Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-981/2023 16.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı "təbii X6nın pozulması haqqında aktın etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2 mart 2023-cü il tarixli 2(050)-550/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı "təbii X6nın pozulması haqqında aktın etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş 30 noyabr 2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edlilməsi və akt əsasında ziyan kimi hesablanmış 8640 kub/metr qaz sərfiyyatının hesabından silinməsi barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. Tələb onunla əsasladırılmışdır ki, X8 İstismarı İdarəsinin əməkdaşları 11 noyabr 2022-ci il tarixdə ona məxsus yaşayış evini təbii qazla təchiz edən qaz sayağacına baxış keçirmişlər və sayağacı növbədənkənar dövlət yoxlanması adı ilə çıxarmışlar. Qaz idarəsi sayağacı apardıqdan sonra 30 noyabr 2022-ci il tarixdə ******* saylı akt tərtib edilmiş, aktda sayağacda olan qüsur kimi “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib” göstərilmişdir. 30 noyabr 2022-ci il tarixli tələbnamə ilə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 8640 kub/metr qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. 30 noyabr 2022-ci il tarixli aktda qeyd olunan sayğacın hesablama mexanizminin plastmas qapağının alt hisəsi deşici alətlə deşilməsi onun günahı ucbatından baş verməmişdir, sayğacın plombu üstündə olub, sayğaca nəzarəti qaz idarəsi etməlidir. Qaz sayğacları rayon ərazisində mühafizə olunmayan ərazilərdə yerləşdirilmişdir və onlara istənilən şəxs tərəfindən ziyan vurula və müdaxilə edilə bilər. Belə bir vəziyyətdə qaz sayğacına edilən müdaxiləyə görə istehlakçı məsuliyyət daşımamalıdır. Qaz idarəsinin əməkdaşları hər ay qaz sayğacına baxaraq, sərfiyyatı götürürlər. Belə bir vəziyyətdə onlar tərəfindən qaz sayğacına baxarkən hər hansı bir qüsurun olmadığı halda, sonradan mübahisələndirilən aktın yazılması əsassızdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq izahatında bildirmişdir ki, Masallı rayonu, Qəriblər ərazisinin İsi kəndində fərdi yaşayış evini X1 almışdır. Fərdi yaşayış evində 2022-ci ilin may ayına kimi yaşayış olmamışdır. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddiaçının fərdi yaşayış evinə verilən təbii qazın sərfiyyatını qeydə alan sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin kənar təsir nəticəsində deşici alətlə deşilməsi müəyyən edilmiş, müdaxilə qaz itkisi ilə nəticələnmiş, bununla bağlı 30 noyabr 2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş, itirilmiş qazın bərpası kimi 8640 kub/metr qaz sərfiyyatı hesablanmışdır. Aktda texniki səhv nəticəsində sayğacın həyətdən kənarda yerləşdiyi göstərilmişdir. Əslində sayağac iddiaçının həyətinin daxilində yerləşir. Belə olan halda isə sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyula bilməz. Bundan başqa, iddiaçıya məxsus fərdi yaşayış evində sayağcdan kənar qeyri-qanuni qaz xəttindən istifadə halı aşkar edilmiş və bununla bağlı 25 avqust 2021-ci il tarixdə də akt yazılmışdır. Həmin akta əsasən yazılmış borc və digər borclar, cəmi 1776.9 manat borc 13 noyabr 2022-ci il tarixli razılaşma protokolu ilə iddiaçı tərəfindən təsdiq edilərək, ödənilməsi barədə öhdəlik götürülmüşdür. Masallı Rayon Məhkəməsinin 2 mart 2023-cü il tarixli 2(050)-550/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X6”na istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, işin müəyyən olunan hallarına əsasən fərdi yaşayış evini təbii qazla təmin edən xətt üzərində quraşdırılmış sayağac iddiaçının həyətinin daxilində yerləşir, belə olan halda isə sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyula bilməz. Cavabdeh təşkilat belə olan halda sayğaca hər hansı müdaxilə, o cümlədən onun işləmə prinsipini pozan hər hansı hərəkət zamanı yarana biləcək qüsurlarla bağlı cavabdehlik daşıya bilməz. Həyətdaxilində quraşdırılan sayağaca müdaxilə, o cümlədən onun işləmə prinsipini pozan hər hansı hərəkət qaz sərfiyyatına müdaxilə edilməsi məqsədilə birbaşa qəsdlə törədilən əməldir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisəli aktın tərtib olunması üçün əsas olan sayğacın 11 noyabr 2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən açılıb aparılmasını, həmin dövrdə sayğacın evin əvvəlki sahibinin adında qeydiyyatda olmasını, sayğacın onun adına 13 noyabr 2022-ci il tarixdə keçirilməsini, həmin tarixli razılaşma protokolunda əvvəlki abonentin digər borclarını qəbul etdiyi halda, həmin protokolda belə bir borcdan ümumiyyətlə bəhs olunmamasını və bu borcu öhdəlik kimi qəbul etməyinə dair heç bir sənədin olmamasını, evdə noyabr ayınadək yaşayış olmamasını, qaz nəzarətçisinin hər ay sayğaca baxıb sərfiyyatı (sərfiyyatın olmamasını) qeyd etməsini, həmin baxışlar zamanı hər hansı qüsur aşkar etməməsini nəzərə almayaraq, iddianı təmin etməməklə bir sıra maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına səbəb olan, düzgün olmayan qətnamə qəbul etmişdir. Qanunvericiliyin tələbinə əsasən əvvəlki abonent X2 “Azəriqaz” İB-də adına olan abonent kodunun adına keçirilməsi, onun notariat ofisində təsdiq edilmiş 13 noyabr 2022-ci il tarixli ərizəsi əsasında həyata keçirildiyindən və əvvəlki abonentin borclarına dair cavabdehlə olan razılaşma protokolu da həmin tarixdə imzalandığından, cavabdehlə arasında hüquq münasibətləri 13 noyabr 2022-ci il tarixdən yaranmışdır. Mübahisəli akt isə sayğacda 11 noyabr 2022-ci il tarixdə aşkar edilmiş qüsur ilə bağlıdır. Həmin qüsurla bağlı yaranmış borcu öhdəlik kimi qəbul etmədiyindən və cavabdehlə hüquq münasibəti qeyd olunan qüsurun aşkar edilməsindən sonra yarandığından, həmin qüsur və ona görə hesablanmış borc ondan tələb edilə bilməz. Lakin birinci instansiya məhkəməsi bu xüsusatı nəzərə almamış, cavabdehlə arasında hüquq münasibətinin yaranmasından əvvəl baş vermiş pozuntuya görə hesablanmış borcun ondan tələb edilməsinə dair aktı etibarsız hesab etməmiş, həmin borcun yarandığı dövrdə cavabdehlə arasında hüquq münasibətinin olmamasını, həmin dövr üçün cavabdehin tələb hüququnun olmamasım nəzərə almamış, maddi hüquq normasının tələblərini pozmuşdur. Qanunvericiliyin tələbinə əsasən yalnız müqavilədə göstərilmiş vəzifələrini yerinə yetrmədiyi və ya təqsirli hərəkəti nəticəsində cavabdehə vurulmuş ziyanı ödəməlidir. Cavabdehlə aralarında olan hüquq münasibəti 13 noyabr 2022-ci il tarixdən yarandığından və həmin tarixdən sonra cavabdehə hər hansı ziyan vurulmadığından, qeyd olunan tarixdən əvvəl isə cavabdehə vurulmuş ziyanla bağlı öhdəlik götürmədiyindən, belə bir ziyanın ondan tələb edilməsi qeyd olunan müqavilənin tələblərinə ziddir. Lakin birinci instansiya məhkəməsi müqavilənin bəndlərini qeyd etsə də, faktki olaraq onları hazırkı işə düzgün tətbiq etməməklə, müqavilənin həmin bəndlərinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi sayğac açılarkən tərtib edilmiş 11 noyabr 2022-ci il tarixli akta istinad edərək sayğac açılarkən istehlakçının nümayəndəsinin iştirak etməsini qeyd etmişdir. Halbuki sayğac nə onun, nə də ki, əvvəlki abonentin iştirakı olmadan açılmışdır. Abonentin həmin nümayəndənin kim olmasını araşdırmayan məhkəmə nəzərə almamışdır ki, abonentin nümayəndəsi qismində qonşu dəvət edilmişdir. Qonşunun nümayəndə kimi iştirakı üçün əsas, ümumiyyətlə qonşunun belə bir aktı imzalamaq səlahiyyəti vardırmı. Bundan əlavə sayğac mexaniki olduğundan qaz nəzarətçisi hər ay, o, cümlədən açılmamışdan bir neçə gün öncə sayğaca baxmış və müvafiq qeydiyyat aparmışdır. Əgər sayğacda qüsur olsaydı, nəzarətçi bunu görər və qeyd edərdi. Lakin belə hal olmamışdır. Bundan başqa sayğacın qurulduğu evdə yaşayış olmamışdır. Bu ərazi nümayəndəliyinin arayışından da görünür. Yaşayış olmayan evdə təbii ki, qaz sərfiyyatı da olmayacaqdı. Ancaq mübahisəli aktla yaşayış olmayan evə qaz itkisinə görə borc hesablanmışdır. Birinci instansiya məhkəməsi bu xüsusatı nəzərə almamışdır. Sayğacın qapalı yerdə olmasını qeyd edən birinci instansiya məhkəməsi həmin sayğacın yerləşmiş olduğu qutunun qapısının açıq halda olmasını nəzərə almamışdır. Sayğac 11 noyabr 2022-ci il tarixdə açıldıqdan sonra abonentin iştirakı olmadan tərtib edilmiş aktda sayğacın hesablama mexanizminin alt hissəsində deşik olması əsasına görə qaz itkisi hesablanmış, lakin bu halın qaz sərfiyyatının qeyd etməsinə təsir edib-etməməsi araşdırılmamışdır. Bütun bunlar isə birinci instansiya məhkəməsinin sübutlara düzgün qiymət verməməsini göstərir ki, nəticədə yanlış qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəlilləri və sübutları araşdırılmadan qəbul edilməməklə, xeyrinə olan xüsusatlara əhəmiyyət verilməməklə, tam, hərtərəfli və obyektiv araşdırma aparılmamaqla işin ədalətli araşdırılması hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi 11 noyabr 2022-ci il tarixdə sayğac açılarkən onda aşkar edilmiş qüsurla bağlı hansı səbəbdən dərhal labaratoriyada müayinə olunmamasını, həmin qüsurun sayğacın qaz sərfıyyatını hesablamasına nə kimi təsir etməsini, nəyə görə itirilmiş sərfıyyat hesablanarkən axrıncı dəfə qaz nəzarətçsinin sayğaca baxıb qeydiyyat apardığı tarixdən 11 noyabr 2022-ci il tarixədək olan dövr deyil, əvvəlki 3 aylıq dövrün hesablanmasını və hansı səbəbdən qüsur aşkar edildiyi dövrdə cavabdehlə hüquq münasibətində olan abonentə deyil, həmin borcun ona hesablanmasını araşdırmamışdır. Birinci instansiya məhkəməsi həyətin qapısının dəmir darvazadan ibarət olmasını qeyd etmişdir. Halbuki reallıqda həyətin qapısı dəmir tordan ibarət olmaqla asanlıqla açıla bilir və bir neçə ay yaşayış olmadığından həyət tamamilə nəzarətsiz qalmaqla kənar şəxslərin həyətə girib-çıxmasına heç bir maneə olmamışdır. Bundan başqa həmin dəmir məftildən olan darvaza 3 həyətə açılır və bu səbəbdən də bağlanması mümkün deyildir. Məhkəmə həyətin hər tərəfdən hasarın daxilində olmasını qeyd edərək bir tərəfin göllə sərhəd olmasını göstərmiş, lakin nəzərə almamışdır ki, həmin tərəfdən həyət tamamilə açıqdır və gölün kənarından həyətə giriş-çıxışa heç bir məhdudiyyət yoxdur. Birinci instansiya məhkəməsi cavabdehin sayğacda aşkar edilmiş qüsurla bağlı əvvəlki 3 ay üçün yenidən hesablama aparmasını və həmin sərfiyyatın ödəməli olmağı barədə nəticəyə gəlsə də, işin hallarından görünür ki, qaz nəzarətçisi hər ay sayğaca baxmış və əvvəlki aylarda sayğacda qüsur aşkar etməmişdir. Sayğacda qüsur 11 noyabr 2022-ci il tarixdə aşkar edildiyi halda, həmin sayğac adına 13 noyabr 2022-ci il tarixdə keçirilmişdir. Sayğacda qüsur aşkar edildiyi dövrdə o, başqa abonentin adında olmuş və həmin abonentin dövründə olan borcları öhdəlik kimi qəbul etməyinə dair aktda bu qüsurla bağlı borcu qəbul etməyi qeyd edilməmişdir. Bu isə həmin xüsusat üzrə məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmamasını göstərir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda izahat verərək təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş və tarix ardıcıllığı ilə sıralanmış sənədlərdən aşağıdakılar müəyyən olunur : Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 11 noyabr 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, istehlakçı (abonent kodu **********03330) X3 məxsus olmaqla Masallı rayonu Qəriblər kəndində yerləşən fərdi yaşayış evini təbii qazla təmin edən qaz xətti üzərində quraşdırılmış qaz sayğacı hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşilməsi səbəbəbilə çıxarılaraq yerində yenisi quraşdırılmışdır; X2 “Azəriqaz” İB-nə 13 noyabr 2022-ci ildə vermiş olduğu notariat qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, adına olan **********03330 saylı abonent kodunun İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir; İstehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə 13 noyabr 2022-ci il tarixli razılaşdırma protokolundan görünür ki, İddiaçı **********03330 saylı abonent kodu üzrə AGİS bazasında olan 1776.9 manat borcu karta hər ödəmədə 50% hissəsinin tutularaq ödənilməsinə razılıq verməklə, yaranmış debitor borcu qəbul edib, ödənişinə zəmanət vermişdir; “Təbii X6nın pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçının Masallı rayonu Qəriblər kəndində yerləşən evində quraşdırılan sayğacın hesablama mexanizminin platsmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkar edildiyindən, dəymiş maddi ziyanın hesablanması qeyd edilmişdir; “Azəriqaz” İB-nin dəymiş ziyanın bərpasına dair 30 noyabr 2022-ci il tarixli tələbnaməsinə əsasən “Təbii X6nın pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli ******* saylı akt əsasında 8640 kub/metr itirilmiş qaz ziyan kimi hesablanaraq **********03330 saylı abonent koduna işlənmişdir; Birinci instansiya məhkəməsinin 2 mart 2023-cü il tarixli yerində müayinə protokoluna əsasən sayğacın istehlakçıya aid fərdi yaşayış evinin həyətində, evin bilavasitə divarına vurulu vəziyyətdə yerləşdiyi və üzərinin dəmir örtüklə örtülü olduğu müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «X6»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK ( bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri nəzərə alınmaqla hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. İşin müəyyən olunan hallarına əsasən yetirilən zərərə görə iddiaçının təqsirli olmasına dair hər hansı bir sübut yoxdur. Belə ki, sayğaca baxış keçirilərək hesablama mexanizminin platsmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkar edilən 11 noyabr 2022-ci il tarixində istehlakçı iddiaçı deyil, ondan əvvəlki abonent X5 olmuş və həmin tarixli akt da, məhz istehlakçı olaraq sonuncunun barəsində tərtib edilmişdir. Bu hadisədən 2 gün sonra Şükürov Rizvanın razılığı əsasında mübahisəli sayğacın abonent kodu İddiaçı adına keçirilmiş və sonuncu həmin tarixə, yəni 13 noyabr 2022-ci il tarixinə **********03330 saylı abonent kodu üzrə AGİS bazasında olan 1776.9 manat borcu karta hər ödəmədə 50% hissəsinin tutularaq ödənilməsinə razılıq verməklə, yaranmış debitor borcu qəbul edib, ödənişinə zəmanət vermişdir. 11 noyabr 2022-ci ildə aşkar edilmiş pozuntuya görə 1036.80 manat ziyan (8640 kub/metr) **********03330 saylı abonent koduna 30 noyabr 2022-ci il tarixində işlənilmişdir. Göründüyü kimi İddiaçı 13 noyabr 2022-ci il tarixdə həmin abonent kodunun onun adına keçirilməsini xahiş edib, AGİS bazasında olan 1776.9 manat borcu ödəməyə zəmanət verərkən, 11 noyabr 2022-ci ildə aşkar edilmiş pozuntuya görə hər hansı bir zərər hesablanaraq abonent saldosuna işlənmiş olmamışdır. Odur ki, şəxsin təqsiri müəyyən olunmadığı halda yetirilmiş zərərə görə məsuliyyət daşıması yolverilməzdir. Bununla belə kollegiya 11 noyabr 2022-ci il tarixli aktın etibarlılığını şübhə altına almır və yetirilmiş zərərə görə təqsirli hərəkətə yol vermiş əvvəlki istehlakçının mülki məsuliyyət daşıdığını xüsusilə vurğulayır. Əvvəlki istahlakçının analoji hüquq pozuntusuna əvvəllər də yol verməsini təsdiq edən qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(106)-846/2023 saylı qətnaməsi ilə əvvəlki abonent X2 25 avqust 2021-ci il tarixində qaz xəttinə qanunsuz qoşulması müəyyən edilmiş və “Azəriqaz” İB-nin itirilmiş qaz sərfiyyətına görə maddi zayanın tutulması tələbi təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq, qətnamə ləğv olunmalı və iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddianın qiyməti beş min manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2 mart 2023-cü il tarixli 2(050)-550/2023 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 30 noyabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında İddiaçı adına olan **********03330 saylı abonent koduna işlənmiş 8640 kub/metr qaz sərfiyyatına görə hesablanmış borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: İlham Əsədov Cahid İmanov
Məhkəmə qərarları › İş №2(106)-981/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-981/2023
16.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver