Məhkəmə qərarları › İş №2(106)-986/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-986/2025

02.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-986/2025 02.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, X22 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Lənkəran regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-320/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 verilmiş xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X6 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İddiaçı X1 nəvəsidir, yəni xx.xx.2008-ci ildə vəfat etmiş oğlu X8 qızıdır. X1 mülkiyyətində Lənkəran rayonu, Boladi kəndində qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********70-10301 olan, 0,23 ha torpaq sahəsi və həmin torpaq sahəsində 305.8 kv.m fərdi yaşayış evi olmuşdur. Lənkəran şəhər 1 saylı notariat kontorunda xx.xx.20213cü il tarixli vərəsəlik işində Lənkəran RİH Başçısının Boladi kənd inzibati ərazi dairəsində nümayəndə tərəfindən verilən arayışda X1 vərəsələri kimi mərhum X14, mərhum X12 və X9 göstərilmişdir. xx.xx.1938-ci il təvəllüdlü X17 vərəsələr sırasında göstərilməmişdir. X17 xx.xx.2008-ci ildə RF-nın Kamçatka vilayətinin Petropavlovsk-Kamçatka şəhərində vəfat etmişdir. xx.xx.2013-cü il tarixli vərəsəlik işində xx.xx.2013-cü il tarixdə mərhum X14 və xx.xx.2013-cü il tarixdə X2 rayon Notariat kontoruna ərizə ilə müraciət edərək mərhum anaları X3 qalan miras əmlaka dair heç bir tələbləri olmadığını və gələcəkdə də olmayacağmı yazaraq mirasdan imtina etmişlər. Digər vərəsə mərhum X17 vərəsəlik işi açılan zaman yəni xx.xx.2013-cü il tarixdə notariat işində vərəsə kimi göstərilmədiyindən İddiaçı atasına düşən payı AR MM-nin 1252-ci maddəsinə əsasən irsi transmissiya yolu ilə qəbul etməli olduğu halda miras payını ala bilməmişdir. Yeganə vərəsə kimi X9 miras əmlakdan tam hissədə irs almışdır. Qanun üzrə vərəsə kimi ona düşən payın vəfat etdiyi üçün onun vərəsəsi İddiaçı irsi transmissiya yolu ilə mirası qəbul etməkdən məhrum edilmişdir. Bu kimi halların olmaması üçün Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitutsiva təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərindən biridir. X8 vərəsə olması haqqında ona heç bir məlumat verilməyib, buna görə də qanun üzrə vərəsə kimi ona düşən payın vəfat etdiyi üçün onun vərəsəsi İddiaçı irsi transmissiya yolu ilə mirası qəbul etməkdən məhrum edilmişdir. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-320/2025 saylı qətnaməsi ilə (hakim A.Pənahov) İddiaçı cavabdehlər Cavabdeh2 və Lənkəran regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair» iddiası təmin ediməmiş, iddia tələbi təmin edilmdiyindən İddiaçı tərəfindən hazırki iddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının nənəsi (atasının anası) Sumani Talışxanovaya məxsus, onun xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Boladi kəndində yerləşən daşınmaz əmlak olmuşdur. Sumani Talışxanova xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. 2013-cü ildə həmin miras mülk qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında miras qoyan X5 Talışxanovun adına rəsmiləşdirilmişdir. Hazırda İddiaçı nənəsi Sumani Talışxanovadan miras qalmış mülkə dair Cavabdeh2 adına rəsmiləşdirilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməni mübahisələndirərək, iddia tələbini onunla əsaslandırır ki, nənəsindən miras qalmış mülkə dair vərəsəlik işi açılarkən atasının adı vərəsə kimi notariusa bildirilməmiş, həmçinin həmin vaxt atası vəfat etdiyindən o, özü vərəsəliyə çağırılmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının atası olan, miras qoyanın oğlu X26 Federasiyasının vətəndaşı olmaqla orada yaşamış və xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Arif Talışxanov anasının vəfatından sonra Azərbaycan Respublikasına gəlməsinə və sözügedən miras əmlakın anasına məxsus olduğunu bildiyinə baxmayaraq vəfat etdiyi tarixədək həmin miras mülkdən vərəsə kimi pay alması ilə əlaqadar notariat orqanına müraciət etməmişdir. 2001-ci ildə Azərbaycan Respublikasına gəlməsinə baxmayaraq, o, mirası qəbul etməsi ilə əlaqadar notariat orqanına müraciət etməmişdir. Həmçinin həmin mirası faktiki olaraq da qəbul etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vərəsənin mirası qəbul etməsi üçün onun miras əmlakı faktiki surətdə idarə etməyə başlaması və ya altı ay müddətində vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi tələb olunurdu. Lakin işin faktiki hallarından müəyyən edilir ki, X17, anası Sumani Talışxanovadan miras qalmış sözügedən mirasın mövcudluğunu bildiyi halda onu qəbul etməsi ilə əlaqadar notariat orqanına müraciət etməmişdir. X16 sözügedən mirası faktiki surətdə idarə etməyə başlaması barədə məhkəməyə iddiaçı tərəfindən hər-hansı sübut təqdim edilməmişdir. Eyni zamanda sözügedən mirasın qəbul edilməsi müddətinin uzadılması ilə əlaqadar Arif Talışxanov tərəfindən məhkəməyə müraciət edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda qeyd edilən mülki qanunvericiliyin tələbinə əsasən, Arif Talışxanov sözügedən mirasa dair vərəsəlik açılarkən onu qəbul etmədiyindən onun övladı olan İddiaçı da həmin mirasdan pay almaq hüququ yaranmamışdır. Odur ki, Lənkəran rayon 1 saylı dövlət kontorunun dövlət notariusu tərəfindən tərtib edilmiş 2V-01-249 reyestr nömrəsi ilə təsdiqlənmiş xx.xx.2013-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyindən hazırki iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənimişdir. Belə ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni 1995-ci ildə qüvvədə olmuş (xx.xx.2000-ci il tarixədək) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528, 552, 554, 555-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Bahadır Talışxanov özünün iddia etdiyi və təqdim etdiyi xx.xx.1992-ci il tarixli vəsiyyətnaməsi olduğu halda hansı səbəbdən vərəsəlik işi anası xx.xx.1995-ci il tarixdə rəhmətə getdikdən uzun müddət sonra xx.xx.2013-cü ildə yəni 21 ildən sonra notariusa qanuni vərəsə kimi müraciət etməsi aydın deyildir. X21 adlı qardaşının olması barədə notariat orqanlarına heç bir sənəd təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Arif Talışxanov anası Sumani rəhmətə getdiyi vaxt sağ olmuşdur. Bundan başqa, cavabdeh tərəf iddia edirki, mərhum Arif Talışxanov demək olar ki, miras əmlakda heç vaxt yaşamamış və bir sözlə Rusiya Federasiyası vətəndaşı olduğu üçün həmin evə az-az gəlmişdir. Əvvəla mərhum Arif Talışxanovun ailəsi, yəni həyat yoldaşı və qızı hal-hazırda iddiaçı qismində olan İddiaçı həmin evdə yaşamışlar və həmçinin iddiaçı yay aylarında uşaqları ilə birlikdə həmin evdə qalıb dincəlmişlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir, mərhum Arif Talışxanov anasının dəfnində iştirak etməmiş, mirası faktiki idarə etməmişdir. Lakin, mərhum Arif Talışxanov anası Sumaninin rəhmətə getdiyi vaxt dənizçi olduğu üçün Vyetnamda olmuş və yas məclisində iştirak edə bilməmişdir, lakin anası Sumaninin qəbirüstünü Azərbaycan Respublikasına gəldikdə daima ziyarət etmişdir. Bundan başqa miras əmlakın halhazırdakı vəziyyəti, yəni tikilməsi və təmiri mərhum Arif Talışxanovun imkanları hesabına tikilmişdir. Həmçinin cavabdeh xx.xx.2013-cü ildə notariat orqanına müraciət edərək vərəsəlik işi açdırır, yəni qardaşı Arif Talışxanov vəfat etdikdən 5 il sonra və qardaşının qızı olması barədə yəni İddiaçı olması barədə notariusa heç bir məlumat verməmişdir. Notariat orqanı da ümumiyyətlə vərəsələrin dairəsini müəyyən etmək üçün heç bir hərəkət aparmamış, halbuki bu birbaşa onun vəzifəsidir. Birinci instansiya məhkəməsinin qərarı nəticəsində iddiaçının əsas iddia etdiyi atası mərhum X11 qanun üzrə vərəsəlik hüququ üzrə ona çatası payın AR MM-nin 1252-ci maddəsinə əsasən irsi transmissiya yolu ilə qəbul etməli olduğu halda miras payını ala bilməmişdir. Ona görə də Lənkəran Rayon Məhkəməsinin 2(049)-320/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı və idiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Lənkəran Rayon Məhkəməsinin 2(049)-320/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh2 vəkili Vəkil2 ərizə ünvanlayaraq digər məhkəmə iclasları ilə əlaqədar olaraq məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmiş, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Lənkəran regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan SSR Mülki Məcəlləsi (11 sentyabr 1964-cü ildə qəbul edilmiş, 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş) 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. 555-ci maddəsinə əsasən vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Lakin bu halda vərəsə, vərəsəlik açıldığı gündən altı ay keçənə qədər və ya o, miras hüququna dair şəhadətnamə alana qədər, miras əmlakı üzərində sərəncam etməyə (satmağa, girov qoymağa və s.) haqlı deyildir. Bu halda vərəsə, miras əmlakı hesabına, yalnız aşağıdakı xərcləri çəkə bilər: 1) miras qoyanın xəstəliyi zamanı edilən xidmətlər və həmçinin onun dəfni üçün; 2) miras qoymuş şəxsin himayəsində olan şəxslərin saxlanması üçün; 3) əmək haqqı üzrə pretenziyaların və ona bərabər tutulan pretenziyaların təmini üçün; 4) miras əmlakının mühafizəsi və onun idarə edilməsi üçün; “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator Lənkəran Rayon Məhkəməsinin 2(049)- 320/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-320/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-320/2025 saylı qətnaməsi iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 verilmiş xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vərəsənin mirası qəbul etməsi üçün onun miras əmlakı faktiki surətdə idarə etməyə başlaması və ya altı ay müddətində vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi tələb olunurdu. Lakin işin faktiki hallarından müəyyən edilir ki, X17, anası Sumani Talışxanovadan miras qalmış sözügedən mirasın mövcudluğunu bildiyi halda onu qəbul etməsi ilə əlaqadar notariat orqanına müraciət etməmişdir. X16 sözügedən mirası faktiki surətdə idarə etməyə başlaması barədə məhkəməyə iddiaçı tərəfindən hər-hansı sübut təqdim edilməmişdir. Eyni zamanda sözügedən mirasın qəbul edilməsi müddətinin uzadılması ilə əlaqadar Arif Talışxanov tərəfindən məhkəməyə müraciət edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda qeyd edilən mülki qanunvericiliyin tələbinə əsasən, Arif Talışxanov sözügedən mirasa dair vərəsəlik açılarkən onu qəbul etmədiyindən onun övladı olan Arifə Talşxanovanın da həmin mirasdan pay almaq hüququ yaranmamışdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə tərkibi iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İlk növbədə vurğulanmalıdır ki, hazırki iddia tələbinin özəyində qanun üzrə vərəsəlik hüququ və irsi transmissiya qaydasında vərəsəlik hüququnun tanınması durur. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu baxımdan vərəsəlik hüququ mülki dövriyyənin iştirakçıları olan fiziki şəxslərin ölməsi hallarında onların sağ ikən qurmuş olduqları hüquqi münasibətlərdən əmələ gəlmiş olan hüquq və öhdəliklərin təyinatı üzrə həyata keçirilməsinə hüquqi şəraiti təmin etmək, həmçinin vərəsəliyin qəbulu öz hüquqi mahiyyəti etibarı ilə vərəsəliyin qətiləşməsi və ondan imtina imkanının aradan qalxması nəticəsində miras qoyanın kreditorları baxımından hüquqi müəyyənliyin imtina müddətindən daha erkən təmin edilməsi üçündür. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradə ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2 maddəsinə əsasən, Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarından görünür ki, miras qoyan Sumani Talışxanovanın xx.xx.1995-ci il tarixdə vəfatı ilə vərəsəlik açıldığından hazırki mübahisənin həllinə həmin vaxt qüvvədə olan maddi hüquq normaları, yəni mülki qanunvericiliyinin aidiyyəti normaları tətbiq edilməlidir. 1995-ci ildə qüvvədə olmuş (xx.xx.2000-ci il tarixədək) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Qeyd edilməlidir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvədə olan Mülki Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Göründüyü kimi, mirasın açıldığı zaman qüvvədə olmuş Mülki Məcəllənin tələbinə görə mirasdan pay almaq üçün vərəsənin mirası qəbul etməsi zəruri şərt sayılırdı. Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Formalaşmış hüquqi mövqeyə əsasən mirasın formal və qeyri-formal qəbulu üsulları qəbul olunur. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından aydın olur ki, iddiaçının atası Arif Talışxanovun anası Sumani Talışxanova xx.xx.1995-ci ildə, Arif Talışxanov isə xx.xx.2008-ci ildə vəfat etmişdir. Arif Talışxanov öz anasının ölümündən sonra 13 il ərzində miras əmlakı faktiki idarə etməmiş, notariat orqanına ərizə ilə müraciət etməmiş, müddətin bərpası üçün məhkəməyə də müraciət etməmişdir. Bu faktlar onu göstərir ki, mərhum Arif Talışxanov mirası nə formal və qeyri-formal qəbul üsulları ilə qəbul etmişdir. Nəticə etibarilə onun vərəsəlik hüququ yaranmamışdır və o, mirasçı sayılmamışdır. Mirasın açıldığı zaman qüvvədə olan Mülki Məcəllənin 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Qeyd olunan qanunvericilik normasından göründüyü kimi əgər vərəsə mirasın açıldığı vaxt sağ olmuş, lakin mirasın qəbul edilməsi müddətində vəfat etmişdirsə, onun hüququ irsi transmissiya qaydasında onun vərəsələrinə keçir. Bu hüququn yaranması üçün əsas şərt – əvvəlki vərəsənin mirası qəbul etməsi və ya qəbul müddətində sağ olmasıdır. X28 mirasın qəbul edilməsi müddətində (1995-ci ildə 6 ay ərzində) heç bir hüquqi hərəkət etməmişdir. O, mirasın qəbul müddətində sağ olmuş, lakin mirası qəbul etmədiyindən irsi transmissiya tətbiq edilə bilməz. Digər tərəfdən iddiaçı apellyasiya şikayətində fərdi torpaq sahəsində yerləşən evdə yaşadıqlarını və həmin evin tikinti və təmir işlərində atasının rolu olduğunu qeyd etsə də, Arif Talışxanov tərəfindən miras əmlakın faktiki idarə olunmasına və evin təmir və tikintisinin Arif Talışxanov tərəfindən maliyyələşdirildiyinə dair heç bir sübut təqdim edilməmişdir. Vurğulanmalıdır ki, notariat orqanı məhkəmə və ya araşdırma aparan orqan deyil. Onun vəzifəsi vərəsəlik hüququnun təsdiqinə dair sənədlərə hüquqi rəsmiyyət verməkdir. Notarius, ərizəyə və təqdim olunmuş sənədlərə əsasən vərəsəlik şəhadətnaməsi verir. Cavabdehin mirasın qəbul edilməsi anında iddiaçının atasının adını vərəsələr sırasında göstərməməsi mirasın qəbulu haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas kimi qəbul olunmamalıdır. Bu nəticəyə gəlmək üçün ilk növbədə iddiaçının atasının mirası qəbul etməsi müəyyən olunmalı, bundan sonra o, mirasın qəbulu haqqında şəhadətnaməni mübahisələndirmək hüququna malik ola bilər. Göstərildiyi kimi iddiaçının atasının isə mirası hər hansı üsula qəbul etməsi müəyyən edilmir. İddiaçının apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, cavabdeh Bahadır Talışxanov özünün iddia etdiyi və təqdim etdiyi xx.xx.1992-ci il tarixli vəsiyyətnaməsi olduğu halda vərəsəlik işi anası Sumani xx.xx.1995-ci il tarixdə rəhmətə getdikdən uzun müddət sonra, yəni xx.xx.2013-cü ildə notariusa qanuni vərəsə kimi müraciət etmiş, X21 adlı qardaşının olması barədə notariat orqanlarına heç bir sənəd təqdim etməmişdir. X24 anası Sumani rəhmətə getdiyi vaxt sağ olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətini qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında X19 tərəfindən X1 əvəzinə imza edilmiş 29 sentyabr 1992-ci il tarixli vəsiyyətnamənin kserosurəti mövcuddur. Azərbaycan Respublikası Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində olan vəsiyyətnamələrə baxış keçirilərkən X6 tərəfindən vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan vəsiyyətnamə etibarlı bir iradə ifadəsi olaraq qəbul edilsə belə, hazırkı iddia tələbi baxımından yenə də iddiaçının hüquqlarına təsir etmir. Belə ki, həmin vəsiyyətnamədə də miras əmlakın cavabdeh X7 və X10 (Tacı Talışxanova notariusa mirasdan imtina barədə ərizə vermişdir) vəsiyyət edilməsi göstərilmiş, yəni iddiaçının atası Arif Talışxanovla bağlı hər hansı iradə ifadəsi olmamışdır. Digər tərəfdən mirasın açıldığı zaman qüvvədə olan Mülki Məcəllənin 538-ci maddəsinə əsasən miras qoyanın yetkinlik yaşına çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar vəsiyyətnamənin məzmunundan asılı olmayaraq onların hər brinə qanun üzrə vərəsəlik zamanı çatan payın (məcburi payın) üçdə iki hissəsindən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Göründüyü kimi, hazırkı işdə bu hallar da müəyyən edilmir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini də əsassız hesab edir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-320/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-320/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar