Məhkəmə qərarları › İş №2(107)-100/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-100/2021

21.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-100/2021 21.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi, Cavabdeh1 Bank Olmayan Kredit X14 Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tаrixli, 2(025)-215/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X14 Cəmiyyətinə və Qəbələ rayon “ASAN xidmət” Mərkəzi Qəbələ rayon Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ilə Cavabdeh1 BOKT ASC arasında Qəbələ şəhərində Qəbələ şəhəri Ə.Bağırov küçəsində 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 217 kv.metr sahəsi olan fərdi yaşayış evinə dair Qəbələ rayon Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli 0467NF/13/A N-li ipoteka müqaviləsinə 4 saylı əlavənin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş yüklülük ÇİXARİŞ-larm yüklülükdən (girovdan) azad edilməsi və yüklülük ÇİXARİŞİ-nın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tаrixli, 2(025)-215/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı apellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, X8 Cavabdeh1 BOKT ASC-dən kredit götürməklə ona və həyat yoldaşıma məxsus Qəbələ şəhəri Ə.Bağırov küçəsində 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 217 kv.metr sahəsi olan fərdi yaşayış evini Bank qarşısında yüklü etmişdir. Həmin ev birgə nikah dövründə tikilmişdir. O. X7 ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onun həmin əmlakların girov qoyulmasından xəbəri olmayıb. 2019-cu ilin son ayında evə gələn Bank məktubundan bilmişdir ki, evi banka girov qoyulmuşdur. Yəni notariat kontorunda xx.xx.2015-ci il tarixli 0467NF/13/A N-li ipoteka müqaviləsinə 4 saylı əlavənin necə rəsmiləşdirilib onun xəbəri olmayıb. Yəqin ki, müqavilə bağlanarkən onun adından ərizə verilib lakin, onun həmin ərizədən xəbəri olmayıb. Daha doğrusu başqa Notariat kontorlarında aldığı məsələhətə görə onun ərizəsi olmasaydı müqavilə bağlanmazdı. Bu səbəbdən hesab edir ki, ola bilər ki, müqavilə bağlanarkən işə ərizə qoyulub lakin həmin ərizədəki imza ona məxsus deyil və bu səbəbdən müqavilə etibarsız hesab edilməlidir. X1 Bankdan bir neçə dəfə pul verilmiş və bu müqavilələr rəsmiləşdirilmişdir. Yenə də bir neçə dəfə pul verilməsinə baxmayaraq onu Notariat Kontoruna dəvət etməmişdilər. Həmin əmlaklar birgə nikah dövründə alındığından onun razılıq ərizəsi olmadığına görə müqavilə etibarsız hesab edilməlidir. Ona görə də iş üzrə apelyasiya şikayətinin təmin edilməsini və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tаrixli, 2(025)-215/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Bank Olmayan Kredit X14 Cəmiyyətinin nümayəndəsi X9 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı tərəf heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, proses iştirakçılarının izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tаrixli, 2(025)- 215/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X3 xx.xx.2015-ci il tarixli 0001/NF/15 nömrəli kredit müqaviləsindən bank qarşısında irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq X4 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78,68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,1 ha torpaq sahəsi və onun tərkibindəki həyətyanı tikili və qurğular Cavabdeh1 BOKT ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir və tərəflərin iştirakı ilə müvafiq sənədləşmə işləri aparılmışdır. Hal-hazırda iddiaçı həmin fərdi yaşayış evinin yüklülükdən azad edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı iddia ərizəsində və məhkəməyə təqdim etdiyi sənədlərdə İddiaçı, X7 ilə Cavabdeh1 BOKT ASC arasında Qəbələ şəhərində Qəbələ şəhəri Ə.Bağırov küçəsində 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 217 kv.metr sahəsi olan fərdi yaşayış evinə dair Qəbələ rayon Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli 0467NF/13/A N-li ipoteka müqaviləsinə 4 saylı əlavənin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş yüklülük ÇİXARİŞ-larm yüklülükdən (girovdan) azad edilməsi və yüklülük ÇİXARİŞİ-nın ləğv edilməsini tələb etmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli 0001/NF/15 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 BOKT ASC tərəfindən X5 12200 manat məbləğində illik 6 faiz hesablanmaqla 36 ay müddətinə kredit verilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli 0002/NF/15 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 BOKT ASC tərəfindən X5 2800 manat məbləğində illik 6 faiz hesablanmaqla 12 ay müddətinə kredit verilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli “1316NF/13 saylı ipoteka müqaviləsinə 01 №-li əlavə”dən görünür ki, X8 xx.xx.2013-cü il tarixli 1531/NF/13 PK nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi iləAllahverdiyev Muxtar Mustafa oğlunun mülkiyyətində olan Qəbələ rayonu, Laza kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 m2 yaşayış, 100.24 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,04 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 10.000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli “0467NF/13/A saylı ipoteka müqaviləsinə 04 №-li əlavə”dən görünür ki, X8 xx.xx.2015-ci il tarixli 0001/NF/15 nömrəli və xx.xx.2015-ci il tarixli 0002/NF/15 nömrəli kredit müqavilələri üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, X4 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə, 0,1 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 47.000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan ASAN-Qəbələ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE 17482483 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və sair. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 97.5-ci maddəsinin tələbinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iddiaçı dəlillərini təsdiq edən hər hansı bir mötəbər sübutu istər birinci instansiya məhkəməsinə, istərsə də məhkəmə kollegiyasına təqdim etməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası xx.xx.2020-ci il tarixli qərardadı ilə Qəbələ rayon Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli 0467NF/13/A N-li ipoteka müqaviləsinə 4 saylı əlavəyə dair notariat hərəkətləri aparılarkən İddiaçı tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli, 7E-416 nömrəli ərizədəki imzanın, həmçinin 08320 nömrəli notariat hərəkətlərinin qeyd edilməsi üçün olan 7E reyestr kitabındakı imzanın İddiaçı və ya onun nümayəndəsi (əri) X7 tərəfindən icra edilib-edilməməsinin aydınlaşdırılması üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Lakin İddiaçı və ya onun nümayəndəsi (əri) X7 dəfələrlə çağrılmalarına baxmayaraq məhkəmə iclaslarına üzürsüz səbəbdən gəlməmiş, sərbəst xətt və eksperimental imza nümunələri təqdim etməmiş, beləliklə hərəkətsizlik göstərərək ekspertizanın keçirilməsinə, sübutların toplanılmasına mane olmuşlar. Bu konteksdə məhkəmə kollegiyası apellyatorun diqqətinə çatdırır ki, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tаrixli, 2(025)-215/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-403 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tаrixli, 2(025)-215/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ələddin Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar