Məhkəmə qərarları › İş №2(106)-993/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-993/2023

06.06.2023 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-993/2023 06.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün itirilmiş müddətin bərpasına (uzadılmasına) dair ərizənin geri qaytarılması barədə Laçın Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı şəxs Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün itirilmiş müddətin bərpası (uzadılması) barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Laçın Rayon Məhkəməsinin (hakim C.İbrahimov) 26 aprel 2023cü il tarixli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, ərizə, ərazi üzrə düzgün verilməmişdir. Belə ki, ərizəyə xüsusi icraat qaydasında Laçın Rayon Məhkəməsi tərəfindən deyil, iddia icraatı qaydasında notariat ofisinin yerləşdiyi yerin məhkəməsi, hazırkı halda Ağcabədi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Qərardaddan ərizəçi şikayət vermiş, şikayətin təmin edilməsini, qərardadın ləğv edilməsini və ərizəsinə Laçın Rayon Məhkəməsində baxılaraq, qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Şikayətə görə, iddiaçı Laçın rayonunun Mişni kəndindən məcburi köçkün kimi Ağcabədi rayonunda ailə üzvləri ilə birlikdə yaşayır. Birinci instansiya məhkəməsi əsassız olaraq iddia ərizəsini geri qaytarmışdır. Laçın Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM-nin və ya MPM-in) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan baxılır. Bu barədə iş üzrə tərəflərə müvafiq bildiriş göndərilmiş, 02 iyun 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və ya vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüquqlarının olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində məhkəməyə şikayətə qarşı yazılı etiraz və ya vəsatət daxil olmamışdır. Kollegiya məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İşin hallarından görünür ki, Ərizəçi mirasın qəbul edilməsi müddətinin uzadılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsibə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5-ci maddəsinə əsasən: 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. 5.3. Həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş başlaya bilərlər. Qüvvədə olan mülki prosessual qanunvericilkdə özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə şəxslərin müxtəlif mülki hüquqi müdafiə üsullarından istifadə etməsi nəzərdə tutulmuşdur. Ərizəçinin məqsədi və ya hüquqi marağı Ağcabədi rayonunda yerləşən əmlak üzrə mirasın qəbul edilməsi müddətinin uzadılmasının məhkəmə qaydasında müəyyən edilməsidir. Bununla bağlı, o, maraqlı şəxs Ağcabədi Notariat Ofisini göstərməklə iddia ərizəsi formasında deyil, mübahisəsiz hal kimi ərizə formasında məhkəməyə müraciət etmişdir. MPM-in 305-ci maddəsində məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin siyahısı verilmişdir. Həmin işlər siyahısında mirasın qəbul edilməsi müddətinin uzadılması nəzərdə tutulmamışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, mirasın qəbul edilmə müddətinin uzadılması ilə əlaqədar maraqlı şəxs iddia icraatı qaydasında, Azərbaycan Respublikasının MPM-nin 35-ci maddəsinə uyğun olaraq, cavabdehin (cavabdehlərin) yerləşdiyi yer üzrə ümumi məhkəməyə müraciət edə bilər. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və MPM-in 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Ərizəçi şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(047)-399/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar