Məhkəmə qərarları › İş №2(107)-1106/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1106/2021

03.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1106/2021 03.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı əsassız borcun silinməsi tələbinə dair Yevlax Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(039)-158/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq hesablanmış 234 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(039)-158/2021 nömrəli (hakim G.Gavadova ) qətnaməsi ilə iddia təmin edilərək İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi evində istifadə olunan qaz istehlakına görə **********0000 abonent koduna hesablanmış 234 (iki yüz otuz dörd) manat borc silinməsi, dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh “Cavabdeh” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(039)-158/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanda yaşayır. Hamı kimi onun da mənzili təbii qazdan istifadə etməyə görə dövlət tərəfindən sayğacla təmin edilmişdir. Həmin sayğac onun həyətində yox, əhalinin ümumi istifadə küçədə hasarına vurulmuşdur. Tərtər rayon Qaz İstehsalat idarəsinin səlahiyyətli şəxsləri tərəfindən evinə gələrək istifadə etdiyi sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olduğu bildirərək üzərinə 234 manat ziyan hesablanmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Qətnamədən narazı qalan “Cavabdeh” İB apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(039)-158/2021 saylı qətnaməsini əsassız hesab edir və qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, ünvan 1-dakı mənzilin qaz təsərrüfatı X1 adına rəsimləşdirilmişdir. Həmin mənzilə gedən qaz xəttinin üzərində quraşdırılmış ******* nömrəli qaz sayğacına müdaxilə edildiyi aşakar olunmuşdur. 31.10.2019 tarixli , 29/1710-03073-2 nömrəli Komissiyanın rəyinə əsasən G-4 markalı ******* nömrəli sayğacının plastmas qapağın yan tərəfində iz var və hesablama mexanizimin qapağına vurulan plombun əzik olması aşkar olunmuşdır. Bu səbəbdən 31.10.2019-cu il tarixə abonent İddiaçı mənzilinə 2340 m3, yəni, 234 manat itirilmiş qaz hesablanmışdır. Yevlax rayon Məhkəməsi tərəfindən 234 manat borcun silinməsi barəsində qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsində göstərmişdir ki, qaz sayğacının yarasız hala salınmasında İddiaçı təqsiri yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş "X3”nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar təsirdən qorunması üçün müvafiq örtüklə təmin olunmalı, 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarımın işlək vəzi yyətdə saxlalanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır “Cavabdeh” İstehsalat Birliyi qaz sayğacını saz vəziyyətdə quraşdırıb və bu günə kimi də sayğacın saz vəziyyətdə işləməsini təmin etmişdir. Lakin abonent tərəfindən işlək qaz sayğaclarına müdaxilələr olunur. Bununla Birlik tərəfindən ciddi mübarizə aparı İsada təsüf olsun ki bəzi şəxslər bu kimi əməllərindən çəkinmirlər. Bu faktlarla bağlı bir necə şəxs barəsində cinayət işi başlanılaraq barələrində həps qətiimkan tədbirləri seçilmişdir, (kütləvi informasiya vasidələrində bununla bağlı faktlar işiqlandırılmışdır). Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, üstündə plomb olan sayğaca müdaxilə etmək Birliyin maraqlarında deyildir və hər sayğac üçün ödənilən əlavə pul Birliyin iqtisadi göstəricilərinə mənfi təsir göstərir buda hec zaman Birliyin marağında olmayan bır haldır. Üstündə plomb olan sayğaclara vətəndaşlar tərəfindən o qədər ustacasına müdaxilələr edilir ki bu faktları yalnız xüsusi biliyi olan şəxslər aşkar edə bilirlər(labaratoriya işləyən mütəxsislər). Bildirmək istəyirəm ki, zədələnmiş qaz sayğacı məhfumu geniş anlayışdır və əgər bu hal abonent tərəfindən müəyyən məqsədlər üçün edilmişdirsə nəyə görə məsuliyyəti “Cavabdeh daşımalıdır. Birlik tərəfindən qanunun tələbinə uyğun olaraq fiziki şəxslərin qaz sayğacları dövlət yoxlamasından keçirilərkən abonentlərdən hec bir ödəniş tələb edilmir. Göstərilən faktlardanda məlum olur ki, qaz sayğacına müdaxilə etmək onun normal işləməsinə maneyələr yaratmaq və qaz sayğacını sıradan çıxarmaq İddiaçı maraqları daxilindədir və öz mənafeyi üçün etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5 bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə,qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Odur ki, Yevlax Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(039)-158/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişlər. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər mhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(039)- 158/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 11.10.2019-cu il tarixli ******* nömrəli “Aktdan” görünür ki, iddiaçının yaşadığı ünvanda yeni qaz sayğacı quraşdırılmışdır Birlik tərəfindən tərtib edilmiş 31.10.2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılan qaz sayğacına baxış keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarıda əzik-cızıq izlərinin olması aşkar edilmişdir. Birliyin 31.10.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, iddiaçının evində olan qaz işlədicilərindən 2 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi - 0.6 m3 /saat, orta günlük iş rejimi - 6 saat hesabat müddəti - 90 gün qəbul edilməklə, radiatorun maksimal saatlıq qaz sərfi – 0.8 m3 /saat, orta günlük iş rejimi - 18 saat, hesabat müddəti - 90 gün qəbul edilməklə, maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat, orta günlük iş rejimi-10 saat hesabat müddət 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və 2340 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Tələbnamənin qəbul edilməsi üçün əsas 31.10.2019-cu il tarixli ******* nömrəli akt olmuşdur. İş materiallarında olan “Abonentin saldosundan” görünür ki, iddiaçının akt üzrə tələb olunan qaz sərfiyyatına görə 234 manat borcu var. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 dekabr 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 489689 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X2 28.11.2011-ci ildə vəfat etmişdir. Mövcud Qaydalara görə qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9-cu bəndləri). “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir MM-in 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən Aktlarda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktlarda əks olunan halın həqiqətə uyğun hal kimi qiymətləndirlməsini qeyri-mümkün edir. Halbuki, MPM-in 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-in 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən iş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçının aylar üzrə qaz sərfi o qədər yüksək olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(039)-158/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. MPM-in 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(039)-158/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar