Məhkəmə qərarları › İş №2(107)-1050/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1050/2020

16.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1050/2020 16.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçılar - İddiaçı1, İddiaçı2 və onların vəkili X5; Cavabdeh - X1 və onun vəkili Nümayəndə iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(037)-38/2020 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-38/2020 saylı (hakim Rəfayel Şirinov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən X11 adına verilmiş xx xxxxxx 2014-cü il tarixli 2V-1/364 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx xxxx 2019-cu il tarixli 2V-150 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən X11 adına verilmiş xx xxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli və Cavabdeh3 adına verilmiş xx xxxxx 2019-cu il tarixli RX seriyalı ******* nömrəli Çıxarışların ləğv edilməsi, mirasın İddiaçı1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, Cavabdeh3 İddiaçı1 qarşı qanunsuz tikilmiş hasarın sökülməsi, mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması və mülkiyyət hüququna edilən maneəçiliklərin aradan qaldırılmasına dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh3, İsmayıllı rayon Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu Notariat Kontoru tərəfindən X12 verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 9 saylı Ərazi İdarəsi tərəfindən X12 və Cavabdeh3 verilmiş çıxarışların ləğv edilməsini, miras qalmış yaşayış evinə və torpaq sahəsinə vərəsəlik üzrə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 məhkəmə prosesinin gedişində iddianın həcminin artırılması barədə ərizə təqdim edərək İsmayıllı rayonu Notariat Kontoru tərəfindən X11 adına verilmiş xx xxxxxx 2014-cü il tarixli 2V-1/364 nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, İsmayıllı rayonu Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx xxxx 2019-cu il tarixli 2V-150 nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən X11 adına verilmiş xx xxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli və Cavabdeh3 adına verilmiş xx xxxxx 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi, miras qalmış yaşayış evi və torpaq sahəsinin bir hissəsinin iddiaçılar tərəfindən qəbul edilməsi faktının mövcud olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı şəhəri, ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan 0.16 hektar həyətyanı torpaq sahəsində İddiaçı1 tərəfindən aparılmış qanunsuz tikinti- hasarın sökülməsi, İddiaçı1 mülkiyyətində olan həyətyanı torpaq sahəsindən çıxarılması və mülkiyyət hüququna olan maneəçiliklərin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, atası İsa Rasulov 2003-cü ildə və anası Qəribə Rasulova 2010-cu ildə vəfat etmişdir. İsmayıllı şəhəri, Babək küçəsi 13 ünvanında yerləşən 0.16 hektar həyətyanı torpaq sahəsi və onun üzərində fərdi yaşayış evi valideynlərindən miras qalmışdır. Bacıları valideynlərinin sağlığında ailə quraraq başqa evə köçmüşlər. Miras əmlakı qardaşı ilə şifahi razılığa əsasən öz aralarında bölmüşlər. Miras qalmış həyətyanı torpaq sahəsinin bir hissəsi onun istifadəsinə keçmiş, həyətyanı torpaq sahəsinin digər hissəsi onun üzərindəki fərdi yaşayış evi ilə birlikdə qardaşının istifadəsinə keçmişdir. O, miras əmlakı faktiki qəbul edərək ona sahiblik etmişdir. Qardaşı xx xxxxxxxx 2018-ci ildə vəfat etmişdir. Qardaşının yas mərasimindən sonra anasından miras qalmış həyətyanı torpaq sahəsinin ona çatan hisssəsinin ətrafına hasar çəkmişdir. Hasarı inşa edən zaman onunla mərhum qardaşının arvadı Cavabdeh3 ilə aralarında narazılıq yaranmışıdır. Belə ki, Cavabdeh3 hasarın bir qədər arxadan çəkilməsini tələb etmişdir. Mübahisə zəmnində ona məlum olmuşdur ki, anasının vəfatından sonra mərhum qardaşı X15 rayon Notariat Kontoruna özünü yeganə vərəsə kimi təqdim edərək anasından miras qalmış fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin bütün hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş və həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsindən miras əmlaka dair xx xxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış almışdır. Natiq Rasulovun ölümündən sonra Cavabdeh3 miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş və həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxx 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışla miras əmlakın ½ hissəsini öz adına rəsmiləşdirmişdir. İsmayıllı Rayon Notariat Kontorunda anasının ölümündən sonra miras qalmış İsmayıllı şəhəri, Babək küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair vərəsəlik işi açılan zaman vərəsələrin dairəsi düzgün müəyyən olunmamış, birinci növbəli vərəsə kimi onun və digər vərəsələrin hüquqları pozulmuşdur. Belə ki, mərhum qardaşı Notariat Kontoruna ərizə ilə müraciət edərkən özündən başqa digər birinci növbəli vərəsələrin olması barədə məlumat verməmiş, Notariat Kontoru da bununla maraqlanmamışdır. O, İsmayıllı rayonu Notariat Kontoru tərəfindən Natiq Rasulovun adına verilmiş xx xxxxxx 2014-cü il tarixli 2V- 1/364 nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, İsmayıllı rayonu Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx xxxx 2019-cu il tarixli 2V-150 nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən Natiq Rasulovun adına verilmiş xx xxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli və Cavabdeh3 adına verilmiş xx xxxxx 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi, miras qalmış yaşayış evi və torpaq sahəsinin bir hissəsinin iddiaçılar tərəfindən qəbul edilməsi faktının mövcud olmasının müəyyən edilməsini tələb edir, iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirmiş və İddiaçı1 izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı4 iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirmiş və İddiaçı1 izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, o, Natiq Rasulov ilə xx xxxxxxx 2010-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və Natiq Rasulova məxsus İsmayıllı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cehiz əmlakını həmin evə gətirmiş, hal-hazıradək orada yaşayır. xx xxxxxx 2011-ci ildə bir övladları olmuşdur. O, həmin evə köçəndən əvvəl Natiq Rasulovun valideynləri vəfat etmiş, bacıları ərə gedəndən sonra başqa evə köçmüş, qardaşı isə evlənərək həmin həyətyanı torpaq sahəsinin bir hissəsində ev tikərək özünəməxsus evdə yaşamış və həyətyanı torpaq sahəsinin həmin hissəsini valideynlərinin sağlığında öz adına keçirmişdir. Əri anasının sağlığında, həmçinin anası vəfat etdikdən birgə nikaha daxil olanadək mübahisəli evdə tək, nikaha daxil olduqdan sonra onunla birlikdə yaşamışdır. Onlardan başqa həmin evdə heç kim yaşamamışdır. Əri 2014-cü ildə qanunvericiliyin tələblərinə uyğun olaraq İsmayıllı rayon Notariat Kontoruna müraciət edərək valideynlərindən miras qalmış həyətyanı torpaq sahəsini və onun üzərindəki fərdi yaşayış evini faktiki qəbul etməsi barədə sənədlər təqdim edərək vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən ərinin adına çıxarış tərtib olunmuşdur. Əri xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Ərinin vəfatından sonra o ərinin yas mərasimini vermiş və ərinə məxsus evdə yaşamışdır. xx xxxx 2019-cu ildə İsmayıllı rayon Notariat Ofisinə müraciət edərək birinci növbəli vərəsə kimi ərindən miras qalmış əmlakın ½ hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Sonradan həmin şəhadətnamə əsasında miras əmlakın ½ hissəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxx 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarış almışdır. Əri vəfat etdikdən sonra İddiaçı1 həyətyanı torpaq sahəsinin aşağı hissəsində təxminən 0.02 hektara yaxın bir ərazini mağaza üçün hasarlamaq istədiyini bildirmişdir. Xanagah kəndində müəllim işlədiyi üçün bir neçə gün kənddə qaldıqdan sonra evə döndükdə İddiaçı1 həyətyanı torpaq sahəsinin 0.06 hektar hissəsini hasarlayaraq zəbt etdiyini, qaz xəttini və digər tikililəri dağıtdığını görmüşdür. O, birgə nikaha daxil olduqdan sonra əri ilə valideynlərindən miras qalmış əmlakı faktiki qəbul edərək istifadə etmiş, ərinin qardaş-bacıları isə özlərinə məxsus evdə yaşamış, miras əmlakı qəbul etmələri ilə bağlı heç bir hərəkət etməmişlər. Əri valideynləri vəfat etdikdən sonra mübahisəli həyətyanı torpaq sahəsi və fərdi yaşayış evini qəbul etmiş, ərinin ölümündən sonra ərinin birinci növbəli vərəsəsi kimi miras əmlakı qəbul edərək adına rəsmiləşdirmişdir. Miras əmlakın ½ hissəsi hazırda onun mülkiyyətindədir. İddiaçı1 isə ərindən miras qalmış 0.16 hektar həyətyanı torpaq sahəsinin 0.06 hektarını qanunsuz zəbt edərək hasara almışdır. Həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair mülkiyyət sənədlərinin ləğv edilməməsi üçün həyətyanı torpaq sahəsinin İddiaçı1 tərəfindən hasara alınmış hissəsini notarial qaydada İddiaçı1 bağışlamağa razıdır. İddiaçı1 razılaşmadığı halda iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 nümayəndəsi Nümayəndə da iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirdi və Cavabdeh3 izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirak etdiyi məhkəmə prosesində izahat verərək göstərdi ki, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinə Natiq Rasulovun və Cavabdeh3 adına çıxarışların verilməsinə əsas İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli 2V-1/364 nömrəli və xx xxxx 2019-cu il tarixli 2V-150 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr olmuşdur. Nümayəndəsi olduğu təşkilat tərəfindən həmin hüquq müəyyənedici sənədlər əsasında həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair Natiq Rasulovun adına xx xxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli və Cavabdeh3 adına xx xxxxx 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Natiq Rasulovun və Cavabdeh3 adına çıxarışlar tərtib edilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. İş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Birinci instansiya məhkəməsində işə İddiaçı3 və cavabdeh İsmayıllı rayon Notariat Ofisinin nümаyəndəsinin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən cavabdeh X3 apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin qətnaməsindən narazıdır. Belə ki, məhkəmə qətnaməsini əsaslandırmaq üçün sübut kimi istinad elədiyi iddiaçının fikri, işin faktiki hallarına uyğun deyil, Belə ki, məhkəmə “mirasin İddiaçı1 tərəfindən qəbul edilməsi faktını əsalandırmaq üçün belə bir fikrə istinad eləyir ki. güya mərhum Qəribə Rəsulovanın vəfatından sonra miras əmlak İddiaçı1 ilə qardaşı Natiq Rəsulov arasında şifahi razılığa əsasən bölünərək həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi Natiq Rəsulovun, həmin torpaq sahəsinin bir hissəsi isə İddiaçı1 istifadəsinə keçmişdir”. Bu İddiaçı1 uydurması və məhkəmənin qanunsuz qətnamə qəbul eləməsi üçün gətirdiyi əsassız bir fikirdir. Belə ki, iş mataeriallarından göründüyü kimi, hələ valideyinlərinin sağlığında hər dörd iddiaçı ailə həyatı quraraq ata evindən ayrılmışlar. Qız övladları ər gedərək, gəlin köçmüşlər və məhkəmənin özünün də gəldiyi nəticəyə görə miras əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyən olunmuş müddətdə notariat kontoruna müraciət etməmiş və mirası faktiki qəbul etməmişlər. Eyni ilə digər İddiaçı1 hələ valideyinlərinin sağlığında evlənərək, valideyinlərin razılığı ilə valideyinlərinin həyətyanı torpaq sahəsinin bir hissəsini hasarlayaraq öz adına keçirmiş və orada özünə yaşayış evi tikərək orada yaşayır. Valideyinlərinə qalan 0,16 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi X26a qalmışdır. Ataları 2003-ci ildə vəfat etdikdən sonra Natiq Rasulov uzun müddət, yəni xx xxxx 2010-cı il tarixinə kimi, anası mərhum X8 ilə mübahisəli evdə və həyətyanı torpaq sahəsində tək yaşamışdır. Anaları vəfat etdikdən, X26 birgə nikaha daxil olana kimi mübahisəli evdə tək, nikaha daxil olduqdan sonra onunla birlikdə yaşamışdır. Analarının sağlığında və vəfatından sonra iddiaçıların heç biri həmin həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində olan fərdi yaşayış evində yaşamamışlar, miras əmlakını faktiki qanunla müəyyən olunmuş vaxt ərzində, İddiaçı1 daxil olmaqla iddiaçıların heç biri qəbul etməmişlər. X26 2014-ci il tarixdə, anası vəfat etdikdən 4 il sonra qanunvericiliyin tələblərinə uyğun olaraq İsmayıllı rayon Notariat Kontoruna müraciət edərək valideyinlərindən miras qalmış 0,16 hektar həyətyanı torpaq sahəsini və onun üzərindəki fərdi yaşayış evini faktiki miras əmlakı kimi qəbul etməsi barədə tələb olunan sənədləri təqdim etməklə vərəsəlik hüququ haqqında şəhadətnamə və Reyestr Xidmətindən çıxarış almışdır. Göstərdiyi kimi, o, xx xxxxxxx 2010-cu il tarixdə Natiq Rəsulovla rəsmi nikah münasibətinə girərək evlənmiş və həmin tarixdə ona məxsus İsmayıllı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, xx xxxxxx 2011-ci il tarixdə bir övladı olmuş, X26 xx xxxxxxxx 2018-ci il tarixdə vəfat edənə kimi ər-arvad və övladı orada tək yaşamış və ərinin vəfatından sonra isə hazırkı vaxtadək orada yaşayırlar. xx xxxx 2019-cı il tarixdə İsmayıllı rayon Notariat Ofisinə müraciət edərək ərinin birinci növbəli vərəsələri kimi miras əmlakı bərabər hissədə o və övladının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Sonradan həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli Çıxarış almışdır. Yəni mübahisələndirilən sənədlər tam qanuni əsasla alınmış, miras əmlakın həm birinci, həm də ikinci qəbulu zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(037)-38/2020 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 və onun vəkili Nümayəndə apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(037)-38/2020 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili X13 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(037)-38/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı3, İddiaçı4, cavabdehlər İsmayıllı rayon Notariat Ofisinin və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi və məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(037)-38/2020 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 1960-cı il tarixli İİ-İE seriyalı 022948 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxxxxx 1960-cı ildə doğulmuş, atası X9 və anası X4r. İş materiallarına əlavə edilmiş xx xxxx 2010-cu il tarixli AZ-İ № 409901 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxx 2010-cu ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli 2V-1/364 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 2010-cu ildə vəfat etmiş Qəribə Rasulovanın vərəsəsi- İsmayıllı şəhəri ünvan 1-də yaşayan oğlu Natiq Rasulov miras əmlakdan irs almışdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş arayışa və xx xxxxxx 2014-cü il tarixli ********** qeydiyyat nömrəli, RX ******* çıxarışa əsasən İsmayıllı rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 134.2 kv.m olan fərdi yaşayış evindən və 0.16 ha həyətyanı torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı şəhəri, ünvan 1 ünvanında yerləşən 0.16 hektar torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 134 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Natiq Rasulovun adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2018-ci il tarixli AZ-İ № 965606 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Natiq Rasulov xx xxxxxxxx 2018-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli 2V-150 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxxxx 2018-ci ildə vəfat etmiş Natiq Rasulovun vərəsəsi- arvadı Cavabdeh3 miras əmlakdan ½ hissədə pay almalıdır. Miras əmlak xx xxxxxx 2012-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən Natiq Rasulova verilmiş **********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı şəhəri, ünvan 1 ünvanında yerləşən 0.16 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 134.2 kv.m 2 otaqlı fərdi yaşayış evindən ibarətdir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışın və 407-1/3815 nömrəli Texniki Pasportun təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı şəhəri, ünvan 1 ünvanında yerləşən 0.16 hektar torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 134 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi Cavabdeh3 və ½ hissəsi isə sonuncunun oğlu X6 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş birinci instansiya məhkəməsinin yerli baxış protokolundan görünür ki, yerində müayinə zamanı müəyyən edilmişdir ki, mübahisəli həyətyanı torpaq sahəsinin bir hissəsi onun üzərindəki fərdi yaşayış evi ilə birlikdə Cavabdeh3 istifadəsindədir. Mübahisəli həyətyanı torpaq sahəsinin digər hissəsindən İddiaçı1 istifadə edir. Həyətyanı torpaq sahəsinin İddiaçı1 istifadəsində olan bir hissəsi üzərində fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin digər hissəsindən hasarla ayrılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərini düzgün əks etdirmir. Müəyyən edildi ki, hazırki iş üzrə iddiaçıların anası Qəribə Rasulova xx xxxx 2010-cu ildə vəfat etmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış əsasında İsmayıllı şəhəri, Babək küçəsi 13 ünvanında yerləşən 0.16 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi miras qalmışdır. Miras qalmış həmin evdə iddiaçıların qardaşı Natiq Rasulov yaşayaraq faktiki idarə etmişdir.Natiq Rasulov ilə xx xxxxxxx 2010cu il tarixdə Cavabdeh3 ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və X17 Rasulova məxsus İsmayıllı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cehiz əmlakını həmin evə gətirmiş, hal-hazıradək orada yaşayır. Onların xx xxxxxx 2011-ci ildə bir övladları olmuşdur. Natiq Rasulov ərizə ilə İsmayıllı Rayon Notariat Kontoruna müraciət edərək anası Qəribə Rasulovadan miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir və mərhum Qəribə Rasulovadan miras qalmış, İsmayıllı şəhəri, Babək küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair Natiq Rasulovun adına xx xxxxxx 2014-cü il tarixli 2V-1/364 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Natiq Rasulovun adına İsmayıllı şəhəri, Babək küçəsi 13 ünvanında yerləşən 0.16 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixli ******* nömrəli çıxarış tərtib edilmişdir. Natiq Rasulov xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etdikdən sonra arvadı Cavabdeh3 Natiq Rasulovun birinci növbəli vərəsəsi kimi xx xxxx 2019-cu il tarixli 2V-150 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras əmlakdan ½ hissədə pay almışdır. Qeyd olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh3 adına İsmayıllı şəhəri, Babək küçəsi 13 ünvanında yerləşən 0.16 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin ½ hissəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxx 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. Hazırda miras əmlakın ½ hissəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 və ½ hissəsi isə sonuncunun oğlu X6 adlarına qeydə alınmışdır. İddiaçılar İsmayıllı rayonu Notariat Kontoru tərəfindən Natiq Rasulovun adına verilmiş xx xxxxxx 2014-cü il tarixli 2V-1/364 nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, İsmayıllı rayonu Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx xxxx 2019-cu il tarixli 2V-150 nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən Natiq Rasulovun adına verilmiş xx xxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli və Cavabdeh3 adına verilmiş xx xxxxx 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi, miras qalmış yaşayış evi və torpaq sahəsinin bir hissəsinin iddiaçılar tərəfindən qəbul edilməsi faktının mövcud olmasının müəyyən edilməsini tələb etmiş, Cavabdeh3 vərəsəlik hüququna dair şəhadətnamələrin və çıxarışların qanuni əsaslarla verildiyini göstərərək iddia tələbini qəbul etmədiyini, özünün qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh3 apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məsələ ilə bağlı hüquq münasibətləri hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həll edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar; Həmin Məcəllənin 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki qanunvericilikdə mirasın qəbulu qaydası və müddəti dəqiq tənzimlənmiş və bu müddət müəyyən vaxt dövrü ilə məhdudlaşdırılmışdır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Həmin Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbulunun formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aiddir. Nəzərə almaq lazımdır ki, həmin hərəkətlər həm vərəsənin özü, həm də onun tapşırığına əsasən digər şəxslər tərəfindən də həyata keçirilə bilər. Miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və s. Lakin yuxarıda qeyd olunduğu kimi mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə iddiaçılardan İddiaçı1 miras qalmış həyətyanı torpaq sahəsinin bir hissəsini qəbul etmişdir. Lakin birinci instansiya məhkəməsinin həmin qənaəti iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, İddiaçı1 anası vəfat etdikdən sonra mərhum qardaşı Natiqlə şifahi razılığa əsasən miras torpaq sahəsini öz aralarında böldüklərini, miras qalmış həyətyanı torpaq sahəsinin bir hissəsinin onun istifadəsinə, həyətyanı torpaq sahəsinin digər hissəsi üzərindəki fərdi yaşayış evi ilə birlikdə qardaşının istifadəsinə keçdiyini, özünün miras əmlakı faktiki qəbul edərək ona sahiblik etdiyini göstərsə də, bunu təsdiq edən sübutları təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası İddiaçı1 həmin izahatına tənqidi yanaşaraq qeyd edir ki, onun mərhum qardaşı Natiq Rasulov analarından miras qalmış həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evinə bütövlükdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni 2014-cü ildə almış və həmin əmlaka hüquqlarını daşınmaz əmlakın dövlət qeydiyatından keçirmişdir. Nə İddiaçı1, nə də digər iddiaçılar Natiq Rasulov vəfat edənə-xx xxxxxxxx 2018-ci ilə qədər sonuncuya qarşı narazılığını bildirmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçılar bunun ağlabatan izahını verə bilmədilər. Məhkəmə kollegiyası həmçinn qeyd edir ki, əgər İddiaçı1la onun mərhum qardaşı Natiq miras torpaq sahəsini öz aralarında bölmələri barədə razılığa gəlmiş olsaydılar, İddiaçı1 qardaşının sağlığında torpaq sahəsinin ətrafına hasar çəkərdi. İddiaçı1 iddia ərizəsində, birinci və apelyasiya instansiya məhkəmələrinin iclaslarında həmin hasarı qardaşının yas mərasimindən sonra çəkdiyini göstərmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçılar vərəsə kimi mərhum analarından qalan mirası-İsmayıllı şəhəri, ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən yaşayış evini qəbul etməmişlər (istər rəsmi, istərsə də faktiki). Həmin əmlakı yalnız iddiaçıların qardaşı–iş üzrə cavabdehin əri mərhum X18 əvvəl faktiki, sonra da rəsmi şəkildə qəbul edərək öz adına rəsmiləşdirmişdir Ona görə də ilk iddia tələbləri əsassız olduğundan təmin edilə bilməz. Natiq Rasulov 2018-ci il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış İsmayıllı şəhəri, ünvan 1 ünvanında yerləşən 0.16 hektar torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 134 kv.m olan fərdi yaşayış evi vərəsələrinə-arvadı Natəvan və oğlu Namiqə qalmışdır. Həmin torpaq sahəsinin və yaşayış evi ½ hissədə Cavabdeh3 və ½ hissədə onun oğlu X6 adına xüsusi mülkiyyət hüququ əsasında adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 155.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. (Mülki Məcəllənin 213.1, 213.2, 213.3 və 213.6-ci maddələri) Həmin normanın tələblərinə uyğun olaraq mülkiyyətçi kimi Cavabdeh3 onun paylı mülkiyyətində olan torpaq sahəsində İddiaçı1 tərəfindən tikilmiş qanunsuz hasarın sökülməsini, Rəfail Rasulovun həmin torpaq sahəsindən çıxarılmasını və onun tərəfindən olan maneçiliklərin aradan qaldırılmasını tələb edə bilər. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında baxılması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(037)-38/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbləri təmin edilməməli, qarşılıqlı iddia təmin edilməkləİsmayıllı şəhəri, ünvan 1 ünvanında yerləşən Cavabdeh3 mülkiyyətində olan 0.16 hektar həyətyanı torpaq sahəsində İddiaçı1 tərəfindən aparılmış qanunsuz tikintihasar sökülməli, Cavabdeh3 mülkiyyətində olan həyətyanı torpaq sahəsindən İddiaçı1 çıxarılmalı və sonuncu tərəfindən Cavabdeh3 mülkiyyət hüququna olan maneçiliklər aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-38/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İsmayıllı şəhəri, ünvan 1 ünvanında yerləşən Cavabdeh3 mülkiyyətində olan 0.16 hektar həyətyanı torpaq sahəsində İddiaçı1 tərəfindən aparılmış qanunsuz tikinti-hasar sökülsün. Cavabdeh3 mülkiyyətində olan həyətyanı torpaq sahəsindən İddiaçı1 çıxarılsın. Cavabdeh3 mülkiyyət hüququna İddiaçı1 tərəfindən olan maneçiliklər aradan qaldırılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar