx.2012-ci il tarixli X1 görünür ki, Mahmudavar kənd sakini Cavabdeh uzun müddət ərazidə yaşamadığından ailə üzvləri ilə birlikdə torpaq islahatları aparılan zaman onlara ayrılan pay torpaqlarını ala bilməmişdir. 07 sentyabr 2012-ci il tarixdə ərazi nümayəndəliyinə və bələdiyyəyə bu məsələ ilə bağlı müraciət etdikdən sonra araşdırmalar aparılmış, ona, qardaşına və mərhum anasına məxsus 0.50 ha pay torpağı Dövlət aktına uyğun “Poliqon” adlanan əraziyə gedən yolun sağ tərəfində ölçülərək təhvil verilmişdir. Cavabdeh və onun ailə üzvləri- X6 və X2 mülkiyyətində 0,34 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2019-cu ildə qeydə alınmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kənd təsərrüfatlı təyinatlı 0,4797 ha torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinə tökülmüş daşların cavabdeh tərəfindən yığışdırılaraq aparılması, zəbt olunmuş həmin torpaq sahəsindən cavabdehin çıxarılması və torpağın ilkin vəziyyətə gətirilərək ona təhvil verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Mahmudavar kənd sakini Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş, torpaq sahəsində qanunsuz olaraq tövlə və digər tikililər inşa etmişdir. Cavabdehin torpaq sahəsinə heç bir sənədi yoxdur. Qonşuları onlara verilmiş torpaq sahəsində əkin əkir, mal-qara saxlayırlar. O, isə 20 ilə yaxındır ki, ona verilmiş torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehin qanunsuz əməllərinə son qoymasını gözləyir. Bu barədə cavabdehə bildirsə də, cavabdeh öz qanuni əməllərindən əl çəkməmiş və onun torpaq sahəsini zəbt edərək hər gün onun hüquqlarını kobud şəkildə pozur. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, bələdiyyə tərəfindən ona əkin sahəısi kimi 0,10 ha torpaq sahəsi ayrılmışdır. Sökülməsi tələb edilən çoban evi və tövlə həmin torpaq sahəsində yerləşir. Günlük isə iddiaçıya məxsus torpaq sahəsi ilə sərhəddə yerləşdiyindən iddiaçıya məxsus sahəyə düşə biləcəyini ehtimal edir və günlüyün sökülməsinə etiraz etmir. Digər tikililərin sökülməsinə isə razı deyil. Çünki torpaq sahəsi ona bələdiyyə tərəfindən verilmişdir. Masallı Rayon Məhkəməsinin (hakim H.Bəhmənov) 09 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan və zəbt olunmuş 0,3691 ha torpaq sahəsinin əvvəlki vəziyyəti bərpa olunaraq, orada inşa edilmiş sahəsi 75,7 kv.m olan tövlə tam, ümumi sahəsi 45,6 kv.m olan çoban evi və günlüyün 11,5 kv.m hissəsi Cavabdeh hesabına sökülməsi, söküntü ilə bağlı orada olan daşlar Cavabdeh tərəfindən götürülməsi, zəbt olunmuş 0,3691 ha torpaq sahəsindən Cavabdeh çıxarılaraq torpaq sahəsi İddiaçı təhvil verilməsi, Cavabdeh torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə üçün çəkilmiş xərcə görə 95 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat alınaraq İddiaçı, məhkəmə tikinti-texniki ekspertiza xərcinə görə 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. Apellyasiya baxışı mərhələsində Cavabdeh məhkəməyə teleqram göndərmiş, teleqramında iddiaçı ilə razılığa gəldikləri üçün Masallı Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini geri götürdüyünü bildirmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-in 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətindən imtinasını, iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikasının MPM-nin 369.2-ci maddəsinin tələblərinə uyğun olduğundan qəbul edilməli, apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Qanunun mənasına görə, digər qərardadlardan kassasiya şikayəti verilmir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Cavabdeh apellyasiya şikayətindən imtina etdiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin. Masallı Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar