Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1080/2020 03.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədоv İlyаs Səməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakıları ilə, İddiaçı Cavabdeh qarşı “behin qaytarılması, dəymiş maddi və mənəzi zərərəin ödənilməsi” tələbinə dair iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-737/2019 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia qismən təmin edilmiş, Cavabdeh behə görə 1960 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 1990 manat pul alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. işin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 V ünvanda yerləşən fərdi yaşayış evinə 33 metr uzunluğunda olan 2 balkon və 2 pilləkənə dəmir məhəccərlərin hazırlanması və yerinə quraşdırılmasına görə verdiyi 1960 (980 beh + 980) manat behin, bu pulun qaytarılması ilə bağlı dəymiş 2000 manat maddi və 2000 manat mənəvi zərər olmaqla, cəmi 5960 manat məbləğində pulun, habelə 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Qaraçuxur qəsəbəsində özünə fərdi yaşayış evi tikdirmişdir. Həmin ev üçün 2 balkon və 2 pilləkənə dəmir məhəccərlərin quraşdırılması lazım olduğundan xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Z.Bunyadov küçəsi, Baksol adlanan ərazidə fəaliyyət göstərən hazırki Cavabdeh yanına gedərək 2 balkon və 2 pilləkənə dəmir məhəccərlərin quraşdırılması lazım olduğunu bildirmişdir. Həmin gün Cavabdeh birlikdə onun evinə gələrək, yerində ölçmə işləri aparmış, 33 metr uzunluğunda məhəccərin lazım olduğunu və 1960 manata məhəccərləri hazırlayb yerinə quraşdıra biləcəyini demişdir. Cavabdeh ilə razılığa gələrək, lazım olan dəmir məhəccərlərin hazırlanması və yerinə quraşdırılmasını ona sifariş etmiş və bu məqsədlə ona 980 manat beh vermişdir. Razılaşmaya əsasən cavabdeh Yanvar ayının sonunadək məhəccərləri hazırlayıb yerinə quraşdırmalı, o da qalan 1000 manatı cavabdehə verməli idi. Cavabdeh ondan 980 manat beh alması barədə xx.xx.2019-cu il tarixli yazılı qəbz vermişdir. Müddətin keçməsinə baxmayaraq cavabdeh öhdəliyinə əməl etməmişdir. Razılaşdırılmış vaxtda öhdəliyini yerinə yetirmədiyini görüb dəfələrlə telefonla cavabdehlə danışmış və yanına gedərək sifarişin yerinə yetirilməsini tələb etmişdir. Hər dəfə cavabdeh onu aldadaraq yaxın vaxtda sifarişi yerinə yetirəcəyini bildirsə də vədinə əməl etməmişdir. Müəyyən vaxtdan sonra Fərasət adlı şəxs ona zəng edib Cavabdeh işi ona tapşırdığını deyərək, sifarişin yerinə yetirilməsi üçün 3-4 gün vaxt istəmişdir. Razılaşaraq bir həftə sonra Fərasət adlı şəxslə görüşmüş və Fərasətin ona yalan dediyi məlum olmuşdur. Bir müddət sonra Mais adlı şəxs ona zəng edib Cavabdeh işi ona tapşırdığını deyərək, sifarişin yerinə yetirilməsi üçün 3-4 gün vaxt istəmişdir. Razılaşaraq 10 gün sonra Mais adlı şəxslə görüşmüş və Maisin də ona yalan dediyi məlum olmuşdur. Beləliklə, cavabdehin sifarişin yerinə yetirilməsindən yayındığını və aldadıldığını görüb aidiyyəti üzrə Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə şikayət ərizəsi vermişdir. 32-ci Polis Bölməsində ilkin araşdırma aparılmış, ondan cavabdehdən izahat alınmış və məsələnin mülki mübahisə olduğu qənaitinə gəlinərək cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı verdiyi izahatında cavabdeh ondan dəmir məhəccərlərin hazırlanması və yerinə quraşdırılması sifarişini və bu məqsədlə 980 manat beh aldığını etiraf etmişdir. Cavabdehin beh almasına baxmayaraq öhdəsinə götürdüyü işi görmədiyi üçün məcbur olub məhəccərlərin hazırlanması və yerinə quraşdırılmasını başqasına sifariş vermiş və iş başqası tərəfindən icra edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirmiş nəticədə ona 2000 manat dəyərində mənəvi ziyan dəymişdir. Bundan başqa cavabdeh tərəfindən aldadıldığı üçün dəfələrlə Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə və cavabdehin iş yerinə getmiş, mobil telefonundan istifadə etmiş, iddianın hazırlanması üçün müvafiq sənədlərin toplanılması üçün maddi vəsait sərf etmişdir. Nəticədə ona həm də 2000 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh üzərinə götürdüyü işi görməməsinə baxmayaraq, 10 ay müddət keçsə də aldığı behi də qaytarmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, həqiqətən İddiaçı xx.xx.2019-cu il tarixdə onun işlədiyi Bakı şəhəri Z.Bunyadov küçəsi, Baksol adlanan ərazidə fəaliyyət göstərən sexə gələrək, 2 balkon və 2 pilləkənə dəmir məhəccərlərin quraşdırılması lazım olduğunu bildirmişdir. Həmin gün İddiaçı birlikdə sonuncunun tikdirdiyi evə gedərək, yerində ölçmə işləri aparmış, 33 metr uzunluğunda məhəccərin lazım olduğunu və 1960 manata məhəccərləri hazırlayb yerinə quraşdıra biləcəyini demişdir. İddiaçı onunla razılaşaraq, lazım olan dəmir məhəccərlərin hazırlanması və yerinə quraşdırılmasını ona sifariş etmiş və bu məqsədlə ona 980 manat beh vermişdir. Razılaşmaya əsasən, o, məhəccərləri hazırlayıb yerinə quraşdırdıqdan sonra qalan 1000 manatı iddiaçı verməli idi. İddiaçıdan 980 manat beh alması barədə xx.xx.2019-cu il tarixli yazılı qəbz vermişdir. Sifariş verilmiş məhəccərləri hazırlamaq üçün lazım olan material İran İslam Respublikasından gəlməli idi. Məhəccərləri hazırlamaq üçün lazım olan materiallar fevral ayının ortalarında gəlmişdir. Bundan sonra iddiaçını mala baxmaq üçün çağırsa da, iddiaçı gəlməmişdir. Ona görə də behini aldığı işi görməmişdir. İddiaçı ondan Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə şikayət etdiyi üçün onu Polis bölməsinə çağırıb orada izahatını almışlar. İzahat verərkən İddiaçı sifariş və beh aldığını etiraf etmiş və söz verdiyi məhəccərləri xx.xx.2019-cu il tarixə kimi hazırlayıb quraşdıracağını bildirmişdir. O, iddiaçıdan beh aldığı işi görməkdən imtina etməmişdir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsindən narazıdır. Elə hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Odur ki, cavabdeh-Cavabdeh behə görə 1960 (bir min doqquz yüz almış) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi hissəsi istisna olmaqla Zərdab rayon məhkəməsinin 2(035)-737/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin hissəvi ləğv edilməsini və məlum sifarişin icra edilməməsi nəticəsində ona dəymiş 2 000 (iki min) manat maddi, bu müddət ərzində onun, habelə ailə üzvlərinin keçirdiyi sarsıntılara görə 2 000 (iki min) manat məbləğində mənəvi zərərin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. tərəflərin İzahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavadeh Cavabdeh apelyasiya şikayətinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini, Zərdab rayon məhkəməsinin 2(035)-737/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 2(035)-737/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, İddiaçı mülkiyyətinə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsinin cənub hissəsindən fərdi yaşayış məqsədilə 0.06 ha verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 197 nömrəli reyestr kitabının 18311 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh tərəfindən yazılmış xx.xx.2019-cu il tarixli yazılı qəbzdən görünür ki, o, hazırkı İddiaçı 33 metr, metrəsi 60 manatdan olmaqla perila (məhəccər) hazırlanmasına görə sifarişi qəbul etmiş, buna görə İddiaçılə 1960 manata razılaşmış, bu işə görə İddiaçı ilkin olaraq 980 manat pul almışdır. İşdə olan İddiaçı tərəfindən yazılmış xx.xx.2019-cu il tarixli şikayət ərizəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə ondan ümumi uzunluğu 33 metr olmaqla dəmir məhəccərlərin hazırlanması və yerinə quraşdırılması barədə sifariş qəbul etməsinə və buna görə qabaqcadan beh olaraq ondan 980 manat pul almasına baxmayaraq nə sifarişi yerinə yetirmədiyi, nə də ki, aldığı pulu qaytarmadığı üçün Cavabdeh Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə şikayət etmişdir. İşdə olan İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə Bakı şəhəri Suraxanı RPİnin 32-ci Polis Bölməsinin tədqiqatçısı M.Əliyev tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan Cavabdeh tərəfindən yazılmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli yazılı izahatlardan görünür ki, o, hazırkı İddiaçı xx.xx.2019-cu il tarixdə onun işlədiyi dəmir sexinə gələrək, ona pilləkənlərinin yanlarını, balkon qraqları-pirilarını sifariş etdiyini, həmin işin görülməsi üçün üç ay vaxt tələb olunduğunu, görülən işin dəyərinin 1980 manat təşkil etdiyini, İddiaçı beh olaraq 980 manat aldığını, qalan 1000 manatı isə iş qurtardıqdan sonra alacağını, məhəccərləri xx.xx.2019-cu il tarixədək hazırlayıb quraşdıracağını qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən təzə tikdirdiyi evinin 2 balkon və 2 pilləkəni üçün 33 metr uzunluğunda dəmir məhəccərlərin hazırlanması və yerinə quraşdırılmasını sifariş vermiş, cavabdeh sifarişi qəbul etmişdir. Tərəflər ümumi işin dəyərini 1960 manata razılaşmışlar. İddiaçı cavabdehə qabaqcadan, yəni hələ iş görülməmiş beh olaraq 980 manat pul vermiş və cavabdeh həmin 980 manat pulu iddiaçıdan almışdır. Cavabdeh iddiaçıdan qabaqcadan 980 manat pul alması barədə xx.xx.2019-cu il tarixli yazılı qəbz vermişdir. Lakin, cavabdeh sifarişi və behi qəbul etməsinə baxmayaraq, məhəccərlərin hazırlanması və yerinə quraşdırılması barədə sifarişi yerinə yetirməmişdir. İddiaçının dəfələrlə tələb etməsinə, hətta cavabdeh barəsində Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə şikayət etməsinə baxmayaraq cavabdeh nə işi görməmiş, nə də ki, beh olaraq aldığ 980 manatı qaytarmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən sifariş verilən məhəccərlərin cavabdeh tərəfindən naturada hazırlanması məhkəmə iclasında müəyyən olunmamışdır. Əksinə cavabdehin məhkəmə iclasında verdiyi izahatından müəyyən olunmuşdur ki, artıq fevral ayında iddiaçı müqavilədən, yəni sifarişindən imtina etmişdir. Həmin vaxt isə sifariş verilən məhəccərlər hazır olmamışdır. Belə ki, cavabdeh Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis Bölməsində xx.xx.2019-cu il tarixdə vermiş olduğu izahatında məhəccərlərin hələ hazır olmadığını və xx.xx.2019-cu il tarixədək hazırlayıb quraşdıracağını bildirmişdir. Məhkəmə kollegiyası araşdırması zamanı iddiaçının izahatından müəyyən olunmuşdur ki, o, cavabdehin sifarişin icrasından yayındığını görüb, məhəccərlərin hazırlanıb quraşdırılmasını başqasına tapşırmış və onun cavabdehin işinə hansısa marağı qalmamışdır. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, iddiaçı müqavilədən, yəni cavabdehə verdiyi sifarişdən imtina etməkdə haqlı olmuşdur və bu tamamilə qanunvericiliyə uyğundur. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehə beh olaraq vermiş olduğu 980 manatı geri tələb etməkdə də haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqaviləüzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinəəsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. İşin yuxarıda müəyyən olunan hallarından görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən təzə tikdirdiyi evinin balkon və pilləkənləri üçün dəmir məhəccərlərin hazırlanması və yerinə quraşdırılması barədə verdiyi sifarişin təsdiqi və icrasını təmin etmək məqsədilə cavabdehə qabaqcadan, yəni hələ iş görülməmiş beh olaraq 980 manat pul vermiş və cavabdeh həmin 980 manat pulu iddiaçıdan almışdır. Həmçinin işin yuxarıda müəyyən olunan hallarından görünür ki, iddiaçı cavabdehin təqsirindən onun işinə hansısa marağı qalmadığından müqavilədən, yəni cavabdehə verdiyi sifarişdən imtina etməli olmuşdur. Belə olan təqdirdə iddiaçı cavabdehə verdiyi behin-980 manat pulun iki mislini tələb etməkdə haqlıdır və bu tamamilə qanunvericiliyə uyğundur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia behə görə 1960 (980+980) manat tələbinə dair hissədə əsaslıdır. Məhkəmə kollegiyası iddianın maddi və mənəvi ziyana görə pul tələbinə dair hissəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia həmin hissələrdə əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işüzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qaydada olaraq “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslışübhələr yaratmayan” sübut standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (Avşar Türkiyəyə qarşı” işüzrə X4 Məhkəməsinin qərarı№25657/94 § 282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” işüzrə xx xxxx 2008ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslışübhədən kənar standartlar tətbiq edilir. İddiaçı behin qaytarılması ilə bağlı ona 2000 manat məbləğində maddi ziyan dəydiyini iddia etsə də, iddiasını məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası tərəfindən təklif olunsa da, iddiaçı izahat verməkdən savayı iddianı əsaslandıra biləcək hər hansı bir digər mötəbər sübutu məhkəməyə təqdim etməmişdir ki, həmin xüsusatla bağlı sübutları qarşılıqlı şəkildə yoxlamaq və qiymətləndirmək mümkün olsun. Ona görə də məhkəmə kollegiyası behin qaytarılması ilə bağlı 2000 manat maddi ziyan tələbinə dair hissədə iddianı əsaslı hesab etmir. Məhkəmə kollegiyası mənəvi ziyana dair hissədə iddiaya hüquqi qiymət verərkən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarında göstərilən tövsiyyələri əsas götürür. Adıçəkilən qərarın 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, İnsan Hüquqları və X1 haqqında Konvensiyanın, X4 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. Hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarın 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansıməbləğdə və sair maddi formadaqiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı iddia etsədə ona mənəvi zərər vurulmasını, yəni cavabdehin iddia edilən qanunsuz hərəkəti nəticəsində yaxın qohumlarını və ya iş yerini itirməsini, fəal ictimai həyat tərzindən məhrum olmasını, şəxsi, ailə və tibbi sirlərinin açıqlanmasını, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsini, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılmasını və ya həmin hüquqlardan məhrum olmasını, sağlamlığına xəsarət yetirilməsini və s. halları məhkəmə iclasında sübuta yetirə bilməmiş, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli Qərаrınа əsаsən mənəvi zərər, аdətən vətəndаşlаrın şəxsi qeyri-əmlаk hüquqlаrının pоzulmаsı nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlаk zərəri оlmаqlа, iqtisаdi məzmun və dəyər kəsb etməyən hüquq pоzuntusudur. Belə zərər vətəndаşа аnаdаngəlmə və yа qаnun əsаsındа оnа məxsus оlаn qeyrimаddi nemətlərə аid (şərəf, ləyаqət, işgüzаr nüfuz, şəxsi, аilə sirri, hərəkət etmək аzаdlığı, yаşаyış yeri seçmə, аd hüququ, müəlliflik hüququ, sаir şəxsi qeyri-əmlаk hüquqlаrı və digər mаddi nemətlər) hüquqlаrını pоzmаqlа fiziki şəxsə mənəvi sаrsıntı, iztirаb verir. Məhkəmə hesаb edir ki, tərəflərin аrаsındаkı hаzırki münasibət iqtisаdi məzmundа оlаn münasibətdir və həmin münasibətlə bаğlı iddiaçının şərəfinin, ləyаqətinin və işgüzаr nüfuzunun ləkələnməsi ilə müşаyət edilən hər hаnsı bir hаl müəyyən edilməmiş, məhkəməyə bu bаrədə heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə mənəvi ziyana görə 2000 manat tələbinə dair hissədə də iddianı əsaslı hesab etmir. Beləliklə, məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq və sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia behə görə 1960 manat tələbinə dair hissədə təmin edilməli, maddi və mənəvi ziyana görə pul tələbinə dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Yuxarıda göstərilən qanun normalarının və qərarların tələblərindən də göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraicət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı apelyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-737/2019 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinin maddi və mənəvi ziyan hissəsi ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı behin iki mislinin qaytarılması ilə yanaşı, maddi və mənəvi ziyan tələbi irəli sürmüşdür ki, iddianın həmin hissəsi alınmış behin müqabilində cavabdehin razılaşmış olduğu işi icra etməməsi ilə əlaqədar müqavilə şərtlərini pozması olmuşdur. Hansı ki, qanunun birmənalı mənasına görə tərəflərin razılaşdıqları müddətdə müqavilənin, beh almış tərəfdən icra edilməməsi iddiaçı tərəfə behin iki mislini almaq hüququ verirdi. İddiaçının iddiasının əsası kimi, iddiasını (behlə bağlı), razılaşdıqları müddət bitdikdən sonra aiddiayyatı məhkəməyə yox, uzun müddət sonra digər məhkəmələrə verməsi, cavabdehin barəsində X3 müraciət etməsi cavabdehin günahi kimi qiymətləndirilə bilməz və ondan maddi və mənəvi ziyanın tutulması qanuna uyğun olmaz. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin olunmasın. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-737/2019 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1080/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1080/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver