Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-980/2025 11.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-231/2018 saylı qərardadından iddiaçı “X3” ASC ("xxxx" Lizinq Şirkəti QSC) tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Lizinq Şirkəti QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, NVD 1272/8xx-xx/2010 saylı daxili maliyyə lizinq müqaviləsi və həmin müqaviləyə xx.xx.2013-cü il tarixli “Öhdəliyin ötürülməsi haqqında” Əlavə Razılaşma üzrə öhdəliklərin yerinə yetirlilməməsi nəticəsində dəymiş ziyan üzrə 3495,13 ABŞ dolları əsas borc, 691 ABŞ dolları faiz borcu, 811 ABŞ dolları dəbbə pulu və 30 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutulub "xxxx" Lizinq Şirkəti QSCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-231/2018 saylı qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Qiyabi qətnamədən qanunla müəyyən edilmiş müddətdə qətnamənin ləğvi barədə ərizə, habelə apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İş üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəməyə poçt vasitəsilə ərizə ilə müraciət edərək qiyabi qətnamənin ləğv edilərək icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə geri qaytarılmış, ərizənin geri qaytarılmasının əsası olaraq həmin ərizənin qanunla müəyyən edilmiş müddət bitdikdən sonra verilməsi, lakin buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilməməsi qeyd edilmişdir. Bundan sonra Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə, həmçinin qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil buraxılmış prosessual müddətin bərpası barədə ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 qiyabi qətnamə barədə icra şöbəsindən gələn zəng əsasında məlumat almış və həmin qətnaməni Lənkəran Rayon Məhkəməsindən xx.xx.2024-cü il tarixində əldə etmişdir. Cavabdeh1 10 ilə yaxındır ki, ölkədən kənarda yaşayır və müxtəlif vaxtlarda ölkəyə giriş-çıxış etmişdir. Yəni məhkəmə həmin işə baxdığı müddətlərdə cavabdeh Azərbaycan Respublikasının ərazisində olmamışdır. Məhkəmə prosesindən, həmçinin qiyabi qətnamənin qəbul olunmasından cavabdehin məlumatı olmamışdır. Qeyd olunan mülki işlə əlaqədar ədalətli qərar qəbul olunması üçün işə yenidən baxılması zərurəti vardır. Ona görə də xx.xx.2018-ci il tarixli, 2(049)-231/2018 saylı qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəyə baxılması üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahat verərək göstərmişdir ki, hazırki iş üzrə məhkəmə tərəfindən barəsində qiyabi qətnamə qəbul edilərkən o, ölkə ərazisindən kənarda, Türkiyə Respublikasında olmuş və həmin qətnamədən nə onun, nə də ailə üzvlərinin xəbəri olmamışdır. Yalnız icra qurumu tərəfindən evlərinə bildiriş gəldikdən sonra bu barədə məlumatlı olmuş və sonra da məhkəməyə müraciət etmişdir. Hazırda o, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-231/2018 saylı qiyabi qətnaməsinin ləğv edilərək işə yenidən baxılmasını məhkəmədən xahiş edir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-231/2018 saylı (Hakim: Kamran Süleymanov) qərardadı ilə iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə qətnaməsinə etiraz vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş vəsatətin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-231/2018 nömrəli qiyabi qətnaməsinin ləğvi barədə Cavabdeh1 tərəfindən ərizə vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-231/2018 saylı qərardadından iddiaçı “X3” ASC ("xxxx" Lizinq Şirkəti QSC) şikayət verərək, cavabdehin müddətin bərpası ilə bağlı üzrlü səbəbi olmadığı üçün ərizənin rədd olunmasını və müddətin bərpa edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ərizəsində bildirir ki, xaricdə yaşamış və 2018-2019-cu illərdə Azərbaycanda olmamışdır. Məhkəmə Cavabdeh1 həqiqətən də həmin tarixlərdə xaricdə yaşayıb-yaşamamasını araşdırmamışdır. Cavabdehin həmin illərdə xaricdə yaşamasını sadəcə olaraq şahid ifədələrinə istinad edərək sübut olunmuş hesab etmişdir. Halbuki şəxsin tarixdə olub-olmaması şahid ifadələri ilə deyil, müvafiq dövlət orqanı (məsələn Dövlət Miqrasiya Xidməti) tərəfindən verilən arayışla təsdiq oluna bilərdi. Odur ki, cavabdehin 2018-2019-cu illərdə xaricdə olması ilə bağlı şahid ifadələri mümkün hesab edilə bilməz. Həmçinin qiyabi qətnamə 2018-ci ilin yanvar ayında qəbul edilmişdir. Əgər həqiqətən də cavabdeh xaricdə olmuşdursa, o, 2018-ci ilin hansı ayından etibarən xaricə köçməsi məhkəmə tərəfindən yenə də araşdırılmamış qalmışdır. Bundan başqa, şahidlər Cavabdeh1 atası və anasıdır. Şahidlərin cavabdehlə yaxın qohumluq əlaqəsində olması, başqa sözlə şahidin işdə iştirak edən şəxsə olan münasibəti də nəzərə alınaraq şahidlərin cavabdehin xaricdə olması ilə bağlı ifadəsi heç bir əlavə araşdırma aparmadan mümkün hesab edilməməlidir. Göründüyü kimi, məhkəmə kifayət qədər tam və hərtərəfli buna görə də müddətin üzrlü səbəbdən ötürülməsi nəticəsinə gəlmişdir. Xəbərnamələrdən də göründüyü kimi qiyabi qətnamə cavabdehin rəsmi qeydə alındığı ünvana göndərilmişdir. MPM-in qeyd olunan normalarından da göründüyü kimi məhkəmə sənədləri ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə verilə bilər və bu zaman da məhkəmə sənədi rəsmi olaraq verilmiş sayılır. Xəbərnamələrdən də görünür ki, qətnamə cavabdehin qeydiyyat ünvanına göndərilmiş və həmin ünvanda da imzalanaraq qəbul edilmişdir. Xəbərnamədəki imzanın Cavabdeh1 aid olmaması müəyyən olunsa da, ekspert imzanın həmin ünvanda yaşayan cavabdehin ailə üzvlərinə - anası Əkbərova Gülnar və atası Əkbərov Rizvana məxsus olub-olmaması barədə sualı cavablandırmamışdır. Suala ekspert tərəfindən cavab verilməməsi məhkəməyə əsas vermir ki, müddəti üzrlü səbəbdən ötürülmüş hesab etsin. Başqa sözlə, xəbərnamədəki imzanın cavabdehin ailə üzvlərinə aid olmamasını təsdiq edən heç bir sübut yoxdur. Buna baxmayaraq məhkəmə imzanın Cavabdeh1 aid olmamasına əsaslanaraq müddəti üzrlü səbəbdən ötürülmüş hesab etmişdir. İmzanın Cavabdeh1 məxsus olmaması o demək deyil ki, qətnamə ona rəsmi olaraq verilməmişdir. AR MPM-in 135.3-ci maddəsinin tələbinə uyğun olaraq qətnamə həmin ünvanda yaşayan ailə üzvləri tərəfindən qəbul edildiyi halda da rəsmi verilmiş sayılır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-231/2018 saylı (Hakim: Kamran Süleymanov) qərardadı ilə iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmənin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinə etiraz vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-231/2018 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması və həmin qərardaddan iddiaçı "xxxx" Lizinq Şirkəti QSC tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 248-ci maddəsinə əsasən qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri kimi hakimlər tərəfindən işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri) . Ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-in 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini və birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-135.5-ci maddələrinə görə Bu Məcəllənin 135.6-cı və 135.8ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu işdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməməsini tərəflərin bərabərliyinin, çəkişmə prinsipinin pozulması kimi qiymətləndirmiş, işdə yalnız məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlərin göndərilməsi deyil, həmçinin onların alınması barədə məlumatların olmasını da zəruri hesab etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun R.Zülfüqarovun şikayəti üzrə 20 noyabr 2008-ci il, M.Məmmədovun şikayəti üzrə 24 iyun 2016-cı il tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 25 noyabr 2016-cı il tarixli Qərarında qeyd olunur ki, tərəf o zaman lazımi qaydada xəbərdar edilmiş hesab edilir ki, məhkəmənin işdə iştirak edən şəxslərin məhkəmə bildirişində əks olunan məlumatları əldə etməsi haqqında inandırıcı təsdiqləri olsun və bu təsdiq Mülki Prosessual Məcəllənin müvafiq müddəalarına uyğun gəlsin. İşdə iştirak edən şəxslərin rəsmi (lazımi) qaydada xəbərdar edilməsi istənilən halda qarşı tərəfin reaksiyasını, yəni qanunvericilikdə də göstərildiyi kimi qəbzə və ya sənədin kötüyünə imza edilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, işdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməməsi nəticəsində onların məhkəmə prosesində iştirak etməmələri tərəflərin bərabərliyi, çəkişmə prinsipinin təmin edilməsinə, digər tərəfdən isə işlərə ədalətlə və ağlabatan müddətdə baxılmasına mane olur. Göründüyü kimi, mülki prosessual qanunvericilik qətnamənin məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddət ərzində rəsmi qaydada təqdim edilməsini imperativ prosessual hərəkət olaraq müəyyən etmişdir. Qətnamənin rəsmi qaydada təqdim olunmaması prosessual pozuntu hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu Q.Hüseynovun şikayəti üzrə 29 iyun 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) bir çox qərarlarında oxşar məsələlərlə bağlı hüquqi mövqelər əks olunmuşdur. “Larin və Larina Rusiya Federasiyasına qarşı” iş üzrə 7 iyun 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin məlumatlandırılmasının hansı üsulunun seçilməsinə baxmayaraq, məhkəmə bildirişi proses iştirakçılarına şəxsən imza edilməklə verilməlidir. Məhkəmə iclasının başlanğıcında iclasda iştirak etməyən şəxsə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişinin verilib-verilmədiyi aydınlaşdırılmalıdır. Bundan sonra məhkəmə iclasının təxirə salınıb-salınmaması haqqında qərar qəbul edilməlidir. İstənilən halda tərəf lazımi qaydada məlumatlandırılmamışdırsa, məhkəmə iclası təxirə salınmalıdır. Eyni zamanda, tərəflərin məhkəmə iclasında iştirak etməməsi, onların məhkəməyə çağırılma şərtləri və onların gəlməməsi səbəbləri məhkəmə aktında öz əksini tapmalıdır. “Yakovlev Rusiya Federasiyasına qarşı” iş üzrə 15 mart 2005-ci il tarixli, eləcə də “Qroşev Rusiya Federasiyasına qarşı” iş üzrə 20 oktyabr 2005-ci il tarixli Qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, işə aşkar baxılması hüququ o zaman mənasını itirmiş hesab olunur ki, işdə iştirak edən tərəf məhkəmə iclası barədə məlumatlandırılmaması nəticəsində milli qanunvericilikdə nəzərdə tutulmuş məhkəmədə iştirak etmək hüququndan məhrum olur. “Gyuleva Bolqarıstana qarşı” iş üzrə 9 iyun 2016-cı il tarixli Qərarında Avropa Məhkəməsi vurğulamışdır ki, tərəflərin məhkəmə baxışında iştirak etmək hüququ Konvensiyanın 6-cı maddəsinin məqsədləri və təyinatından irəli gəlir. 6-cı maddənin 1-ci paraqrafı sənədlərin rəsmi qaydada verilməsinin xüsusi formasını nəzərdə tutmur. Buna baxmayaraq, işin çəkişmə prinsipi əsasında həyata keçirilməsini müəyyən edən fundamental prinsipin də daxil olduğu ədalətli məhkəmənin ümumi konsepsiyası tələb edir ki, mülki prosesin bütün tərəfləri məhkəmə qərarına təsir etmək üçün əks tərəfin irəli sürdüyü dəlillərlə, təqdim etdiyi sübutlarla tanış olmaq və onlara şərh vermək imkanına malik olmalıdır. İlk növbədə, məhkəmə baxışı kimə qarşı yönəlmişsə, o şəxs məlumatlandırılmalıdır. Məhkəmə bildirişləri də daxil olmaqla, məhkəmə sənədlərinin şəxsən çatdırılmaması ərizəçini, məhkəmədə özünü müdafiə etmək hüququndan məhrum edə bilər. Beləliklə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmə sənədlərinin lazımi qaydada göndərilməməsi ədalətli məhkəmə araşdırmasının pozuntusu kimi qiymətləndirilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-231/2018 nömrəli qiyabi qətnaməsinin qanunvericilikdə müəyyən edilmiş müddətdə Cavabdeh1 faktiki olaraq çatdırılması ilə əlaqədar işdə hər hansı sənəd mövcud deyildir. Cavabdeh ərizəsində qətnaməni xx.xx.2024-cü il tarixdə aldığını bildirmiş və ilk dəfə xx.xx.2024-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə qiyabi qətnamənin ləğvi ilə bağlı məhkəməyə ərizə göndərmişdir. Qiyabi qətnamənin ləğvi ilə bağlı cavabdeh tərəfindən verilmiş ərizə qətnamənin çıxarılmasından 6 ildən artıq müddət keçdikdən sonra verildiyindən, lakin müddətin keçməsinin üzrlü səbəblərdən baş verməsi halları ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verilmədiyindən həmin ərizə qaytarılmışdır. Qısa müddət keçəndən sonra isə cavabdehin nümayəndəsi və vəkili məhkəməyə prosessual müddətin bərpası barədə vəsatət, həmçinin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(049)-231/2018 nömrəli qiyabi qətnaməsinin ləğvi barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu Səpnəkəran kəndində yaşayır, Cavabdeh1 onun övladıdır. Cavabdeh1 18-19 ildir ki, onunla bir ünvanda yaşamır. O və əri Rizvan Əkbərov uzun müddətdir ki, yalnız ikilikdə yaşayırlar. Onların yaşadığı ünvana Cavabdeh1 barəsində məhkəmədən hər hansı sənəd göndərilməmiş və onun tərəfindən də hər hansı sənədə imza edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu Səpnəkəran kəndində arvadı X2 ilə birlikdə yaşayır. Cavabdeh1 onun övladıdır və o, 18-19 ildir ki, onlardan ayrı yaşayır. Ümumiyyətlə, Cavabdeh1 uzun müddət Azərbaycan Respublikasından kənarda yaşamış və 2018-2019cu illərdə Azərbaycanda olmamışdır. O, özünün yaşadığı ünvana Cavabdeh1 barəsində məhkəmədən hər hansı sənəd göndərilməsini görməmiş, bu barədə məlumatı yoxdur və onun tərəfindən də hər hansı sənədə imza edilməmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2025-ci il tarixli, 4/216 saylı rəyindən görünür ki, iş materiallarında olan, poçt göndərişlərinin verilməsi haqqında xəbərnamələrdə “etibarnamə ilə verildi” qrafalarındakı imzalar Cavabdeh1 tərəfindən icra edilməmişdir. Həmçinin poçt göndərişlərinin verilməsi haqqında xəbərnamələrdə “etibarnamə ilə verildi” qrafalarındakı imzaların X2 və X1 tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Kollegiya iş materiallarını tədqiq edərək müəyyən etmişdir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-231/2018 nömrəli qiyabi qətnaməsinin qanunvericilikdə müəyyən edilmiş müddətdə Cavabdeh1 çatdırılması iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, cavabdeh ərizəsində qətnaməni xx.xx.2024-cü il tarixdə aldığını bildirmiş və ilk dəfə xx.xx.2024-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə qiyabi qətnamənin ləğvi ilə bağlı məhkəməyə ərizə göndərmişdir. Qiyabi qətnamənin ləğvi ilə bağlı cavabdeh tərəfindən verilmiş ərizə qətnamənin çıxarılmasından 6 ildən artıq müddət keçdikdən sonra verildiyindən, lakin müddətin keçməsinin üzrlü səbəblərdən baş verməsi halları ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verilmədiyindən həmin ərizə qaytarılmışdır. Qısa müddət keçəndən sonra isə cavabdehin nümayəndəsi və vəkili məhkəməyə prosessual müddətin bərpası barədə vəsatət, həmçinin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(049)-231/2018 nömrəli qiyabi qətnaməsinin ləğvi barədə ərizə vermişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin Cavabdeh1 və ya onunla birlikdə yaşayan ailə üzvləri tərəfindən alınmasına dəlalət edən xx.xx.2018-ci il tarixli xəbərnaməyə onun özü və ya ailə üzvlərindən hər hansı biri tərəfindən imza edilib-edilməməsini dəqiqləşdirmək üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Mülki iş müvafiq ekspert rəyi verilməklə Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan, poçt göndərişlərinin verilməsi haqqında xəbərnamələrdə “etibarnamə ilə verildi” qrafalarındakı imzalar Cavabdeh1 tərəfindən icra edilməmişdir. Həmçinin poçt göndərişlərinin verilməsi haqqında xəbərnamələrdə “etibarnamə ilə verildi” qrafalarındakı imzaların X2 və X1 tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, qiyabi qətnamənin cavabdehə xx.xx.2024-cü il tarixdən daha əvvəl rəsmi qaydada verilmiş olması da müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarında olan icra işinə dair sənədlərdən də görünür ki, cavabdeh ƏlCavabdeh1 tələbin könüllü icrası barədə bildirişin və digər zəruri icra sənədlərinin verilməsi, onun izahatının alınması barədə məlumat mövcud deyil. Göründüyü kimi, həm işə baxılması ilə əlaqədar məhkəmə bildirişlərinin, həm də qiyabi qətnamənin Cavabdeh1, yaxud ailə üzvlərinə təqdim edilməsi barədə mülki iş materiallarında hər hansı təsdiqedici sənəd mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-231/2018 saylı qərardadından iddiaçı “X3” ASC ("xxxx" Lizinq Şirkəti QSC) tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı “X3” ASC ("xxxx" Lizinq Şirkəti QSC) tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-231/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-980/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-980/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver