Məhkəmə qərarları › İş №2(107)-103/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-103/2022

13.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-103/2022 13.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı qeyri yaşayış binasının iddiaçılar və cavabdeh arasında natura qaydasında bölünməsi, həmin payın naturada ayrılması qeyri-mümkün olduğu halda əmlakın açıq hərracda satılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: qeyri yaşayış binasının natura qaydasında bölünməsi, kompensasiya, əmlakın açıq hərracda satılması, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı7 və onların vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(039)-89/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 və qeyriləri Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyri yaşayış binasının naturada bölünməsi, naturada bölgü mümkün olmadığı halda əmlakın açıq hərracda satılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər.(iddia tələbinin həcmi artırılmışdır) İddiaçılar tələblərini onunla əsaslandırılmışlar ki, onlar, yəni iddiaçılar doğma qardaş-bacılardır, cavabdeh isə mərhum qardaşları Baxışın oğludur. Yevlax rayonu Tanrıqulular kəndində iddiaçılar və cavabdehin ümumi paylı mülkiyyətinə 559,6 m2 sahəsi olan qeyriyaşayış binası daxildir. Mülkiyyət hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 08.07.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən təsbit edilmişdir. Qeyd edilən qeyri-yaşayış binasına dair hər birinin mülkiyyət hüququ 1/8 hissədədir. İddiaçıların hər birinin mənafeyi üst-üstə düşür, o cümlədən mübahisə predmeti olan qeyri-yaşayış binasına münasibətdə eyni təsərrüfatı idarə etmək niyyətindədirlər. Lakin cavabdehin eyni təsərrüfatı idarə etmək niyyəti yoxdur. Bu səbəbdən də ümumi paylı mülkiyyətə daxil olan, o cümlədən Yevlax rayonu Tanrıqulular kəndində yerləşən ümumi sahəsi 559,6 m2 olan qeyri-yaşayış binası iddiaçılar və cavabdeh arasında natura qaydasında bölünməsini istəyirlər. Qeyri-yaşayış binasının 7/8 və 1/8 hissədə natura bölgüsü ekspert rəyi əsasında qeyri-mümkün hesab edilərsə, onda iddiaçılar cavabdehin payının dəyərinin kompensasiya ödəməklə əvəzləşdirilməsinə razıdırlar. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(039)-89/2021 saylı qətnaməsi ilə (hakim G.Cavadova) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №li çıxarışa əsasən Yevlax rayonu Tanrıqulular kəndində 0,0627 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 559,6 m2 olan qeyri-yaşayış binası açıq hərracda satılsın. Satışdan əldə olunan pul İddiaçı1, X2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və Cavabdeh arasında paylara uyğun bölüşdürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli əmlaka tərəflərin payı müəyyən olunmuş, mübahisəli əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsi mümkün deyil və tərəflər arasında kompensasiyanın verilməsi ilə bağlı razılıq əldə olunmamışdır. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, Yevlax rayonu Tanrıqulular kəndində 0,0627 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 559,6 m2 olan qeyri-yaşayış binasının 1/8 hissəsinə İddiaçı1, 1/8 hissəsinə İddiaçı2, 1/8 hissəsinə İddiaçı3, 1/8 hissəsinə İddiaçı4, 1/8 hissəsinə İddiaçı5, 1/8 hissəsinə Cavabdeh, 1/8 hissəsinə İddiaçı6, 1/8 hissəsinə isə İddiaçı7 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Yevlax rayonu Tanrıqulular kəndində yerləşən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdeh, X1 və İddiaçı7 mülkiyyətində olan 560 kv.m qeyri-yaşayış binasının naturada bölgüsü mümkün deyildir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən və tərəflərin paylı mülkiyyətində olan qeyri-yaşayış binası açıq hərracda satılmalı, satışdan əldə olunan pul vəsaiti tərəflər arasında paylara mütənasib şəkildə bölünməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 04 aprel 2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci, 220.3-cü, 220.6-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, mülkiyyət hüquqları pozulmuşdur. Qətnaməni əsassız hesab edir. Əmlakın satılmasına etiraz edir. Əmlakın naturada bölünməsini mümkün hesab etmişdir. Paylı mülkiyyətdə olan əmlakının paylara münasibətdə bölünməsində və naturada ayrılmasında israrlıdır. Yevlax Rayon Məhkəməsi əsassız olaraq onun əmlakını bölmüşdür. Qeyd olunanalara əsasən Yevlax Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(039)-89/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı7 və iddiaçıların onların vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(039)-89/2021 saylı qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər iddaçılar və Cavabdeh məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Mülki Məcəllənin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 04 aprel 2014-cü il tarixli Qərarı: Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Eyni zamanda qərarda qeyd edirlir ki, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(039)-89/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(039)-89/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Yevlax rayonu Tanrıqulular kəndində 0,0627 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 559,6 m2 olan qeyri-yaşayış binasının 1/8 hissəsinə İddiaçı1, 1/8 hissəsinə İddiaçı2, 1/8 hissəsinə İddiaçı3, 1/8 hissəsinə İddiaçı4, 1/8 hissəsinə İddiaçı5, 1/8 hissəsinə Cavabdeh, 1/8 hissəsinə İddiaçı6, 1/8 hissəsinə isə İddiaçı7 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Yevlax rayonu Tanrıqulular kəndində yerləşən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdeh, X1 və İddiaçı7 mülkiyyətində olan 560 kv.m qeyri-yaşayış binasının naturada bölgüsü mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsaslı iddia tələbi isə əsassızdır. Bekə ki, iddia ərizəsindən görünür ki, iddiaçılar qeyri-yaşayış binasının naturada bölünməsi, qeyri-yaşayış binasının 7/8 və 1/8 hissədə natura bölgüsü ekspert rəyi əsasında qeyri-mümkün hesab edilərsə, naturada bölgü mümkün olmadığı halda əmlakın açıq hərracda satılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 aprel 2021-ci il tarixli 10/3600 saylı rəyindən görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdeh, X1 və İddiaçı7 mülkiyyətində olan 560 kv.m qeyri-yaşayış binasının naturada bölgüsü mümkün deyildir. Göründüyü kimi tələbin birinci hissəsinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası tədqiqata təqdim olunmuş materiallar əsasında keçirilərək, rəy verilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Tələbin ikinci hissəsi ilə bağlı kollegiya aşağıdakıları qeyd edir; Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Eyni zamanda qərarda qeyd edirlir ki, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməmiş, nəticədə əsassız olaraq iddia ərizəsi təmin edilmişdir. Belə ki, iddiaçılar ilk öncə payın naturada bölünməsini tələb etmişlər və payın naturada bölünməsi mümkün olmamışdır. Bundan sonra iddiaçılar özlərinin paylarına cavbdeh tərəfindən kompensasiya verilməsini tələb etmək əvəzinə, paylarının açıq hərracdan satıklmasını tələb etmiş, sonradan isə kollegiyanın iclasında cavabdehin payına kompensasiya verməyə razı olduqlarını bildirmişlər ki, bu da qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə zidd olmuşdur. Qanunvericiliyin tələbinə görə Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmamış, yuxarıda qeyd edilən ardıcıllığa riayət edilməmiş, nəticədə qanunsuz qətnamə qəbul edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq iddianı təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(039)-89/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İş üzrə keçirilmiş qiymətləndirmə xərcinin dəyərini təşkil edən 300 (üç yüz) manat pulun iddiaçıdan tutularaq, "xxxx" MMC-nin - VÖEN **********, "xxxx" ASC KOD – 201025, Müxbir hesаb - AZ 37, NABZ ********************, SWİFT kod - AİİBAZ2XXXX, H/hesabı - AZ48AİİB400600C**********142 hesаbınа ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(039)-89/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi rədd edilsin. İş üzrə keçirilmiş qiymətləndirmə xərcinin dəyərini təşkil edən 300 (üç yüz) manat pulun, iddiaçıdan tutularaq, "xxxx" MMC-nin - VÖEN **********, "xxxx" ASC KOD – 201025, Müxbir hesаb - AZ 37, NABZ ********************, SWİFT kod - AİİBAZ2XXXX, H/hesabı - AZ48AİİB400600C**********142 hesаbınа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar