Məhkəmə qərarları › İş №2(107)-1008/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1008/2021

08.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1008/2021 08.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X23, İddiaçı, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Süleymanova (Məmmədova ) Nüşabə Feyruz qızının, hüquq və mənafelərinə toxunan şəxs X13, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1, Göyçay rayon notariat kontoruna, müstəqil tələb irli sürməyən 3-cü şəxslər Asvarova (Məmmədova) Sahibə Feyruz qızı və Süleymanova (Məmmədova) Nüşabə Feyruz qızın qarşı “vərəsəlik hüququ üzrə şəhadətnamənin, dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras qalmış əmlakda məcburi payının müəyyən edilməsi" tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı “iddiaçının ailə üzvləri ilə birlikdə cavabdehin mülkiyyətində olan evdən çıxarılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(046)-90/2021 nömrəli qətnaməsindən iş üzrə hüquq və vəzifələrinə toxunan şəxs X19, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X20 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh1, müstəqil tələb irli sürməyən 3-cü şəxslər Asvarova (Məmmədova) Sahibə Feyruz qızı və Süleymanova (Məmmədova) Nüşabə Feyruz qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 fevral 2016-cı il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh1 ünvan 1 fərdi yaşayış evinə dair verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 18 dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, mərhum X4 miras qalmış əmlakda məcbiri payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, İddiaçı ailə üzvləri ilə birlikdə ona məxsus Göyçay şəhəri Sabir küçəsi dalan 2, 6 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(046)-90/2021 nömrəli (hakim İ.Fəttahov) qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, Cavabdeh1 adına verilmiş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Göyçay rayon notariat kontorunun notariusu X27 tərəfindən təsdiq edilmiş reyestr 2V-31 nömrə ilə qeydə alınmış 10 fevral 2016-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin evə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 18 dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mərhum X5 miras qalmış 0.10473 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş Göyçay şəhəri M.Ə.Sabir küçəsi dalan 2 ev 6 saylı ünvanda yerləşən ümumi sahəsi 45.2 kvm olan fərdi yaşayış evinin 6/1 hissəsinə İddiaçı məcburi payı və 6/5 hissəsi Cavabdeh1 miras əmlakda vəsiyyətnamə üzrə payının müəyyən edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Qətnamənin icrası 2V-31 nömrə ilə qeydə alınmış 10 fevral 2016-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə dair hissədə Cavabdeh2nə, DƏDRX tərəfindən verilmiş 18 dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və tərəflər arasında payların müəyyən edilməsinin qeydə alınması hissəsində isə DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan hüquq və vəzifələrinə toxunan şəxs X19, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X20 apellyasiya şikayəti verərək Göyçay Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(046)-90/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və paylarının müəyyən edilməsi xahiş etmişlər. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının valideynləri arasında olan nikah 1990-cı ildə pozulmuşdur. Nikah pozulduqdan sonra ünvan 3 ünvanda bir otaqda atası, digər otaqda isə anası, bacıları və iddiaçı Rasim yaşamışdır. Rasimin bibisi qızı olan Cavabdeh1 boşandıqdan sonra ata evinə qayıtmış və 1992-ci ildə atasının yaşadığı otağa köçərək orada yaşamışdır. Rasimin atası X11 03 iyul 2006-cı il tarixdə vəfat etmişdir. Rasimin atasının ölümündən sonra ondan ünvan 4 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Miras evdə miras qoyanın vəfatından sonra bir otaqda anası və ailəsi ilə birlikdə Rasim digər otaqda isə Cavabdeh1 yaşamaqla miras əmlakı faktiki qəbul edərək idarə etmişlər. Bir müddət əvvəl cavabdeh təklif etmişdir ki, Rasimin mərhum atasından miras qalmış evin yaşadığı hissəsini öz adına, özünün yaşadığı hissəni isə öz adına rəsmiləşdirsinlər. Rasim səbəbini soruşduqda cavabdeh evin ona vəsiyyət edildiyini bildirmişdir. Rasim cavabdehin evi satmasına etiraz etmiş və ona evə görə pul təklif etmişdir. Lakin cavabdeh Rasimlə razılaşmamışdır. Verilmiş sorğulara cavab olaraq bildirilmişdir ki, miras ev 10 fevral 2016-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 18 dekabr 2019-cu il tarixdə Cavabdeh1 xüsusi mülkiyyəti kimi DƏRX-də qeydə alınmışdır. Notariat ofisində saxlanılan vərəsəlik işinin materiallarını əldə etdikdən sonra məlum olmuşdur ki, 10 fevral 2016-cı il tarixdə Cavabdeh1 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanun üzrə birinci növbə vərəsə kimi nə Rasim, nə də bacıları notariat ofisinə dəvət edilmədən cavabdeh özünü yeganə vərəsə kimi təqdim edərək vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə predmeti olan ünvan 3 saylı fərdi yaşayış evinin mülkiyyətçisi X7 olmuş, Xeyrulla fərdi yaşayış evini 07 iyun 1976-cı il tarixli “Bəxş haqqında müqavilə” əsasında qardaşı X8 həmin dövr qüvvədə olan Mülki Məcəllənin 245-ci maddəsinə uyğun olaraq bağışlamışdır. 1990-cı ildə nikahını pozulduqdan sonra Cavabdeh1 yaşamağa yeri olmadığından dayısı X1 öz himayəsinə alaraq yaşadığı hazırkı mübahisə predmeti olan evə gətirmiş və həmin vaxtdan hazırkı dövrə qədər də bu evdə yaşayır. Cavabdeh1 dayısı həmin ev üzərində mülkiyyət hüququ əldə etdikdən sonra dövrün müvafiq qanunvericiliyinə uyğun olaraq 06 may 1995-ci il tarixli “Vəsiyyətnamə” əsasında Göyçay şəhəri Sabir küçəsi dalan 2, 6 saylı evi Cavabdeh1 vəsiyyət etmiş və bu zaman hər hansı qanun pozuntusu olmamışdır. Cavabdeh1 dayısı tərəfindən Pakizəyə vəsiyyətnamə verilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin köhnə redaksiyada (bundan sonra köhnə redaksiyada AR MM) 41, 87, 100- 1, 537 və 545-ci maddələrinin tələblərinə tam riayət edilmişdir. Sözügedən vəsiyyətnamə verilərkən köhnə redaksiyada AR MM-nin 42-54-cü maddələrinin təsiri altına düşən heç bir əsas olmamışdır. Başqa sözlə həmin dövrdə də, indi də sözügedən vəsiyyətnamənin etibarsızlığına səbəb ola bilən heç bir əsas olmamışdır. İlkin iddiaçının iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1291, 1134.1, 1159.1 və 1159.1.1-ci maddələrinə istinad etməsi yolverilməzdir. Ona görə ki, Pakizənin dayısı vəsiyyətnaməni ona 06 may 1995-ci il tarixdə verdiyindən həmin dövrdə qüvvədə olan qanunvericilik normaları tətbiq olunmalıdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsi qanunsuz, əsassız və ədalətsiz hesab edirlər. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti oları bütün faktiki halları aydınlaşdırmamışdır. Qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. X5 miras qalmış əmlak olan Göyçay şəhəri M.Ə.Sabir küçəsi dalan 2 ev 6 saylı ünvanda yerləşən ümumi sahəsi 45.2 kvm olan fərdi yaşayış evi və 0.10473 ha həyətyanı torpaq sahəsi X19 ilə mərhum X6 birgə nigah dövründə əldə edilmişdir. Göründüyü kimi mərhum X5 miras qalmış əmlaklar X19 ilə birgə nigah dövründə əldə edilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq həmin əmlaklardan X16 çatası əmlak hissəsini mirasın kütləsinə daxil etmiş, Mülki Məcəllənin 37, 225 və 1162-ci maddələrinin tələblərini pozmuş, bununla da tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməyərək, X13 mülkiyyət hüququnun pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Asvarova V Sahibə Feyruz qızı və X3 şəhəri M.Ə.Sabir küçəsi dalan 2 ev 6 saylı ünvanda yerləşən ümumi sahəsi 45.2 kvm olan fərdi yaşayış evinin və 0.10473 ha həyətyanı torpaq sahəsinin mərhum X5 miras qalmış əmlak kütləsinə daxil olan ½ hissəsinə yiyələnmiş və miras əmlakı faktiki surətdə idarə etməyə başlamışlar. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən hüquq və mənafelərinə toxunan şəxs X19 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o ərindən (miras qoyandan) 1990-cı ildə boşanmış və bu vaxta qədər oğlu ilə birlikdə yaşamışdır. Mübahisəli ev əri ilə onun birgə nikah dövründə əldə edilib. Ona görə də onun da həmin evdə payı var. Odur ki, Göyçay Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və onun da payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən 3-cü şəxs Süleymanova (Məmmədova) Nüşabə Feyruz qızı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o, 1990-cı ildə atasının sağlığında ikən həmin evdən gəlin köçərək ər evinə getmiş, bu günədək də ər evində yaşayır. Lakin hərdənbir ata yurduna gedib-gəlmişdir. Hesab edir ki, onun həmin evdə yaşayıb-yaşamamasından asılı olmayaraq vərəsəlik payı var. Ona görə də Göyçay Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və onun da payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, atası öləndən sonra evin bir hissəsində o (ailəsi ilə birlikdə), digər hissəsində isə cavabdeh yaşamışdır. Atasının cavabdehin adına vəsiyyətnamə qoymasından məlumatsız olmuşdur. Cavabdeh ona xəbər etmədən bütün evi öz adına rəsmiləşdirmişdir. Hesab edir ki, ona az pay verilib. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi mübahisəli miras əmlak miras qoyana bağışlama müqaviləsi əsasında keçmişdir. Bundan əlavə apellyasiya şikayəti vermiş şəxs Mədinə Asvarova 1990–cı ildə ərindən (miras qoyandan) boşanmışdır. Buradan da belə nəticəyə gəlinir ki, M.Asvarovanın nə mülkiyyət, nə də ki, vərəsəlik hüququ vardır. Digər apellyatorlara gəldikdə isə hər iki vərəsə Nüşabə və Sahibə atalarının sağlığında miras əmlakdan çıxıb ərə getmiş, mirası nə rəsmi, nə də ki, faktiki qaydada qəbul etməmişlər. Göründüyü kimi miras qoyanın 3 vərəsəsi olduğundan və cavabdehin adına vəsiyyətnamə qoyulduğundan, iddiaçının payı düzgün olaraq 1/6, cavabdehin də payı 5/6 müəyyənn edilmişdir. Apellyasiya şikayətini qəbul etmir və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Asvarova (Məmmədova) Sahibə Feyruz qızı və Göyçay rayon notarit ofisinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qəbul olunmuş qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiyainstansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə görə, apellyasiyainstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak edən tərtəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(046)-90/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: X15 surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. X2r. İddiaçı şəxsiyyət vəsiqəsi məlumatlarında görünür ki, ünvan 5 ünvanda yaşayır. X18 surətindən görünür ki, X11 04.07.2006-cı il tarixdə vəfat etmişdir. 06.05.1995-ci il tarixli vəsiyyətnamədən görünür ki, X11 bütün əmlakını, o cümlədən ona məxsus Göyçay şəhəri M.Ə.Sabir küçəsi dalan 2 ev 6 saylı ünvanda yerləşən fərdi yaşayış evini Cavabdeh1 vəsiyyət etmişdir. 10.02.2016-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X6 06.05.1995-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəsi Cavabdeh1dır. 18.12.2019-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay şəhəri M.Ə.Sabir küçəsi dalan 2 ev 6 saylı ünvanda yerləşən ümumi sahəsi 45.2 kvm olan fərdi yaşayış evi və 0.10473 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə kollegiyası hazırki tələb üzrə işə baxarkən ilk növbədə tərəflərin hər birinin miras əmlaka dair paylarının müəyyən edilməsi məsələsinə hüquqi qiymət verməzdən əvvəl, onların miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edib-etməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı tərəflərin izahatlarından, eləcə də təqdim olunmuş sübutlardan müəyyən edildi ki, miras qoyan şəxs X22 oğlu 03 iyul 2006-cı il tarixdə vəfat etmişdir. Kollegiya hesab edir ki, miras qoyan şəxs – X22 oğlu 2006-cı il tarixdə vəfat etdiyindən, vəsiyyətnamənin hansı tarixdə rəsmiləşdirilməsindən asılı olmayaraq hazırkı mübahisəyə qüvvədə olan (2000-ci redaksiyalı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə) 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1170.2-ci maddəsinin tələbinə görə əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Qeyd olunan Məcəllənin 1202–ci maddəsinin tələblərinə görə məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir Beləlilə məhkəmə kollegiyasının tədqiqi zamanı müəyyən olundu ki, miras qoyan X11 2006- il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1146-cı maddəsi). Miras qoyan Göyçay rayonunda daimi yaşadığından və daşınmaz əmlak həmin rayonda yerləşdiyindən mirasın açıldığı yer Göyçay rayonu hesab olunur (həmin Məcəllənin 1147-ci maddəsi). Miras əmlaka X6 öldüyü məqamadək malik olduğu ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi daxildir. Miras əmlakdan fərdi yaşayış evi birgə nikah dövründə əvəzsiz əqd əsasında (bağışlama müqaviləs) əldə edildiyindən həmin əmlak ər-arvadın birgə əmlakı kimi qiymətləndirilə bilməz. Miras qoyan X6 vəfatından sonra onun birinci növbə vərəsələri- oğlu İddiaçı, qızları Nüşabə və Sahibə Məmmədovalar qalmışlar. Məhkəmə kollegiyasının araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, miras qoyan Feyruz Məmmədov sağlığında, yəni 06 may 1995-ci il tarixdə bütün əmlakını, o cümlədən Göyçay şəhəri Sabir küçəsi, dalan 2 ev 6 ünvanda yerləşən fərdi yaşayış evini Cavabdeh1 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə ləğv edilməmiş, qüvvədədir (mülki iş səh.47). Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, apellyasiya şikayətinə nəzər saldıqda apelyatorlar öz mənafeyindən çıxış etmiş, apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir mötəbər sənədi məhkəməyə təqdim etməmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi apellyasiya şikayətində qeyd olunanlar iş materialları ilə tam təkzib olunur. İkincisi, məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, mübahisəli miras əmlak, yəni Göyçay şəhəri Sabir küçəsi, dalan 2 ev 6 (sonradan 7 olmuşdur) 07 iyun 1976-cı il tarixdə X8 X7 tərəfindən bağışlanılmışdır (i/m. səh. 36 arxiv çıxarışı) . İşin faktiki halından göründüyü kimi miras qoyan F.Məmmədovla apellyasiya şikayəti vermiş Mədinə Məmmədovanın nikahı 1990-cı ildə pozulmuşdur (i/m. səh. 44). Kollegiya mübahisənin bu halına xüsusi diqqət yetirərək belə qənaətə gəlir ki, mübahisəli fərdi yaşayış evi X26 Asvarovanın birgə nikah dövrünə təsadüf etsə də, həmin ev əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə edildiyindən, M.Asvarovanın həmin evdə mülkiyət hüququ, birgə əmlak rejimi yaranamamışdır. Ona görə də kollegiya belə qənaətə gəlir ki, mübahisəli fərdi yaşayış evi birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirilə bilməz, Üçüncüsü, apellyator Mədinə Asvarovanın (Məmmədovanın) vərəsəlik hüquq münasibətinə hüquqi qiymət verən kollegiya qeyd edir ki, miras qoyanla M.Asvarovanın nikahı 1990-cı ildə pozulduğundan artıq onun vərəsə olmaq hüququ da itirilmişdir. Belə ki, Mülki Məcəllənin 1163-cü maddəsinə əsasən nikahı ləğv edilmiş ər-arvad birbirindən sonra vərəsə ola bilməzlər. Dördüncü, məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə, yəni Nüşabə Süleymanova və Sahibə Asvarovaya münasibətdə qeyd edir ki, hər iki vərəsə birinci instansiya məhkəməsi zamanı işə cəlb olunaraq məhkəmə iclasında dindirilmiş, və hər iki vərəsə birinci instansiya məhkəməsinin icraatı zamanı atalarının vəfatından sonra evdə qardaşı Rasimin yaşadığını, miras əmlakı faktiki qəbul edib idarə etdiyini , özlərinin ailə quraraq başqa evə köçdüyünü, həmçinin evi idarə etməsələr də paylarının mövcudluğunu bilıdirmişlər (mülki iş səh.138. məhkəmə iclas protokolu). Kollegiyanın araşdırması zamanı Nüşabə Süleymanova birinci instansiya məhkəməsində vermiş olduğu izahata uyğun izahat verərək, 1990-cı ildə həmin evdən gəlin köçdüyünü bildirmiş, lakin mütəmadi olaraq ata yurduna gəldiini və özünün də payının olduğunu bildirmişdir. Kollegiya apellyatorun bu dəlilinə qiymət verərək bildirir ki, Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Lakin kollegiya tərəfindən təklif olunmasına baxmayaraq apellyator mirasın rəsmi və ya faktiki qəbulu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, 3-cü şəxslər ailəli olmaqla atalarının sağlığında miras əmlakdan çıxmış və hər biri özlərinə məxsus olan evdə yaşamış, hərdənbir miras əmlakda yaşayan qardaşını və anasının yanına gəlib-getmiş, onlara qarşı isti münasibət bəsləmişlər. Lakin kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlərin həmin mübahisəli mənzilə hərdənbir gəlib-getməsi heç də miras əmlakın faktiki qəbulu və idarəçiliyi ilə bağlı deyil, daha çox qohumluq münasibətindən irəli gələn münasibətə, orada yaşayan şəxslərə baş çəkmək, sonuncuların yaşayış tərzi ilə maraqlanmağa uyğun gəlir. Kollegiya qeyd edir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhz göstərilənlərə əsasən məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək 3-cü şəxslər tərəfindən mirasın qəbul edilməsi müddətinin ötürülməsi qənaətinə gəlir və onun uzadılması üçün heç bir üzrlü səbəb görmür. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Kollegiyanın araşdırılması zamanı həmçinin müəyyən edildi ki, apellyatorların niyyəti daha çox iddiaçının payının artırılmasına səy göstərməkdir. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən cavabdehin adına verilmiş vərəsələik şəhadətnaməsinin ləğv edilməsi ilə də razılaşaraq bildirir ki, vərəsəlik işi açılarkən digər vərəslərin, xüsusən də iddiaçınınn iradə ifadəsi nəzərə alınmamış (mirası qəbul və imtina etmələri barədə,) bununla da iddiaçının açılmış vərəsəlik işindən xəbərsiz olmaqla, vərəsə kimi hüquqları pozulmuşdur. Mirası rəsmi qaydada sənədləşdirən vərəsə də notariat kontoruna mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə təqdim edərkən həmin ərizədə qeyd olunan vərəsədən başqa digər vərəsələrin olmamasını qeyd etmişdir ki, bu da hazırki iş üzrə iddiaçının öz iradə ifadəsinin müəyyən edilməməsinə və vərəsəlik hüququ haqqında şəhadətnamədən kənarda qalmasına gətirib çıxarmışdır. Bununla əlaqədar, apellyasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, vəsiyyət üzrə vərəsəliyi qəbul edən, hazırkı iş üzrə Cavabdeh1 öz maraqlarından çıxış edərək digər qanun üzrə vərəsə olan iddiaçı barəsində notariusa məlumat verməməklə Mülki Məcəllənin 1300-cü maddəsinin, notarius isə həmin Məcəllənin 1318-ci maddəsinin tələblərini pozmuşdur. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Cavabdeh1 adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir Kollegiya sonda birinci instansiya məhkəməsi tərəfindən cavabdehin də payının müəyyən edilməsinə müsbət yanaşaraq bildirir ki, nə qədər ki, bütün vərəsələr işə cəlb olunaraq onların mövqeyi aydınlşadırılıb və vərəsəlikdən kənar qalan yoxdur, onda cavabdeh tərəfindən tələb olub-olmamsından asılı olmayaraq mirasın qalan hissəssinin açıq saxlanılmasına lüzum yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Hüquq və vəzifələrinə toxunan şəxs X19, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X20 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(046)-90/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar