Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1049/2022 12.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə və Qəbələ rayon Cavabdeh2ndə notariat kontoruna və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, yüklülük Çıxarışlarının ləğv edilməsi və girov qoyulmuş əmlakların yüklülükdən azad edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardad, xitam) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə və Qəbələ rayon Cavabdeh2ndə notariat kontoruna və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, yüklülük Çıxarışlarının ləğv edilməsi və girov qoyulmuş əmlakların yüklülükdən azad edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi barədə Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(025)-264/2022 saylı qərardadından İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 QSC-nə və Qəbələ rayon Cavabdeh2ndə notariat kontoruna və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “23 aprel 2008-ci il tarixli 07M00000090 nömrəli və 18 avqust 2011-ci il tarixli 07M000000307 nömrəli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, yüklülük Çıxarışlarının ləğv edilməsi və girov qoyulmuş əmlakların yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nümayəndə1 ilə Cavabdeh1 QSC arasında bağlanmış 23 aprel 2008-ci il tarixli 07M000000090 nömrəli və 18 avqust 2011-ci il tarixli 07M000000307 nömrəli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş daşınmaz əmlakların yüklülük Çıxarışlarının ləğv edilməsi və ipoteka predmetlərinin yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2022-ci tarixli, 2(025)-264/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 QSC-nə və Qəbələ rayon Cavabdeh2ndə notariat kontoruna və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “23 aprel 2008-ci il tarixli 07M00000090 nömrəli və 18 avqust 2011-ci il tarixli 07M000000307 nömrəli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, yüklülük Çıxarışlarının ləğv edilməsi və girov qoyulmuş əmlakların yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi Nümayəndə1 həmin qərardaddan şikayət vermişdir. Qəbələ Rayon Məhkəməsinin 22 iyul 2022-ci tarixli, 2(025)-264/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2022-ci tarixli, 2(025)- 264/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki birinci instansiya məhkəməsi qərar qəbul edərkən gəldiyi nəticə belə əsaslandırmışdır ki, iş materillarında olan Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018ci il tarixli, 2(025)-744/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 QSCnin cavabdehlər Nümayəndə1, X5, İddiaçı, X3, X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Nümayəndə1 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 31 mart 2015-ci il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə 112.652,17 ABŞ dolları əsas, 53.904,06 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə, cəmi 166.606,23 ABŞ dolları və 08 sentyabr 2015-ci il tarixli 007KK**********01 nömrəli kredit razılaşması üzrə 4.340,03 ABŞ dolları əsas və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 4.390,03 ABŞ dolları olmaqla, iki razılaşma üzrə ümumilikdə 170.996,26 (bir yüz yetmiş min doqquz yüz doxsan altı dollar iyirmi altı sent) ABŞ dolları məbləğində kredit borcunun iddiaçı Cavabdeh1Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutma açıq hərracdan satılmaqla ipoteka ilə yüklü edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışa əsasən (reyestr nömrəsi – **********99-06301; qeydiyyat nömrəsi – 190701199; qeydiyyat tarixi – xx.xx.2007-ci il) cavabdeh Nümayəndə1 məxsus Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasına (0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa əsasən (reyestr nömrəsi – **********80- 10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2010-cu il) cavabdeh Nümayəndə1 məxsus Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinə (0,19 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində Nümayəndə1, mənim, övladlarım X4 və X1 evi tərk etmədiyimiz halda, bizim həmin evə istifadə hüquqlarımızın itirilmiş hesab edilməsi və bizim həmin evdən məcburi qaydada çıxarılmaqla, evin boşaldılaraq alıcıya təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-697/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apelyasiya qismən şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(025)-744/2018 nömrəli qətnaməsi “ipoteka predmeti olan Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış qiyməti 117.000 (bir yüz on yeddi min) mаnаt, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiymətinin isə 138.000 (bir yüz otuz səkkiz) manat müəyyən edilməsi” hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyriyaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış qiyməti 100.000 (bir yüz min) mаnаt, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti isə 80.000 (səksən min) manat həddində müəyyən edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İş materillarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1276/2020 nömrəli qərarından görünür ki, kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-697/2019 nömrəli iş üzrə 17 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən, iddianın qeyri-yaşayış binasına tutmanın yönəldikdən və o, satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılmasının, əmlakın boşaldılmasının və alıcıya təhvil verilməsinin təmin edilməməsi hissəsində və əmlakların ilkin satış qiyməti müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-55/2021 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(025)-744/2018 nömrəli qətnaməsi dəyişdirilmiş, ipoteka predmeti olan Qəbələ şəhəri, Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyriyaşayış binasının (mağazanın) (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış (likvid) qiyməti 115.000 (bir yüz on beş min) mаnаt, Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış (likvid) qiyməti isə 100.000 (bir yüz min) manat həddində müəyyən edilməsi, Nümayəndə1 mülkiyyətində olan Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyriyaşayış binasına (0.0106 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsi boşaldılması və Cavabdeh1 QSC-yə təhvil verilməsi, iş üzrə məhkəmə məsrəfi olan iki yüz manat cavabdehdən tutulub "xxxx" MMCnin (VÖEN: **********, h/h AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı kod: 200093, VÖEN: **********, S.Wİ.F.T. AİİBAZ2X, m/h AZ37NABZ********************) hesabına keçirilməsi, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4127/2021 nömrəli qərarından görünür ki, Nümayəndə1 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-55/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadında göstərilmişdir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin qərardadın 37-ci bəndində göstərilmişdir ki, bu baxımdan, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin aşağıdakı tələbləri baxımından yolverilməzdir. Həmin qərardadın 42-ci bəndində göstərilmişdir ki, digər tərəfdən, əqdə əsaslanan tələb üzrə işin icraatda olduğu və ya məhkəmə aktının qəbul edildiyi nəzərə alınmadan həmin əqdin etibarsız hesab edilməsinə dair tələblərin icraata qəbul edilməsi və baxılması hüquqi müəyyənlik prinsipinə də ziddir. Həmin qərardadın 46-cı bəndində göstərilmişdir ki, işdə iştirak edən şəxslərin əqdə əsaslanan tələblərə baxılarkən ona verilmiş prosessual hüquqlardan istifadə etmədən (etiraz və qarşılıqlı iddia vermədən, öz dəlil və sübutlarını təqdim etmədən) əqdin etibarsızlığına dair ayrıca iddia qaldırması həm də MPM-in 47.1-ci maddəsi ilə işdə iştirak edən şəxslərin üzərinə qoyulmuş prosessual hüquqlardan vicdanla istifadə etmək vəzifəsi və prosessual qənaət prinsipi ilə bir araya sığmır. Prosessual hüquqlardan belə sui-istifadə qəbul edilmiş məhkəmə qərarlarını uzun müddət icrası mümkün olmayan aktlara çevirməklə, digər şəxslərin ədalətli məhkəmə hüququnun pozulmasına şərait yaradır. Həmin qərardadın 51-ci bəndində göstərilmişdir ki, beləliklə, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi tələblərinin irəli sürülməsi və onlara baxılması yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(025)-264/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(025)-264/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(025)-264/2022 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1049/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1049/2022
12.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver