Məhkəmə qərarları › İş №2(106)-999/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-999/2025

22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-999/2025 22.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X12 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X5 cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndə Notariat ofisinə qarşı “alğı-satqı müqaviləsinin ləğvi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-85/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndə Notariat ofisinə qarşı “alğı-satqı müqaviləsin ləğvi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixdə Kürdəmir rayonu, Sığırlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 308.2, yaşayış sahəsi 73 m2, yardımçı sahəsi 235.2 m2 olan 3 otaqlı fərdi yaşayış evinin alğı-satqısına dair bağlanmış AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2009-cu ildə Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən 150.000 manat dəyərində olan evini Beynəlxalq banka girov qoyub, 20 000 ABŞ dolları məbləğində qardaşı Müşviqin adına kredit götürmüşdür. Həmin vaxt "ABB”-nin Kürdəmir filialının müdiri Elşən Sərdərov olmuşdur. İddiaçı qardaşı Müşviqin adına götürdüyü krediti 18 ay müddətində tam ödəmiş, təkrarən 2011-ci ildə ona pul lazım olduğu üçün yenidən Elşənə müraciət etmişdir. X14 imzası olmadan yenidən 27 000 ABŞ dolları kredit məbləğdən 3000 ABŞ özünə “şapka" kimi özünə götürərək iddiaçıya 24 000 ABŞ dolları vermişdir. İddiaçı hər ay kredit pulunu RF-dan Elşənə göndərmiş, xx.xx.2012ci il tarixə qədər onun 8063 ABŞ dolları borcunun qalmışdır. Həmin pulun yerinə 2 illik 3 ədəd - qohumları qaynatası X6, anası X7 və qardaşı X1 pensiya kartını bankda girov qoyaraq kredit borcundan çıxılmışdır. İddiaçı 2014-cü ilin sonlarında Azərbaycanda yaşamadığı üçün və pula ehtiyacı olduğu üçün (həmin ərəfədə banka 5900 ABŞ dolları borcu qalmışdı) evi satmaq qərarına gəlmişdir. Evi həmkəndlisi Cavabdeh1 almaq istədiyini bildirmiş və tərəflər 64000 ABŞ dolları məbləğində alğı-satqıya (həmin vaxt 50 000 AZN) razılaşmışlar. Həmin ərəfədə iddiaçı Cavabdeh1 torpağından boru xətti keçdiyinə görə kompensasiya veriləcəyini, lakin pulun verilməsinin gecikdirildiyi barədə məlumatlı idi. Çox maraqlıdır ki, xx.xx.2015-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında "satılmış" əmlaka, xx.xx.2014-cü ilin dekabr ayında iddiaçı guya “ABB”-nin Kürdəmir filialının keçmiş müdiri Elşən Sərdərova məktubla müraciət edərək cavabdehə evə köçməsinə icazə verməsi ümumiyyətlə şübhəlidir. Çünki iddiaçı heç vaxt elə müraciət etməmişdir. 2015-ci ilin yanvar ayında iddiaçı pula ehtiyacı olduğu üçün evin pulundan götürmək şərti ilə Elşəndən borc pul istəsə də, Elşən pulun olmadığını söyləmişdir. xx.xx.2015-ci il tarixdə Elşən ona zəng edərək evi alan Cavabdeh1 ilə banka gəlmələrini söyləyərkən, o, Gülnazın pulunun gəldiyini fikirləşsə də, lakin Elşən ona Gülnazın öz işi ilə bağlı gəlməsini bildirmişdir. Səhəri gün iddiaçı banka gələrkən Elşənin ona yalnız 5100 manat verə biləcəyini bildirmiş, o da pula ehtiyacı olduğu üçün razılaşmışdır. Bankda müəyyən sənədlərə imza edəndən sonra onu şəxsiyyət vəsiqəsini təsdiqlətmək üçün Elşən onu yaxınlıqdakı notariusa göndərmişdir. İddiaçı notariusa gedib orada bilmədiyi sənədlərə imza edib geri banka qayıtdıqdan sonra 5100 manat Elşəndən götürmüş və RF-yə getmişdir. Elşən ona pulu verərkən Cavabdeh1 evin pulunu verəndə kredit borclarını bağlayacağını və qalan pulu da ona verəcəyini söyləmişdir. Bir müddət sonra, yəni 2015-ci ilin aprel ayında iddiaçı Cavabdeh1 Elşən Sərdərova pulu ödədiyini bilərək pulun dalınca Azərbaycana gəlmişdir. O, Elşənin yanına gedərək yerdə qalan məbləği, yəni 59 000 ABŞ dolları ondan istəyərkən Elşən ona "nə pul, evi satıb pulu almısan!" söyləmiş, etiraz etmək istəyərkən onunla kobud danışaraq onu bankdan qovmuşdur. Bundan sonra iddiaçı Sığırlı kəndindəki evə gəlmiş və Cavabdeh1 pulunu tələb edərkən öyrənmişdir ki, xx.xx.2015-ci il tarixdə Gülnaz kompensasiyanı aldıqdan sonra Kürdəmir rayon Sığırlı icra nümayəndəsi mərhum Eyyub Əmirovun və cavabdehin qızı Ağayeva Şəhnazın yanında 64 000 ABŞ dollarını 50 000 AZN-ə dəyişərək “ABB”-nin Kürdəmir filialının müdiri Elşən Sərdərova vermişdir. Elşən Sərdərov da öz növbəsində iddiaçıya məxsus evin sənədlərini cavabdehə vermişdir. Maraqlıdır ki, alğı-satqı ilə bağlı tələb olunan sənədlər tam olmadığı halda Kürdəmir rayon notariat kontorunun xüsusi notariusu X8 evin alğı-satqısını necə sənədləşdirib. Həmçinin xx.xx.2015-ci il AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsində iddiaçı ilə cavabdehin təsdiqedici şəkilləri notariat ofisində deyil, “ABB”-nin Kürdəmir filialının binasında çəkilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək evinin satılmasını bilmədən sənədlərə imza etdiyini, əslində evini satmaq istəmədiyini, həmçinin evin satışından əldə olunan pulun ona verilmədiyini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-85/2025 nömrəli qətnaməsi ilə (Hakim: Rahid Mehdiyev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndə Notariat ofisinə qarşı xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli Kürdəmir rayonunun Sığırlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 308.2, yaşayış sahəsi 73 m2, yardımçı sahəsi 235.2 m2 olan 3 otaqlı fərdi yaşayış evinin alğısatqı müqaviləsinin ləğv edilməsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı mülki işi araşdırarkən qeyd edir ki, iddiaçının razılığı ilə mübahisəli ev satılmış və burədə iş materiallarında xx.xx.2015-ci il tarixdə Kürdəmir rayon notariat kontorunda iddiaçıya mübahisəli evin alğı-satqısı zamanı 64000 ABŞ dolları, ovaxtkı kursla 50000 manat məbləğində pul, müqavilə onun tərəfindən təsdiq olunduqdan sonra depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələbləri ona izah edilib. Birinci instansiya məhkəməsi öz qətnaməsini iş materiallarında olan 13 fevral 2015-ci il tarixli 14 vərəqdən ibarət notariat işi və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ciil tarixli, 2(041)-712/2018-ci il qətnaməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-550/2019 saylı qətnaməsi və iş materiallarında olan xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Kürdəmir RPŞ-nin qərarıdır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdırarkən diqqət etməli olduğu bəzi məsələləri ya gözdən qaçırmış, ya da ki diqqət etməmişdir. Belə ki, Cavabdeh1 mübahisəli evi 50 000 manat məbləğində alır və həmin pul ona özünə məxsus torpaq sahəsindən keçən boru xəttinə görə ödənilmiş kompensasiyadır. Maraqlıdır, Cavabdeh1 hesabına kompensasiya məbləği nə vaxt və hansı miqdarda oturmuşdur? xx.xx.2015-ci ilin alğı-satqı ilə bağlı notariat işində İddiaçı mülkiyyətində olan xx.xx.2010-cu il tarixli, **********8 qeydiyyat nömrəli və reyestr nömrəsi **********20-10301 nömrəli çıxarışı olan 0.12 ha torpaq sahəsi və orada yerləşən ümumi sahəsi 308.2 kv.m, yaşayış sahəsi 73 kv.m, yardımçı sahəsi 235.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evi 20 000 ABŞ dolları qarşılığında ipoteka girovluğundadır. 50 000 manat İddiaçı tərəfindən götürülübsə, bəs bankın girovluğunda əmlak necə və hansı formada girovdan çıxıb? Kredit borcu hansı formada və kim tərəfindən bağlanılıb, bunu təsdiq edən arayış, yəni kredit borcunun tam bağlanması ilə bağlı arayış kimin adına verilib? xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsində (AN-İ №0476798) əmlakın yüklü olmasından başqa diqqəti çəkən “müqavilə notariat qaydasında təsdiq olunduqdan sonra Zeynalova X umar Mirzağa qızı xx.xx.2010 tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür” dedikdə notariat orqanının alğı-satqı müqaviləsini hansı formada, necə və hansı qaydada bağlaması şübhəlidir; xx.xx.2015-cil tarixli ərizədə Cavabdeh1 ilə İddiaçı arasında daşınmaz əmlakın 50 000 manata alğı-satqısı ilə bağlı razılaşma vardır. Və maraqlı olan bir məqam da ondan ibarətdir ki, ABB-nin Kürdəmir filialının müdiri E.A.Sərdarov Kürdəmir rayon Notariat kontoruna xx.xx.2015-ci il tarixdə bu formada “Azərbaycan Beynəlxalq Bankının Kürdəmir filialı bildirir ki, Kürdəmir rayonu Sığırlı kəndində yaşayan İddiaçı, bankın girovunda olan, ona məxsus Kürdəmir rayonu Sığırlı kəndində yerləşən fərdi yaşayış evini Cavabdeh1 satmasına razılığımızı bildiririk” deməklə söhbətin hansı məbləğdə olan girovdan getməsini bildirmir və həmçinin həmin kreditin kim tərəfindən və necə ödənilməsindən və evin girovdan azad olmasını sübut edən hər hansı bir arayış təqdim olunmur. Çünki bütün sənədlərdə 50 000 manatın İddiaçı tərəfindən imza ataraq şəxsən götürdüyü qeyd olunur. ABB xx.xx.2014-cü il tarixdə İddiaçı ünvanladığı məktubda “X9 filialı yazıb Sizin xx.xx.2014-cü il tarixli ərizənizə əsasən bildirir ki, Sizə məxsus və bankın girovunda olan evinizi həmkəndliniz Cavabdeh1 satmağınızla əlaqədar olaraq və bu alğı-satqı işinin 2015-ci ilin yanvar ayında baş tutmasını nəzərə alaraq alıcı Cavabdeh1 həmin evə köçməsinə və yaşamasına heç bir etiraz etmirik” verdiyi cavabda əvvəlcədən alğı-satqının baş tutmasını haradan bilirdi? Araşdırılmalı olan məsələlərdən biri Cavabdeh1 hesabına 50 000 manat pul hansı tarixdə köçürülməsi və hansı müddətdən sonra İddiaçı tərəfindən götürülməsi və kredit borcunun miqdarı və bağlanması ilə bağlı sübut vasitəsi olan ödəniş qəbzinin olmaması da maraqlıdır. Buna görə də yuxarıda göstərilən məqamlar Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-85/2025 saylı qətnaməsi ilə İddiaçı iddia tələbinin təmin olunmaması əsassızdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-85/2025 saylı qətnaməsini ləğv edərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-85/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-85/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2ndə Notariat ofisinə və üçüncü şəxslər X10 və X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri həddində Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-85/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.2-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-85/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” İşin hallarından görünür ki, Kürdəmir rayonu Sığırlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 308.2 kv/m, yaşayış sahəsi 73 kv/m, yardımçı sahəsi 235.2 kv/m olan 3 otaqlı fərdi yaşayış evi Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış, həmin fərdi yşayış evi xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 50000 manat müqabilində Cavabdeh1 satılmışdır. İddia tələbindən görünür ki, İddiaçı alğı-satqı müqaviləsi bağlanarkən aldadıldığını, əslində, evi satmaq istəmədiyini, evin alğı-satqısı zamanı ödənilmiş 50000 manat pul vəsatinin ona verilmədiyini bildirərək müqavilənin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş edir. İddiaçı apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, o, fərdi yaşayış evini xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 50000 manat müqabilində Cavabdeh1 satsa da, ona ödənilməli olan 50000 manat pul ona verilməmişdir (iddiaçı iddia ərizəsində evi satmaq istəmədiyini bildirsə də, apellyasiya baxışı zamanı evi öz iradəsi ilə, könüllü şəkildə cavabdehə satdığını, lakin evin dəyəri olan 50000 manat pulun ona verilmədiyini göstərmişdir). Eyni zamanda, birinci instansiya məhkəməsi iddianı rədd edərkən 50000 manat pulun onun tərəfindən götürülməməsini sübut edən, xx.xx.2015-ci il tarixdə Cavabdeh1 tərfindən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının sədrinə ünvanladığı məktubu nəzərə almamışdır. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Kürdəmir rayon notariat kontorunun xüsusi notariusu X4 İddiaçı və Cavabdeh1 tərəfindən ünvanlanmış ərizədən görünür ki, Kürdəmir rayonu Sığırlı kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 308.2 kv/m, yaşayış sahəsi 73 kv/m, yardımçı sahəsi 235.2 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin 50000 manata Cavabdeh1 satılması barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə Kürdəmir rayon notariat kontorunun xüsusi notariusu X4 Cavabdeh1 tərəfindən yazılmış ərizədən görünür ki, Kürdəmir rayon Sığırlı kəndində qeydiyyatda olan İddiaçı ilə İddiaçı məxsus olan Kürdəmir rayon Sığırlı kəndində yerləşən fərdi yaşayış evinin 50000 manata ona satılması barədə razılığa gəlmişlər. Həmin məbləğin müvafiq müqavilə onun tərəfindən təsdiq edildikdən sonra depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələbləri ona izah olunmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə Kürdəmir rayon notariat kontorunun xüsusi notariusu X4 İddiaçı tərəfindən yazılmış ərizədən görünür ki, Kürdəmir rayon Sığırlı kəndində qeydiyyatda olan Cavabdeh1 ilə İddiaçı məxsus olan Kürdəmir rayon Sığırlı kəndində yerləşən fərdi yaşayış evinin 50000 manata ona satılması barədə razılığa gəlmişlər. Həmin məbləğin müvafiq müqavilə onun tərəfindən təsdiq edildikdən sonra depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələbləri ona izah olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin Kürdəmir filialının xx.xx.2015-ci il tarixli Kür/69 nömrəli məktubdan görünür ki, xx.xx.2015-ci il tarixdə X3 "xxxx" ASC-nin Kürdəmir filialında olan AZ02MUGA**********00001AZM52 saylı depozit hesabına Cavabdeh1 tərəfindən 50000 (əlli min) manat və xidmət haqqı olaraq 100 (yüz) manat mədaxil edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli xəzinə mədaxil qəbzindən görünür ki, xx.xx.2015 N 31 saylı məktuba əsasən alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X3 "xxxx" ASC-nin Kürdəmir filialında olan AZ02MUGA**********00001AZM52 saylı depozit hesabına 50000 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, Kürdəmir rayonu Sığırlı kəndində yerləşən reyestr nömrəsi **********20-10301 nömrəli fərdi yaşayış evi Cavabdeh1 məxsusdur və xx.xx.2015-ci il tarixdə 906-21/26 inventar nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Kürdəmir rayonu Sığırlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 308.2 kv/m, yardımçı sahəsi 235.2 kv/m, yaşayış sahəsi 73 kv/m olmaqla 3 otaqlı yaşayış sahəsi Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki-hüquqi müqavilələrin növlərindən biri də alğı-satqı müqaviləsidir. Daşınmaz əşyaların alğı-satqı müqaviləsi də alğı-satqı müqaviləsinin bir növüdür. Bu müqavilənin alğı-satqı müqaviləsinin aynca və müstəqil növü kimi fərqləndirilməsini şərtləndirən əsas əlamət onun obyektidir (predmetidir). Belə ki, həmin müqavilənin obyektinin (predmetinin) daşınmaz əşyadan ibarət olması alğı-satqı müqaviləsindən daşınmaz əşyaların alğı-satqı müqaviləsi kimi müstəqil müqavilə növünün ayrılması üçün əsas sayılır. Daşınmaz əşyaların alğı-satqı müqaviləsinin anlayışı MM-in 646.1-ci maddəsində formula edilmişdir. Həmin maddədə göstərilir ki, daşınmaz əşyaların alğı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Daşınmaz əşyaların alğı-satqı müqaviləsi konsensual, əvəzli və qarşılıqlı (ikitərəfli) müqavilədir. Mülki qanunvericilik daşınmaz əşyaların alğı-satqı müqaviləsi bağlanarkən alıcının və satıcının vəzifələrini təsbit etmişdir. Satıcının əsas vəzifəsi daşınmaz əşyanı verməkdən, alcının əsas vəzifəsi isə daşınmaz əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməkdən ibarətdir. İşin mübahisəsiz halıdır ki, satıcı (iddiaçı) öz vəzifəsini icra edərək fərdi yaşayış evini alıcıya vermiş, alıcı (cavabdeh) isə öz üzərinə düşən vəzifəni icra edərək şərtləşdirilmiş məbləği, yəni 50000 manat pulu alıcının götürməsi üçün notariusun depozit hesabına yerləşdirmişdir. Cavabdehin 50000 manat pulu iddiaçıya vermək məqsədilə notariusun depozit hesabına yerləşdirməsi işdə olan mötəbər sübutlarla təsdiq olunur. İddiaçı isə bildirir ki, cavabdeh tərəfindən ona verilməli olan 50000 manat pul verilməmişdir. Kollegiya bununla bağlı aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, MUG 207212 nömrəli çekindən görünür ki, İddiaçı qızı 50000 manat pul vəsaitini çekə imza edərək götürmüşdür. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018ci il tarixli, 20430 saylı rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli, MUG 207212 nömrəli çekin kötüyündə “Çeki aldım” qrafasındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun 05 avqust 2025-ci il tarixli məktubundan görünür ki, ləğv prosesində olan "xxxx" ASC-nin Kürdəmir filialında notarius X3 depozit hesabına xx.xx.2015-ci il tarixində alğı-satqı müqaviləsinə əsasən 50.000 (əlli min) manat məbləğində vəsait Cavabdeh1 tərəfindən mədaxil olunmuş və xx.xx.2015-ci il tarixində İddiaçı tərəfindən məxaric olunmuşdur. “Dövlət orqanlarında və qurumlarında, bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair təlimat”a əsasən bankın saxlancında olan 2015-ci il tarixə dair sənədlər məhv edildiyi üçün mədaxil və məxaric orderlərini təqdim etmək imkan xaricindədir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübutetmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(041)- 712/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X11 və Cavabdeh1 Mirzağa qızından hər birindən 10000 manat olmaqla, cəmi 20000 manat pulun alınaraq ona ödənilməsini xahiş etsə də, iddia əsassız olduğundan təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, MUG 207212 nömrəli çekinin surətinə əsasən İddiaçı 50000 manat pul vəsaitini imza edərək götürmüşdür. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-550/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)- 712/2018 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi, fərdi yaşayış evinin dəyəri olan 50000 manat pul məbləğinin İddiaçı tərəfindən götürülməsi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında hazırki mülki işdə təkrar sübut edilə bilməz. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Kürdəmir rayonu Sığırlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 308.2 kv/m, yardımçı sahəsi 235.2 kv/m, yaşayış sahəsi 73 kv/m olmaqla 3 otaqlı yaşayış sahəsi Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı iddia tələbində sözügedən alğı-satqı müqaviləsinin ləğv edilməsi ilə yanaşı, həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab olunmasını xahiş etmişdir. Alğı-satqı müqaviləsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən həmin müqavilə əsasında verilmiş çıxarış da etibarsız hesab edilə bilməz. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin digər dəlilləri (Cavabdeh1 50000 manatı necə əldə etməsi, fərdi yaşayış evinin yüklü olması, necə və hansı formada yüklülükdən azad edilməsi, iddiaçının kredit borcunun hansı formada və kim tərəfindən bağlanılması, bunu təsdiq edən arayışın kimin adına verilməsi və s.) hazırkı iddia tələbi baxımından əhəmiyyət kəsb etməməklə alğı-satqı müqaviləsinin ləğv edilməsinə əsas vermədiyindən, iddiaçının alğı-satqı müqaviləsini cavabdeh tərəfindən ona verilməli olan 50000 manat pulun verilməməsi səbəbi ilə mübahisələndirməsi müəyyən edildiyindən həmin dəlillərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-85/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar