Məhkəmə qərarları › İş №2(107)-1017/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1017/2022

04.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1017/2022 04.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı iddia cərimə borcunun silinməsi və hüquqların bərpası tələbinə dair (Açar sözlər: qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı iddia cərimə borcunun silinməsi və hüquqların bərpası tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(046)- 857/2022 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğaca kənar müdaxilə edildiyi aşkar edilmişdir.

2. Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, abonent İddiaçı 1374 manat qaz pulu borcu olduğu bildirilmişdir. İddiaçı həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə evinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir.

3. Cavabdeh itirilmiş qazın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı Göyçay XS-nin abonent bazasındakı abonent koduna 720 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır.

4. Məhkəməyə təqdim edilmiş **********0000 saylı Abonentin saldosundan görünür ki, İddiaçı qazdan istifadəyə görə, eləcə də hesablanmış aktlar üzrə xx.xx.2022-ci ilə Azəriqaz İB-nə 1454.54 manat borcu vardır.

5. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı yaşadığı evə sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilsin. Qaz işlədicilərindən PQ3 maksimal saatlıq qaz sərfi 0.9 m3/saat. Radiator (03 ədəd) maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, QSSQ maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablansın.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun silinməsi və 2021 -ci ilin sentyabr ayında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq yazılmış 1036.80 manat cərimə məbləğinin azaldılaraq 172.80 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1- də yaşayır. Fərdi yaşayış evinə Cavabdeh İB-nin əməkdaşları evinə quraşdırılmış qaz sayğacını aparmış və bu barədə akt tərtib etmişlər. Evindən çıxarılmış sayğac dövlət yoxlanılmasına göndərilmiş, sayğaca kənar müdaxilə olduğu aşkar edilmişdir. Buna görə də 72manat məbləğində cərimə edilmişdir. Halbuki, sayğaca heç bir müdaxilə etməmişdir. Bundan başqa 30 sentyabr 2021-ci il tarixdə Göyçay qaz İdarəsinin işçiləri yaşadığı fərdi yaşayış evinə baxış keçirən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar etmişlər və buna görə də qanunsuz olaraq 1036.80 manat məbləğində cərimə yazmışlar. Lakin bildirmək istəyir ki, həmin xətt aşkar edilsə də, həmin xəttdən heç bir vaxt istifadə etməmişəm, köhnə və istifadəsiz bir xəttdir. Ona görə də hesablanaraq yazılmış məbləğ ilə razı deyil, hesab edir ki, tamamilə qanunsuz və həddən artıq şişirdilərək yazılmış və hesablanmışdır. Belə ki Cavabdeh X1 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş 30 sentyabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə ona məxsus evdə guya 3 ədəd radiator peçindən istifadə edildiyi göstərilmiş, həmçinin həmin radiator peçlərinin hesabatı 90 günə hesablanmışdır. Sentyabr ayının qış ayı deyil payız ayı olduğunu,havanın isti olduğunu və radiator sobasının da mənzillərin isidilməsi üçün istifadə edildiyini,sentyabr ayında isə heç bir isidici və ya qızdırıcı cihazlardan istifadə edilmədiyini nəzərə alsaq həmin tələbnamənin tam absurd və qanunsuz formada tərtib edildiyi aydın görünmüş olar. Bütün əhali abonentlərinin, o cümlədən də onun yaşadığı evə ayda bir dəfədən az olmayaraq baxış keçirilir,sayğac göstəricilərinə əsasən bildiriş təqdim edilir. Əgər onun mənzilində əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə olmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Göründüyü kimi əvvəllər də bundan istifadə edilmədiyi üçün bu aşkar edilməmişdir. Cavabdeh İB-nin əməkdaşları xx.xx.2021-ci il tarixdə dəymiş zərəri müəyyənləşdirərkən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına və daxili təlimatlarına istinad etmişdir. Bununla əlaqədar qeyd edir ki, Cavabdeh İB-nin istinad etdiyi həmin sənəd və ya sənədlər o vaxt sübut kimi qəbul edilə bilər ki, Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilsin. Həmin sənəd və ya sənədlər Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilmədiyindən həmin sənədlər vətəndaşların sosial vəziyyətini ağırlaşdırır. Bu səbəbdən dəymiş zərərin müəyyənləşdirildiyi “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına və daxili təlimatları sübut kimi qəbul edilə bilməz.

8. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 10 mart 2022-ci il tarixli, 2(046)- 857/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı barəsində Cavabdeh İB-nin Ağsu X7 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akt əsasında abonent koduna vurulmuş itirilmiş qazın bərpası üçün hesablanmış 72 manat məbləğində borcun silinməsi, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 1036.80 manat cərimə məbləği, azaldılaraq 172.80 manat müəyyən edilməsi, qətnamənin icrasının cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Yaşayış sahəsindən kənarda qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır, sayğaca kənar müdaxilə edilməsi iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməmiş, eyni zamanda iddiaçının qaz sayğacına kənar müdaxilə etməsi barədə heç bir mötəbər sübut müəyyən olunmamışdır. Sayğaca istehlakçı tərəfindən kənar müdaxilənin müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın iddiaçıdan tutulması qərara alınmışdır.

10. Məhkəmə hesab edir ki, İddiaçı 2021-ci ilin sentyabr ayında sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarının pozmasına nəticəsində 1036.80 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, İddiaçı 2021-ci ilin sentyabr ayında qanunsuz olaraq qazdan istifadə etmiş, Azəriqaz İB isə İddiaçı 90 gün müddətinə təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 1036.80 manat hesablamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçının qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməyi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. (1038.80/6=172.80) Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Cavabdeh Ağsu X7 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən iddiaçıya hesablanmış 72 manat borc silinməli, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 1036.80 manat cərimə məbləği, azaldılaraq 172.80 manat müəyyən edilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli və "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarlarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2, 4.7, 4.8 və 4.9 –cu bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir.

14. Belə ki, xx.xx.2020-ci il tarixdə ”Azəriqaz” X6 RQİİ-nin ünvan 3 ünvanında yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir.

15. Mənzildən açılmış G4 markalı, ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 29/1710-04706-1 saylı akta əsasən sayğacın deformasiya nəticəsində çıxış plasmas borusunun oturacaqdan aralandığı aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-ninİstehlakçılara satılan qaza nəzarət şöbəsində xx.xx.2021-ci il tarixdə İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Göyçay XS-ninabonent bazasındakı **********00000 nömrəli abonent koduna 720 m – 72.00 (yetmiş iki) manat 00 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur.

16. Bundan başqa 30 sentyabr 2021-ci il tarixdə Ağsu RQİİ-nin İSQNŞ-nin əməkdaşları İddiaçı mənzilinə baxış keçirdərkən sayğacdan kənar qanunsuz əlavə qaz xətti aşkar edərək həmin tarixli, ******* nömrəli“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində xx.xx.2021-ci il tarixdə İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Göyçay XS-ninabonent bazasındakı **********00000 nömrəli abonent koduna 10368 m – 1036.80 ( bir min otuz altı) manat 80 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğlər sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın və sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış itirilmiş təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir.

17. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 2(046)-857/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı tərəf səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Maddə 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

23. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri).

24. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri).

25. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

26. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(046)-857/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(046)- 857/2022 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır, sayğacın plasmas qapağının alt hissəsi deşici alətlə deşilməsinin aşkar olunması iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməmiş, eyni zamanda Cavabdeh nümayəndəsi iddiaçının təqsirli hərəkətləri nəticəsində , sayğacın plasmas qapağının alt hissəsi deşici alətlə deşilməsi barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Sayğacın plasmas qapağının alt hissəsi deşici alətlə deşilməsi istehlakçının təqsirli hərəkətləri nəticəsində baş verdiyi müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın iddiaçıdan tutulması qərara alınmışdır

32. Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən cavabdehin qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində cavabdehin iddiaçıya maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, iddiaçı tərəf öz etirazının əsaslarını yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır.

33. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz iddiaçının özü tərəfindən törədilməsi barədə cavabdehin dəlilləri ilə razılaşa bilmədiyindən və cavabdeh tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apellyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər iddiaçı sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sayğacdan kənar qanunsuz xətt vasitəsilə qoşulma halında itirilmiş qazın dəyəri hesablanarkən həddin artıq yüksək məbləğ müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki , apellyasiya şikayətinin dəlilləri bu hissədə də əsassız olduğundan təmin edilməməlidir.

35. Əvvəla ona görə ki, iş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçının aylar üzrə qaz sərfi o qədər yüksək olmamışdır.

36. İkincisi, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

37. İddiaçı yalnız dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsini şikayətində qeyd etmişdir. Həmçinin şikayətdə göstərilmişdir ki, həmin qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Məhkəm kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi sənəd o vaxt sübut kimi qəbul edilə bilərdi ki, Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilsin. Lakin həmin sənəd vətəndaşların sosial vəziyyətini ağırlaşdırır. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”nı sübut kimi qəbul etmir.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı Göyçay Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(046)-857/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermədiyi üçün birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

39. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz.

40. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(046)-857/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

42. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(046)-857/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar