Məhkəmə qərarları › İş №2(107)-1080/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1080/2021

02.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1080/2021 02.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, üçüncü şəxs Maraqlı şəxs1 və onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Əhmədxan qızının cavabdehlər Cavabdeh Əhmədxan oğlu, X13, Eyvazova (Əliyeva) Sənubər Əhmədxan qızı, X9, Allahverdiyeva (Əlizadə) Ayişən Şirvan qızı və X10 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tаrixli qətnaməsindən İddiaçı Əhmədxan qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibatı binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) 26 sentyabr 2019-cu il tаrixli, 2(039)-1630/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* №li çıxarışına əsasən X11 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 ha torpaq sahəsinə və JN:101 KOD 90107018 saylı “torpağın mülkiyyətə verilməsi”nə dair akta əsasən Yevlax rayonu, Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X11 və onun ailə üzvlərinə məxsus 4,52 ha torpaq sahəsinin 2/6 hissəsinə İddiaçı Əhmədxan qızının, Cavabdeh Əhmədxan oğlunun və X2 hər birinin 1/3 hissədə payı müəyyən edilmiş və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı Əhmədxan qızı apellyаsiyа şikаyəti vermişdir. Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 11 iyun 2020-ci il tarixli 2(107)- 625/2020 nömrəli qətnaməsinə əsаsən, İddiaçı Əhmədxan qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tаrixli, 2(039)-1630/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. 04 iyun 2020-ci il tarixdə işdə iştirak etməyə cəlb olunmayan və məhkəmə aktı maraqlarına toxunan Maraqlı şəxs1 və Maraqlı şəxs2 qətnamədən apellyasiya şikayəti veriblər və Yevlax Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli qərardadı ilə onlar iş üzrə məhkəmə qətnaməsi hüquq və vəzifələrinə toxunan şəxslər kimi tanınmaqla, onların qətnamədən verdikləri apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyul 2020-ci il tarixli qərardadı ilə Maraqlı şəxs1 və Maraqlı şəxs2 iş üzrə Yevlax Rayon Məhkəməsinin 26 sentyabr 2019- cu il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilib. Eyni zamanda həmin qərardadla apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər Maraqlı şəxs1 və Maraqlı şəxs2 geri qaytarılıb və onlara izah edilib ki, sözügedən qətnamədən təqdimat verilməsi üçün Ali Məhkəmənin Sədrinə müraciət edə bilərlər. 21 avqust 2020-ci il tarixdə işdə iştirak etməyə cəlb olunmayan və məhkəmə aktı maraqlarına toxunan Maraqlı şəxs1 və Maraqlı şəxs2 ərizə ilə Ali Məhkəmənin Sədrinə müraciət edərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə təqdimat verilməsini xahiş ediblər. 25 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin Sədri təqdimat verərək, sözügedən qətnamənin ləğv edilib, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin təqdimatı təmin edilmiş, iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli 2(107)-625/2020 saylı qətnaməsi ləğv edilmiş və təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İşin hаllаrı : İddiaçı Əhmədxan qızı cavabdehə qarşı “miras əmlakda payların müəyyən edilməsi tələbi barədə” iddia ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət edərək, atası X3 və anası X12 vəfatından sonra miras qalmış və Yevlax rayonu, Qaramanlı kəndi ərazisində yerləşən 1,76 ha torpaq sahəsinin, habelə JN:101, KOD 90107018 saylı “torpağın mülkiyyətin verilməsinə dair şəhadətnamə”yə əsasən 4,52 ha torpaq sahəsindən məxsus 1,506 ha hissəsinin¾ hissəsində onun, ¼ hissəsində isə cavabdehin payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əhmədxan qızı iddia tələbi onunla əsaslandırılmışdır ki, X16 iddiaçının atası, X20 isə iddiaçının anasıdır. Əhmədxan Əliyev və Həmilə Əliyevanın birgə nikahlarından 8 övladı olmuşdur: Sevil (iş üzrə iddiaçı), Şirvan (iş üzrə cavabdeh), Füzuli(iş üzrə cavabdeh), Sənubər(iş üzrə cavabdeh), Rəziyə, Xuraman, Nizami və Muğan. Mübahisəli 1,76 ha torpaq sahəsi və 4,52 ha torpaq sahəsinin 1/6 hissəsi iddiaçının atası Əhmədxan Əliyevə, 4,52 ha torpaq sahəsinin 1/6 hissəsi isə iddiaçının anası Həmilə Əliyevaya məxsus olmuşdur. Əhmədxan Əliyev 03.04.2013-cü il tarixdə, Həmilə Əliyeva isə 17.10.2016-cı il tarixdə vəfat etmişlər. İddiaçının qardaşı Muğan 12.11.2018-ci ildə vəfat etmiş, ölümündən əvvəl isə özünə məxsus miras payını iddiaçıya bağışlamışdır. Bağışlanma mərhum tərəfindən yazılı formada tərtib edilərək imzalanmışdır. Bundan başqa, iddiaçının bacısı Sənubər də özünə çatan miras payından iddiaçının xeyrinə imtina etmişdir. Hazırda miras əmlaklar üzərində payların müəyyən edilməsi ilə bağlı iş üzrə tərəflər razılığa gələ bilmirlər. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin 23.07.2019-cu il tarixli qərardadı ilə mərhum Əhmədxan Əliyev və Həmilə Əliyevanın qanun üzrə birinci növbəli vərəsələri olan X13 və Eyvazova (Əliyeva) Sənubər Əhmədxan qızı, habelə (Cavabdeh arvadı) X9, (Cavabdeh övladları) Allahverdiyeva (Əlizadə) Ayişən Şirvan qızı və X17 məhkəmənin təşəbbüsü ilə mülki iş üzrə cavabdeh qismində cəlb edilmişlər. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Eyvazova (Əliyeva) Sənubər Əhmədxan qızı məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (eyni zamanda vəkili) Zaur Bərxudarov ayrı-ayrılıqda iddianın dəlillərini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh və Füzuli Əliyev ayrı-ayrılıqda izahat verərək bildirmişlər ki, onlar, mərhum valideynlərindən miras qalmış torpaq sahələrini həm valideynləri sağ olan vaxt, həm də onların vəfatından sonra faktiki qəbul edərək idarə etmiş, əkib becərmişlər. Ona görə də, Məhkəmədən iddianın qismən təmin edilməsini, miras əmlak üzərində iddiaçı və onların paylarının bərabər hissələrdə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək, iddiaçı və cavabdehlər Füzuli Əliyev və Cavabdeh miras əmlak üzərində paylarının bərabər hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən digər cavabdehlər Sədayə Əliyeva, Gülşən Əlizadə və Ayişən Allahverdiyeva (Əlizadə) izahat verərək, iddia tələbinin qismən təmin edilməsini, miras əmlaka daxil olan 4,52 hektar kənd təsərrüfatlı torpağa onların pay hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini,miras əmlakın vərəsələr arasında bölünməsi məsələsinin isə məhkəmənin mülahizəsi əsasında həll edilməsini xahiş etmişlər. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Аpellyаsiyа şikаyətinin dəlilləri : İddiaçı Əhmədxan qızı аpellyаsiyа şikаyəti verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, qardaşı Muğan vəfat etməzdən öncə yazılı şəkildə öz payını ona vəsiyyət etmişdir. Həmçinin bacısı Sənubər də öz miras payını ona vermişdir. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 26 sentyabr 2019cu il tаrixli, 2(039)- 1630/2019 saylıqətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs1 və onun vəkili Vəkil1 qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının 04 avqust 2021-ci il tarixli məhkəmə iclasında şahid X14 bildirmişdir ki, Maraqlı şəxs1 və Maraqlı şəxs2 mərhum Əhmədxan Əliyev və X1 Əliyevanın övladlarıdır. Xuraman Əliyeva ərindən ayrıldıqdan sonra həmin uşaqlarla birlikdə onların evinə qayıtmış, onlarla birilikdə təsərrüfatla məşğul olmuşdur. O, 25 may 1990-cı ildə vəfat etmişdir. Lakin onun uşaqları Ceyhun Abışıv və Maraqlı şəxs2 onun, o cümlədən baba və nənələrinin ölümündən sonra və əvvəl həmin evdə yaşamış orda olan torpaq sahəsində təsərrüfatla məşğul olmuşlar. Məhkəmə kollegiyasının 04 avqust 2021-ci il tarixli məhkəmə iclasında şahid X18 eyni məzmunda izahat vermişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Əhmədxan qızı cavabdehlər Cavabdeh Əhmədxan oğlu, X13, Eyvazova (Əliyeva) Sənubər Əhmədxan qızı, X9, Allahverdiyeva (Əlizadə) Ayişən Şirvan qızı və X17 məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Cavabdeh Əhmədxan oğlu məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələlər : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən cavabdehlərin miras paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edərkən düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı, ******* №li çıxarışından müəyyən olunur ki, Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Əhmədxan Əliyevin mülkiyyətindədir. JN:101 KOD 90107018 saylı “torpağın mülkiyyətə verilməsi”nə dair aktdan müəyyən edilir ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 20.06.1998-ci il tarixli 32 nömrəli qərarı ilə Yevlax rayonu, Qaramanlı kəndində yerləşən 4,52 ha torpaq sahəsi Əhmədxan Əliyevə və onun ailə üzvləri Həmilə Əliyeva, İddiaçı, Sədayə Əliyeva, Ayşən Əlizadə və Gülşən Əlizadəyə verilmişdir. Yevlax Rayon Qeydiyyat Şöbəsinin 04.09.2019-cu il tarixli 2593/1 saylı məktubundan müəyyən edilir ki, Əhmədxan Əliyevin ailə üzvləri aşağıdakılar olmuşlar: (arvadı) Həmilə, (övladları) Sevil, Şirvan, Füzuli, Sənubər, Rəziyə, Xuraman, Nizami və Muğan. Onlardan Nizami 1975-ci ildə, Xuraman 1990-cı ildə, Rəziyə 2011-ci ildə, Muğan isə 2018-ci ildə ölmüşlər. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X16 03.04.2013-cü il tarixdə, X20 isə 17.10.2016cı il tarixdə ölmüşdür. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinin mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, miras kütləyə daxil olan əmlaklardan biri Yevlax rayonu, Qaramanlı kəndi ərazisində yerləşən və (iddiaçının atası) Əhmədxan Əliyevə mülkiyyət hüququ əsasında məxsus 1,76 ha torpaq sahəsidir. Miras kütləyə daxil olan digər əmlak isə JN:101, KOD 90107018 saylı “torpağın mülkiyyətin verilməsinə dair şəhadətnamə”yə əsasən ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçının özünə, (iddiaçının atası) Əhmədxan Əliyevə, (iddiaçının anası) Həmilə Əliyevaya, (cavabdeh Muğanın Əliyevin arvadı) Sədayə Əliyevaya, (cavabdeh Muğanın Əliyevin uşaqları) Ayşən və Gülşən Əlizadələrə məxsus 4,52 ha torpaq sahəsinin 2/6 hissəsidir. Çünki, Mülki Məcəllənin tələblərinə görə, ümumi birgə mülkiyyətdə mülkiyyətçilərin payları, həmin Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Nəzərə alsaq ki, yuxarıda qeyd edilən mübahisəli torpaq sahəsində miras qoyan Əhmədxan Əliyevin və Həmilə Əliyevanın hər birinin payı 1/6 hissədə müəyyən edilir, bu halda miras əmlaka daxil olan əmlak həmin torpaq sahəsinin miras qoyanlara məxsus 2/6 hissəsini təşkil etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Əhmədxan qızı cavabdehlər Cavabdeh Əhmədxan oğlu, X13, Eyvazova (Əliyeva) Sənubər Əhmədxan qızı, X9, Allahverdiyeva (Əlizadə) Ayişən Şirvan qızı və X10 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbi ilə müraciət etmiş, birinci instansiya məhkəməsi isə iddia tələbini qismən təmin etməklə Yevlax rayonu Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X16 və onun ailə üzvlərinə məxsus 4.52 ha torpaq sahəsinin 2/6 hissəsinə X19, Cavabdeh Əhmədxan oğlu və X4 hər birinin 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Sevin Əliyevanın miras qalmış əmlakdan yalnız özünün payını tələb etmək hüququ vardır ki, digər şəxslərin paylarının müəyyən edilməsini tələb etmək üçün subyektiv hüququ olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında müəyyən olunmuşdur ki, Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Əhmədxan Əliyevin mülkiyyətinə verilmişdir. Həmçinin Yevlax rayonu Aqrar İslahat Komissiyasının 20.06.1998-ci il tarixli 32 nömrəli qərarı ilə Yevlax rayonu, Qaramanlı kəndində yerləşən 4,52 ha torpaq sahəsi Əhmədxan Əliyevə və onun ailə üzvləri Həmilə Əliyeva, İddiaçı, Sədayə Əliyeva, Ayşən Əlizadə və Gülşən Əlizadəyə verilmişdir. X16 03.04.2013-cü il tarixdə, X20 isə 17.10.2016-cı ildə vəfat etmişdir. Digər ailə üzvüləri Nizami 1975-ci ildə, Xuraman 1990-cı ildə, Rəziyə 2011-ci ildə, Muğan isə 2018-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin ( miras passivi) toplusu daxildir. Məcəllənin 1151.2-ci maddəsinə görə, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Məcəllənin 1269-cu maddəsinə görə, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Yuxarıda qeyd edildiyi kimi, miras qoyan Əhmədxan Əliyev və Həmilə Əliyevanın qanun üzrə birinci növbəli vərəsələri hesab edilən övladları Nizami və Rəziyə miras qoyanlardan əvvəl vəfat etmişlər. Nəzərə alsaq ki, mülki qanunvericilik qanun üzrə vərəsəlik zamanı yalnız miras qoyanın öldüyü məqamda sağ olmuş şəxsləri, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları vərəsə kimi qəbul edir, bu halda Məhkəmə hesab edir ki, Nizami və Rəziyə miras qoyanların vərəsələri sırasına daxil edilə bilməzlər. İşdə olan sənədlərdən, habelə tərəflərin izahatlarından müəyyən edilir ki, miras qoyanların digər övladı Muğan 2018-ci ildə, yəni miras qoyanlardan sonra ölmüşdür. O, ölümündən əvvəl valideynlərinə məxsus miras əmlakdan ona çatası paydan (iddiaçının) bacısı Sevilin xeyrinə imtina etmişdir. Həmin imtina sadə yazılı formada tərtib edilmiş, notarial qaydada təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi mərhumun bu imtinasını qəbul etməmişdir. Çünki, Mülki Məcəlləsinin yuxarıda qeyd edilən 1256-cı maddəsinin tələbinə görə, mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İşin hallarından həmçinin müəyyən edilir ki, Muğanın öldüyü məqamda onun qanun üzrə birinci növbəli vərəsələri olmamışdır. Mülki Məcəllənin 1159-cu maddəsinin mənasına görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (maddə 1159.1.1); ikinci növbədə - ölənin bacıları və qardaşları (maddə 1159.2). Mülki Məcəllənin “Qanun üzrə vərəsəlik zamanı növbəlik” adlı 1160-cı maddəsinə əsasən isə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan maddi hüquq normalarının tələblərini, habelə mərhum Muğan Əliyevin miras əmlakdakı payından imtinasının qanunvericiliyin tələblərinə uyğun formaya cavab vermədiyini, ölümündən sonra isə onun qanun üzrə birinci növbəli vərəsələrinin olmadığını nəzərə alan birinci instansiya məhkəməsi hesab etmişdir ki, mərhum Muğan Əliyevin miras əmlakdakı payı onun ikinci növbəli vərəsə sayılan bacı və qardaşlarına keçmiş olur. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh və Fizuli Əliyev mərhum ataları öldükdən sonra ondan miras qalmış olduğu torpaq sahəsindən istifadə etmiş və mirası qəbul etmişlər. İş üzrə tərəflərin verdikləri izahatlardan həmçinin müəyyən edilmişdir ki, miras qoyanların digər birinci növbəli vərəsəsi, iş üzrə cavabdeh Sənubər Əliyeva miras əmlakı nə faktiki qəbul etmiş, nə də ki, mirasın qəbulu üçün mülki qanunvericilikdə müəyyən edilmiş müddətdə mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etmişdir. Bu hal, Sənubər Əliyevanın notarial qaydada təsdiq olunmuş 11.02.2019-cu il tarixli ərizəsi ilə də təsdiq edilir. İddiaçı Sənubər Əliyevanın yuxarıda qeyd edilən ərizəsinə əsaslanaraq bildirmişdir ki, sonuncu özünə məxsus miras əmlakdakı payından onun xeyrinə imtina etmişdir. Məhkəmə bu dəlili əsassız hesab edir. Çünki Mülki Məcəllənin yuxarıda qeyd olunan tələbinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Məhkəmə kollegiyası sorğu əsasında əldə edilmiş Yevlax şəhəri İcra Hakimiyyəti Başcısının Qaramanlı kəndinin nümayəndəsinin İƏD üzrə 17 avqust 2021-ci il tarixli, 17 saylı arayışı və Yevlax rayonu Qaramanlı Bələdiyyəsinin arayışları və şahidlər X14 və X5 04 avqust 2021-ci il tarixdə məhkəmə iclasında vermiş olduğu izahatarı ilə müəyyən etdi ki, mərhum X3 25 may 1990-cı il tarixdə vəfat etmiş qızı Əliyeva Xuraman Əhmədxan qızı ərindən ayrılaraq valideyinləri Əhmədxan Əliyev və Həlimə Əliyevanın yaşadığı evə gəlmiş, vəfat etdiyi günə kimi onlarla birgə yaşamış və təsərrüfatla məşğul olmuşdur. Uşaqıarı-Maraqlı şəxs1 və Maraqlı şəxs2 babası Əhmədxan Əliyev və nənəsi Həmilə Əliyevanın ölməmişdən əvvəl və sonra da onlarla birgə yaşamış və onlara məxsus torpaq sahəsindən istifadə etməklə təsərrüfatla məşğul olmuşdur. X16 və arvadı X12 mərhum övladları X7, X15 və X8 hal-hazırda ailəsi və uşaqları yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, mərhum Xuraman Əliyeva ərindən ayrılaraq valideyinləri Əhmədxan Əliyev və Həlimə Əliyevanın yaşadığı evə gəlmiş və öldüyü 25 may 1990-cı il tarixə kimi onlarla birgə yaşamış və təsərrüfatla məşğul olduğu üçün onun valideyinlərindən qalmış mirasda 1 payı vardır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərinə və işin faktiki hallarına uyğun qiymət verərək hesab edir ki, mərhum Əhmədxan Əliyevdən miras qalmış torpaq sahəsindən İddiaçı və cavabdehlər Cavabdeh, Fizuli Əliyev və mərhum Xuraman Əliyevanın hər birinin ¼ payı vardır. Digər övladları Eyvazova (Əliyeva) Sənubər Əhmədxan qızı, Rəziyə Əliyeva, Nizami Əliyev və Muğan Əliyevin isə payı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinin tələbinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-1159.1.3-cü maddələrinin mənasına görə, qanun üzrə vərəsəlik zamanı- birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o, halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar. Maraqlı şəxs1 və Maraqlı şəxs2 qanun üzrə vərəsəlik zamanı onların ölmüş anaları Xuraman Abışovaya miras torpaq sahələrindən ona çatası paydan bərabər miras almaq hüquqları vardır. Belə ki, sözügedən torpaq sahələrinə mirasın açıldığı vaxt mirası qoyanlar Əhmədxan Əliyev və Həmilə Əliyevanın vərəsələri olacaq onların anaları Xuraman Abışova sağ olmayıb və sonuncu 25 may 1990- cı ildə ölüb. Yuxarıda qeyd olunan maddənin tələbinə görə, baba və nənədən miras qalmış əmlaka nəvələri o, halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt onların vərəsələri olacaq uşaqları sağ olmasın. Yuxarda qeyd olunanlara əsasən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* №li çıxarışına əsasən X11 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 ha torpaq sahəsinə və JN:101 KOD 90107018 saylı “torpağın mülkiyyətə verilməsi”nə dair akta əsasən Yevlax rayonu, Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X11 və onun ailə üzvlərinə məxsus 4,52 ha torpaq sahəsinin 2/6 hissəsinə İddiaçı Əhmədxan qızının 1/4 hissədə payı müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Ona görə Yevlax Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tаrixli, 2(039)-1630/2019 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* №li çıxarışına əsasən X11 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 ha torpaq sahəsinə və JN:101 KOD 90107018 saylı “torpağın mülkiyyətə verilməsi”nə dair akta əsasən Yevlax rayonu, Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X11 və onun ailə üzvlərinə məxsus 4,52 ha torpaq sahəsinin 2/6 hissəsinə İddiaçı Əhmədxan qızının 1/4 hissədə payı müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apelyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Əhmədxan qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tаrixli, 2(039)-1630/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* №li çıxarışına əsasən X11 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 ha torpaq sahəsinə və JN:101 KOD 90107018 saylı “torpağın mülkiyyətə verilməsi”nə dair akta əsasən Yevlax rayonu, Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X11 və onun ailə üzvlərinə məxsus 4,52 ha torpaq sahəsinin 2/6 hissəsinə İddiaçı Əhmədxan qızının 1/4 hissədə payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar