Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-978/2023 23.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-210/2023 saylı, 23 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(036)-210/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iddia tələbi təmin olunaraq, Cavabdeh 4500 manatın və ödənilmiş dövlət rüsumuna görə 65,40 manatın alınıb İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində iş üzrə məhkəmə-avtotexniki və məhkəmə-texniki-mühasibatlıq ekspertizaları təyin edilməklə qəzanın təqsirkarı və avtomobilə dəymiş ziyanın dəqiq məbləği barədə rəy alınmasını, İmişli Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(036)-2103/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin cavabdeh apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində hazırkı iş üzrə qəbul edilmiş İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(036)-210/2023 saylı qətnaməsinin ləğv olunmasını deyil, İmişli Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(036)-2103/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən apellyasiya şikayətinin “İşin halları” hissəsində də birinci instansiya məhkəməsi qətnaməsinin nömrəsi və tarixi səhv göstərilmişdir. Bundan başqa, cavabdeh apellyasiya şikayətinin verilməsinə görə müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 27 aprel 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, ödənilmiş 32 manat məbləğində həmin dövlət rüsumu İmişli Rayon Məhkəməsinə ödənilmişdir. Həmçinin, cavabdeh tərəfindən elektron qaydada verilmiş apellyasiya şikayətinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsindən də görünür ki, 32 manat məbləğində dövlət rüsumu İmişli Rayon Məhkəməsinə ödənilmişdir. Odur ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə görə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsi müəyyən edilmir. Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İmişli Rayon Məhkəməsinin 2(036)-210/2023 saylı, 23 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-978/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-978/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver