Məhkəmə qərarları › İş №2(107)-1048/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1048/2022

11.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1048/2022 11.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “miras əmlakın qəbul edilməsi üzrə müddətin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “miras əmlakın qəbul edilməsi üzrə müddətin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(016)-486/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: 1.Şamaxı regional “Asan xidmət” mərkəzinin notarius ofisinin notariusu tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “Notariat əməliyyatı aparmaqdan imtina” haqqında qərardan görünür ki, İddiaçı xx.xx.2016-cı ildə vəfat etmiş anası X3 məxsus olan Ağsu rayonu, Xatman kəndi ərazisində yerləşən fərdi yaşayış evinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən, vərəsə əmlakı faktiki qəbul etməməklə miras əmlakın qəbul müddətini buraxdığına görə imtina edilmişdir.

2. Apellyasiya icraatı zamanı sorğu əsasında əldə edilmiş; -Şamaxı “ASAN” Xidmət notariat ofisinin məktubunun məzmunundan görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın qəbuluna dair ərizə mərhumun oğlu İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Lakin vərəsə mərhum X1 qalmış miras əmlakın qəbulu üçün müəyyən olunmuş müddəti buraxdığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məqsədilə vərəsəlik işini aparmaqdan xx.xx.2022-ci il tarixdə 2/945 saylı məktubla imtina olunmuşdur (i/m 59-60). -Ağsu rayon Dilman Bələdiyyəsi tərəfindən verilmiş sorğuya xx.xx.2022-ci il tarixli, 40 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, X3 məxsus olan Ağsu rayonunun Xatman kəndində yerləşən 0.40 ha torpaq sahəsinin və əmlak vergisinin 1996-cı il tarixdən halhazıra kimi mərhumun oğlu Cavabdeh tərəfindən ödənildiyi bildirilmişdir (i/m 66-67).

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2016-cı ildə vəfat etmiş anası X3 məxsus Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən, əmlakı faktiki qəbul etməməklə miras əmlakın qəbul müddətininin bərpa edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, miras əmlakdan payının müəyyən edilib naturada ayrılıb verilməsi barədə cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etsə də, miras əmlakı qəbul etmə müddətini ötürdüyündən məhkəmə işi saxlamışdır. Bununla əlaqədar notariusa müraciət etmiş, Şamaxı regional “Asan xidmət” mərkəzində notarius ofisinin xüsusi ofisi tərəfindən müraciəti əsasında ona xx.xx.2022-ci il tarixli “notariat əməliyyatı aparmaqdan imtina” haqqında qərar verilmişdir. Həmin qərara əsasən əmlakı faktiki qəbul etməməklə miras əmlakın qəbul müddətini ötürdüyünə görə imtina edilmişdir. Cavabdeh özü onun xeyrinə əmlakdan imtina etmişdir. Sonradan arvadının təsiri ilə fikrindən imtina etmiş, arvadı ilə birləşib onu, bacısı uşaqlarını, digər vərəsələri mübahisəli evə buraxmamışdır. Bu səbəbdən də mirası qəbul etmə müddətini buraxmışdır.

5. Ağsu Rayon Məhkəməsinin (hakim A.Əsgərov) 07 iyun 2022-ci il tarixli, 2(016)- 486/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Lakin iddiaçı əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlaması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişlər.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı anasının ölümündən dərhal sonra vərəsəliyin qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş, lakin cavabdeh bununla bağlı ofisə gəlməmişdir. İddiaçının izahatından görünür ki, qanunun tələbindən məlumatlı olsa da, həmin müddət ərzində mirası qəbul etməmişdir. Mirası vaxtında qəbul etməməmsinin səbəbi kimi cavabdehin onu miras əmlaka buraxmamasını göstərmişdir. İddiaçının göstərdiyi ağılabatan mühakimə deyildir. Belə olan halda, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmüş və gecikmənin səbəbi üzrlü səbəblərlə əlaqədar deyildir. MM-in 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüklərindən, gecikmənin səbəbi isə üzrlü səbəblərlə əlaqədar olmadığından, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadıla bilməz. Odur ki, iddia tələbi əsassızdır.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1151.1, 1243, 1246 və 1248.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə bütün digər vərəsələrin, o cümlədən də Cavabdeh miras əmlakdakı məcburi paydan imtina etmələri barədə ərizə vermələrinə və onun adına olan vəsiyyətnaməni qəbul etmələrinə, miras əmlakın faktiki olaraq onun idarəçiliyində olmasına dair arayışın verilməsinə və bu əmlakın sahibi kimi tərəfindən bölgü aparılaraq digər vərəsələrin payının müəyyən olunmasına və 2021-ci ildə vərəsələr arasında vərəsəliklə bağlı mübahisənin olmamasına baxmayaraq mirasın qəbul edilməsi müddətini bərpa etməmiş, onun əsaslı iddia tələbini rədd etmişdir.

12. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

13. Onun adına verilmiş vəsiyyətnamə yuxarıda göstərilən qaydada tərtib olunmuş, imzalanmış və sonradan vəsiyyətnamə ləğv edilməmiş, dəyişdirilməmişdir və həmin vəsiyyətnamə bu gün də qüvvədədir. Bundan başqa mərhum anasının digər vərəsələri həmin əmlakdan onlara çatası məcburi paydan da imtina etmişlər. Belə olan təqdirdə bu əmlak kimin adına rəsmiləşdirilməlidir. Çünki rəsmi təqdim edilmiş sənədlər əsasında miras əmlaka vərəsəlik hüququ saxlanılan yeganə vərəsə odur. Lakin məhkəmə qəbul etdiyi qətnamə ilə onun nə vərəsəlik nə də mülkiyyət hüquqlarına təminat verməmiş, nəticədə onun AR Konstitusiyasının 13 və 29-cu maddəsində nəzərdə tutulan mülkiyyət hüquqları da pozulmuşdur.

14. O, məhkəməyə miras əmlakı faktiki qəbul etməyinə dair sübutlarını-xx.xx.2016-cı il tarixdə ərazi icra nümayəndəliyinin qonşularla birgə tərtib etdiyi və təsdiqlədiyi aktı, miras əmlakın faktiki onun tərəfdən qəbul edilməsinə dair rəsmi arayışı, bütün digər 1-ci növbə vərəsələrin həmin əmlakdan imtina etmələrinə dair notarial təsdiq olunmuş ərizələri təqdim etdiyi halda məhkəmə qəbul etdiyi qətnamədə göstərmişdir ki, guya o, mirası qəbul etdiyini məhkəmədə sübuta yetirə bilməmiş və bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki onun tərəfindən təqdim edilmiş sübutlar mirasın qəbul edilməsi müddətinin bərpası üçün əsasdır. Konkret halda belə hesab edir ki, məhkəmə onun iddia tələbi üzrə işdə mirasın qəbul edilməsi haqqında imtinanı vermiş X8 Xidmət Mərkəzini əsil cavabdeh qismində cəlb etməli idi və bu işdə cavabdeh qismində bu təşkilat çıxış etməli idi. Eyni zamanda da cavabdehin olduğu yer üzrə onun məhkəməyə müraciət etmək hüququnu da ona izah etməli idi. Lakin məhkəmə bu hala əhəmiyyət verməmiş, işi icraatına qəbul etmiş, baxmış, nəticədə cavabdeh məhkəmə prosesi barədə məlumatlanmamış və ərazi aidiyyəti də pozulmuşdur. Bu hal da kobud prosessual pozuntu kimi qəbul edilməlidir.

15. Qeyd edilənlərə əsasən Ağsu Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və onun Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi üzrə müddətin bərpa edilməsi barədə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmamışdır. Anası 2016-cı ilin yanvar ayında öləndən sonra, torpaq aralarındakı razılığa əsasən bölünmüşdür. Lakin cavabdeh olan qardaşı ikinci dəfə ailə həyatı qurduqdan sonra mirası bölüşdürməyə razı olmamışdır. O, 2022-ci ilin mart ayında notariat kontoruna rəsmi qaydada müraciət etsə də, sonda müddətin keçməsi səbəbi ilə notarius imtina etmişdir. İddiaçı sonda ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, analarının ölümündən sonra iddiaçı Bakı şəhərində yaşamış, mirası qəbul etməmişdir. Miras qalmış torpaq və digər əmlakların vergisini o ödəmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyası

Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları;

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;

1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar 1243-cü maddəsinə əsasən Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1170.2-ci maddəsinin tələbinə görə əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(016)-486/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(016)-486/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İddia tələbinin mahiyyətindən göründüyü kimi iddiaçının tələbi iki hissədən- vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və buraxılmış müddətin bərpa edilməsindən ibarətdir (kollegiya tələbin birinci hissəsini vərəsəlik payının müəyyən edilməsi kimi qəbul edir)

26. Məhkəmə kollegiyası təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşır.

27. Kollegiya hesab edir ki, vərəsəlik, mirasın qəbulu, eləcə də mirasın qəbulu üçün buraxılmış müddətin uzadılması məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı, miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) məsələsinə, eləcə də müddətin məhz üzrlü səbəblərdən buraxılması hallarına xüsusi diqqət yetirilməlidir.

28. Kollegiya bildirir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.

29. Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, tərəflərin anası, miras qoyan şəxs X5 xx.xx.2016cı il tarixdə vəfat etmişdir.

30. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, miras qoyan X5 xx.xx.2016-cı il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1146-cı maddəsi). Miras qoyan daimi olaraq Ağsu rayonunda yaşadığından və miras əmlak Ağsu rayonunda yerləşədiyindən mirasın açıldığı yer Ağsu rayonu hesab edilir (həmin Məcəllənin 1147-ci maddəsi).

31. Apellyasiya şikayətinin dəlilləri ümumən ondan ibarətdir ki, iddiaçı anasının ölümündən sonra mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş, hətta anasından miras qalmış torpaq sahəsini faktiki qəbul etməklə idarə etmişdir. Lakin notariat kontoru əsassız olaraq olaraq ona şəhadətnamənin verilməsindən imtina etmiş, o da məhkəməyə müraciət etməsinə baxmayaraq iddiası təmin olunmamışdır.

32. Kollegiya ilk olaraq iddiaçının qanunvericiliklə müəyyən olunmuş vaxtda notariat ofisinə müraciət edib-etməməsini yoxlamaq məqəsədilə aidiyyəti üzrə notariat ofisinə sorğu vermişdir.

33. Sorğuya cavab olaraq verilmiş, AR ƏN-in Şamaxı regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2710 nömrəli məktubunun məzmunundan aydın olur ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın qəbuluna dair ərizə mərhumun oğlu İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Lakin vərəsə mərhum X1 qalmış miras əmlakın qəbulu üçün müəyyən olunmuş müddəti buraxdığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məqsədilə vərəsəlik işini aparmaqdan xx.xx.2022-ci il tarixdə 2/945 saylı məktubla imtina olunmuşdur (i/m 59- 60).

34. Göründüyü kimi iddiaçının anasının ölümündən sonra qanunvericiliklə müəyyən olunmuş müddət ərzində notariat ofisinə rəsmi müraciəti öz təsdiqini tapmır.

35. Kollegiya iddiaçının tələb və şikayətində qeyd etdiyi ikinci dəlil, yəni “mirası faktiki qəbul etməsi barədə” dəlili ilə bağlı araşdırma apararaq aşağıdakıları qeyd edir.

36. Belə ki, mülki işin 39-cu səhifəsində olan Ağsu rayon İHB-n Kalva kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, miras qoyan X5 öləndən sonra ondan miras qalmış Ağsu rayonunun Xatman kəndində yerləşən 0.40 ha torpaq sahəsi mərhumun oğlu İddiaçı tərəfindən faktiki istifadə edildiyi və hazırda da onun istifadəsində olması bildirilmişdir.

37. Kollegiya işin bu halını obyektiv araşdırmaq məqsədilə aidiyyəti üzrə Ağsu rayon Kalva Kənd İƏD-yə və Dilman Bələdiyyəsinə sorğular göndərmişdir. (icra nümayəndəliyi ilə əlaqə saxlanıldıqda həmin torpağın inzibati ərazi vahidi kimi Kalva kənd inzibati ərazi dairəsində yerləşməsi, lakin torpaqların Dilman kənd Bələdiyyəsinə aid olması, vergilərin həmin bələdiyyə tərəfindən yığıldığı bildirilmişdir)

38. Ağsu rayon Dilman Bələdiyyəsi tərəfindən verilmiş sorğuya xx.xx.2022-ci il tarixli, 40 nömrəli məktubla cavab verilərək, X3 məxsus olan Ağsu rayonunun Xatman kəndində yerləşən 0.40 ha torpaq sahəsinin və əmlak vergisinin 1996-cı il tarixdən hal-hazıra kimi mərhumun oğlu Cavabdeh tərəfindən ödənildiyi bildirilmişdir.

39. Göründüyü kimi iddiaçının iddia tələbi ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri mirasın faktiki qəbulu ilə bağlı da öz təsdiqini tapmır.

40. İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçının anası 2016-cı il tarixdə ölməsinə, həmin vaxtdan 6 ildən çox müddət keçməsinə baxmayaraq, iddiaçı anasının öldüyünü bildiyi bir halda sonuncudan miras qalmış əmlakın qəbulu ilə bağlı hər hansı addım atmamış, bununla bağlı notarait ofisinə rəsmi qaydada müraciət etməmiş, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hər hansı iradəvi hərəkət etməmişdir. Belə olan halda iddiaçı tərəfin bu mövqeyi başa düşülən deyil.

41. Apellyasiya kollegiyası qeyd edir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Vərəsəlik hüququ qanunda göstərilən müvafiq müddət ərzində vərəsə mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədikdə həmin hüququ itirməsini ehtiva edir.

42. Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn: vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktik başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlaklarla əlaqədar yaranır

43. Göründüyü kimi mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.

44. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.

45. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd edir ki, iddiaçı, anası X2 ölümündən sonra ondan miras qalmış evdən mirasın qəbulu üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etsə də, mirası qəbul etməsi üçün müəyyənləşdirilmiş müddətin keçməsinin üzrlü səbəbdən baş verməsinə dair məhkəməyə heç bir sübut təqdim etməyib.

46. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir.

48. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

49. Kollegiyanın qənaətinə görə mirası qəbul etmək müddətinin uzadılması yalnız gecikdirmə olduqda və belə gecikmənin səbəbləri üzrlü olduqda uzadılmalıdır. Hazırki işdə iddiaçı tərəfindən belə bir sübut məhkəməyə təqdim edilmədiyindən, birinci instansiya məhkəməsinin də mövqeyi düzgün olmuşdur.

50. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi iddiaçı tərəf mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ərzində hərəkətsizlik göstərməklə, qanunvericiliklə onlara verilmiş müddətdən səmərəli istifadə etməmişdir.

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

52. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(016)-486/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar