Məhkəmə qərarları › İş №2(107)-1090/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1090/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1090/2022 21.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülk iş üzrə (Açar sözlər: borcun tutulması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülk iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(025)-786/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********33513 Samsung Galaxy A31, İMEİ kodu **********43403 Xiaomi Redmi 9T, İMEİ kodu **********83843 Samsung Galaxy A51 markalı telefonlar almışdır. Ödənişlərin bir hissəsi olunmuş, bir hissəsi isə hal-hazıradək icra edilməmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********33513 Samsung Galaxy A31 markalı telefon üçün 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə; 2. xx.xx.2021- ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********43403 Xiaomi Redmi 9T markalı telefon üçün 160 (yüz altmış) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə;

3. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********83843 Samsung Galaxy A51 markalı telefon üçün 25 (iyirmi beş) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə; 4. Ümumilikdə, 427 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********33513 Samsung Galaxy A31, İMEİ kodu **********43403 Xiaomi Redmi 9T, İMEİ kodu **********83843 Samsung Galaxy A51 markalı telefonlar almış və nəticədə 427 (dörd yüz iyirmi yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 701 (yeddi yüz bir) manat (12 ay x 51 manat + 89 manat ilkin ödəniş) İMEİ kodu **********33513 Samsung Galaxy A31 markalı telefon üçün ümumilikdə, 224 (iki yüz iyirmi dörd) manat olmaqla ondan, 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 (iyirmi) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 590.6 (beş yüz doxsan manat, altmış qəpik) manat (12 ay x 40.3 manat + 107 manat ilkin ödəniş) İMEİ kodu **********43403 Xiaomi Redmi 9T markalı telefon üçün ümumilikdə, 176 (yüz yetmiş altı) manat olmaqla ondan, 160 (yüz altmış) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 (on altı) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 847.2 (səkkiz yüz qırx yeddi manat, iyirmi qəpik) manat (18 ay x 24.9 manat + 399 manat ilkin ödəniş) İMEİ kodu **********83843 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə, 27 (iyirmi yeddi) manat olmaqla ondan, 25 (iyirmi beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 (iki) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1749.8 təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********33513 Samsung Galaxy A31 markalı telefon, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********43403 Xiaomi Redmi 9T markalı telefon, xx.xx.2020-ci il tarixli müqaviləyə əsaəsn İMEİ kodu **********83843 Samsung Galaxy A51 markalı telefon almış, müqavilələrə əsasən ödəməli olduğu məbləği ödəməkdən yayınmış, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 204 manat məbləğində əsas borcu və 20 manat cərimə borcu, xx.xx.2021-cu il tarixli müqaviləyə əsasən 160 manat məbləğində əsas borcu və 16 manat cərimə borcu, xx.xx.2020-cu il tarixli müqaviləyə əsasən 25 manat məbləğində əsas borcu və 2 manat cərimə borcu olmaqla cəmi 427 manat borcu vardır. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borcunun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin iddiaçıya olan borcunu əks etdirən arayışı əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 35.64 (otuz beş manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə 427 manat borc və 30 manat dövlət rüsumu, 457 (dörd yüz əlli yeddi) manat "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qəbələ Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(025)-786/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 427 manat borc və 30 manat dövlət rüsumu, cəmi 457 (dörd yüz əlli yeddi) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443 və 448-ci maddələrinə istinad etmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı ilə onun arasında yaranmış bu mübahisə daha öncədən mövcuddur belə ki, o, İMEİ kodu **********83843 Samsung Galaxy A31 markalı telefonu nasazlıq olduğu üçün firmaya geri qaytarmış və onlarla yeni telefona dair müqavilə bağlamışdır. O, hər iki telefonun ödənişini etmişdir. Lakin bir neçə ay keçməsinə baxmayaraq onun təmirə getmiş İMEİ kodu **********83843 Samsung Galaxy A31 markalı telefon servisdən qayıtmamış, daha sonra isə ona bildirilmişdir ki, siz müqavilənin şərtlərinə görə hər iki telelfonu ödəməlisiniz və telefon sizə geri verilməyəcək. Keçirilmiş məhkəmə prosesi barədə onun yalnız qətnamə çıxandan sonra məlumatı olmuşdur. Birinci instansiya məhkəməsi ona məhkəmə barədə düzgün məlumat vermədiyi üçün o əlavə sübut və dəlilləri təqdim edə bilməmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(025)-786/2022 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(025)-786/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(025)-786/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsində iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alınaraq kiçik iddialara dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Cavabdehə 17 may 2022-ci il tarixdə göndərilmiş bildiriş onun tərəfindən 20 may 2022-ci ildə yaşadığı Qəbələ rayonu Laza kəndində alınmışdır. Cavabdehin birinci instansiya məhkəməsində icraat zamanı iddiaya etirazını və onları təsdiq edən sübutları təqdim etmək, həmçinin işin iddia icraatına keçirilməsi ilə bağlı ərizə vermək hüququ olsa da, bunu etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh İMEİ kodu **********83843 Samsung Galaxy A31 markalı telefonu firmaya təmir edildikdən sonra ona qaytarılmalı olması şərtilə verməsini təsdiq edəcək hər hansı sübut və ya dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə, ümumilikdə, münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(025)-786/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(025)-786/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar