Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1019/2023 24.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin(bundan sonra- Bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “nisyə alğı-satqı müqaviləsinin ləğv edilməsi və əmlakın boşaldılması” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə Cavabdeh1 arasında 21 fevral 2022-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə müəyyən olunur ki, satıcı(Bank) ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 314,8 kv.m olan fərdi yaşayış evini 45.000 manat qiymətinə alıcının(Cavabdeh1) mülkiyyətinə verməyi, alıcı isə ilkin olaraq 10.000 manat ödəməyi, qalan 35.000 manat məbləği isə xx.xx.2023-cü il tarixədək hər üç ayda bir dəfə 5.000 manat ödəmək şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində icraat Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 314,8 kv.m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, əmlakın boşaldılması və Banka təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə alıcı, yəni hazırki iş üzrə Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etməmişdir. Belə ki, alıcı tərəfindən yalnız 15.000 manat ödəniş edilmiş, qalan məbləğlər ödənilməmişdir. Ağsu Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(016)- 287/2023 nömrəli iş üzrə qəbul etdiyi 05 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Əsgərov) iddia təmin edilmiş, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 314,8 kv.m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 423.2, 442, 600.1, 600.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə müqavilə üzrə ödənilən məbləğə heç bir münasibət bildirmədən, ödənilən və qalıq məbləğin nə qədər olmasını müəyyən etmədən, yalnız iddiaçının söylədikləri ilə kifayətlənərək qətnamə qəbul etmişdir. Halbuki, ödənilən və qalıq məbləğin nə qədər olmasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyi üçün məhkəmə qərar qəbul edərkən ekspert rəyinə istinad etməli idi. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı(Bank) ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 314,8 kv.m olan fərdi yaşayış evini alıcıya(Cavabdeh1) 45.000 manat qiymətinə satmağı, alıcı isə ilkin olaraq 10.000 manat ödəməyi, qalan 35.000 manat məbləği isə xx.xx.2023-cü il tarixədək hər üç ayda bir dəfə 5.000 manat ödəmək şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, alıcı olan Cavabdeh1 müqavilə şərtlərini pozmuş və ödənilməli olan 45.000 manat məbləğdən yalnız 15.000 manat ödəmişdir. Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Bank tərəfindən Cavabdeh1 müqavilənin ləğvinə dair təklif göndərilsə də, sonuncu tərəfindən təklifə cavab verilməmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Göründüyü kimi, Cavabdeh1 alğı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, ödəməli olduğu məbləği müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh apellyasiya şikayətində müqavilə üzrə ödənilmiş və qalıq məbləğlərin düzgün müəyyən edilmədiyini bildirsə də, qeyd etdikləri xüsusatları təsdiq edən və ya iddia tələbinin dəlillərini şübhə altına alan sübutları məhkəmələrə təqdim etməmiş, eyni zamanda məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Ağsu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyun 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1019/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1019/2023
24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver