Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-992/2025 24.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, İddiaçı (MMC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli 2(017)-545/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1237,75 manat əsas borc, 496,34 manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 37,34 manat olmaqla, cəmi 1771,43 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT Ağcabədi” filialı və cavabdeh arasında bağlanmış 23 *** **** saylı 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh 1,40 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsaletdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 1237,75 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Müqavilənin 2.1.4cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəriavans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 1237,75 manat əsas borcu yaranmışdır. Ağcabədi Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli 2(017)-545/2025 saylı qətnaməsi ilə (hakim Rəşad Nuriyev) iddianın qismən təmin edilməsi, Cavabdeh 1237,75 manat əsas borc, 5 manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 37,34 manat olmaqla, cəmi 1280 (min iki yüz səksən) manat 09 (doqquz) qəpik pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərək müddətin bərpa edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(017)-545/2025 saylı qərardadı ilə prosessual müddətin ötürülməmiş hesab edilməsi, Cavabdeh apellyasiya şikayətinin icraata qəbul edilərək işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİNHALLARİ: İşdə olan: 23 *** **** saylı 13 yanvar 2023-cü il tarixli xam-pambığın alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh 1,40 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Cavabdeh İddiaçı MMC-yə 1237,75 manat əsas borc, 496,34 manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 37,34 manat olmaqla, cəmi 1771,43 manat borcu vardır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən MPM-in 9-cu maddəsinin tələblərini pozmuşdur. Onun sübutlarının təqdim edilməsinə heç bir şərait yaratmadan və izahatı dinlənilmədən, yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsasən çıxarılmış məhkəmə qətnaməsi prosesin çəkişmə prinsipinin pozulması deməkdir. Belə ki, apellyasiya şikayətinə əlavə etdiyi 13 yanvar 2023-cü il tarixli 2023-cü ilin müvsüm üzrə xam-pambığın alqı-satqı müqaviləsinə dair 23 *** **** nömrəli müqaviləyə əsasən 1,40 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu "xxxx" MMC-nin "MKT-Ağcəbədi" Filialına təhvil verməyi öhdəsinə götürmüşdü. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən fors major şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən asılı olmayan ümumi sel, daşqın, zəlzələ) müqaviləyə əsasən götürülən öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün hesab edilə bilər. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən fors major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri fors major şəraitindədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə, fors major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir. Həmin şikayətə əlavə edilmiş Ağcabədi RİHB-nin aparatının 13 yanvar 2025-ci il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş arayışdan görünür ki,xx.xx.2023-cü ildə Ağcabədi rayonunun Boyad, Hacılar, Qaraxanlı, Şərəfxanlı, İmamqulubəyli, Hindarx kendləri ərazilərində dolu qeydə alınmışdır. Həmin șikayətə əlavə edilmiş Cavabdeh təşkilat – "xxxx" MMC-nin Ağcabədi filialının xx.xx.2023-cü il tarixli mütəxəssis Aktdan görünür ki, xx.xx.2023-cü ildə Ağcabədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazilərinə güclü dolu yağması nəticəsində 74.44 hektar pambıq sahəsinin 42 ha pambıq sahəsi tamamilə məhv olmuşdur. Həmin Akta əlave edilmiş "xxxx" MMC-nin Ağcabədi filialının xx.xx.2023-cü il tarixli mütəxəssis Aktına əlavə edilmiş adlı siyahıdan görünür ki, xx.xx.2023-cü ildə Ağcabədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazilerinə güclü dolu yağması nəticəsində mənə məxsus 1,40 hektar pambiq sahəsi tamamilə məhv olmuşdur. Həmçinin ona məxsus sahənin yağmış dolu nəticəsində məhv olmasını təsdiq edən video görüntüdə vardır. İşin hallarından görünüdüyü kimi birinci instansiya məhkəməsi, iş üzrə çəkişmə prinsipinə əməl etməmiş sübutarın təqdim edilməsi, șahidlərin çağırılması ilə bağlı heç bir tədbir görməmiş, heç bir şərait yaratmamışdır. İşin hallarından göründüyü kimi birinci instansiya məhkəməsi MPM-in 166 və 167-ci maddələrin tələblərinə əməl etmədən işin məhkəmədə baxılmağa hazırlanması üzrə heç bir hərəkət etmədən, cavabdehin izahat və etirazlarını dinləmədən sübutlara dair vəsatətlərinə baxmadan işin əhkəmə baxışına təyin edilməsi üçün kifayət qədər hazırlanmış hesab etməklə səhvə yol vermiş, nəticədə bütün bunlar əsassiz və ədalətsiz məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli 2(017)-545/2025 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia rədd edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 23 *** **** saylı 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh 1,40 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 1237,75 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 1237,75 manat əsas borcu yaranmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. MM-in 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli 2(017)-545/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilədə dolu yağması fors major hal kimi nəzərdə tutulmasa da, müqavilənin şərtlərini təfsir edərkən nəzərə alınmalıdır ki, dolu yağması sel və daşqının meydana gəlməsi səbəblərindəndir. Azərbaycan dilinin izahlı lüğətində “Dolu” sözü havada “donub tökülən yağmur dənələri”. Dolu yağmaq. – Gah dolu tökür, gah gurşad yağır, sel-su bir-birinə qarışır. S.Rəhimov. Əvvəl xırda, get-gedə iriləşən dolu yağdı. M.Rzaquluzadə. Dolu vurmaq, dolu döymək – dolunun zərbindən xarab olmaq, məhv olmaq. Əkinləri dolu vurdu. – [Qoca:] Bağ-bostanı vurdu dolu; Bağlanmışdır həyat yolu. A.Şaiq. Dolu kimi – 1) çox şiddətli və iri damcılarla yağan yağış kimi izahı verilmişdir. Göründüyü kimi doluya - sel-su bir-birinə qarışır, dolu döymək – dolunun zərbindən xarab olmaq, məhv olmaq - əkinləri dolu vurdu kimi izah verilməklə selə bərabər tutulmuşdur. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də Dürüstlük qaydasıdır. Bir hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Habelə MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77.1, 89.1, 124.1, 217.2, 218.1, 372, 384.0.2, 385.1, 387.1, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli 2(017)-545/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın və iddia təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-992/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-992/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver