Məhkəmə qərarları › İş №2(107)-1023/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1023/2021

20.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1023/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 12 fevral 2021-cu il tarixli 2(033)-79/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 12 fevral 2021-cu il tarixli 2(033)-79/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və onun həmin evə köçürülməsi tələbinə dair iddiаsı qismən təmin edilərək Cavabdeh İddiaçı mülkiyyətində olan 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikilmiş tikilidən çıxarılması qət edilmiş, iddia tələbinin qalan hissəsi təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı evdən çıxarılma və onun həmin evə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Zaqatala rayonu Çökək kəndində onun mülkiyyətində olan torpaq sahəsində tikdirdiyi ona məxsus yaşayış evindən Cavabdeh çıxarılmasına və özünün həmin evə köçürülməsinə dair qətnamə çıxarmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, Muğanlı kənd sakini olmaqla İİ qrup əlildir. O və bacısı X10 kəndində mərhum atalarından onlara vəsiyyət edilən evdə qardaşının ailəsi ilə birlikdə yaşamışlar. Qardaşlarının həyat yoldaşı Cavabdeh ilə tez-tez aralarında ailə-məişət zəminində münaqişələr yarandığına görə o kənar ərazidən torpaq sahəsi alıb ev tikərək həmin evə köçüb bacısını da yanına gətirərək yaşamaq qərarına gəlmişdir. Bu məqsəd ilə o, bir neçə il əvvəl Zaqatala rayonu Çökək kəndi ərazisində torpaq sahəsi alıb 2017-ci ilin mart ayından həmin torpaq sahəsində ev tikdirməyə başlamışdır. X12 başda olmaqla digər yaxın ailə üzvlərinin də maddi dəstəyi ilə 2020-ci ilin may ayında nəhayət evi müəyyən qədər yaşamalı vəziyyətə gətirərək həmin evə köçmüşdür. Bir neçə ay bir az rahatlığa çıxıb yaşadıqdan sonra, 2020-ci ilin avqust ayının 22-də evinə gələrkən qardaşının həyat yoldaşı Cavabdeh 2 uşağı ilə evinə yerləşdiyini görmüşdür. Cavabdeh həmin evin ona məxsus olduğunu və evdən çıxmayacağını bildirmişdir. O, bu barədə Zaqatala rayon Polis Şöbəsinə müraciət etsə də, şikayətinin ciddi nəticəsi olmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Həmin evin torpaq sahəsinin mülkiyyət hüququna dair çıxarışı vardır və öz adına qeydiyyatdadır. Evi isə o, bacısının və digər yaxınlarının maddi dəstəyi ilə tikdirmişdir. Evin tikinti işlərində yaxın qohumları işləmişdir. Zərurət yaranarsa məhkəmədə şahid qismində iştirak üçün dəvət edilə bilərlər. Onun illərlə minbir zəhmətlə tikib cəmi bir neçə ay yaşadığı evə gəlininin qapının qıfılını qıraraq gəlib yaşaması onun hüquqlarının pozulması kimi qəbul edilməlidir və tam qanunsuzdur. Bu səbəbdən də, hüquqi dövlətdə yaşadığı üçün bu cür münasibətlər qanun çərçivəsində tənzimləndiyindən, məhkəmənin ədalətinə güvəndiyi üçün pozulmuş hüquqlarının bərpasından ötrü Zaqatala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X4 iddiaçının verdiyi izahata uyğun çıxış edərək iddiaçının öz mülkiyyəti olan torpaq sahəsi üzərində öz vəsaiti hesabına tikilmiş yaşayış evindən qanunsuz olaraq məskunlaşmış Cavabdeh çıxarılmasını və iddiaçının həmin evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddia ərizəsində qeyd edilənlərə etiraz edərək həmin məlumatların doğru olmadığını bildirmiş və göstərmişdir ki, o, 2001-ci ilin noyabr ayında Muğanlı kənd sakini X9 ilə ailə qurmuşdur. O, ailə qurduqdan sonra qayınatasının Muğanlı kəndində yerləşən evinə gəlin köçmüşdür. Birgə nikahlarından 2002-ci ildə qızı Zahidət Hüseynli, 2003-cü ildə isə oğlu İdris Hüseynli dünyaya gəlmişdir. Ailə qurduqdan sonra, əri Vidadi Hüseynov hər il yaz aylarında Rusiyaya işləməyə gedib payız aylarında qayıtmışdır. Vidadinin Rusiyadan gətirdiyi pula o, Muğanlı kəndində heyvandarlıq təsərrüfatı qurmuşdur. Təsərrüfatlarında 170 baş xırdabuynuzlu, 5 baş iribuynuzlu heyvan olmuşdur. Təxminən 2013-cü ilin əvvəllərində əri Vidadi ilə o Zaqatala şəhərində torpaq alıb ev tikmək qərarına gəlmişlər və ev tikintisi üçün almaq məqsədi ilə Zaqatala şəhərində torpaq axtarmağa başlamışlar. Həmin ərəfədə Vidadi Rusiyaya getmişdir. Vidadi Rusiyaya getdikdən sonra onunla bir evdə yaşayan baldızları Fatma və Məsumə Zaqatala rayonu Çökək kəndində münasib qiymətə torpaq tapdıqlarını bildirmişlər. Qısa zaman ərzində ondan xəbərsiz baldızları Fatma və Məsumə Rusiyada olan onun əri Vidadidən pul götürüb tapdıqları Çökək kəndindəki 0,03 ha torpaq sahəsini almışlar. O, baldızları Fatma və Məsumənin torpaq sahəsini Vidadinin adına aldıqları düşünmüş və 2013-cü ilin payız ayılarında əri Vidadi Rusiyadan qayıtdığı zaman o, torpağın baldızı Məsumənin adına alındığını bilmişdir. Buna görə narazılığını bildirdiyi üçün əri Vidadi tərəfindən döyülmüşdür. Həmin vaxt o, atası evinə qayıtmışdır. Sonra Vidadi ondan üzr istəmiş və bacısının adına almış olduğu torpaq sahəsində övladları üçün ev tikəcəyini bildirmişdir. Buna görə də o, Vidadi ilə barışmışdır. Sonra, Vidadi Muğanlı kəndindəki fermalarını və təsərrüfatlarında olan heyvanlarını ev tikmək üçün satmışdır. Daha sonra, 2017-ci ildə Vidadi ilə o, baldızı Məsumənin adına almış olduqları torpaq sahəsində ev tikməyə başlamışlar. Həmin ərəfədə Vidadi heç bir səbəb olmadan onu döyməyə, söz-söhbət etməyə başlamışdır. Buna görə də o, 2018-ci ilin noyabr ayında övladları ilə birlikdə yaşadığı evdən çıxıb atası evində yaşamağa başlamışdır. 2019-cu ildə Çökək kəndindəki evin tikintisi başa çatmışdır. 2019-cu ilin iyul ayında o, Zaqatala şəhərində kirayə ev götürüb orada övladları ilə yaşamağa başlamışdır. Həmin vaxt o, övladları ilə Çökək kəndindəki evin qazı, işığı, suyu çəkilmədiyi üçün orada məskunlaşa bilməmişdir. 22.08.2020-ci il tarixdə o, kirayə haqqını ödəyə bilmədiyi üçün övladları ilə birlikdə Zaqatala rayonu Çökək kəndindəki evə gəlib orada məskunlaşmışlar. Hazırda o, övladları ilə birlikdə həmin evdə yaşayır. İddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil cavabdehin verdiyi izahata oxşar məzmunda izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 2001-ci ilin noyabr ayında Muğanlı kənd sakini Vüsalə Musayeva ilə ailə qurmuşdur. Birgə nikahlarından 2002-ci ildə qızı Zahidət Hüseyinli, 2003-cü ildə isə oğlu İdris Hüseynli dünyaya gəlmişdir. O, ailə qurduqdan sonra, onlar bir yerdə Muğanlı kəndində ata evində yaşamağa başlamışlar. Ailə qurduqdan sonra, hər il Rusiyaya işləməyə getmiş və Rusiyada bir neçə ay işləyib qayıtmışdır. 2006-cı ildə onun atası İdris, 2008-ci ildə isə anası Zahidət vəfat etmişdir. Həmin vaxtdan sonra o, bacıları Məsumə və Fatimə və öz ailəsi ilə birlikdə Muğanlı kəndində bir evdə yaşamışlar. Sonra, Məsumə və Fatimə torpaq alıb özlərinə ev tikmək qərarına gəlmişlər. 2013-cü ildə Məsumə ilə Fatimə özlərinə ev tikmək üçün öz vəsaitləri hesabına Zaqatala rayonu Çökək kəndində torpaq sahəsi almışlar. 2017-ci ildən bacıları Məsumə və Fatimə həmin torpaq sahəsində ev tikintisinə başlamışlar və evin tikintisi 2020-ci ildə yekunlaşmışdır. Evin yerləşdiyi torpaq sahəsi bacısı İddiaçı adına rəsmiləşdirilmişdir. Rusiya Federasiyasında işlədiyi müddətdə o gündəlik tələbatlarının ödənilməsi üçün ailəsinə pul göndərmiş və həmin pul evin gündəlik tələbatlarına sərf edilmişdir. Evin tikintisi üçün və ya torpağın alınması üçün o bacısı olan iddiaçıya pul göndərməmiş, torpaq sahəsi İddiaçı vəsaiti hesabına alınmış və üzərində inşa edilmiş ev onun vəsaiti hesabına tikilmişdir. O, yalnız evin bünövrəsi qoyulanda fəhlə qismində tikintiyə köməklik etmişdir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 fevral 2021-cu il tarixli 2(033)-79/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti birinci instansiya məhkəməsinin iclasında verdiyi izahata uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 12 fevral 2021-cu il tarixli 2(033)-79/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 12 fevral 2021cu il tarixli 2(033)-79/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 02.10.2013-cü il tarixdə verilmiş ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 sentyabr 2020-ci il tarixdə verilmiş 377 nömrəli arayışdan görünür ki, Cavabdeh 2001-ci ilin noyabr ayından 2018-ci ilin noyabr ayının 14-dək qayınatası X5 məxsus evdə yaşamışdır. Zaqatala Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş 31.08.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X6 Zaqatala RPŞ-nə müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Azəriqaz” X16 İstismarı İdarəsinin 11.12.2020-ci il tarixli arayışından görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi Zaqatala rayonu Çökək kənd sakini İddiaçı adına abonent bazasında qaz abunəçisi kimi qeydiyyatdadır. “X8 Təchizatı və Satışı İdarəsi Zaqatala Elektrik Şəbəkəsi tərəfindən 08.12.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı məxsus Zaqatala rayonu, Çökək kəndində yerləşən tikili X2 elektron bazasında qeydiyyatdadır. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 22 oktyabr 2020-ci il tarixli 70 nömrəli məktubdan görünür ki, İddiaçı məxsus nümayəndəliyin Çökəkoba kəndində yerləşən 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iki mərtəbəli dörd otaqlı tikili vardır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, sorğuda qeyd olunan İddiaçı adına ünvan 1i ünvanında yerləşən 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 02.10.2013-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, həmin torpaq sahəsi üzərində inşa edilmiş tikili barədə daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir məlumat aşkar edilməmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 noyabr 2020-ci il tarixdə verilmiş 471 nömrəli arayışdan görünür ki, Cavabdeh özünün deməsinə görə hazırda uşaqları ilə birlikdə Zaqatala rayonu Çökək kəndində yaşayır. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 noyabr 2020-ci il tarixdə verilmiş 470 nömrəli arayışdan görünür ki, 06 nömrəli təsərrüfatbaşına kitabın 153-cü səhifəsindəki qeydiyyata əsasən Cavabdeh təsərrüfatında uşaqları ilə birlikdə fərdi yaşayış evi yoxdur. İşin gerçək halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh baldızı olmaqla aralarında qohumluq münasibətləri mövcuddur. Cavabdeh 2001-ci ildə iddiaçının qardaşı olan X9 ilə evlənib ailə həyatı qurmuş və iddiaçının valideynlərinin mülkiyyətində olan Zaqatala rayonu Muğanlı kəndində olan fərdi yaşayış evinə gəlin köçmüşdür. ünvan 1ində yerləşən 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə İddiaçı tam mülkiyyəti kimi 02.10.2013-cü il tarixdə qeydə alınmışdır. Həmin torpaq sahəsi üzərində 2 mərtəbəli 4 otaqlı tikili inşa edilmişdir. Həmin torpaq sahəsi üzərində inşa edilmiş tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Tikilinin qaz və elektrik enerjisi təchizatı ilə bağlı müvafiq olaraq iddiaçı “Azəriqaz” X16 İstismarı İdarəsi və X3 abonent bazalarında abunəçi kimi qeydiyyatdan keçmişdir. 22.08.2020-ci il tarixdə cavabdeh övladları ilə birlikdə ünvan 1indəki İddiaçı mülkiyyətində olan torpaq sahəsində tikilmiş evə gəlib hazıradək orada yaşayır. Hazırda iddiaçı öz mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilidən Cavabdeh çıxarılmasını və özünün həmin evə köçürülməsini tələb edir. Cavabdeh iddia tələbi ilə razılaşmayaraq həmin torpaq sahəsinin iddiaçının qardaşı, özünün isə əri olan Vidadi Hüseynovun vəsaiti hesabına alındığını və üzərində yerləşən yaşayış evinin də onun ərinin vəsaiti hesabına inşa edildiyini nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 rayonu Çökəkoba kəndində yerləşən torpaq sahəsinin İddiaçı tərəfindən alındığını və onun mülkiyyətində olduğunu və həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinin də iddiaçının hesabına inşa edildiyini bildirmişdir. İddiaçı ünvan 1ində yerləşən və onun mülkiyyətində olan torpaq sahəsində tikdirdiyi özünə məxsus olan yaşayış evindən Cavabdeh çıxarılmasını və özünün həmin evə köçürülməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “İddiaçı ünvan 1ində yerləşən 0,0264 hektar torpaq sahəsinin tam mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh heç bir əsas olmadan iddiaçıya məxsus olan torpaq sahəsi üzərində tikilmiş tikilini zəbt etmişdir. Onun həmin tikili üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi üzərində yerləşən, gözlənilən mülkiyyət hüququ olan tikilidən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin tikilidən çıxarılmalıdır.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsinin “Broniovski Polşaya qarşı” 22 iyun 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Birinci instansiya məhkəməsinin araşdırması ilə sözügedən tikilinin (yaşayış sahəsinin) iddiaçının mülkiyyətində olan torpaq sahəsində və onun vəsaiti hesabına tikilməsi tamamilə sübut olunmuşdur. Cavabdeh tərəf iddia tələbinin əsassız olmasını, mübahisəli evin, yəni kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikilmiş tikilinin ona məxsus olmasını və özü tərəfindən inşa edildiyini bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(033)-79/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 12 fevral 2021-cu il tarixli 2(033)-79/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar