Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1015/2023 05.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (açar sözlər: borcun silinməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dаir” mülki iş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 11 iyul 2023-cü il tаrixli, e-2(025)-968/2023 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 16 dekabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış qaz sərfiyyatının dəyəri olan **********000160 abonent koduna vurulmuş 2747,52 borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qəbələ rayonu Ovcullu kəndində yaşayır. Həmişə istifadə etdikləri təbii qazın dəyərini vaxtı-vaxtında poçt, bank və ya terminal vasitəsilə ödəmişdir. Həmişə sayğac üzrə ödənişlər aparmışdır. **********00160 olan abonetin saldosundan görünür ki, müvafiq ayları üzrə vaxtı-vaxtında ödənişlər etmişdir. Azəriqaz İB tərəfindən 16 dekabr 2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktda göstərilmişdir ki, sayğacdan kənar qaz xəttinə qoşulma aşakar edilmişdir. Azəriqaz İB tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 21 dekabr 2022-ci il tarixli tələbnamdə göstərilmişdir ki: Qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat günlük iş rejimli 24 saaat hesabat müddəti 360 gün; Dəmir sobasının maksimal saatlıq qaz sərfi 1.4 m3/saat günlük iş rejimli 24 saat hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat günlük iş rejimli 24 saaat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablansın. PQ-4 - 1.2 x 24 saat x 360 gün = 10368 m3 Dəmir soba - 1.4 x 24 saat x 180 gün = 6048 m3 QSQ - 1.5 x 24 saat x 180 gün = 6480 m3 10368 m3 + 6048 m3 + 6480 m3 = 22896 m3 x 0.12 m = 2747.52 man. Cavabdehin nümayəndələri tərəfindən onun yaşadığı evin qaz xəttinə quraşdırılmış qaz sayğacına ayda 2 dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş ona təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyəri həm köhnə, həm də yeni sayğac üzrə sərfiyyat göstəricisinə uyğun və tam şəkildə mütamadi olaraq tərəfindən ödənilmişdir. Azəriqaz İB tərəfindən tərtib edilmiş aktda qeyd olunanlar hamısı yalandır. Bundan sonra cavabdeh təşkilat onu əsassız və qanunsuz olaraq mənbəyi məlum olmayan həddindən artıq 2747.52 məbləğində cərimə etmişdir. Cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin akt qanunsuz və əsassızdır. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş kvotanı doldurmaq üçün onu qanunsuz olaraq cərimə etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuşlar və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Bundan əlavə, onu da qeyd etmək istəyir ki, istifadəsində olan qaz saygacı fərdi yaşayış evinə giriş qapısından çöldə quraşdırılmışdır. Ancaq istifadəsində olan sayğac fərdi yaşayış evinə giriş qapısından çöldə qoyulsa da, qaz paylayıcısı tərəfindən qaydaların tələblərinə əməl edilməmiş və saygac müvafiq örtüklə örtülməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda qazdan istifadədə pozuntuya yol verilməsini təsdiq edən aktın tərtib olunmasının xüsusi qaydası müəyyən edilmişdir ki, bu pozuntunun baş verməsi yalnız həmin qaydalara riayət olunmaqla tərtib edilmiş aktla təsdiq oluna bilər. Başqa qaydada və ya formada tərtib edilmiş hər hansı akt, yaxud sənəddə digər hər hansı pozuntunun olmasını əks etdirən nüanslar varsa, bu zaman onlar sübut kimi qəbul oluna bilməz. Bu tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsindən irəli gəlir. Həmin normaya görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Odur ki, işdə olan aktda iddiaçı tərəfindən qazdan istifadə zamanı pozuntuya yol verilməsi göstərilməsinə baxmayaraq, həmin akt yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edildiyindən, qanunu pozmaqla əldə edilmiş sübut kimi iş üzrə hər hansı bir halın təsdiq və ya təkzib edilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinin tələblərinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
3. Cavabdeh İB-nin nümayəndəsi X2 məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 2747.52 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********00160 saylı qaz hesabında xx.xx.2023-cü il tarixə 2528,82 manat borc vardır. Həmin 2528,82 manat borc itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı yaşadığı Qəbələ rayonu Ovcullu kəndindəki mənzilində hal-hazırda istismarda olan G-4 markalı **********5 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan G-4 markalı **********5 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan, sayğacdan kənar qeyri-qanuni qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadəyə görə, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında, qaz işlədicilərinin PQ-4 qaz piltəsinin maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, Q.S.Q.-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 22896 m3 (və ya 2747.52 manat) həcmində müəyyən edilmişdir. Abonent iddia ərizəsində qeyd etmişdir ki, qaz sərfiyyatı üzrə olan ödənişləri vaxtlı vaxtında ödəyir. Lakin abonent saldosuna nəzər yetirdikdə abonentin yalan məlumat verdiyi aşkarlanır. Bundan əlavə araşdırma çərçivəsində toplanmış materiallar inzibati icraatın başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X3 Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq X3 Agentliyinin Şəki filialı tərəfindən İddiaçı Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməklə xx.xx.2023-cü il tarixli MN0358309 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə İddiaçı Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli MN0477683 nömrəli inzibati tənbeh vermə haqqında qərarala 100 manat həcmində inzibati cərimə edilmişdir və hal hazırda sözügedən qərar qanuni qüvvəsindədir. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının, həmçinin sayğaca müdaxilə üsulu ilə sayğacın real sərfiyyatının gizlədilməsi istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
4. Birinci instansiya məhkəməsində işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmışdır.
5. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 11 iyul 2023-cü il tаrixli, e- 2(025)-968/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddiasında göstərdiyi halları sübuta yetirə bilməmiş, əksinə iş materialları ilə iddiaçının tələbinin həqiqəti əks etdirmədiyi müəyyən olunmuşdur. Bu səbəbdən iddia tələbi rədd edilməlidir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - Cavabdeh İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli ******* nömrəli aktından görünür ki, sayğacdan kənar şlanq birləşməsi ilə qeyri-qanuni qazdan istifadə edilməsi müəyyən olunmuşdur. - 21 dekabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, Cavabdeh İB-nə 22896 m3 ziyan dəymişdir. Eyni zamanda fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğunu aşkar olunmuşdur. Nəticədə sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qərara alınmışdır. - 24 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Ovcullu kəndində fərdi evdə qazpaylayıcı şəbəkədə quraşdırılmış qaz sayğacına müdaxilə edərək təbii qazın talanması nəticəsində 2747,52 manat məbləğində ziyan vurduğu üçün İXM-in 282.1ci maddəsinə əsasən 100 manat cərimə olunmuşdur.
8. İddiaçı Qəbələ Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tаrixli, e-2(025)-968/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, cavabdehin nümayəndələri tərəfindən onun yaşadığı evin qaz xəttinə quraşdırılmış qaz sayğacına ayda 2 dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş ona təqdim edilir. Azəriqaz İB tərəfindən tərtib edilmiş aktda qeyd olunanlar hamısı yalandır. Bundan sonra cavabdeh təşkilat onu əsassız və qanunsuz olaraq mənbəyi məlum olmayan həddindən artıq 2747.52 məbləğində cərimə etmişdir. Cavabdeh təşkilat cərimə hesablayarkən sonuncu bildiriş verdiyi tarixdən və ya bir aylıq müddəti aşmayan günlər üçün hesabat aparmalı idi. Belə olan halda qaz plitəsi üçün 12 aylıq (360 gün) hesabat üçün müəyyən olunan 10368 kub metr qazın 1 ayı götürüldükdə 864 m3 (10368 / 12 = 864 m3), dəmir soba üçün 6 aylıq (180 gün) hesabat üçün müəyyən olunan 6048 m3 qazın 1 ayı götürüldükdə 1008 m3 (6048 /6 = 1008 m3), QSQ üçün 6 aylıq (180 gün) hesabat üçün müəyyən olunan 6480 m3 qazın 1 ayı götürüldükdə 1080 m3 (6480 /6 = 1080 m3) hesabat aparmalı idi. Nəticədə bir aylıq sərfiyyat cavabdehin tələbnaməsinə əsasən m3 kub metr (864 m3 + 1008 m3+ 1080 m3= 2952 m3) müəyyən edilir ki, bu da 354.24 manat (2952 m3 x 0.12 q = 354.24 manat) təşkil edir. Ona görə də günlük cihazların 24 saat ərzində işlədilməsinin mümkünsüzlüyünün nəzərə alınmasını xahiş etsə də, yuxarıda göstərilənlər nəzərə alınmamışdır. Qeyd edir ki, analoji işlərlə bağlı Şəki Apellyasiya Məhkəməsinin 2(107)-752/2023 və 2(107)-753/2023 saylı yekun məhkəmə aktları vardır ki, həmin işlərdə də eyni ilə ona tətbiq edilmiş cərimə məbləği kimi digər vətəndaşın 360 günlük cərimə məbləğini qanunsuz hesab etmiş və cərimənin 30 günlük müəyyən edilməsini qanuni hesab etmişdir. Lakin Qəbələ Rayon Məhkəməsi buna baxmayaraq iddiasının əsaslarına varmadan belə bir qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən Qəbələ Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e- 2(075)-968/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
11. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
12. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
13. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
15. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
16. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
17. Maddə 560.3 və 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
21. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: - 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; - 4.6. Qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; - 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; - 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).
Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:
22. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
23. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
27. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
28. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
32. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
33. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
34. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tаrixli, e-2(025)-968/2023 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalıdır.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
39. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
40. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
41. Müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktına əsasən 2747,52 manat cərimə olunmuş, həmin pozuntuya görə isə barəsində Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və həmin qərar əsasında 100 manat cərimə olunmuşdur. İddiaçı həmin qərarı mübahisələndirməmiş və həmin qərar qüvvədədir. Göründüyü kimi İddiaçı Cavabdeh İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli ******* nömrəli aktında göstərilmiş pozuntunun onun tərəfindən edilməməsi barədə məhkəməyə sübut təqdim etməmişdir.
42. İddianı təmin etməyən birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, iş materiallarında olan abonent saldosuna nəzər yetirdikdə müəyyən edilir ki, 2022-ci il üçün iddiaçının istifadə etdiyi qaz sərfiyyatının ümumi dəyəri 147,96 manat olmuşdur. Lakin 2023-cü ilin ilk 2 ayı üçün bu məbləğ 156,72 manat müəyyən olunmuşdur. Göstərilən bu hal da onu onu göstərir ki, iddiaçı həqiqətəndə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etmişdir. Ona görə də iddiaçı iddiasında göstərdiyi halları sübuta yetirə bilməmiş, əksinə iş materialları ilə iddiaçının tələbinin həqiqəti əks etdirmədiyi müəyyən olunmuşdur. Bu səbəbdən iddia tələbi rədd edilməlidir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə etməklə pozuntu törətməsi nəticəsinə gəlsə də, vurulmuş ziyanının müəyyən edilməsi hissəsində səhvə yol vermişdir.
44. İddiaçının yaşadığı Qəbələ rayonu Ovcullu kəndindəki evində hal-hazırda istismarda olan G-4 markalı **********5 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə istifadə edilməsi və bunun Cavabdeh əməkdaşları tərəfindən aşkar edilərək müvafiq qaydada sənədləşdirilməsi işin mübahisələndirilməyən hallarıdır.
45. İşin mübahisələndirilən halı Cavabdeh tərəfindən qaz işlədicilərinin PQ-4 qaz piltəsinin maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, Q.S.Q.-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq məbləğin hesablanmasıdır.
46. İş materialları ilə müəyyən olunur ki, İddiaçı 2022-ci ilin dekabr ayında qanunsuz olaraq qazdan istifadə etdiyinə görə ona Cavabdeh tərəfindən 2747.52 manat hesablamışdır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, qaz sayğacından kənar qeyri-qanuni qoşulma halında itirilmiş qazın dəyəri hesablanarkən həddindən artıq yüksək məbləğ müəyyən edilmişdir. Belə ki, cavabdeh itirilmiş qazın həcmini müəyyən edərkən nəyə əsasən hesabat müddətini müvafiq olaraq 360 və 180 gün müəyyən etdiyini əsaslandıra bilməmişdir.
48. Cavabdeh istifadəçinin qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmələrdə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, qaz sayğacına cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, iddiaçı tərəfindən qazdan istifadə qaydalarınn pozulması qısa müddət ərzində aşkara çıxarılmalıdır. Bunun əksi qəbul edilməzdir. Yuxarıda qeyd olunan Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Ona görə də itirilmiş qazın bərpası üçün hesabat müddətinin 360 (1 il) və yaxud 180 gün (6 ay) deyil, 30 gün (1 ay) götürülməsi daha ağlabatan olmaqla, həm də ədalətlidir. Ona görə də cavabdehin sayğacdan kənar qoşulma ilə bağlı qanunsuz istifadəyə görə sayğacdan kənar qoşulmanın aşkar edildiyi vaxtdan bir ay əvvələ qədərki sərfiyyata görə borc hesablanmalıdır.
50. Ona görə də İddiaçının qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməyi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. Qaz plitəsi üçün 864 m3 (10368 m3/ 12 = 864 m3), dəmir soba üçün 1008 m3 (6048 m3 /6 = 1008 m3), QSQ üçün 1080 m3 (6480 /6 = 1080 m3) olmaqla, cəmi 2952 m3 (864 m3 + 1008 m3+ 1080 m3= 2952 m3) təşkil edir. Həmin qaz sərfiyyatının dəyəri isə 354.24 manat (2952 x 0.12 q = 354.24 manat təşkil edir.
51. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
52. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
53. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini təmin etməməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tаrixli, e-2(025)-968/2023 saylı qətnaməsi ləğv edilməli, iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir.
54. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tаrixli, e-2(025)-968/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı barəsində Cavabdeh tərəfindən tərtib edilmiş 16 dekabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında abonent koduna vurulmuş itirilmiş qazın bərpası üçün hesablanmış 354.20 manat məbləğində borc silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov