Məhkəmə qərarları › İş №2(106)-987/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-987/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-987/2024 17.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin - cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 Əjfər qızına, X2 və Cavabdeh8 qarşı «borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(056)-3/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçı QSC - cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 Əjfər qızına, X2 və Cavabdeh8 qarşı «borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 22480,34 manat əsas borc, 3978,93 manat faiz və 7005,90 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 33464,36 manat kredit borcu, ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pulun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və xidmət haqqının əvəzinin tutulması, tutmanın Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumu birgə mülkiyyətində olan ünvan 1 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun İddiaçı QSC-yə ödənilməsi, satışından əldə olunan vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin müştərək qaydada Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 tutulması, əmlaka tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, X1 və Cavabdeh8 həmin torpaqdan və evdən çıxarılması, əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(056)-3/2023 saylı (Hakim: Nurəddin Bağırov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən narazı qalan İddiaçı QSC və Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1113/2023 saylı (Hakimlər:İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Zaur Allahyarov) qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1113/2023 saylı (Hakimlər:İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Zaur Allahyarov) qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(056)-3/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sabirabad Rayon Məhkəməsinə qaytarılmışdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-3/2023 saylı qərardadı ilə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(056)-3/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 07 may 2024-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)987/2024 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 17 may 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Sabirabad Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(056)- 3/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 361.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Məhkəmə kollegiyası Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatı üçün prosessual əsaslarının olub-olmamasını müəyyən edərkən birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, iş materialından görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun verilmədiyindən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmış və iş materialları baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti vermək hüququ istər iddiaçıya istərsə də cavabdehə prosessual qanunvericiliklə tanınmış hüquqdur. Lakin hüququn realizəsi məhz subyektlərin qənaəti ilə deyil prosessual qanunvericiliyin tələblərinə uyğun həyata keçirilikdə mümkün olmalıdır. Belə ki, MPM-nin 361.1-ci maddəsində də “bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayəti” sözləri yazılmaqla məhz apellyasiya şikayətinin verilməsi qaydası və formasının MPM-nin tələblərinə uyğun olmasını şərtləndirir. Mülki Prosessual Məcəllənin 130-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd olunan prosessual müddətin əsassız bərpa edilməsi və ya bu cür şəraitin yaradılması iş üzrə qarşı tərəfin (burada iddiaçıya münasibətdə başa düşülməlidir.) hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd edilən maddələrin tələbindən görünür ki, apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin Sabirabad Rayon Məhkəməsi geri qaytardığı apelyasiya şikayəti üzrə işi yenidən baxmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki məhkəmə şikayəti qaytardıqdan sonra gözləməli, cavabdeh tərəfindən yenidən şikayət verildiyi halda həmin şikayətin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun verilib-verilmədiyini yoxlamalı, daha sonra apelyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apelllyasiya instansiya məhkəməsinə göndərməli idi. Lakin məhkəmə qeyri-mümkün edilmiş və geri qaytarılmış, başqa sözlə olmayan apellyasiya şikayətini yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Beləliklə kollegiya hesab edir ki, hər nə qədər ki cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Sabirabad Rayon Məhkəməsi tərəfindən geri qaytarılmışdır və bundan sonra cavabdeh tərəfindən apelliyasia şikayəti verilməmişdir, o zaman məhkəmə olmayan apellyasiya şikayəti üzrə işə baxmaqla prosessual qanunvericiliyin tələblərini pozmuş olar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Sabirabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Sabirabad Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(056)-3/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar