Məhkəmə qərarları › İş №2(107)-1006/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1006/2023

03.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1006/2023 03.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Tikilinin sökülməsi) X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli e-2(037)-27/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İsmayıllı rayonu, Mican kəndinin ərazisindən keçən İddiaçı Ağsu X15 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı müəssisə tələbini belə əsaslandırmışdır ki, İsmayıllı rayonu, Mican kəndində yaşayış qeydiyyatında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq həmin kəndin ərazisindən keçən İddiaçı Ağsu X15 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yaşayış evi inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ərazidə yaşayan insanların həyatı üçün də ciddi təhlükə yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özəllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər məsuliyyət daşıyırlar. İddiaçı İB-nin Ağsu X15 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 01OB-13HŞ-366 saylı xəbərdarlıq məktubu ilə cavabdehə qaz kəmərinin üzərində inşa edilmiş tikilinin sökülməsi barədə müraciət edilərək Tikilinin sökülməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir.Cavabdeh isə işə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, mərhum atası X6 İsmayıllı rayonu, Mican kəndi ərazisində yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi verilmiş, 1989-cu il tarixdə 1 mətəbəli,4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün smeta, 1991-ci ilin aprel ayında isə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Həmin dövrdə də onların maddi imkanları olmadığından sözügedən evi onlara dövlət tikib vermişdir. Atası öldükdən sonra İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə anası X11, bacıları X8, X12 və ona Mican kəndi ərazisindən həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla 0,19 ha torpaq sahəsi verilmişdir. Həmin yaşayış evi tikildikdən sonra dəfələrlə evlərindən qaz xəttinin keçməsi ilə bağlı qaz idarəsinə və icra hakimiyyətinə müraciət etsələr də heç bir tədbir görülməmişdir. Hazırda həmin evdə 9 nəfər ailə üzvləri yaşayır, ev sökülərsə onların yaşayacaq başqa yaşayış evləri yoxdur. Əgər ev qeyri-qanuni idisə niyə dövlət həmin evi onlara tikib verirdi?. Ona görə də həmin torpaq sahəsində qeyd edilən tikililər qanuni inşa edilmiş və hazırkı vaxta qədər ailəsi ilə birlikdə fasiləsiz və etirazsız olaraq orada yaşamışdır. Odur ki, tikilinin sökülməsi tələbinə dair iddianı qəbul etmir. Ona görə də iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

5. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) 16 may 2022-ci il tarixli, e- e- 2(037)-27/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılmasına dair iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçının özünə aid edilməsi, məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 102 manatın İddiaçındən tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh atası mərhum X9 rayonu, Mican kəndi ərazisində yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi verilmiş, 1989-cu il tarixdə 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün smeta, 1991-ci ilin aprel ayında isə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Atası öldükdən sonra İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə anası X11, bacıları X8, X12 və ona Mican kəndi ərazisindən həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla 0,19 ha torpaq sahəsi verilmişdir. Həmin həyətyanı sahədən keçən diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin yerüstü keçən hissəsi ilə fərdi yaşayış evinin divarı arasında olan məsafənin 2.1 m təşkil etdiyini və qeyd olunan qaz kəmərinin yeraltı keçən hissəsi ilə həmin fərdi yaşayış evinin arasında olan məsafənin isə 1.5 m təşkil etdiyini, eləcə də həmin qaz kəmərinin həyətyanı sahədən hasarın alt hissəsindən birbaşa perpendikulyar olaraq keçdiyini nəzərə aldıqda, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən fərdi yaşayış evi və həyətin hasarı 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, sözügedən torpaq sahəsində sökülməsi tələb olunan həmin tikililərin inşaat norma və qaydalarına uyğun olmadığı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə olan halda sözügedən fərdi yaşayış evinin özbaşına tikinti kimi qiymətləndirilməsi mümkün deyildir. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli fərdi yaşayış evinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir.

8. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport aid olduğu daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi qəbul edilmişdir. Bu hala cavabdeh həmin fərdi yaşayış evində sosial mühit, habelə ailə mühiti və şəxsi təsərrüfat yaratmışdır. İddiaçı iddia etdiyi vaxta qədər cavabdeh özünün və ailəsinin, habelə təsərrüfatının elə həmin yerdə qalacağına ümid etmiş və ona heç kimin mane olmayacağına əmin olmuşdur. Çünki həmin vaxta qədər iddiaçı tərəfindən ona qarşı heç bir etiraz və sair xəbərdarlıq edilməmiş, daha doğrusu, iddiaçı cavabdehə qarşı dözümlülük nümayiş etdirərək susmuş, yalnız 2021-ci ildə tikilinin sökülməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh atasının adına texniki pasport tərtib edilməklə inşa edilmiş fərdi yaşayış evi üzərində birinci növbəli vərəsə kimi qanuni gözləntiyə malik olmuşdur. Belə olan halda məhkəmə bir daha qeyd edir ki, həmin tikili qeyri-qanuni və özbaşına tikili kimi qiymətləndirilə bilməz, çünki, Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

9. Məhkəmə hesab etmişdir ki, həmin tikililər fərdi yaşayış evinin texniki pasportu tərtib edilməklə icazə əsasında inşa edildiyindən, müəyyən iqtisadi dəyərə malik olduğundan, həmçinin cavabdehin fasiləsiz və etirazsız olaraq uzun müddət istifadəsində qaldığından, cavabdehin həmin tikililərə gözlənilən mülkiyyət hüququ yaranmışdır.

10. Məhkəmə istinad olunan hüquq normalarının və X18 Məhkəməsinin presedentlərinin tələbləri baxımından hesab etmişdir ki, cavabdehə məxsus həmin tikililərin özbaşına tikili hesab edilərək əvəzi ödənilmədən sökülməsi, «digər şəxslərin hüquqlarının müdafiəsindən» ibarət qanuni məqsədə mütənasib hesab edilə bilməz. Belə ki, cavabdehin istifadəsində olan həmin fərdi yaşayış evində yaşaması onun ailəsi ilə birlikdə uzun müddət təşəkkül tapmış ailə maraqlarının və qanuni mənafelərinin səmərəli müdafiəsini təmin edir. Eyni zamanda məhkəmə iddiaçının istinad etdiyi maddi hüquq normalarının işin faktiki hallarına tətbiq edilib-edilməmə məsələsinə də aydınlıq gətirməyi zəruri hesab edir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalar”ın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmədiyini iddia tələbinin qanuni əsası kimi qeyd etmişdir. Həmin bəndin mənasından da göründüyü kimi, qanunverici görülmüş işləri deyil, görülməkdə olan işlərdən bəhs edir. İş materiallarından da göründüyü kimi sözügedən fərdi yaşayış evi 1991-ci ildə tikilmiş və bu barədə smeta tərtib edilərək texniki paspot verilmişdir. Məhkəmə bir daha qeyd edir ki, hazırda sökülməsi tələb edilən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd (texniki pasport) qüvvədədir və həmin sənədin etibarsızlığı və ya ləğvi ilə bağlı aidiyyəti məhkəməyə müraciətin olunması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda texniki pasporta əsasən tikintisinə icazə verilmiş fərdi yaşayış evi (tikinti) qanunsuz tikinti sayıla bilməz və bunun üçün ilk növbədə həmin hüquqmüəyyənedici sənəd ləğv edilməli və sonra sözügedən tikinti qanunsuz tikinti hesab edilərək sökülməsi barədə iddia qaldırılmalıdır. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilməsinə münasibət bildirərək qeyd edir ki, sözügedən hadisələrin baş verməsi ehtimalı şübhəsizdir və mübahisə doğurmamaqla yanaşı, ehtimal ediləndir. Yalnız bədbəxt hadisənin qarşısının alınması vətəndaşın mülkiyyət hüququnun pozulması ilə nəticələnməməli, əksinə mülkiyyətə müdaxilə ağlabatan və mütənasib olmalıdır. Belə ki, bədbəxt hadisənin törənəbiləcəyi ehtimalının qarşısının alınması İddiaçı pozitiv öhdəliyidir. Həmin öhdəliyin mahiyyəti isə sözügedən hadisələri vətəndaşın mülkiyyət hüququnu pozmadan (kompensasiya verilməklə sökülmə, qaz boru xəttinin yerinin dəyişdirilməsi və s.) qarşısının alınmasını ehtiva edir. Odur ki, məhkəmə işin müəyyən olunmuş faktiki hallarına uyğun olaraq nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİİ və İV hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.2, 152.1, 180.1 və 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na, X18 məhkəməsinin V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli və Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarlarına, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.3.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1 və 124.1- ci maddələrinə istinadla əsaslandırmışdır.

12. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-940/2022 saylı qətnaməsi ilə İddiaçı” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-e-2(037)-27/2022 nömrəli qətnаməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh tərəfindən İsmayıllı rayonu, Mican kəndinin ərazisindən keçən İddiaçı Ağsu X15 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin cavabdehin öz hesabına sökülərək, mühafizə zonasından çıxarılması, ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı hesabına, 102 manat ekspertiza xərcinin isə Cavabdeh alınaraq Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-940/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2518/2023 saylı qərarı ilə, cavabdeh Zirəddin Yusub oğlu tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-940/2022 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2518/2023 saylı qərarında məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəflərin, xüsusi ilə cavabdeh tərəfin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, yaşayış evinin şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi və tikintinin aparılmasına müvafiq icra hakimiyyəti orqanlarının razılıqların olması barədə sübutları, tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim edə bilməməsinə dair yanlış nəticəyə gəlmişdir.

17. İş materiallarında olan və cavabdeh tərəfindən rayon məhkəməsinə təqdim olunmuş sənədlərdən görünür ki, İsmayıllı rayonu “Oktyabr” kolxozunun ümumi yığıncağının 18 mart 1989-cu il tarixili 3 nömrəli protokol qərarı ilə cavabdehin atası X6 Mican kəndi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin sahədə 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün layihə və smeta tərtib edilmiş,smeta sənədi rayon XDS İcraiyyə Komitəsinin sədri tərəfindən, layihə isə rayonun baş arxitektoru tərəfindən təsdiqlənmişdir. 1991-ci ildə tikilib başa çatandan evin Texniki pasportu işqlənmişdir. Texniki pasporta görə yaşayış evininə aid tikililərinə ümumi sahəsinin 205,6 kv metr, torpaq sahəsi sənəd üzrə 1200 kv metr, əslində isə 1290 kv metr olması göstərilmişdir.

18. X13 öləndən sonra yaşayış evi oğlu, hazırkı iş üzrə cavabdehin sahibliyinə və istifadəsinə keçmiş, sonuncu ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqda davam edir.

19. 06 dekabr 2005-ci il tarixdə verilmiş JN – 546F KOD 40719018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən mübahisənin predmeti olan yaşayış evinə aid 0,19 ha torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə Cavabdeh və onun ailə üzvləri X11, X8 və X4 ümumi mülkiyyətinə verilmiş, torpaq sahəsi üzərində onların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

20. Göründüyü kimi cavabdehin sahibliyində və istifadəsində olmuş yaşayış evi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, həmin ev Mülki Məcəllənin 180.1-ci maddəsində nəzərdə tutulmuş özbaşına tikintiyə aid edilməsi üçün kifayət qədər əsaslar olmamışdır, evin həyətyanı sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır, cavabdehi torpaq sahəsinin paylı mülkiyyətçilərindən biridir, torpaq sahəsi yaşayış səlahiyyətli dövlət orqanı (Rayon XDS İK) tərəfindən yaşayış evinin inşası üçün ayrılmışdır, evin inşası üçün layihə-smeta sənədləri təsdiq edilmişdir (Rayon XDS İK və baş arxitektor), 1991-ci ildən hal-hazıra kimi cavabdeh yaşayış evindən davamlı olaraq təyinatı üzrə istifadə etmiş, buna hər hansı dövlət orqanının və digər şəxslərin etirazı olmamışdır. Sonuncu fakt evin tikintsi zamanı tikinti normalarının və qaydalarını ciddi surətdə pozulmaması halına dəlalət edir.

1. İşdə olan Texniki pasporta görə cavabdehə məxsus yaşayış evi 1991-ci ildə inşa edilmişdir, həmin tarixdən də təyinatı üzrə istifadə edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi evin yaxınlığından keçən qaz kəmərinin 1983-cü ildə istismara verildiyini əsas gətirərək iddianı təmin etmiş, qanunun zamana görə qüvvəsini tənzimləyən normaların tələblərini nəzərə almamış, evin tintisi başa çatandan sonra qəbul edilmin qanunların, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nı, 30 iyun 1998-ci il “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq etməklə mübahisəni həll etmişdir. Bununla da məhkəmə maddi hüquq normalrının tətbiqində də səhvə yol vermişdir.

2. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən tədqiq edilən sənədlər dəqiq araşdırılmamışdır. Belə ki, Cavabdeh tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İddiaçı Ağsu X15 İdarəsinin balansında və istismarında olan, İsmayıllı rayonunun Mican kəndində yerləşən diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yaşayış evi inşa olunmuşdur. Cavabdeh tərəfindən inşa olunmuş yaşayış evi orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi, qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Həmçinin qaz kəmərinin istismarının mütəmadi olaraq nəzarətdə saxlanmasına, profilaktik işlərin və zərurət yarandıqda təmir-bərpa işlərinin aparılmasına maneçilik törədir. Cavabdeh tərəfindən inşa olunmuş tikililər qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Qaz xəttinin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər ağır nəticəli bədbəxt hadisələrə səbəb ola bilər. Göründüyü kimi Qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübutedilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır.

23. Hazırkı vəziyyətdə orta təyziqli qaz kəmərinin həyətdə yerüstü keçən hissəsi ilə fərdi yaşayış evinin divarı arasında olan məsafə 2.1 metr,qeyd olunan kəmərin yeraltı keçən hissəsi ilə fərdi yaşayış evi arasında olan məsafə isə 1.5 metr təşkil edir.Qeyd olunan qaz kəməri həyətin hasarının alt hissəsindən perpendikuliyar olaraq keçir.

24. Göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz.

25. Fotoşəkillərdən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2022-ci il tarixli,10/231 nömrəli mühəndis-texniki ekspertizasının rəyindən sübut qismində düzgün istifadə edilməmişdir. Qaz kəmərinin iddiaçının həyətyanı ərazisindən və onun yaşayış evinə yaxın məsafədən keçməklə nə qədər təhlükə yaratdığını nəzərə alsaydı birinci instansiya məhkəməsi iddianın əsaslı olduğunu müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmiş, iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar olduğu halda iddianın təmin edilməməsi barədə qərar vermişdir.

26. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır.

27. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

28. Qeyd edilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e- 2(037)-27/2022 qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiasının təmin edilərək Cavabdeh tərəfindən İsmayıllı rayonunun Mican kəndinin ərazisindən keçən, İddiaçı Ağsu X15 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə edərək, İsmayıllı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(037)-27/2022 qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiasının təmin edilərək Cavabdeh tərəfindən İsmayıllı rayonunun Mican kəndinin ərazisindən keçən, İddiaçı Ağsu X15 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və onun vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 13 (İİİ hissə). Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29 (İV hissə). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 149 (Vİİ hiss). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

33. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 19 (2-ci hissə) Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” Bənd 2.23 Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Bənd 2.24 Kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövlət tikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir.

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 Yanvar 2015-ci il tarixli Fərmanı 2-ci bənd. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

37. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli, “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarlarında X18 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X2 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.

38. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akt a əsaslandığı halda “qanunidir”.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(037)-27/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

43. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, baxılan iş üzrə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir.

44. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh atası mərhum X9 rayonu, Mican kəndi ərazisində yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi verilmiş, 1989-cu il tarixdə 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün smeta, 1991-ci ilin aprel ayında isə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Cavabdeh atası öldükdən sonra İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə anası X11, bacıları X8, X12 və ona Mican kəndi ərazisindən həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla 0,19 ha torpaq sahəsi verilmişdir. Həmin həyətyanı sahədən keçən diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin yerüstü keçən hissəsi ilə fərdi yaşayış evinin divarı arasında olan məsafənin 2.1 m təşkil etdiyini və qeyd olunan qaz kəmərinin yeraltı keçən hissəsi ilə həmin fərdi yaşayış evinin arasında olan məsafənin isə 1.5 m təşkil etdiyini, eləcə də həmin qaz kəmərinin həyətyanı sahədən hasarın alt hissəsindən birbaşa perpendikulyar olaraq keçdiyini nəzərə aldıqda, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən fərdi yaşayış evi və həyətin hasarı 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İddiaçı Ağsu X15 İdarəsinin balansında və istismarında olan, İsmayıllı rayonunun Mican kəndində yerləşən diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yaşayış evi inşa olunmasına, cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikili olmasına, qaz kəmərinin istismarının mütəmadi olaraq nəzarətdə saxlanmasına, profilaktik işlərin və zərurət yarandıqda təmirbərpa işlərinin aparılmasına maneçilik törətməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında olan və cavabdeh tərəfindən rayon məhkəməsinə təqdim olunmuş sənədlərdən görünür ki, İsmayıllı rayonu “Oktyabr” kolxozunun ümumi yığıncağının 18 mart 1989-cu il tarixili 3 nömrəli protokol qərarı ilə cavabdehin atası X6 Mican kəndi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin sahədə 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün layihə və smeta tərtib edilmiş,smeta sənədi rayon XDS İcraiyyə Komitəsinin sədri tərəfindən, layihə isə rayonun baş arxitektoru tərəfindən təsdiqlənmişdir. 1991-ci ildə tikilib başa çatandan evin Texniki pasportu işlənmişdir. Texniki pasporta görə yaşayış evinə aid tikililərin ümumi sahəsinin 205,6 kv metr, torpaq sahəsinin sənəd üzrə 1200 kv metr, əslində isə 1290 kv metr olması göstərilmişdir. X13 öləndən sonra yaşayış evi oğlu, hazırkı iş üzrə cavabdehin sahibliyinə və istifadəsinə keçmiş, sonuncu ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqda davam edir.

46. Kollegiya qeyd edir ki, işdə olan “Torpağın mülkiyyətə verilməsinə dair” 06 dekabr 2005-ci il tarixdə verilmiş JN-546F KOD 40719018 nömrəli Şəhadətnamədən göründüyü kimi mübahisənin predmeti olan yaşayış evinə aid 0,19 ha torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə Cavabdeh və onun ailə üzvləri X11, X8 və X4 ümumi mülkiyyətinə verilmiş, torpaq sahəsi üzərində onların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmçinin işdə olan Texniki pasportdan göründüyü kimi cavabdehə məxsus yaşayış evi 1991-ci ildə inşa edilmişdir, həmin tarixdən də təyinatı üzrə istifadə edilir.

47. Beləliklə cavabdehin sahibliyində və istifadəsində olmuş yaşayış evi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, həmin evin Mülki Məcəllənin 180.1-ci maddəsində nəzərdə tutulmuş özbaşına tikintiyə aid edilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Evin həyətyanı sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır, cavabdeh torpaq sahəsinin paylı mülkiyyətçilərindən biridir, torpaq sahəsi yaşayış səlahiyyətli dövlət orqanı (Rayon XDS İK) tərəfindən yaşayış evinin inşası üçün ayrılmışdır, evin inşası üçün layihə-smeta sənədləri təsdiq edilmişdir (Rayon XDS İK və baş arxitektor), 1991-ci ildən hal-hazıra kimi cavabdeh yaşayış evindən davamlı olaraq təyinatı üzrə istifadə etmiş, buna hər hansı dövlət orqanının və digər şəxslərin etirazı olmamışdır. Sonuncu fakt evin tikintsi zamanı tikinti normalarının və qaydalarını ciddi surətdə pozulmaması halına dəlalət edir.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən daim təhlükə mənbəyi olması, qaz xəttinin zədələnməsi və ya qaz sızmasının baş verməsinin partlayışa, yanğına və digər ağır nəticəli bədbəxt hadisələrə səbəb ola bilməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, bu kimi hadisələrin baş verməsi ehtimal ediləndir. Lakin bədbəxt hadisənin qarşısının alınması vətəndaşın mülkiyyət hüququnun pozulması ilə nəticələnməməli, əksinə mülkiyyətə müdaxilə ağlabatan və mütənasib olmalıdır. Belə ki, bədbəxt hadisənin baş verməsinin qarşısının alınması İddiaçı pozitiv öhdəliyidir. Həmin öhdəliyin mahiyyəti isə sözügedən hadisələrin vətəndaşın mülkiyyət hüququnu pozmadan (kompensasiya verilməklə sökülmə, qaz boru xəttinin yerinin dəyişdirilməsi və s.) qarşısının alınmasını ehtiva edir.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamə çıxarılarkən tədqiq edilən sənədlərin dəqiq araşdırılmaması, tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç birinin nəzərə alınmaması, fotoşəkillərdən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2022-ci il tarixli,10/231 nömrəli mühəndistexniki ekspertizasının rəyindən sübut qismində düzgün istifadə edilməməsi, sübutların əlaqəli şəkildə araşdırılmaması, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməməsi, MPM-in 88-ci maddəsinin tələblərinin pozulması, işin faktiki hallarının araşdırılmamasına dair dəlilləri ilə də razılaşmırır.

50. Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir.

51. Göründüyü kimi iddiaçının iddia tələbi cavabdehin yaşayış sahəsi üzərində qanunla qorunan və gözlənilən mülkiyyət hüququnu poza bilər. Halbuki, yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə, hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst, öz iradəsinə uyğun olaraq sahiblik, istifadə etmək və sərəncam vermək hüququna malikdir və mülkiyyət hüququna hər cür müdaxilə qanunla qadağan edilir.

52. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13, 29-cu maddələri).

53. Yuxarıda qeyd edilən hallara və maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(037)-27/2022 nömrəli qətnaməsi İddiaçı İBnin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(037)-27/2022 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar