Məhkəmə qərarları › İş №2(107)-1112/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1112/2020

04.05.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1112/2020 04.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-640/2020 nömrəli qərardadından iş üzrə cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayətə, Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1009.91 manat məbləğində borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddianın təmini tədbiri barədə ərizəsi xx xxxx 2020-ci iltarixdə iddia ərizəsi ilə birlikdə məhkəməyə daxil olmuşdur. Həmin ərizədə o,mülkiyyətində olan Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinə işin mahiyyəti üzrə baxılıb qəbul edilmiş qətnamə qanuni qüvvəyə minənə qədər elektrik enerjisinin təminatının dayandırılmasının cavabdeh “xxxx” ASC-yə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) xx xxxx 2020-ci il tarixli, 2(075)- 640/2020 nömrəli qərardadı ilə hazırki iddia tələbinə baxılıb iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək, İddiaçı məxsus Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinə işin mahiyyəti üzrə baxılıb qəbul edilmiş qətnamə qanuni qüvvəyə minənə qədər elektrik enerjisinin təminatının dayandırılmasının cavabdeh “xxxx” ASC-yə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Qərardaddan cavabdeh “xxxx” ASC şikayət verərək, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-640/2020 nömrəli qərardadının ləğv edilməsini və yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, qərardad xx xxxx 2020-ci il tarixdə “xxxx” ASC-nə daxil olmuşdur. Qərardad qəbul edilərkən işə baxılıb qurtaranadək İddiaçı mülkiyyətində olan evə istehlak olunacaq elektrik enerjisinin dəyərini enerjitəhcizat müəssisəsi olan “xxxx” ASC tərəfindən enerji istehlakçısı olan “xxxx” ASC-yə hansı vəsait hesabına ödəniləcəyi də nəzərə alınmamışdır. İddiaçının tələbi borcu silinməsi ilə bağlı olduğu halda, İddiaçı evinə elektrik enerjisinin verilməsinin dayandırılmasının qadağan olunmasının gələcəkdə qəbul ediləcək qətnamənin icrasnın təmin edilməsi ilə əlaqəsi nədən ibarət olduğu da məhkəmə tərəfindən əsaslandırılmamışdır. Qərardad əsaslandırılmadığından və məhkəmə tərəfindən gələcəkdə qəbul ediləcək qətnamənin icrası ilə heç bir əlaqəsi olmadığından ləğv edilməlidir. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(075)-640/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər.(cavabdeh xxxx” ASCyə göndərilmiş poçt zərfinin üzərinə “imtina edilib” qeydi edilməklə məhkəməyə qaytarılmışdır). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsi şikayət ərizəsini cavabdehin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-640/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.... Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Apelyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddianın məzmunundan da görünür ki, iddiaçı məhz əsassız hesablanmış borcun silinməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmin qadağanın qoyulması isə müvəqqəti xarakter daşıyan bir məhkəmə aktıdır və cavabdehin hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilə bilməz. Apelyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, ümumiyyətlə iddianı təmin etmək tədbirləri iddianın məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş və çevik vasitəsi olduğuna görə bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də işdə iştirak edən şəxsin iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsi məhkəməyə daxil olduqda, onun pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutların təqdim olunması iddianı təmin etmək haqqında tədbirlərin görülməsi üçün kifayətdir. Yuxarıda şərh olunan mülki prosessual qanunvericiliyin normalarının mənasından da göründüyü kimi iddianın təmin tədbiri qətnamənin icrasını gələcəkdə qeyri-mümkün edə biləcək halların qarşısının alınmasına yönəlmiş müvəqqəti xarakterli prosessual tədbir kimi tətbiq edilir. Həmin tədbirlər işi mahiyyəti üzrə qabaqcadan həll etmir. Məhz bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)- 640/2020 nömrəli qərardadıdəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənon 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-640/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar