Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1012/2023 31.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alqı-satqı münasibətləri üzrə mübahisələr) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il, 2(051)-342/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh arasında ünvan 1 ünvanda yerləşən 18 ildən çox faktiki sahibliyində və istifadəsində olan 0,05 ha torpaq sahəsinə münasibətdə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinə münasibətdə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü ildə Mingəçevir şəhəri Təbriz küçəsindəki 40 A №-li evin 5 №-li mənzilində həyat yoldaşı və iki oğlu ilə yaşayırdı. Onunla bir binada yaşayan qonşusu Mahir adlı şəxs ona və həyat yoldaşı Cahangir Məcidova bildirmişdir ki, Günəşli bağlar massivindən bağ torpaq sahəsi alıb, torpağın yerləşdiyi ərazi yaxşıdır və onun aldığı bağ torpaq sahəsinin yanında satılan bağ yerləri də var, alsalar orada da qonşu olardı. Onlar də fikirləşmişlər ki, gedib yerində baxsınlar, sonra qərar qəbul etsinlər. Odur ki, o, həyat yoldaşı Cahangir, qonşu Mahir və onun həyat yoldaşı Mahalə bir yerdə onların aldıqları bağa baxmağa getmişlər. Bağın yeri və bağın özü çox xoşlarına gəlmişdir, bağın ətrafı məftil tor setka ilə bağlanmışdı və içərisində xeyli meyvə ağacları var idi. Onlar qonşunun bağ torpaq sahəsinə bitişik bir bağ sahəsi də görmüşlər, həmin bağın qarşı (ön) tərəfi daşdan hörülmüş hasar idi, yan tərəfləri (qonşu tərəfləri) isə məftil tor setka və dəmir listlərlə bağlanmışdır. Daşdan hörülmüş hasarın üzərinə isə “satılır" yazılmışdır. Lakin, hasarda bağ sahibinin ünvanı yazılmamışdır. Bağın qonşuluğunda olan bir yaşayış evinə yaxınlaşmışlar və həmin evin sahibi, sonradan adını bildikləri Təhmiraz adlı şəxsdən satılan bağın sahibinin kimliyini və faktiki yaşayış yerini soruşmuşlar. Təhmiraz onlar bildirmişdir ki, satılan bağın sahibi Roza adlı qadındır, həyat yoldaşının adı da Rafaildir, eləcə də onların yaşadığı evin yerini onlara demişdir. Bundan sonra o, və həyat yoldaşı Cahangir bağla əlaqədar söhbət etmək üçün Cavabdeh yaşadığı evə getmiş və bildirmişlər ki, satdığı bağ torpaq sahəsini almaq istəyirlər. O, etiraz etməmiş və onlar bir yerdə bağa baxmaq üçün yenidən həmin bağın yerləşdiyi yerə gəlmişlər. Roza bildirmişdir ki, əri Rafail xəstəxanadadır və bu səbəbdən o gedə bilməyəcək, lakin oğlu İmaıuəddin onlarla birgə bağa gəlmişdir. Bağa birgə baxdıqdan sonra Roza və oğlu dedi ki, Rafailin müalicəsinə pul lazımdır, 100 dollar beh verin müalicəsini etsinlər, sonra gedib Bağlar İdarəsində idarənin direktoru Eyyub Rəşidovun yanında torpağın daimi olaraq onların adına alqı-satqısını sənədləşdirələr. Torpağın alqı-satqısını 750 ABŞ dollarına razılaşmışlar. 100 ABŞ dolları elə həmin günü Rozanın yanında oğlu İmaməddinə vermişlər. Sonra isə Bağlar İdarəsinin işçiləri gəlib torpaq sahəsinin ölçü işlərini aparanda, yəni 02 fevral 2004-cü ildə elə həmin işçilərin yanında qalan 650 ABŞ dolları cavabdeh Roza İsmayılovuya vermişdir. Oradan işçilərlə birgə Bağlar İdarəsinə idarənin rəhbəri Eyyub Rəşidovun yanına gələrək orada sənədləşmə aparmışlar. Həmin vaxt Eyyub Rəşidov bildirmişdir ki, bağ sahibi Cavabdeh 50 ABŞ dolları su üçün borcu da var, həmin borcu da o, ödəmişdir. Beləliklə, onunla Cavabdeh arasında torpağın alqı-satqısı 750 ABŞ dolları və 50 dollar su pulu, cəmi 800 ABŞ dolları etmişdir. Bağlar İdarəsində Cavabdeh idarənin rəisinin adına yazılı ərizə verərək ərizəsində göstərmişdir ki: “istifadəmdə olan 500 kvadrat metr torpaq sahəsini səhhətim ilə əlaqədar olaraq bağa qulluq edə bilmədiyimə görə onu İddiaçı istifadəsinə vermişəm, xahiş edirəm bağıtı texniki pasportunu onun adına işləyəsiniz. Bağ sahəsinə heç bir iddiam yoxdur və gələcəkdə olmayacaq. İlkin sənədin olmadığına arxiv arayışını bərpa edəsiniz” Həmin ərizəni Cavabdeh imzalamış və onun imzasından sonra həyat yoldaşı Rafail İsmayılov və oğlıı İmadəddin İsmayılov da ərizəni imzalayaraq qeyd etmişlər ki, etiraz etmirlər. Bundan sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin nəzdində Bağlar Təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi Cavabdeh aldığı 500 kv.metr bağ torpaq sahəsinə onun adına 16/34 inventar №-li 02 fevral 2004-cii il tarixli X5 Pasportunu tərtib edərək təqdim etmişdir. Onlar cavabdehlə belə razılığa gəlmişlər ki, bu sənədləşmədən sonra qısa müddətdə torpağın ilkin sənədlərini əldə etsin və notariusa gedərək orada torpaq sahəsini notarial qaydada sənədləşdirsinlər. Lakin, həmin vaxtdan 2021-ci ilin yayına qədər o, dəfələrlə cavabdehə müraciət edərək aralarında olan alqı-satqı müqaviləsini razılaşdırdıqları kimi notariusa gedib rəsmiləşdirilməsini tələb etsə də, cavabdeh gah vaxtı olanda gedəcəyini, gah satdığı torpaq sahəsi ilə bağlı heç bir iddiasının olmadığını, gah onu aldatmadığını, torpaq sahəsinin alqı-satqısı müqaviləsində ondan pul aldığını və onun adına Texniki Pasport verildiyini, heç bir narahatçılıq keçirməməyi və sair ona deyərək hər dəfə bir bəhanə ilə torpağın alqı-satqısının notarial qaydada təsdiqləııməsinə getməkdən yaynırdı. Nəhayət, bağ torpaq sahəsi olanlar ona izah etdilər ki, sənədləri toplayıb özü notariusa müraciət edib, müharibə veteranı ailəsi kimi sənədləşmədə ona kömək olunar. Bu məqsədlə o, “ASAN” xidmətdə notariusda oldu və ona izah etdilər ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsin. O, xx.xx.2021-ci il tarixli ərizə ilə həmin idarəyə müraciət edərək Cavabdeh aldığı və 17 ildən çox daimi istifadə etdiyi 0.05 ha torpaq sahəsinə onun adına reyestrdən çıxarış və Texniki Pasport verilməsini xahiş etdi. Lakin, idarə ona 19 avqust 2021-ci il tarixli **********34 saylı məktubla cavab verərək bildirdi ki, sənədləşdirilməsini xahiş etdiyi 0.05 ha torpaq sahəsi digər şəxsin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyətində olan torpaq sahəsidir və odur ki, ona imtina verilmişdir. Bundan sonra, ona məlum olmuşdur ki, Cavabdeh ona satdığı torpaq sahəsinə xx.xx.2016-cı ildə RX seriyalı ******* №-li Dövlət Reyestrindən Çıxarış alsa da ona bildirməmiş və notarial qaydada torpağın alqı-satqısına getməkdən boyun qaçırmışdır. Aldadıldıqlarını başa düşərək 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Cavabdeh adına verilmiş çıxarışın ləğv olunmasını, həmin torpaq sahəsinə onun adına 2004-cü ildən texniki pasport olmasını bildirmişdir. 17 saylı Yevlax Ərazi İdarəsi 10 avqust 2022-ci il tarixlə 2235 2000 9194 saylı məktubla ona cavab verərək bu məsələnin məhkəmə qaydasında həll edildiyini bildirdiyinə görə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsində işə baxılarkən hakim Fəxri Hacızadə ona izah etmişdir ki, “torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi ilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırsın. Odur ki, Cavabdeh arasında ünvan 1 ünvanda yerləşən 18 ildən çox faktiki sahibliyində və istifadəsində olan 0,05 ha torpaq sahəsinə münasibətdə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, deyilənlər tamamilə yalandır. Belə ki, o, bağı iddiaçıya satmaq məqsədilə yox, sadəcə xəstəliyi ilə əlaqədar bağa qulluq edə bilmədiyi üçün vermişdir ki, iddiaçı bağa qulluq etsin. O, 2016- cı ildə torpağı öz adına rəsmiləşdirərək, çıxarış almışdır. Bundan sonra o, bağın qapısını qıfıllamağına baxmayaraq, iddiaçı və oğulları tərəfindən onun bağının qapısı qırılmış və bağda olan ləvazimatlar yararsız hala salınmışdır. İddiaçı dəfələrlə ona müraciət edərək, təklif etmişdir ki, bağı onun adına keçirsin. Lakin o, torpağı iddiaçının adına keçirməkdən imtina etmişdir. İddiaçı qeyd etdiyi 50 manat su pulu üçün verildiyi pul doğrudur. Lakin qeyd etdiyi 650 ABŞ dollarını o, borc istəmişdir. Həmin borcu isə səhv etmirsə 2-3 aydan sonra məlumat verdi ki, iddiaçı gəlib götürsün lakin iddiaçı pulu götürmədi. İzahatında qeyd edilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir.
6. Məhkəmə Cavabdehn və digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-342/2023 saylı qətnaməsi ilə (hakim E.Cəbrayılzadə), iddianın təmin olunmaması, dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Tapdıq qızı tələbinin əsası kimi torpağın mülkiyyətçisi Cavabdeh ilə aralarında 750 dollar pul qarşılığında mübahisəli bağ sahəsinin iddiaçıya verilməsinə dair razılığa gəldiklərini və bu razılaşma əsasında 500 kv.m torpaq sahəsinin onun adına 16/34 inventar №li 02 fevral 2004-cü il tarixli texniki pasportu əldə etməsini və caavbdehin ərizəsi ilə istifadəsində olan 500 kvadrat metr torpaq sahəsini səhhəti ilə əlaqədar olaraq bağa qulluq edə bilmədiyinə görə onu İddiaçı istifadəsinə verilmişdir. Cavabdehin izahatından da görünür ki, cavabdeh bağı iddiaçıya satmaq məqsədilə yox, sadəcə xəstəliyi ilə əlaqədar bağa qulluq edə bilmədiyi üçün verdiyini qeyd etmişdir. Sonradan aldığı pul məbləğini iddiaçıya qaytarmaq üçün dəfələrlə müraciət etmişdir. Lakin iddiaçı pulunu geri götürməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə qeyd olunmuş torpaq sahəsi hazırda mülkiyyətçi Cavabdeh məxsusdur. Həmçinin Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Ərazi idarəsinə təhvil verilmiş “Şüşə” zavodunun kimyaçılıq bağçılıq yoldaşçılıq təsərüfatının adlı siyahısında İddiaçı adı qeyd edilməmişdir
10. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********27 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin üzərində üzərində Cavabdeh tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2016–cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi 2004-cü ildə cavabdehin mülkiyyətində olmamışdır.
11. Şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh arasında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
12. İddia təmin olunmadığı halda məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13, 60-cı maddələri, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsinin “Ankerin” iş üzrə qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1 maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14,2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri 14.Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti vermişdir.
15. Apellyasiya şikayətini dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(051)-342/2023 saylı qətnaməsi qanunsuz və əsassızdır, ləğv edilməlidir.
16. Belə ki, məhkəmə tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, iş hərtərəfli, tam və obyektiv araşdırılmamış, məhkəmə sübutlara düzgün qiymət verməmiş və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək sonda onun hüquqlarının pozulmasına yönələn qanunsuz və əsassız, həm də ədalətsiz qətnamə çıxarmışdır.
17. Təqdim etdiyi sübutlardan (Cavabdehnm ərizəsi) göründüyü kimi əqdin (alqısatqının) bağlanmış hesab edilməsi üçün qanunvericiliyin tələb etdiyi ilkin şərt, yəni cavabdehlə onun arasında torpaq sahəsinin alqı-satqısına dair sadə yazılı əqd hesab oluna biləcək yazılı sənəd mövcuddur və o, 19 ildən çoxdur ki, bu torpaq sahəsindən maneəsiz istifadə edir, cavabdeh isə ona qarşı bu müddətdə torpaq sahəsinə dair mübahisə (torpaq sahəsindən çıxarılma, maddi ziyan və sair) yaratmamışdır.
18. Çox təəssüf ki, məhkəmə bu çox saylı qeyd etdiyi maddi və prosessual hüquq normalarına əhəmiyyət verməmiş və iddianı təmin etmək əvəzinə nədənsə rədd etməyi üstün tutmuşdur. Bundan başqa, qeyd etmək istəyir ki, məhkəmə qətnaməsinin təsviri hissəsində göstərilir ki,cavabdeh məhkəmə iclasında verdiyi izahatında guya demişdir ki, “iddiaçının verdiyi 650 ABŞ dolları o, iddiaçıdan borc istəmişdir. Həmin borcu səhv etmirsə 2-3 aydan sonra məlumat verdi ki. iddiaçı gəlib götürsün, lakin iddiaçı pulu götürmədi''
19. Apellyasiya Kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, cavabdeh məhkəmə iclasında ondan 650 ABŞ dolları borc aldığını deməmiş, ümumiyyətlə borc kəlməsini işlətməmişdir. İzahatında o, həqiqətən torpağa görə məndən 650 ABŞ dolları aldığını və bağ torpaq sahəsi üçün ödəmədiyi 50 ABŞ dolları su borcunu idarəyə ödəməyini demişdir. Məhkəmənin cavabdehə “650 ABŞ dollarını İddiaçı sənə nə üçün vermişdir?" sualına isə cavabdeh cavab vermişdir ki,“bağa baxa bilmədiyinə görə torpağı ona verdim və 650 ABŞ dolları aldım ki, bağa o baxsın".
20. Məhkəmə isə qətnamədə cavabdehin həmin ifadəsini hansı səbəbdənsə dəyişərək borc kimi göstərmişdir. Əgər məhkəmə iclasının videolentinə baxılarsa onun yazdığı həqiqət olduğu təsdiq olunar. Cavabdeh ona heç zaman ona verdiyi 750 ABŞ dollarını qaytarmaq istədiyini deməmişdir. Cavabdehin iş materialiarındakı ərizəsindən də görünür ki, o, torpağı pul müqabilində ona satdığına görə bağ torpaq sahəsinin texniki pasportunun onun adına tərtib olunmasını Bağlar İdarəsinin rəhbərliyindən xahiş etmiş, həmin torpaq sahəsinə dair heç bir iddiasının nə indi, nə də gələcəkdə olmayacağını qeyd etmişdir.
21. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-342/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-342/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarasını xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili, həmçinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-342/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-342/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, həmçinin izahatına əlavə olaraq göstərmişdir ki, həqiqətən də 2004-cü ilin fevral ayında özünə məxsus Mingəçevir şəhərində yerləşən 5 sot bağ torpaq sahəsini 600 ABŞ dollarına İddiaçı satmış, bununla bağlı Mingəçevir şəhəri Bağlar idarəsinin rəisinin adına ərizə yazmışdır. Lakin həmin vaxt torpaq sahəsi mülkiyyətində olmamışdır. Cavabdeh torpaq sahəsi ilə bağlı 600 ABŞ dollarını aldıqdan bir neçə ay sonra torpağı satmaq niyyətindən vaz keçmiş, aldığı 600 ABŞ dollarını Cavabdeh qaytarmaq istədikdə sonuncu pulu qəbul etməkdən imtina etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, 2004-cü ildə Mingəçevir şəhər Bağlar idarəsinin rəisi vəzifəsində işləmişdir və həqiqətən də Cavabdeh tərəfindən 2004-cü ilin fevral ayında Mingəçevir şəhər Bağlar idarəsindəki, torpağının İddiaçı verilməsinə dair həmin vaxt rəhbəri olduğu Mingəçevir şəhər Bağlar idarəsinə ərizə təqdim edilmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Konstitusiyanın; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
28. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun; 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci ilə qədər qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təstiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf işə əqdin notariat qaydasında təstiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təstiqlənməsi tələb edilmir.
Qərarlar:
30. İ. K. Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “MM-nin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Qanun daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır”.
31. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir.
32. “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 may 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi eyni hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-342/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarasını xahiş etmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il, 2(051)-342/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
38. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı Cavabdeh ilə arasında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası olan maddi hüquq normalarına istinad etməməklə səhvə yol vermişdir.
40. Belə ki, tərəflərin arasında yaranan münasibətlər torpaq sahəsinin alqı-satqısı ilə bağlıdır və birinci instansiya məhkəməsi həmin münasibətlərin əsası olan maddi hüquq normalarına istinad etməməklə, iddia tələbini rədd etmişdir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
43. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
44. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
45. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
46. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
47. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
48. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
49. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
50. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanunu tətbiq etmədiyindən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il, 2(051)-342/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
52. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Tapdıq qızı 2004-cü ilin fevral ayında Mingəçevir şəhərində yerləşən 500 kv.m torpaq sahəsinin satın alınması ilə bağlı Cavabdeh pul vəsaitini ödəmişdir. İddiaçı torpağın alqı-satqısı ilə bağlı cavabdehə ödənilən vəsaitin 750 ABŞ dolları təşkil etdiyini göstərsə də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında cavabdeh həmin məbləğin 600 ABŞ dolları olduğunu bildirmişdir. Cavabdeh 02 fevral 2004-cü ildə Mingəçevir şəhəri Bağlar idarəsinə yazdığı ərizə ilə torpaq sahəsinə dair texniki pasportun iddiaçının adına işlənilməsini xahiş edərək, bağ sahəsinə onun heç bir iddiasının olmayacağını göstərsə də tərəflər arasında torpaq sahəsinin alqı-satqısı barədə razılığın əldə edildiyi, bununla bağlı pul vəsaitinin ödənildiyi 2004-cü ilin fevral ayında həmin torpaq sahəsi cavabdehin mülkiyyəti kimi qeydiyyatda olmamışdır. Mübahisəli torpaq sahəsi 03 iyun 2016-cı il tarixdə cavabdehin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
53. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası, qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin təmin edilməsi üçün əsas təşkil etmirlər.
54. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlə onun arasında torpaq sahəsinin alqı-satqısına dair sadə yazılı əqd hesab oluna biləcək yazılı sənəd mövcud olması, 19 ildən çoxdur ki, bu torpaq sahəsindən maneəsiz istifadə etməsi, cavabdehin ona qarşı bu müddətdə torpaq sahəsinə dair mübahisə yaratmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 22 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır.
56. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.
57. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur.
58. Qeyd edildiyi kimi, 24 iyun 2005-ci ilə kimi qüvvədə olmuş MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün müqavilə yazılı formada tərtib edilməklə yanaşı əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı və əqdin özü qanuna zidd olmamalıdır.
59. Hazırki halda iş üzrə cavabdeh 2004-cü ilin fevral ayında mübahisəli torpaq sahəsi ilə Mingəçevir şəhər Bağlar idarəsinə yazılı ərizə ünvanlasa da 2004-cü ilin fevral ayında mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyəti kimi qeydiyyatda olmamışdır. Beləliklə əgər tərəflərin torpaq sahəsinin satışını razılaşdırdıqları ərəfədə cavabdeh tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmasaydı belə həmin müqavilənin rəsmiləşdirilməsi, beləliklə də həmin əqdin qanuna uyğun hesab edilməsi imkanı mövcud olmamışdır.
60. Əlavə olaraq isə cavabdeh məhkəmə kollegiyasının iclasında izahat verərək, həqiqətəndə iş üzrə İddiaçı mübahisə predmeti olan torpaq sahəsinin ona satılmasına görə 650 ABŞ dolları aldığını, lakin sonradan həmin torpaq sahəsini satmaqdan imtina etdiyini, bu səbəbdən də iddiaçının ona verdiyi 650 ABŞ dolları məbləğində pulu onun özünə geri qaytarmaq istədiyini, lakin iddiaçının həmin pulu almaqdan imtina etdiyini göstərmişdir.
61. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş üzrə cavabdehin mübahisəli torpaq sahəsini satmaqdan imtina etdiyi, bu səbəbdən notariat qaydasında təsdiqlənməsindən boyun qaçırdığı müəyyən edilsə də, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********27 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üzərində Cavabdeh tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2016–cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
62. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi 2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyata alındığından, onun 2004-cü ildə mülkiyyəti kimi adına qeydiyyata alınmayan torpaq sahəsini satmaq səlahiyyəti olmamışdır.
63. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsinin tələbindən də göründüyü kimi, qanunvericilklə nəzərdə tutulmuş hallarda, məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Lakin mülki iş materiallarından görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi 2016-cı ildə cavabdehin mülkiyyətinə rəsmiləşdirmiş, rəsmiləşdirildiyi tarixədək isə onun həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququ olmamışdır.
64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamədə cavabdehin ifadəsinin dəyişdirilməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materialı öyrənilərkən işdə olan cavabdehin 16 yanvar 2023-cü il tarixli məhkəmə iclas protokolundakı izahatı ilə onun birinci instansiya məhkəməsinin qətnaməsində əksini tapmış izahatının eynilik təşkil etməsi, cavabdehin izahatının təhrif edilməsi halına yol verilmişdirsə bununla bağlı məhkəmə iclas protokoluna hər hansı bir qeydin verilməməsi müəyyən edilmişdir.
65. Kollegiya qeyd etməyi vacib bilir ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir.
66. Odur ki, qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il, 2(051)-342/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
67. İddia rədd edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il, 2(051)-342/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.