Məhkəmə qərarları › İş №2(107)-1073/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1073/2022

07.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1073/2022 07.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı müddətin keçməsinə görə öhdəliyin xitamı tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddətin keçməsinə görə öhdəliyin xitamı tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı müddətin keçməsinə görə öhdəliyin xitamı tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsi 16 iyun 2022-ci il tarixli 2(075)- 893/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı "xxxx" ASC-nin Şəki EŞ-nin enerji satış bazasında **********41203 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İddiaçı tərəfindən qeyri-yaşayış sahəsində X1 edilməsinə baxmayaraq, onun tərəfindən 2006-cı ilin oktyabr ayından 2022-ci ilin 09 mart tarixinədək istifadə etdiyi elektrik enerjisi üzrə ödənilməmiş 382,88 manat borcu qalmışdır. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı müddətin keçməsinə görə cavabdehin tələb hüququnun qüvvəsini itirməsi, öhdəliyə xitam verilməsi və enerji sərfiyyatına görə yığılmış 472 manat borc məbləğinin hesabından silinməsi barədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müddətin keçməsinə görə cavabdehin tələb hüququnun qüvvəsini itirməsi, öhdəliyə xitam verilməsi və enerji sərfiyyatına görə yığılmış 472 manat borc məbləğinin hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı məhkəməyə göndərdiyi ərizəsində məhkəmə iclaslarına gələ bilməyəcəyini, odur ki, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Cəfərabad kəndində fərdi yaşayış evinə yaxın yerdə kiçik bir dülgər sexi quraşdırmışdır. Həmin sexə 2006-cı ildə cavabdeh tərəfindən elektrik enerjisi verilmiş və enerji sərfiyyatının hesablanması üçün elektrik sayğacı fərdi yaşayış evində quraşdırılmışdır. Ona görə ki, kiçik dülgər sexi ilə evinin arasındakı məsafə az olmuş və sexdə sayğacın quraşdırılması üçün heç bir şərait olmamışdır. Onun 82 yaşı vardır və 7 ildir ki, həmin sexi işlətmir. Bu günlərdə cavabdehin nümayəndəsi 2015-ci ilədək yığılmış 472 manat borc məbləğinin olduğunu bildirmiş və həmin borcun ödədilməsini ondan tələb etmişdir. Hesab edir ki, cavabdeh təşkilatın həmin borc məbləğini tələb etməsi əsassızdır. Belə ki, cavabdeh "xxxx" ASC tərəfindən ondan borcun ödənilməsi tələb etməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətləri ötrülmüşdür. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə göndərdiyi məktubunda işə iştirakları olmadan baxılmaqla iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin cavabdeh "xxxx" ASC məhkəməyə göndərdiyi iddiaya etirazında 2006-cı ilin oktyabr ayından 2011-ci ilin yanvar ayınadək iddiaçının dülgər sexi üzrə istifadə etdiyi elektrik enerjisinin dəyərinin toplamda 486,17 manat olduğunu, bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərinin cəmi 207 manatını ödədiyini, 2011-ci ilin yanvar ayından 2012-ci ilin iyun ayınadək iddiaçının dülgər sexi üzrə istifadə etdiyi elektrik enerjisinin dəyərinin toplamda 13,38 manat olduğunu, bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərindən cəmi 15 manatını ödədiyini, 2012-ci ilin iyun ayından 2015-ci ilin iyun ayınadək iddiaçının dülgər sexi üzrə istifadə etdiyi elektrik enerjisinin dəyərinin toplamda 210 manat olduğunu, bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərindən cəmi 15 manatını ödədiyini, 2015-ci ilin iyun ayından 2022-ci ilin mart ayınadək iddiaçının dülgər sexi üzrə istifadə etdiyi elektrik enerjisinin dəyərinin toplamda 65,33 manat olduğunu, bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərini və qalıq borcundan cəmi 155 manatını ödədiyini, qeyd olunan dövrlər üzrə iddiaçının sərf etdiyi elektrik enerjisinin dəyərini bildiriş təqdim edilən zaman hər ay ödəmədiyini, iddiaçının istifadə etdiyi elektrik enerjisindən ödənilməmiş 382,88 manat qalıq borcunun qaldığını, yaranmış 382,88 manat borcun iddiaçının 2006-cı ilin oktyabr ayından 09 mart 2022-ci il tarixinə kimi istifadə etdiyi elektrik enerjisinin dəyəri olduğunu göstərmiş və odur ki, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ASC-nin Şəki EŞ-nin enerji satış bazasında **********41203 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Onun tərəfindən yaşadığı Şəki rayonu Cəfərabad kəndindəki qeyri-yaşayış sahəsində X1 edilsə də, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmadığı, beləliklə də hazırkı mübahisəyə baxılmasının məhz Şəki Rayon Məhkəməsinə aid olması müəyyən edilmişdir. İddiaçı tərəfindən qeyri-yaşayış sahəsində X1 edilməsinə baxmayaraq, onun tərəfindən 2006-cı ilin oktyabr ayından 2022-ci ilin 09 mart tarixinədək istifadə etdiyi elektrik enerjisi üzrə ödənilməmiş 382,88 manat borcu qalmışdır. Cavabdeh təşkilata ödənilməmiş 382,88 manat borcunun qalmasına baxmayaraq, iddiaçı 472 manat borc məbləğinin hesabından silinməsini məhkəmədən xahiş etmişdir. Yəni cavabdeh təşkilat tərəfindən iddiaçıdan istifadə etdiyi elektrik enerjisi üzrə 382,88 manatdan daha yüksək bir məbləğ tələb edilməmişdir. Cavabdeh təşkilat tərəfindən isə iddia tələbi qəbul edilməmişdir. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı müddətin keçməsinə görə cavabdehin tələb hüququnun qüvvəsini itirməsi, öhdəliyə xitam verilməsi və enerji sərfiyyatına görə yığılmış 472 manat borc məbləğinin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş edərək bunu iddia müddətinin ötürülməsi ilə izah etməsinə baxmayaraq cavabdeh "xxxx" ASC tərəfindən ona qarşı istifadə etdiyi elektrik enerjisi borcunun ödənilməsinə dair iddia tələbi irəli sürülməmişdir. Eyni zamanda İddiaçı cavabdeh "xxxx" ASC qarşısında istifadə etdiyi elektrik enerjisi üzrə qalıq borc məbləğinin 472 manat deyil, 382,88 manat təşkil etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbindən də göründüyü kimi məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Normanın mahiyyətindən də göründüyü kimi iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi iddia edən tərəfə deyil, iddiaya cavab verməli şəxsə aid edilmişdir. Yəni iddia müddətinin tətbiqi barədə ərizə iddia ərizəsi deyildir və iddia edənin arqumentlərinə qarşı barəsində iddia verilən şəxsin müddətin tətbiqi barədə yazılı müraciətidir. Hazırkı vəziyyətdə "xxxx" ASC tərəfindən İddiaçı qarşı istifadə etdiyi elektrik enerjisi borcunun ödənilməsinə dair iddia tələbi irəli sürülmədiyindən, İddiaçı mövcud olmayan bir tələb üzrə iddia müddətinin tətbiqini xahiş etməsi əsaslı hesab edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı müddətin keçməsinə görə cavabdehin tələb hüququnun qüvvəsinin itirilməsi, öhdəliyə xitam verilməsi və enerji sərfiyyatına görə yığılmış 472 manat borc məbləğinin hesabından silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şəki Rayon Məhkəməsi 16 iyun 2022-ci il tarixli 2(075)-893/2022 saylı qətnaməsi ilə (hakim Elçin Mehdiyev) İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı müddətin keçməsinə görə cavabdehin tələb hüququnun qüvvəsinin itirilməsi, öhdəliyə xitam verilməsi və enerji sərfiyyatına görə yığılmış 472 manat borc məbləğinin hesabından silinməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 375, 385, 442 və 445-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşə əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********41203 saylı kod altında 01 yanvar 2006-cı il tarixdən istehlakçı kimi qeydiyyatdadır və onun 382,88 manat borcu vardır. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyatda deyildir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki rayonu Cəfərabad kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında olan fermaya və özləri üçün quraşdırılmış kiçik dülgər sexinə elektrik enerjisinin verilişi yığılmış və vaxtı keçmiş borc məbləği səbəbindən dayandırılmışdır. Hazırda elektrik enerjisinin verilişi dayandırıldığına görə ailəsi, uşaqları həmin fermadan və özlərinə xidmət edən dülgər sexindən istifdə edə bilmirlər. Bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan başqa tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə deyil, müddətin keçməsinə görə cavbdehin tələb hüququnun qüvvəsini itirməsi, öhdəliyə xitam verilməsi və enerji sərfiyyatına görə yığılmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh tərəfindən elektrik enerjisi borcunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməsə də, ona məxsus fermaya və dülgər sexinə elektrik enerjisinin verilişi dayandırılmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən ona məxsus fermaya və dülgər sexinə elektrik enerjisinin verilişi dayandırılmış, elektrik enerjisinin verilişinin dayandırılmasında da məqsəd yığılmış borcun tələb edilməsi olmuşdur. O da hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR MM-nin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsini yox, həmin Məcəllənin 550 və 554cü maddəsinə əsasən öhdəliyin icrasından imtina edərək öhdəliyə xitam verilməsi və cavbdehin tələb hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-893/2022 saylı qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və cavabdeh "xxxx" ASC işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “X1 qaydalarının” 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və sair qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçı Şəki Rayon Məhkəməsi 16 iyun 2022-ci il tarixli 2(075)-893/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı vəziyyətdə "xxxx" ASC-nin İddiaçı qarşı istifadə etdiyi elektrik enerjisi borcunun ödənilməsinə dair iddia tələbinin mövcud olmaması əsası ilə iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd edir ki, iddiaçı enerji sərfiyyatına görə yığılmış 472 manat borc məbləğinin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir ki, hazırki ş üzrə həmin məbləğdə borc aşkar edilmir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsi 16 iyun 2022-ci il tarixli 2(075)-893/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsi 16 iyun 2022-ci il tarixli 2(075)-893/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Məlikov Vəzirxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar