Məhkəmə qərarları › İş №2(107)-1032/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1032/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1032/2023 12.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Təbii qazdan istifadə, borcun ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, e-2(075)-974/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşayan cavabdeh X2 itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 984.46 manat, əvvəlcədən ödənilmiş 30 manat dövlət rüsumun və 0.40 manat bank xidmət haqqının, ümumilikdə isə 1015.36 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala X10 idarəsini Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan ünvan 1 ünvanda yaşayan cavabdeh X4 məxsus evdə AKX-03116xx/xx-2021 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus fərdi yaşayış evində uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh X3 **********00000 saylı qaz hesabında ödənilməmiş 984.96 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun tam hissəsi təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən qeyri-qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 984.96 manat həcmindəki borc cavabdeh X3 yaşadığı ünvan 1 ünvanında istismarda olmuş əvvəlcədən ödənişli Samrt kart tipli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2021-ci il tarixdə X3 yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan əvvəlcədən ödənişli Smart kart tipli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı evdə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsi ilə təbii qazdan istifadə edildiyi aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Belə ki, evdə istismarda olan qaz cihazlarının maksimal saatlıq qaz sərfiyyatı nəzərə alınmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8208 m3 (və ya 984.96 manat) həcmində müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X6 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 13 iyun 2023-cü il tarixli, e-2(075)- 974/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X2 itirilmiş təbii qazın dəyəri olan 328.32 manat məbləğində pulun və 30.40 ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, qaz paylayıcısı olan İddiaçı ilə X6 arasında bağlanmış 12 iyul 2021-ci il tarixli müqaviləyə əsasən cavabdehə məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilmişdir. İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 12 dekabr 2021-ci il tarixdə X3 yaşadığı fərdi yaşayış evində istismarda olan əvvəlcədən ödənişli Samrt kart tipli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı evdə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsi ilə təbii qazdan istifadə edildiyi aşkarlanmışdır. Ona görə də, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 12 dekabr 2021-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8208 m3 (və ya 984.96 manat) həcmində müəyyən edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq hesab etmişdir ki, cavabdeh X6, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsini, təbii qazdan istifadə qaydalarını kobud surətdə pozmasını məhkəmə araşdırması zamanı, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş video görüntülərlə tam sübuta yetirmişdir.

8. Lakin məhkəmə təbii qazdan istifadə qaydalarının pozmasına nəticəsində dəymiş ziyanın hesablanması ilə razılaşmyaraq qeyd etmişdir ki, X3 12 dekabr 2021-ci il tarixdə sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarının pozmasına nəticəsində 984.96 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, X6 2021-ci ilin dekabr ayında qanunsuz olaraq qazdan istifadə etmiş, İddiaçı isə X3 PQ-3 qaz piltəsi üçün 90 gün, İran sobası üçün 90 gün, qənaətli su qızdırıcısı üçün 90 gün müddətinə təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 8208 m3 - 984.96 manat hesablamışdır. Buna görə də məhkəmə hesab edir ki, X3 qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməsi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. Yəni hesablanma PQ-3 qaz piltəsi üçün 0.8x24x30=576 m3, İran sobası üçün 1.5x24x30=1080 m3, qənaətli su qızdırıcısı üçün 1.5x24x30=1080 m3 olmaqla, cəmi 2736 m3 qaz sərfiyyatı olmaqla 328.32 manat hesablanmalıdır.

9. Məhkəmə qeyd etmişdir ki, məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi hansı səbəbdən itiriliş qazın dəyərinin 8208 m3 hesablanması, həmin qazın dəyəri olan 984.96 manat pulun cavabdeh X2 alınaraq İddiaçınə ödənilməsi, eyni zamanda hansı qaydalara əsasən itirilmiş qazın dəyərinin məhz 90 gün kimi hesablanması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

10. Həmçinin məhkəmə, iddiaçının itirilmiş qazın dəyərinin 90 gün kimi hesablaması ilə bağlı qeyd etmişdir ki, qaz sayğacı küçədə quraşdırılmaqla cavabdeh X3 deyil, İddiaçı cavabdehliyi sərhədindədir. Yəni iddiaçının əməkdaşları mütəmadi olaraq (ən azı ayda bir dəfə olmaqla) bu və ya digər qaz sayğaclarına baxış keçirirərək, sayğacın işləməsinə, plombunun yerində olmasına və kənar müdaxilənin olub-olmamasına nəzarət edirlər. Qeyd edilən pozuntunun da elə aşkar olduğu ay, yəni dekabr ayında törədilməsini, həmin aydan əvvəl törədilmiş olsaydı mütləq aşkar edilməli olmasını nəzərə alaraq cavabdehdən əsassız olaraq 90 gün üçün itirilmiş təqii qazın dəyərinin tələb edilməsi yolverilməzdir.

11. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 itirilmiş təbii qazın dəyəri olan 328.32 manat məbləğində pul alınaraq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

12. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2, 4.5, 4.7, 4.8, 4.9, 6.1.1, 6.1.2, 6.1.4, 6.1.6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4-cü maddələrinə, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində icraat:

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

14. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə iddia tələbinin qismən təmin edilməsi barədə məhkəmə qətnaməsi qəbul etmişdir.

15. Belə ki, iddia tələbində göstərilən qeyri-qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 984.96 manat həcmindəki borc Cavabdeh yaşadığı Şəki şəhəri F.Abdurahmanov küçəsi 18-də yerləşən mənzilində istismarda olmuş əvvəlcədən ödənişli Smart kart tipli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2021-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan əvvəlcədən ödənişli Smart kart tipli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Belə ki, mənzildə istismarda olan qaz cihazlarının maksimal saatlıq qaz sərfləri nəzərə alınmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2021-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8208 m (və ya 984.96 manat) həcmində müəyyən edilmişdir.

16. Bundan əlavə istehlakçının ünvanında sayğacdan kənar qanunsuz qazdan istifadə faktı aşkar edildiyi tarixdən əvvəlki və sonrakı dövrlərdəki qaz sərfiyyatlarını müqayisə etdikləri təqdirdə qaz sərfinin qüsur aradan qaldırıldıqdan sonra nəzərə çarpaçaq dərəcədə artdığı görülməkdədir.

17. Azəriqaz” İstehsalat Birliyinə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerji daşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. Birinci instansiya məhkəməsinin hazırkı mövqeyi isə hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfdindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011- ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydalarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçı hazırkı vəziyyətdə sayğacdan kənar qeyri-qanuni olaraq qaz xəttinə qoşulmaqla, qanunsuz qazdan istifadə edərək tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur.

19. Qaydaların 3.2.1-ci bəndinə əsasən qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməsi və həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməsi qazdan istifadə edən istehlakçıların vəzifələri olaraq nəzərdə tutulmuşdur.

20. Qeyd olunan qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Bildirmək istəyirlər ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən akt tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda cavabdehin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmalara dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir.

21. Göründüyü kimi istehlakçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamışdır.

22. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə akt hər iki tərəfin iştirakı ilə tərtib edilmiş, istehlakçı qüsurun aşkarlanmasında şəxsən iştirak etmiş, qüsuru təsdiq edən və inventarizasiyanın aparılmasına dair aktı imzalamışdır. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın qismən təmin edilməsi üçün heç bir əsas olmadığı halda yuxarıda qeyd olunan aktı qəbul etmişdir.

23. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş , nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır.

24. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

25. İstehlakçı tərəfdən qanunsuz hərəkətləri həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Əvəzində isə Birlik tərəfindən iddia ərizəsinin təmin edilməsinə dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir.

26. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırlar ki, istehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir.

27. Göstərilənlər və məhkəmənin yuxarıda qeyd etdikləri prosessual pozuntulara yol verməsi həmçinin iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmaması kimi qiymətləndirilməlidir.

28. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Bildirirlər ki, iddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı İB məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktlarla qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Bundan əlavə maddi ziyanın hesablanmış məbləğinə gəlincə, bu məbləğ təkcə oğurlanmış qazın dəyərini ifadə etməməli, həm də tənbeh xarakteri daşımalıdır. Təbii qazı oğurluq istifadə edən şəxsə tətbiq edilən tənbeh təkcə onun oğurladığı qazın dəyərini ödəməsindən ibarət olarsa, bunun gələcəkdə eyni pozuntulara yol verilməməsi üçün çəkindirici (xəbərdaredici) təsiri olmayacaqdır. Ona görə də maddi ziyanın hesablanma qaydasına əsasən müəyyən olunan ziyan əvəzinin həmin ziyanın real həcmindən hətta əhəmiyyətli dərəcədə yüksək olması qanuni və ədalətlidir (Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021- ci il tarixli 2(107)- 510/2021 saylı qətnaməsi).

29. Qeyd edilənlərə əsasən İddiaçı verdiyi apellyasiya şikayəti nin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-974/2023 saylı qətnaməsinin qismən-iddia tələbinin təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissələrdə ləğv edilərək, İddiaçı iddia tələbinin tam təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun X2 tutularaq İddiaçı hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı İB-nin nümayəndəsi və cavabdeh X6 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı İB-nin nümayəndəsinin və cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Maddə 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır

33.“Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun; 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri).

35.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun; 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(075)-974/2023 nömrəli qətnaməsini qismən mübahisələndirərək, iddianın təmin edilməyən hissəsinin ləğv edilərək həmin hissənin də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

38. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)- 974/2023 nömrəli qətnaməsini iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

41. Kollegiyanın iclasında müəyyən edildi ki, qaz paylayıcısı olan İddiaçı ilə X6 arasında bağlanmış 12 iyul 2021-ci il tarixli müqaviləyə əsasən cavabdehə məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilmişdir. İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 12 dekabr 2021-ci il tarixdə X3 yaşadığı fərdi yaşayış evində istismarda olan əvvəlcədən ödənişli Samrt kart tipli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı evdə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsi ilə təbii qazdan istifadə edildiyi aşkarlanmışdır. Ona görə də, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 12 dekabr 2021-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8208 m3 (və ya 984.96 manat) həcmində müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur.

43. Belə ki, istehlakçı Cavabdeh yaşadığı mənzildə İddiaçı Zaqatala X10 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə sayğacdan kənar qoşulma vasitəsi ilə təbii qazdan istifadə edildiyi aşkarlanmışdır. Həmçinin, xx.xx.2021-ci il tarixli dəymiş ziyanın ödənilməsi barədə tələbnamədən görünür ki, 02 dekabr 2021-ci il tarixli, ******* saylı akt əsasında qaz işlədicilərinin günlük iş rejimi 24 saat olmaqla 90 gün üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 8208 kubmetr təşkil etmişdir.

44. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, İddiaçı tərəfindən aparılmış həmin hesabata əsasən cavabdehin evində quraşdırılmış qaz işlədicilərinin işlədilməsi zamanı itirilmiş təbii qazın həcmi müəyyən edilmişdir. Həmin vaxt itirilmiş qazın həcminin müəyyən edilməsi üçün hesabat qaz işlədiciləri ilə bağlı 90 gün üçün hesablanmışdır. Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə müəyyən edilir ki, paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin hesab qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. Belə olan halda qaz paylayıcısı tərəfindən istehlakçının evinə quraşdırılmış qaz sayğacına ayda bir dəfə baxılmalı olmasını və bu zaman sayğacda ola biləcək hər hansı bir nasazlığın müəyyən ediləcəyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, itirilmiş təbii qazın həcminin bir aydan artıq müddət üçün hesablanması əsaslı hesab edilə bilməz.

45. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mənzilində aşkar olunan kənar xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmədiyindən 02 dekabr 2021-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 90 gün müddət üçün hesablanmasının heç bir hüquqi əsası yoxdur.

46. Yuxarıda qeyd edirlənləri nəzərə alan məhkəmə kollegiyası İddiaçı İB tərəfindən cavabdehə akt əsasında 30 gündən artıq müddət üçün hesabat aparmaqda doğru nəticəyə gəlməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

47. İddiaçı apellyasiya şikayətində iddia tələbinin qarşılıqlı iddianın təmin edilən hissələrdə ləğv edilərək, qarşılıqlı iddianın rədd edilməsini xahiş etsə də iş materialından Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilmədiyi müəyyən edilmişdir.

48. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsaslar olmadığından, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(075)-974/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması yol verilməzdir.

49. Beləliklə məhkəmə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-974/2023 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-974/2023 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar