Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1079/2020 05.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi ilə İddiaçı cavabdeh “Cavabdeh” X5 Regional Qaz istismar İdarəsinə qarşı qanunsuz hesablanmış ziyanın silinməsi tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(016)-997/2019 nömrəli qətnaməsindən cavabdeh “Cavabdeh” İB tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hаkim Namidar Misirzadə) xx xxxxxx 2019-cu il tаrixli 2(016)-997/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “Cavabdeh” X5 Regional Qaz istismar İdarəsinə qarşı qanunsuz hesablanmış ziyanın silinməsi bаrədə iddiаsı qismən təmin edilərək, ünvan 1i ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00140 olan) hesablanmış 589,60 (beş yüz səksən doqquz manat altmış qəpik) manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh” X5 X6 İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin hаllаrı İddiaçı cavabdeh “Cavabdeh” X5 Regional Qaz istismar İdarəsinə qarşı – cavabdehin Ağsu Xidmət Sahəsi tərəfindən hesablanmış 601.60 manat debitor borcunun silinməsi barədə iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Cavabdeh” İB-nin Ağsu Xidmət Sahəsi tərəfindən yaşadığı ünvana xx.xx.2011-ci il tarixdə smart-kart tipli, G-4 markalı, **********97 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin tarixdən bu günə həmin sayğaca xidmət və nəzarəti də “Cavabdeh” İB-nin Ağsu Xidmət Sahəsi tərəfindən həyata keçirilir. Həmin sayğaca müvafiq qaydada yüklədikləri qazı istifadə edirlər. Qeyd edilən sayğaca tərəflərindən hər hansı müdaxilə olunmamışdır və bu günə kimi hər hansı problemin olması barədə bir söz deyilməmişdir. xx.xx.2019-cu il tarixdə sözügedən qaz sayğacı yenisi ilə, smart-kart tipli, G-4 markalı, **********5 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Ondan asılı olmayan səbəblərdən, qaz sayğacı dəyişdirilərkən ona qaz sayğacının düzgün işləmədiyinə görə 601.60 manat borcunun yarandığı və ödənişlər etdikcə həmin borcun tutulacağı bildirilmişdir. Kiçik ailə olmaqla çox az qaz sərf edirlər. Bütün bunlar “Cavabdeh”ın məsuliyyətidir və həmin borc silinməlidir. Qeyd etmişdir ki, bu soyuq havalarda məcbur qalıb qaza ödəniş edir və həmin borcdan silinir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh “Cavabdeh” X5 X6 İdarəsinin nümayəndəsi X4 birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının evinə gedən qaz xətti üzərində quraşdırılmış sayğaca müdaxilə edilmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Qətnamədən narazı qalan cavabdeh “Cavabdeh” İstehsalat Birliyi apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində ’’Cavabdeh” X2 RQİİ-nin Ağsu Xidmət Sahəsinin əməkdaşları ünvan 1ində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış SMARTKART tipli məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüş, əvəzinə yeni SMARTKART tipli qaz sayğacı quraşdırmışlar. Bununla bağlı xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. İddiaçı məxsus SMARTKART tipli G4 markalı 1002AQ**********7 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün açılarkən və yerinə yeni qaz sayğacı quraşdırılan zaman açılan sayğacın mənfiyə işlədiyi, yəni sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisinin arasında 601,60 manat fərq olduğu aşkar edilmişdir. Həmin məbləğ abonentin qaz sayğacının smartkartına vurulmuş və onun abonent koduna işlənmişdir. SMARTKART tipli qaz sayğacının mənfiyə işləməsi dedikdə həmin tip qaz sayğaclarının üzərində olan elektron və mexaniki hesablama aparatlarının arasında yaranmış fərq başa düşülür. Belə ki, sayğacın üzərində olan mexaniki hesablama mexanizmi xarab olur və sayğaca daxil olan dəyəri ödənilməmiş təbii qazı mənzilə ötürür, lakin sayğacın üzərində olan digər elektron hesablama mexanizmi isə keçən qazın həcmini qeydə alır. Belə olduğu təqdirdə sayğacın üzərində olan hesablama mexanizmləri arasında fərq yaranır ki, bu fərqin dəyəri də abonent tərəfindən ödənilməlidir. İddiaçı abonent koduna hesablanaraq vurulmuş 601,60 manat məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli “Qazdan istifadə qaydaları haqqında” Qərarın 6.5-ci bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinin (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır) tələblərinin yerinə yetirilməsinin mümkünsüzlüyü böyük problemin və sui-istifadə hallarının yaranmasına səbəb olur. Belə ki, Qaydaların 4.8-ci bəndinə münasibətdə təhlil edilmiş çoxsaylı məhkəmə qətnamələrindən də göründüyü kimi, “saxlanılması” anlayışı “qorunması”, “mühafizə edilməsi” vəzifəsi kimi qiymətləndirilir. Yerinə yetirilməsi real olmayan şərtlərin tərəflərdən birinin üzərinə qoyulması münasibətlərin tənzimləyicisi olan hüququn ədalətlilik, obyektivlik və bərabərlik kimi prinsiplərinə ziddir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd etdilmiş qanunun və qaydaların tələblərinin tətbiq edilməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi qətnamə çıxarılarkən iddiaçı tərəfindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Ona görə də Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli2(016)-997/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: -102 saylı, xx.xx.2013-cü il tarixli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilədən məlum olur ki, Ağsu QİS-lə İddiaçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. - Ağsu RQİİ-nin xx.xx.2019-cu il tarixli, MM-175 saylı arayışla müəyyən edilir ki, İddiaçı Ağsu Xidmət Sahəsində abonent kimi Növcü kəndində qeydiyyatdadır (sayğac № **********5), xx.xx.2019-cu il tarixə 589.60 manat debitor borcu vardır. Yaranmış borc sayğac xx.xx.2019-cu il tarixdə əvəzlənərkən sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisi arasında yaranmış fərq əsasında 601.60 manat yaranmış debitor borcu abonentin hesabına keçirilmiş, abonent ödəniş edərkən ödəniş etdiyi məbləğdən hissəhissə tutulacağı qeyd edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam və hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(016)-997/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisi arasında fərqin yaranması müəyyən edilmiş, bundan sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 601,60 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, iddiaçı tərəfindən bundan sonra ödənişlər edildiyindən hazırda onun 589,60 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 601,60 manat məbləğində hesablanmasını məhkəmə kollegiyası ağlabatan mühakimə hesab etmir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının xx xxxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin: - 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir - 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, lakin, iddiaçı tərəfindən bundan sonra ödənişlər edildiyindən, həmin ödənişlər geri tələb edilmədiyindən, iddiaçı yalnız borcun silinməsini xahiş etdiyindən, hazırda isə 589,60 manat məbləğində borcu olduğundan, iddia qismən təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış yalnız 589,60 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin cavabdeh tərəfindən iddiaçının qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, cavabdeh tərəf öz etirazının əsaslarını yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Ona görə də, məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçı törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının qazdan istifadəsi üçün quraşdırılmış sayğac istehlakçının nəzarətindən kənarda quraşdırılmışdır. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə qaz paylayıcısı olan cavabdeh daşıdığından həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barədə mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatına görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin apelyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz iddiaçının özü tərəfindən törədilməsi barədə cavabdehin dəlilləri ilə razılaşa bilmədiyindən və iddiaçı tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apelyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər iddiaçı sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(016)-997/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Nəticəvi hissə Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(016)-997/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1079/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1079/2020
05.05.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver