Məhkəmə qərarları › İş №2(107)-1002/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1002/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1002/2025 17.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdehnna qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Açar sözlər: borc tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı "pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, e- 2(054)-296/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1149,90 manat borc, 172,40 manat cərimə - cəmi 1322,30 manat borc və 33,22 manat dövlət rüsumu məbləğinin Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh aldığı XİAOMİ markalı mobil telefon və bir ədəd aksesuara görə 18 ay müddətinə, ödəniş cədvəli üzrə hər ay 64 manat, sonuncu ay isə 61,98 manat olmaqla, cəmi 1149,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilə üzrə heç bir ödəniş etməmiş və 1149,90 manat borcu qaytarmamışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tarəfindən Satıcıya ödənilir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1724,0 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 172,40 manatı ödənilməlidir.

Birinci instansiya məhkəməsində icraat

3. Oğuz Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2(054)-296/2025 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədli) iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh 1149,90 manat əsas borc, 50,0 manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumuna görə 33,22 manat olmaqla, cəmi 1233,12 (min iki yüz otuz üç manat, on iki qəpik) manat məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 4.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdehə XİAOMİ markalı mobil telefon və bir ədəd aksesuaru 18 ay müddətinə, hər ay 64 manat, sonuncu ay isə 61,98 manat ödəmək şərti ilə 1149,90 manata almışdır. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur. İş üzrə iddiaçı "xxxx" MMC həmin telefonu və aksesuarını Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

5. İşin müəyyən edilən hallarına əsasən cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur.

6. Məhkəmə hesab etmişdir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun qaytarılmasını tələb etməkdə haqlıdır.

7. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər.

8. Məhkəmə nəzərə almışdır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 1149,90 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 172,40 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 50,0 manat cərimə tutulmalıdır.

9. Məhkəmə həmçinin iddianın 33,22 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

10. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 1149,90 manat əsas borc, 50,0 manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumuna görə 33,22 manat olmaqla, cəmi 1233,12 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. 11.Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443.1, 445.2.1, 448.1, 567, 600-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 107, 119.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

12. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilədən aydın olur ki, XİAOMİ markalı mobil telefon və bir ədəd aksesuar üçün hər ay nağd qaydada 64 manat, sonuncu ay isə 61,98 manat ödəməklə, 18 ay müddətinə Cavabdeh 1149,90 manata satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1%-i həcmində penya ödəyir.

13. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay nağd qaydada 64 manat, sonuncu ay isə 61,98 manat "xxxx" MMC–yə ödəməyi öhdəsinə götürmüşdür.

14. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 1149,90 manat əsas borc, 1724,0 manat cərimə (dəbbə) borcu, ümumilikdə 2873,90 manat borcu yaranmışdır.

15. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

16. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 33,22 manat dövlət rüsumu ödənilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyаsiyа şikаyəti verilmişdir.

18. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı XİAOMİ markalı mobil telefon vəbir ədəd aksesuara görə 18 ay müddətinə, ödəniş cədvəli üzrə hər ay 64 manat, sonuncu ay isə 61,98 manat olmaqla, cəmi 1149,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Ancaq almış olduğu XİAOMİ markalı mobil telefon istifadəyə yararsız olduğu üçün o, xx.xx.2024-cü il tarixində "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətinin Qəbələ filialına müraciət etmiş, həmin telefona baxış keçirildikdən sonra yararsız olduğu üçün telefon ondan götürülmüş və o, əvəzində XİAOMİ POCO F6 pro 12GB/512 Black telefon alaraq həmin telefona görə xx.xx.2024-cü il tarixində hər ay 96 manat olmaqla 24 aylıq müqavilə rəsmiləşdirmişlər. Bununla bağlı qızıl zəmanət talonunu Apellyasiya şikayətinə əlavə edir. Göründüyü kimi iddiaçı təşkilat öz hüququndan bu və ya digər formalarda sui-istifadə edib gəlir əldə etməklə onun hesabına əsassız varlanmış, eyni zamanda, hüquqazid hərəkətləri ilə qəsdən və bilərəkdən mənə maddi ziyan vurmuşdur. Göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda XİAOMİ POCO F6 pro12GB/512 Black telefon ilə bağlı müqaviləni gizlədərək, məhkəməni aldatma yolu ilə öz xeyrinə ədalətsiz və əsassız bir qətnamə çıxarmağa nail olmuşdur.

19. Oğuz Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli 2 (054) - 296 / 2025 nömrəli qətnaməsindən Oğuz rayon İcra və probasiya Şöbəsindən ona rəsmi məktub gələndə məlumatı olmuşdur. Bundan sonra Oğuz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə müraciətindən sonra məhkəmə qətnaməsi ona rəsmi qaydada təqdim edilmişdir. Qeyd edilən xüsusatlara görə Oğuz Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli 2 (054) - 296 / 2025 nömrəli qətnaməsini ədalətsiz və əsassız hesab edir.

20. Odur ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(054)-296/2025 saylı qətnaməsinin ləğv edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə izahatında göstərmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh aldığı XİAOMİ markalı mobil telefon və bir ədəd aksesuara görə 18 ay müddətinə, ödəniş cədvəli üzrə hər ay 64 manat, sonuncu ay isə 61,98 manat olmaqla, cəmi 1149,90 manat ödəməyi öhdəsinə götürmüşdür. XİAOMİ POCO X6 Pro (ilk telefon) telefonu cavabdeh 7 gün sonra filiala geri qaytarmışdır. Vətəndaş telefonu təhvil verdikdən sonra onu servisə göndəririk. Servisin qərarına əsasən, əgər cihazda qüsur yoxdursa o zaman dəyişmə edilir. Sonradan vətəndaşla telefonu götürməsi ilə bağlı əlaqə saxlansa da, o, birinci telefonun əvəzinə yeni telefon aldığını bildirərək telefonu qəbul etməmiş və geri qaytarılmasını tələb etmişdir. Cavabdeh aldığı XİAOMİ markalı mobil telefon halhazırda servisdə saxlanılır və istənilən vaxt götürə bilər. Odur ki, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(054)-296/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi və iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(054)-296/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilir. 560.3.4-cı maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

25. “İstehlakçılarının hüquqlarının müdafiəsi haqqında” AR Qanunun: 15-ci maddəsinə əsasən lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. 16-cı maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyator Oğuz Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2(054)- 296/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir

37. Belə ki, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, iddiaçı(satıcı) ilə cavabdeh(alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli nisyə alğısatqı müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan 1149.90 manat dəyərində XİAOMİ markalı mobil telefon və bir ədəd aksesuar almışdır. Cavabdeh həmin malın dəyərini ödəniş cədvəlinə uyğun olaraq hər ay 64 manat, sonuncu ay isə 61.98 manat ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.

38. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən XİAOMİ markalı mobil telefon və bir ədəd aksesuar onu qane etmədiyi üçün 7 gün sonra filiala geri qaytarılmış və o, əvəzində XİAOMİ POCO F6 pro 12GB/512 Black telefon almış, iddiaçı şirkət isə telefonu təhvil aldıqdan sonra servisə göndərmişdir. İddiaçı şirkət tərəfindən servisin qərarına əsasən telefonda cızıq olmasını əsas gətirərək həmin telefonun geri qaytarılmasının mümkün olmaması və cavabdeh tərəfindən öhdəliyin şərtlərinin pozulması iddia olunsada, iddiaçı tərəfindən telefonun cavbdehin istifadəsində olarkən hər hansı formada zədələnməsini təsdiq edən mötəbər sübut təqdim olunmamışdır. İddiaçı şirkətin nümayəndəsinin özü məhkəmə kollegiyasının iclasında qeyd olunan telefonun hal-hazırda servisdə saxlanıldığını və istifadəyə yaralı olmasını etiraf etmişdir.

39. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 40.Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməməlidir. Hazırki işdə cavabdehin alğı-satqı müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etməməsi halı müəyyən olunmur. Belə ki, cavabdehin nisyə alğı-satqı müqaviləsinə əsasən əldə etdiyi məhsuldan imtina etmişdir. Belə olduğu halda kreditorun borcluya qarşı tələb hüququ da yaranmamışdır.

41. Həmçinin “İstehlakçılarının hüquqlarının müdafiəsi haqqında” AR Qanununun 15-ci maddəsinə əsasən lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir.

42. Beləliklə məhkəmə kollegiyası yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia əsassızdır. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab edərək təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır.

43. Odur ki, Məhkəmə kollegiyası MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPMnin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

44. Məhkəmə xərclərinin ödənilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Oğuz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 may 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı, 08 avqust 2024cü il tarixli, ********* nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə yaranmış 1149.9 manat əsas borc, 172.4 manat cərimə borcu, cəmi 1322.3 manat borc və 33.22 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə tələbi təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar