Məhkəmə qərarları › İş №2(107)-1040/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1040/2024

29.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1040/2024 29.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə və "AccessBank” QSC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin girovdan çıxarılması və məhkəmə xərclərinin cavabdehlərdən alınaraq onun xeyrinə tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyətinin pozulması, işin məhkəmə aidiyyəti üzrə baxılması üçün göndərilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə və Cavabdeh3 QSC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin girovdan çıxarılması və məhkəmə xərclərinin cavabdehlərdən alınaraq onun xeyrinə tutulması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(039)-818/2023 nömrəli qətnaməsindən Cavabdeh3 QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər X3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə və "AccessBank” QSC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin girovdan çıxarılması və məhkəmə xərclərinin cavabdehlərdən alınaraq onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun xüsusi mülkiyyətində daxil olan Shacman markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 1 -ci cavabdeh X2 mülkiyyətində keçirilməsi ilə bağlı, 2-ci Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi Baş X9 İdarəsinin Qeydiyyat İmtahan və X8 (Yevlax Regional) tərəfindən tərtib edilmiş 12 fevral 2020-ci il tarixli saxta Nəqliyyat vasitəsiinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Shacman markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1 -ci cavabdeh X5 tərəfindən, 3-cü cavabdeh "AccessBank” QSC-nin 20 yanvar filialına qoyulmuş girovdan çıxarılması, məhkəmə xərclərinin 100 manat dövlət rüsumunun və 210 manat vəkil xidməti üçün Yevlax şəhər Vəkil Bürrosunun hesabına tərəfindən ödənilən pul vəsaitlərinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddia tələbini dəqiqləşdirərək iddia ərizəsində qeyd olunan tələbi tam həcmində və əlavə olaraq "AccessBank” QSC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005M**********01 saylı ipoteka müqaviləsinin etibarsızlığını nəzərdə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(039)-818/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Yevlax Rayonlararası Qeydiyyat İmtahan və X8 tərəfindən tərtib edilmiş satıcı İddiaçı ilə alıcı X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Shacman” markalı ** BF *** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alıq-satqı müqaviləsi və Cavabdeh3 QSC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005M**********01 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, məhkəmə xərcləri olan 100 manat dövlət rüsumu və 210 manat vəkil xidməti üçün Yevlax şəhər Vəkil Bürosunun hesabına iddiaçı tərəfindən ödənilən pul vəsaitləri vəmi 310 manat pulun cavabdeh ilə X1 tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 252 (iki yüz əlli iki) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh3 QSC tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən əsaslıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özünün 2013-cü ildən sementin pərakəndə satışı üzrə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, ona məxsus olmuş, cavabdeh X5 tərəfindən öz adına rəsmiləşdirilmiş, sonradan ipotekaya qoyulmuş Shacman markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə də sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu göstərmişdir. Lakin buna baxmayaraq mülki işin aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsinə zərurətin olmadığını bildirmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, iddiaçının vəkili Vəkil1, cavabdehlər X5, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin və Cavabdeh3 QSC-nin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişdirlər. Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə elektron qaydada müraciət ünvanlayaraq xx.xx.2024-cü il saat 14:10-a təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini göstərmiş, iştiraklarının təmin olunması üçün məhkəmə iclasının başqa vaxta təxirə salınamsını xahiş etsə də işdə iştirak edən digər şəxslər gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hazırkı mülki iş üzrə iddia ərizəsindən iddia tələbinin Shacman markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə bağlı İddiaçı tərəfindən verilmiş etibarnamə əsasında cavabdeh X5 tərəfindən həmin avtomaşının alqı-satqı qaydasında öz adına rəsmiləşdirilməsinə dair 12 fevral 2020-ci il tarixli nəqliyyat vasitəsiinin alqı-satqı müqaviləsinin, X5 tərəfindən həmin avtomaşının Cavabdeh3 QSC-yə ipotekaya qoyulmasına dair xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı olması müəyyən edilmişdir. İş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi məqsədi ilə apellyasiya məhkəməsinin icraatı zamanı elektron məhkəmə portalı vasitəsilə edilmiş sorğulara əsasən, İddiaçı 06 mart 2013-cü il tarixdən, cavabdeh X2 isə 09 oktyabr 2012-ci il tarixdən sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları, digər cavabdehlərin isə hüquqi şəxslər olmaları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndində qeyd edilir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. İş materialları ilə müəyyən edilir ki, İddiaçı və cavabdeh X5 fərdi sahibkarlıq statusuna malik olmaqla, digər cavabdehlərin isə hüquqi şəxslər olmaqla yanaşı, aralarındakı hazırkı mübahisə də onların sahibkarlıq fəaliyyətləri ilə bağlı olmuşdur. Belə ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirtdiyi Shacman markalı **-BF- *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə bağlı onun tərəfindən cavabdeh X3 etibarnamə verilmiş, cavabdeh X5 isə həmin etibarnamə əsasında nəqliyyat vasitəsini alqı-satqı qaydasında öz adına rəsmiləşdirmiş, sonradan isə digər cavabdeh olan Cavabdeh3 QSC ilə bağladığı ipoteka müqaviləsi əsasında ipotekaya qoymuşdur. Bu baxımdan məhkəmə kollegiyası belə hesab edir ki, tərəflər atrasındakı münasibət kommersiya fəaliyyətindən irəli gələn münasibət olmaqla korporativ mübahisəyə aid olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(039)-818/2023 nömrəli qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(039)-818/2023 nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar