Məhkəmə qərarları › İş №2(107)-1108/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1108/2023

21.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1108/2023 21.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, ləğv, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(019)-431/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Balakən Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(019)-431/2023 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 04 sentyabr 2012-ci il tarixli, 2V-1178 reyestr nömrəli və 12 yanvar 2023-cu il tarixli 2V-25 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Balakən rayonu Şərif kəndi ərazisində yerləşən 0.3833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun qeydiyyata alınması barədə 07 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Balakən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(019)-431/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 12 yanvar 2023-cu il tarixli 2V-25 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi həmin şəhadətnamə əsasında verilmiş Balakən rayonu Şərif kəndi ərazisində yerləşən 0.3833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ ilə qeydiyyata alınması barədə 07 fevral 2023-cü il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi, iddia tələbi 04 sentyabr 2012-ci il tarixli, 2V-1178 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə aid hissədə təmin edilməsi, 100 manat dövlət rüsumu xərcinin 50 manatı cavabdehlər Cavabdeh1 və Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tutulub iddiaçılar İddiaçı2 və İddiaçı3ə verilməsi, 50 manatı isə iddiaçılar İddiaçı2 və İddiaçı3 özlərinə aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil3 9 avqust 2023-cü il tarixində apellyasiya şikayəti vermişdir. Balakən Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(019)-431/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2(019)-431/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Balakən Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(019)- 431/2023 nömrəli qərardadı ləğv edilməli, Balakən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(019)-431/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Birinci instansiya məhkəməsi apellyasiya şiakyətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırki mülki iş üzrə Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1 işdə iştirak edən şəxs kimi Balakən Rayon Məhkəməsində tətbiq edilən «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-431/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1 «Elektron məhkəmə» informasiya sistemində yaradılmış «elektron kabinet»ində yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmışdır. Belə olan halda qanunun tələbinə görə cavabdeh Əhmədov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(019)-431/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətini həmin qətnamənin onun nümayəndəsi-vəkilinin «Elektron məhkəmə» informasiya sistemində yaradılmış «elektron kabinet»ində yerləşdirildiyi xx.xx.2023-cü il tarixdən başlayaraq 1 ay müddətində verə bilərdi. Lakin Cavabdeh1 Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-431/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti 09 avqust 2023-cü ildə E-kabinet vasitəsilə elektron qaydada Balakən Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, cavabdeh Əhmədov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-431/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş 1 (bir) aylıq müddəti buraxmışdır. Bu da həmin apellyasiya şikayətinin qaytarılması üçün qanunda nəzərdə tutulmuş əsasdır.

10. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

11. Belə ki, iş materiallarından görünür ki, Vəkil1 Cavabdeh1 nümayəndəsi deyil, vəkili olmuşdur. İş materiallarında sonuncu tərəfindən birinciyə verilmiş heç bir etibarnaməyə rast gəlinmir. Hazırki apellyasiya şikayəti isə Cavabdeh1 nümayəndəsi və vəkili olaraq Vəkil3 tərəfindən verilmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdehin əvvəlki vəkili Vəkil1 onun nümayəndəsi olmadığından, qətnamənin vəkilə çatdırılması cavabdehə çatdırılması olaraq qəbul edilə bilməz. Hazırki apellyasiya şikayəti isə həmin vəkil tərəfindən verilmədiyindən apellyasiya şikayətinin verilməsi müddəti həmin vəkilin qətnaməni rəsmi qaydada aldığı tarixdən hesablana bilməz. Hazırki vəziyyətdə apellyasiya şikayətinin verilməsi müddəti qətnamənin cavabdehin özünə rəsmi qaydada verildiyi vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, cavabdehə göndərilmiş məhkəmə sənədləri alınmadan geri qayıtmış, daha sonra cavabdehə çatdırılması üçün Balakən rayon Şambul kənd icra nümayəndəliyinə göndərilmişdir. Məhkəmə sənədi inzibati ərazi nümayəndəliyinə 12 iyul 2023-cü il tarixdə çatıdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, cavabdehin Balakən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(019)-431/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi müddəti 12 iyul 2023-cü ildən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Göründüyü kimi, 09 avqust 2023-cü ildə verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş 1 ay müddəti ötürmədən verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Balakən Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(019)-431/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Balakən Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(019)-431/2023 nömrəli qərardadı ləğv edilməli, Balakən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(019)-431/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Balakən Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(019)-431/2023 nömrəli qərardadı ləğv edilsin. Balakən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(019)-431/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar