Məhkəmə qərarları › İş №2(106)-994/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-994/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-994/2025 19.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «öhdəlik üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-498/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı «öhdəlik üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi» barədə iddia verərək, Cavabdeh 3567.00 (üç min beş yüz altımış yeddi) manat əsas borc, 714.00 (yeddi yüz on dörd) manat cərimə borcu, 109.22 (yüz doqquz manat iyirmi iki qəpik) manat real zərər olmaqla ümumilikdə 4390.22 (dörd min üç yüz doxsan manat iyirmi iki) manat borcun və ödənilmiş dövlət rüsumunun alınıb İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli B-053-SA-24 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW9P3197863), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən ilkin ödəniş edilmədən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh dəyəri 71,340.00 (yetmiş bir min üç yüz qırx) manat müəyyən edilən avtomobilin dəyərini xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1189.00 (bir min bir yüz səksən doqquz) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş öhdəliklərini icra etməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra heç bir ödəniş etməmiş, gecikmələr barədə əməkdaşlarımız tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh öhdəliklərinin icrasından, həmçinin avtomobili qaytarmaqdan boyun qaçırmışdır. Bununla bağlı Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, üç ay müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli B-053-SA-24 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Öhdəliklərini icra etməməməsi səbəbindən cavabdehə Skoda Kamiq 1.6 MPİ markalı, 77YL743 dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və X4 tərəfindən saxlanıldıqdan sonra, nəqliyyat vasitəsi müvafiq duracaqdan xx.xx.2024- cü il tarixində rəsmi servis mərkəzə gətirilmişdir və cavabdehdən avtomobilin təhvil-təslim alınması mümkün olmamışdır. Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024- cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün təmir xərci 109.22 (bir min sıfır doqquz manat iyirmi iki qəpik) manat müəyyən edilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində İddiaçı MMC-yə real zərər dəymişdir. Eyni zamanda Baxış aktı ilə avtomobilin yürüşü müəyyən edilmiş və faktiki vəziyyəti nəzərə alınmaqla avtomobilin ilinə, yürüşünə (10130 km) və bazar qiymətlərinə uyğun olaraq 15% dəyərdən düşmüşdür. Eyni zamanda tərəflər arasında müqavilə imzalandığı tarixdən xx.xx.2024-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə icra edilməmiş öhdəliyi olan üç ayın ödənilməmiş məbləği, yəni 3,567.00 (üç min beş yüz altmış yeddi) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən ödənişlərin edilməməsi nəticəsində hesablanmış cərimələr də daxil olmaqla, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 714.00 (yeddi yüz on dörd) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində cavabdehin İddiaçı MMC qarşısında ümumilikdə 4,390.22 (dörd min üç yüz doxsan manat iyirmi iki qəpik) manat miqdarında zərər və borc öhdəliyi yaranmışdır. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə qarşı cavabdeh tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, , hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsində icraat Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-498/2025 saylı qətnaməsi (hakim Ş.Meybullayeva) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 774 manat cərimə borcu, 109.22 manat dəymiş zərər olmaqla, ümumilikdə 883.22 (səkkiz yüz səksən) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutulub İddiaçınə ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli B-053-SA-24 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ilkin ödəniş 0 manat ödəməklə, 60 ay müddətində, hər ay 1189 manat ödəmək şərti ilə ümumi dəyəri 71340 (yetmiş bir min üç yüz qırx) manat olan Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW9P3197863), yeni və yürüşü 0 km olan avtomobili 03 il zəmanətlə almışdır. İş üzrə İddiaçı MMC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, avtomobili cavabdehin mülkiyyətinə vermiş, lakin cavabdeh müqavilə üzrə əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyini icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. İddiaçı müqaviləyə birtərəfli qaydada xitam vermiş və alqı-satqı müqaviləsinin predmeti olan əşyanı qaytarmışdır. İddiaçı hazırda, nisyə alqısatqı müqaviləsi üzrə razılaşdırılmış hissə-hissə ödənişlərin müqavilənin qüvvədə olduğu müddətdə ödənilmədiyi əsas və faiz hissəsini, həmçinin avtomobilə dəymiş real zərəri tələb edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nisyə alqı-satqı müqaviləsinin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı müqavilə üzrə müəyyən olunan malın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan müqavilə üzrə müəyyən olunan malı almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyini yerinə yetirməmişdir. Bu halda satıcı alıcıdan əşyanın qaytarılmasını və ya ödənilməsini tələb edə bilərdi ki, iddiaçı isə nisyə-alqı müqaviləsini birtərəfli qaydada ləğv etmiş, həmçinin alıcıya vermiş olduğu etibarnaməni ləğv etməklə əşyanı qaytarmışdır. Belə olduğu təqdirdə iddiaçının nisyə alqı-satqı müqaviləsinin qüvvədə olduğu müddət üçün ödənilməyən əsas borcu tələb etməsi əsassızdır və iddia bu hissədə təmin edilə bilməz. Belə ki, Mülki Məcəllə imperativ qaydada alıcı tərəfindən əşyanı ödəmək vəzifəsinin yerinə yetirilmədiyi halda satıcıya iki hüquq verir: əşyanın qaytarılması və dəymiş ziyanın ödənilməsini tələb etmək və ya əşyanın dəyərinin və dəymiş ziyanın ödənilməsini tələb etmək. İddiaçı tərəfindən öhdəliyin icra edilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 714.00 (yeddi yüz on dörd) manat məbləğində dəbbə pulunun və dəymiş real zərərin tələb edilməsinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək Mülki Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödəməlidir. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.5-ci maddəsində isə qeyd edilmişdir ki, “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməli, gecikdirilən hər gün üçün isə X2 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Göründüyü kimi, tərəflər Mülki Məcəllənin müvafiq normasına zidd olmayan şərtlə bağlı razılığa gəlmişlər, bu səbəbdən gecikdirilmiş cərimə borcunun tələb edilməsi əsaslıdır. Həmçinin, alıcının avtomobili istifadə etməsi nəticəsində avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün iddiaçı tərəfindən xərc çəkilmişdir ki, həmin xərcin tələb edilməsində haqlıdır. Belə ki, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi ona dəymiş zərəri ehtiva edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 64 manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Ümumilikdə məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 774 manat cərimə borcu, 109.22 manat dəymiş zərər olmaqla, ümumilikdə 883.22 (səkkiz yüz səksən) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutulub İddiaçınə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respubliası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.2, 390.5, 425.1, 427.3, 445.2.1, 442, 462.1, 567.1, 600.1, 600.4, 600.5, 601.1, 601.2, maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi, “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bənd Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart2023-cü il tarixli qərarında deyilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. İddiaçı MMC tərəfindən təqdim edilən maliyyə arayışından və nümayəndəmizin çıxışından da görünür ki, cavabdeh aylıq ödənişləri etməmiş, uzun müddətli gecikmələrə yol vermişdir. İddiaçı borcu və cərimələri hesablayarkən avtomobilin cavabdehin istifadəsində olduğu müddət nəzərə alınmış və bu hesablamalar avtomobilin cavabdehin istifadəsində olduğu müddəti əhatə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə Mülkiyyət hüququ - subyektinona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 606-cı maddəsində nisyə alqı-satqının ümumi alqı-satqı müqaviləsinin xüsusi bir şərti olaraq olaraq çıxış edir və ümumi alqı-satqıya aid olan tələblərdən fərqli olaraq, alıcı üçün imperativ olan tələblər qeyd olunur. Belə ki, Mülki Məcəllənin 606.1-ci maddəyə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Məhkəmə tərəfindən dəbbə məbləğini təmin edilərkən həmin dəbbə məbləğinin iddiaçının tələb etdiyi və məhkəmənin qətnaməsi ilə təmin edilməyən əsas borca aid edilməsi özü özlüyündə birinci instansiya məhkəməsi tərəfindən əsas borc olaraq iddiaçıya 3 ayın məbləğinin ödənilməməsini ehtiva edir, lakin əsas borcun təmin edilməməsi qətnamədə məhkəmənin mövqeyində də ziddiyyət yaradır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21-ci (əldən çıxmış fayda) və 399.3-cü maddələrini nəzərə almamış və iddiaçıya dəyəcək zərərin əhatəsini heç bir əsas olmadan çərçivəyə salmışdır. Apellyasiya şikayətinin təmin edilərək, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-498/2025 nömrəli qətnaməsi əsas borc olan 3,567.00(üç min beşyüz altmış yeddi) manat tələbin təmin edilməməsi hissəsində dəyişdirilməsini və "xxxx" MMCnin iddiasının tam təmin edilməsini, eyni zamanda ödənilmiş dövlət rüsumlarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmə iclasının iddiaçının vəkilinin kursa cəlb edilməsi əsası ilə təxirə salınmasına əsas ola bilməz. Belə ki, İddiaçı MMC öz nümayəndəsi və ya başqa vəkillə məhkəmə iclasında təmsil oluna bilərdi. Hal-hazırda məhkəmə iclasının yuxarıda qeyd edilən əsasla təxirə salınması yolverilməz olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə iddiaçının (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator apellyasiya şikayətinin təmin edilərək, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-498/2025 nömrəli qətnaməsi əsas borcolan 3,567.00(üç min beşyüz altmış yeddi) manat tələbin təmin edilməməsi hissəsində dəyişdirilməsini və "xxxx" MMC-nin iddiasının tam təmin edilməsini, eyni zamanda ödənilmiş dövlət rüsumlarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-498/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, mülki iş üzrə Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-498/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı Cavabdeh qarşı «öhdəlik üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi» barədə iddia verərək, Cavabdeh 3567.00 (üç min beş yüz altımış yeddi) manat əsas borc, 714.00 (yeddi yüz on dörd) manat cərimə borcu, 109.22 (yüz doqquz manat iyirmi iki qəpik) manat real zərər olmaqla ümumilikdə 4390.22 (dörd min üç yüz doxsan manat iyirmi iki) manat borcun və ödənilmiş dövlət rüsumunun alınıb İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı müqavilə üzrə müəyyən olunan malın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan müqavilə üzrə müəyyən olunan malı almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyini yerinə yetirməmişdir. Bu halda satıcı alıcıdan əşyanın qaytarılmasını və ya ödənilməsini tələb edə bilərdi ki, iddiaçı isə nisyə-alqı müqaviləsini birtərəfli qaydada ləğv etmiş, həmçinin alıcıya vermiş olduğu etibarnaməni ləğv etməklə əşyanı qaytarmışdır. Belə olduğu təqdirdə iddiaçının nisyə alqı-satqı müqaviləsinin qüvvədə olduğu müddət üçün ödənilməyən əsas borcu tələb etməsi əsassızdır və iddia bu hissədə təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşan, apellyasiya şikayətininin dəlilləri ilə razılaşmayan məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, qüvvədə olan Mülki Məcəllə (MM) müqaviləyə rəsmi anlayış vermişdir (maddə 389.). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (maddə 389.1.). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (maddə 389.2.). Eyni zamanda qanunun tələbinə görə, əgər qanunda ayrı qayda nəzərdə tutulmadığı hallarda müqavilədən əmələ gələn öhdəliklərə öhdəlik haqqında ümumi müddəalar tətbiq edilir (maddə,389.3.). Qanun müqavilə azadlığını müəyən etmişdir, yəni fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya, onun məzmununu müəyyənləşdirə bilər, onlar qanunda nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilər (maddə 390.1.). Bununla belə, qanun bu prinsipdən istisnalar da nəzərdə tutumuşdur, belə ki, könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduqda və qanunda birbaşa nəzərdə tutulmuş hallarda müqavilə bağlamaq vəzifə olaraq məcburi olur (maddə 390.3.). İş materiallarında olan (səhifə 6) avtomobil alqı-satqısı üzrə xx.xx.2024-cü il tarixli B-053-SA-24 saylı müqavilədən göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW9P3197863), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsinin alqı-satqısına dair razılaşma olmuşdur. Lakin İddiaçı MMC tərəfindən nəzərə alınmamışdır ki, bir qayda olaraq fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin ( avtomobilin satışı üzrə alqı-satqı müqaviləsi ) etibarlı olması üçün onların notarial qaydasında təsdiqlənməsi tələb olunur. Avtomobil alqı-satqısı da məhz belə əqdlərdəndir. Çünki avtomobil dövlət qeydiyyatına alınır, sahibliyin dəyişməsi hüquqi nəticələr doğurur, əqdin notarial təsdiqi vasitəsilə hər iki tərəfin iradəsi rəsmi şəkildə təsdiqlənir və hüquqi mübahisələrin qarşısı alınır. Notarial qaydada təsdiq olunmanın əsas məqsədi hüquqi qeyri-müəyyənlikləri aradan qaldırmaq, hüquq münasibətlərinin sabitliyini təmin etmək və əqdlərin hüquqi qüvvəsini artırmaqdır. Beləliklə, avtomobilin alqı-satqısına dair müqavilənin notarial qaydada təsdiq olunmaması, onun əhəmiyyətsiz əqd kimi tanınmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıda qeyd olunduğu kimi əqd arzu olunan hüquqi nəticələri əmələ gətirən iradə ifadəsidir və burada “arzu olunan hüquqi nəticə” ifadəsi həmin əqd üzrə haqq və öhdəlikləri əmələ gətirməkdir. Buna görə də “”etibarsız əqd hüquqi nəticələrə səbəb olmur” ifadəsi, həmin əqd üzrə haqq və öhdəlik/vəzifənin əmələ gəlmədiyini bildirir. Əhəmiyyətsiz əqd üzrə tərəflərin mövqeyi əvvəlki vəziyyətinə qaytarılmalıdır. İşin hallarından da göründüyü kimi cavabdehin istifadəsində olan Skoda Kamiq 1.6 MPİ markalı, 77YL743 dövlət qeydiyyat nömrəli avtomobil iddiaçı Skaz Autohouse” MMC-ə qaytarılmışdır. Tərəflər əvvəlki vəziyyətə gətirildiyindən əhəmiyyətsiz əqdin nəticələri aradan qalxmış hesab olunur. Məhkəmə tərkibi qeyd edir ki, əhəmiyyətsiz əqd hüquqi nəticələr doğurmadığından bu əqd əsasında heç bir hüquq və vəzifə yarana bilməz. O müqavilədən irəli gələn heç bir öhdəlik hüquqi qüvvəyə malik ola bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilə bilməz. Apellyator apellyasiya şikayətində qeyd etmişdir ki, daşınar əmlaka dair hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Lakin hal-hazırda Mülki Məcəllənin 606.1-ci maddəyə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına istinad edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Yəni müqavilə ləğv olsa belə Cavabdeh ödəmədiyi ödənişlərə görə cavabdehdir. Göründüyü kimi iddiaçı tərəf məhz yuxarıda qeyd edilən qanunvericiliyə əsasən xx.xx.2024-cü il tarixli B-053-SA-24 saylı müqavilə bağlamış, İddiaçı MMC ilə Cavabdeh arasında Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW9P3197863), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsinin alqı-satqısına dair razılaşma olmuşdur. Cavabdeh yuxarıda qeyd edilən müqavilənin şərtlərini pozduğuna görə iddiaçı tərəf Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW9P3197863), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsini cavabdehdən geri almışdır. Yəni Mülki Məcəllənin 606.1-ci maddəsi iddiaçı tərəfə öhdəliyi yerinə yetirmədiyi üçün Cavabdeh hər ay üçün müəyyən edilmiş, 1189 manat ümumilikdə 3567.00 (üç min beş yüz altımış yeddi) manat əsas borc məbləğinini tələb etmək hüququnu tanımamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı müqavilə üzrə müəyyən olunan malın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan müqavilə üzrə müəyyən olunan malı almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyini yerinə yetirməmişdir. Bu halda satıcı alıcıdan əşyanın qaytarılmasını və ya ödənilməsini tələb edə bilərdi ki, iddiaçı isə nisyə-alqı müqaviləsini birtərəfli qaydada ləğv etmiş, həmçinin alıcıya vermiş olduğu etibarnaməni ləğv etməklə əşyanı qaytarmışdır. Belə olduğu təqdirdə iddiaçının nisyə alqı-satqı müqaviləsinin qüvvədə olduğu müddət üçün ödənilməyən əsas borcu tələb etməsi əsassızdır və iddia bu hissədə təmin edilə bilməz. Bundan başqa apellyator apellyasiya şikayətində birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 21-ci (əldın çıxmış fayda) və 399.3-cü maddələrini nəzərə almadığını qeyd etmişdir. Vurğulanmalıdır ki, İddiaçı Cavabdeh qarşı «öhdəlik üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi» barədə iddia qaldıraraq, Cavabdeh 3567.00 (üç min beş yüz altımış yeddi) manat əsas borc, 714.00 (yeddi yüz on dörd) manat cərimə borcu, 109.22 (yüz doqquz manat iyirmi iki qəpik) manat real zərər olmaqla ümumilikdə 4390.22 (dörd min üç yüz doxsan manat iyirmi iki) manat borcun və ödənilmiş dövlət rüsumunun alınıb İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yəni iddiaçı tərəf iddia tələbində əldın çıxmış faydaya münasibətdə hər hansı bir iddia tələbi ilə çıxış etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci İnstansiya Məhkəməsi iddia ərizəsini icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Lakin iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən əldən çıxmış faydanın nəzərə alınmadığını qeyd etmiş və bu halı mübahisələndirmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə əsəsən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Bu norma aydın şəkildə bildirir ki, apellyasiya instansiyası yalnız birinci instansiyada qoyulmuş əvvəlki tələblər çərçivəsində işə baxa bilər. Bu, o deməkdir ki, apellyasiya şikayətində yeni tələblər qaldırıla bilməz. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, mülki iş üzrə Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)- 498/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-498/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar