Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-994/2024 11.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Fikrət Cilingir oğlu Hüseynov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akt əsasında yazılmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli akt əsasında yazılmış borcun silinməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda ünvan 1 ünvanda yaşayır. Xəbəri olmadan cavabdeh təşkilatın nümayəndələri elektrik enerjisindən istifadə etdiyinə görə ona əsassız olaraq 705 manat cərimə yazmışdılar. Həmişə istifadə etdiyi elektrik enerjisinə görə borcunu vaxtlı-vaxtında ödəmiş, bununla bağlı borcu olmamışdır. Xəbəri olmadan akt yazılmış, aktın surətini, həmçinin aktın yazılmasına əsas olmuş sənədləri də ona verməmişlər. İddiaçı göstərmişdir ki, 19 iyul 2023-cü il tarixli, NDM 033502 saylı akt əsassızdır. Qüsur olmuş, həmin qüsuru aradan qaldırmışdır. Bu CD diskdə olan çəkilişdə də müəyyən olunur. Səhər saat 5-də gələrək, iştirakı olmadan akt yazılmışdır. Küçəni işıqlandıran dirək evindən 5 metr aralıda yerləşir. 2019-cu ildən həmin evdə ayda 3-5 gün yaşanılmışdır. Həmin evdə elektrik enerjisindən yalnız televizor, soyuducu və evin işıqlandırılması ilə bağlı lampalar üçün istifadə edilir. Həmin evin isidilməsi üçün qətiyyən elektrik enerjisindən istifadə edilmir. Həmin evdə heç vaxt televizor, soyuducu və evin işıqlandırılması ilə bağlı lampalardan başqa elektrik enerjisindən istifadə edilməmişdir. Həmin evdə heç vaxt 1 ay müddətində yaşayış olmamışdır. Həmin evdə 1 ay müddətində yaşayış olduğu vaxt da olmuşdur. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, 19 iyul 2023-cü il tarixli, NDM 033502 saylı aktın yazılmasına səbəb iddiaçının bildirdiyi kimi küçəni işıqlandıran lampa ilə bağlı deyil. Həmin aktın yazılmasına səbəb abonentin sayğac sxemindən kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etməsi olmuşdur. Bununla bağlı video görüntü var. Həmin vaxt abonentə aid sayğacdan axan yük 0,15 amper, kənar xəttdən axan yük isə 2,9 amper olmuşdur. Akta əsasən 30 gün nəzərə alınmaqla hesabat aparılmış və 706.72 manat sərfiyyat hesablanmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi video görüntü xx.xx.2023-cü il tarixdə, yəni 19 iyul 2023-cü il tarixli, NDM 033502 saylı aktdan sonra çəkilmişdir. Küçəni işıqlandıran lampa üçün elektrik cəryanının yükü 2,9 amper ola bilməz. "xxxx" ASC təchizatı həyata keçirir, küçələrin işıqlandırılmasını həyata keçirmir. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Masallı Rayon Məhkəməsinin (hakim C.Quliyev) 01 fevral 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi” barədə iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, işin faktiki halları ondan ibarətdir ki, o, istifadə etdiyi elektrik enerjisinin dəyərini hər zaman ödəmiş, abonent olaraq öhdəliklərini vaxtında icra etmiş və aylıq ödənişləri vaxtında ödəmişdir. Həmçinin, o, həmin evdə arvadı ilə iki nəfər yaşayır və ildə müxtəlif vaxtlarda Bakı şəhərində uşaqlarının yanında qalır. O, heç vaxt sayğacdan kənar elektrik enerjisindən istifadə etməmiş və etmək niyyəti də yoxdur. Onun həyətinin kənarında daş hasar və onun yanında elektrik dirəyi mövcuddur. Əvvəllər həmin dirəkdə küçə işıqlandırılması lampaları işləmiş, sonradan dayandırılmışdır. Bundan sonra onun müraciəti əsasında həmin dirəklərə işıq verilmiş və aşağı hissədə açar qoyulmuşdur. Həmin işığı da Azərişıq ASC-nin əməkdaşları çəkmişlər. Daha sonra həmin küçə işıqlarını onun sayğacına bağlamışlar, lakin o yenidən müraciət etdikdən sonra onun sayğacından ayrılmış və ümumi istifadədə olan dövlətin xəttinə birləşdirilmişdir. Ümumiyyətlə onun evinə kənar xəttin daxil olması barədə heç bir sübut yoxdur. Məhkəmə işin faktiki hallarını düzgün araşdırmamışdır. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, obyektdə xəttdən kənar işıq enerjisindən istifadə olunur. Bununla bağlı video çəkilişlər qeyd olunub. Onu da qeyd edir ki, həmin çəkilmiş xətlərdən əlavə xətlər də çəkilə bilər. Yay mövsümündə enerji daha çox istifadə olunur. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və onun iştirakı olmadan işə baxılıb şikayətinin təmin olunmasını xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsnin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən cavabdeh İddiaçı kənar elektrik xəttindən istifadəsinə görə akt tərtib edilmişdir. Surəti iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, NDM 033502 saylı aktda göstərilir ki, abonent sayğac sxemindən kənar xəttdən istifadə edir. Kənar xətt naqilinin en kəsiyinin ölçüsü 2x10 mm alüminium naqildir. Akt "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin mühəndisləri E.Məmmədov və N.Qurbanov tərəfindən imzalanmış, aktın “Abonentin nümayəndəsi” qrafasında “İştirak etmədi” qeyd edilmişdir. Birinci instansiya məhkəməsində iddiaçı tələbini dəqiqləşdirmiş (tələbin həcmini artırmış), qanunsuz tərtib edilmiş aktın da etibarsız hesab edilməsini xahiş etmiş, məhkəmə həmin ərizəni qəbul etmişdir. MPM-in 53-cü maddəsinin tələbinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Birinci instansiya məhkəməsi iddia tələbinin həcmini artırmaq barədə ərizəni məhkəmənin hazırlıq mərhələsində qəbul etməli olduğu halda hazırlıq mərhələsindən sonra qəbul etmiş, bununla da mülki prosessual qanunvericiliyin tələbini pozmuşdur. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı akt əsasında yazılmış cərimənin silinməsini tələb etsə də iddiaçının hüquqi marağı akt əsasında yazılmış borcun qanunsuz sayılmaqla silinməsindən (ləğv edilməsindən) ibarətdir. Ona görə də işə borcun qanunsuz sayılmaqla silinməsi tələbi əsasında baxılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, akt düzgündür, ərizəçinin kənar xəttdən istifadə etməsi müəyyən olunub. Odur ki, iddianı rədd etmişdir. Kollegiya hesab edir ki, aktın etibarsız hesab edilməsi tələbini təmin etməməklə məhkəmə prosessual qanunvericiliyin tələblərini pozduğuna görə qətnamə qanunsuz olduğundan ləğv edilməlidir. Mahiyyətcə məhkəmə akt əsasında yazılmış borcun hesablanmasını düzgün saymışdır. Beləliklə, iddiaçının tələbi borcun onun hesabından silinməsidir. Mahiyyətcə "xxxx" ASC iddiaçının abonent hesabına qanunsuz qoşulma nəticəsinə ziyan məbləği hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (Maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya qeyd edir ki, cavabdeh Şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəli əlaqənin olmasını sübuta yetirmək "xxxx" ASC-nin üzərindədir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.17-1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Kollegiya borcun silinməsinin rədd edilməsi hissədə məhkəmənin mövqeyini tam olaraq əsaslı saymır və hesab edir ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Əvvəla, akt əsasında tələb edilən məbləğ cərimə deyil. Tələb edilən məbləğ sayğacdan kənar qoşulma olduğuna görə gündəlik orta sərfiyyatla hesablanmış borc (ziyan) məbləğidir. Akt üzrə borc bir aylıq orta sərfiyyat nəzərə alınmaqla hesablanmışdır. Həmin müddət gündəlik 24 saat ərzində olmaqla 2023-cü ilin iyul ayı üçün olan dövrü əhatə edir. Cavabdeh iddiaya etirazında sözügedən borcun küçəni işıqlandıran lampa üçün olmadığını bildirsə də konkret olaraq hansı cihazlar üçün yazıldığını da qeyd etməmişdir. Bununla yanaşı, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının hesabında aktın yazıldığı müddət üzrə həm də sayğac üzrə borc hesablanmışdır. Belə ki, iddiaçıya məxsus hesabdan çıxarışdan bəlli olur ki, 2023-cü iln aprel, may, iyun, iyul ayları üçün sayğac üzrə müvafiq olaraq, 19,52 manat, 20,40 manat, 10,72 manat və 18,80 manat borc hesablanmış və ödənilmişdir. Başqa sözlə, iddiaçının hesabında 2023-cü ilin iyul ayı üçün olan müddət üzrə həm sayğac üzrə, həm də akt üzrə (24 saat müddət nəzərə alınmaqla) borc hesablanmışdır. Bu isə sağlam məntiqə görə doğru hesab edilə bilməz. Birinci instansiya məhkəməsi bu hala düzgün qiymət verməmişdir. Kollegiya hesab edir ki, həm tərtib edilmiş akt üzrə, həm də sayğac üzrə borcun hesablanması (2 qat hesablanma) əsaslı sayıla bilməz. Bu baxımdan akt üzrə hesablanan borc məbləği sayğac üzrə hesablanan məbləğ (18,80 manat) hissədə ləğv edilməli və iddiaçının hesabından silinməlidir. Beləliklə, Kollegiya hesab edir ki, maddi və prosessual hüquq normaları pozulduğundan birinci instansiya məhkəməsi qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Azərişıq” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 19 iyul 2023-cü il tarixli, NDM 033502 nömrəli akt əsasında hesablanmış 18,80 manat məbləğində borc İddiaçı abonent hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda silinməsi tələb edilən borcun ümumi məbləği beş min manatdan azdır. Ona görə də hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(050)-220/2024 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 19 iyul 2023-cü il tarixli, NDM 033502 nömrəli akt əsasında hesablanmış 18,80 manat məbləğində borc İddiaçı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-994/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-994/2024
11.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver