Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1114/2022 15.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair (Açar sözlər: borc tələbi, kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kiçik iddia tələbinə dair” Qəbələ Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(025)- 776/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İMEİ kodu **********58171 olan XİAOMİ POCO M3 PRO markalı telefon üçün 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş hissə, 73 (yetmiş üç) manat cərimə, ümumilikdə 805 manat borc, 30 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********58171 olan XİAOMİ POCO M3 PRO markalı telefon almış və nəticədə 805 (səkkiz yüz beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 767.5 (yeddi yüz altmış yeddi manat əlli qəpik) manat (12 ay x 61 manat + 35.5 manat ilkin ödəniş) olan İMEİ kodu **********58171 olan XİAOMİ POCO M3 PRO markalı telefon üçün ümumilikdə 805 (səkkiz yüz beş) manat olmaqla ondan 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş məbləğ, 73 (yetmiş üç) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 35.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2 2(025)-776/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 805 manat borc və 30 manat dövlət rüsumu, cəmi 835 (səkkiz yüz otuz beş) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********58171 olan XİAOMİ POCO M3 PRO markalı telefon almış, müqaviləyə əsasən ödəməli olduğu məbləği ödəməkdən yayınmış, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya 732 manat məbləğində əsas borcu və 73 manat cərimə borcu olmaqla cəmi 805 manat borcu vardır. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır Məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Birinci instansiya məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borcunun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin iddiaçıya olan borcunu əks etdirən arayışı əsas götürüb, hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 448.2, 465.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 284-6.1-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o xx.xx.2021 -ci il tarixdə iddiaçının "xxxx" MMC-nin “Kontakt Home” mağazalar şəbəkəsinin Qəbələ filialından XLAOMİPOKOMZPRO markalı telefon almışdır. Komisiya 35 -50 AZN ödəniş etmişdir. 3 gün sonra iddiaçıdan aldığı telefonda mütəxəssis olmayan şəxs tərəfindən belə müşahidə olunan qüsurlar aşkarlanmışdır. Həmin qüsurlarla bağlı telefon aldığı mağazaya yaxınlaşaraq qüsurlar barədə məlumat verdi. Ona bildirildi ki, telefon əsas ofisə Bakıya göndərilməli və ekspert rəyi alınmalıdır. O onlarla razılaşdı və telefonu mağazaya təhvil verdi. 10 gün sonra telefon geri qaytarıldı və telefonda qüsurun olmaması barədə ekspert rəyi verilmişdir. Təbii ki, ekspert rəyi ilə razılaşmadı və telefonun digəri ilə əvəz edilməsini istədi. Tələbi ilə razı olunmadı və ona bildirildi ki, onların buna səlahiyyəti çatmır. Ona qaynar xəttlə əlaqə saxlamasını bildirdilər. O da əlaqə saxladı, telefonun qüsurlarını dedi. Ona cavab bu oldu ki, Siz telefona nömrə taxmısınız, ona görə dəyişmək mümkün deyil. O telefonu evə servant gözünə qoymaq üçün almamışdır. Əlbətdə ki, telefona nömrə həmin mağazada telefon alınan günü yəni xx.xx.2021 ci il tarixdə taxılıb. O telefonu aldığı “Kontakt Home”nin Qəbələ filialına qoyub, telefona pul ödəməyəcəyini deyərək mağazanı tərk etmişdir. Ancaq məhkəmə onu özündə cəmi 3 gün olan qüsurlu telefonla bağlı heç bir araşdırma aparmamış, iddiaçının istəyinə uyğun qətnamə çıxarmışdır. Onun məhkəməyə göndərdiyi etiraz ərizəsini və ona əlavə etdiyi Qızıl zəmanət ultra serdifikatı, zəmanət talonunda göstərilənlərə heç bir hüquqi qiymət verməmişdir. Zəmanət talonunda göstərildiyi kimi qüsur istehsalçının qüsuru olmaqla həmin qüsur zəmanət müddətində aşkarlanıb. Ona görə də telefondakı qüsur iddiaçı tərəfindən aradan qaldırılmalı və ya da telefon başqa qüsuru olmayan telefonla əvəzləşdirilməli olduğu halda bunlar edilməmiş, əksinə məhkəmə qətnaməsi əsasında onun üzərinə borc ödəmək öhdəliyi qoyulmuşdur. Ona görə də məhkəmə kollegiyasından məhkəmə iclasında iştirakının təmin olunmasını və təqdim etdiyi sübutların iddiaçının iştirakı ilə araşdırılmasını xahiş edir. İddiaçı maddi hüquq normasının bu tələbinə əməl etməmiş, həmin telefon alınarkən verilmiş Qızıl zəmanət ultura sertifikat xidmətinə dair məlumatda zəmanət müddəti il göstərirsə də aldığı telefonun yararlılıq müddəti 3 gün belə olmamışdır. Yəni idddiaçı qüsurlu telefonu ona satmış, məhkəmə isə bu məsələyə hüquqi qiymət verməmişdir. Çəkişmə prinsipi məhkəmə tərəfindən pozulmuşdur. Məhkəmə onun sübutlarıni məhkəməyə təqdim etməyi üçün təşəbbüs göstərməmiş və nəticədə ədalətli məhkəmə araşdırılması keçirilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Qəbələ rayon məhkəməsinin xx.xx.2022 -ci il tarixli e- 2 (025) -776 / 2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ rayon məhkəməsinin xx.xx.2022 -ci il tarixli 2(025)-776 / 2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ rayon məhkəməsinin xx.xx.2022 -ci il tarixli 2(025) -776/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası iş materiallarını araşdırmış kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, cavabdeh İMEİ kodu **********58171 olan XİAOMİ POCO M3 PRO markalı telefon almışdır. İddiaçı "xxxx" MMC müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə 732 manat məbləğində əsas borcu və 73 manat cərimə borcu olmaqla cəmi 805 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə 14 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubu ilə borcun ödənilməsi barədə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya Məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, iddiaçıdan aldığı telefonda mütəxəssis olmayan şəxs tərəfindən belə müşahidə olunan qüsurlar aşkarlanmışdır. Lakin mülki iş materiallarında olan “ Kontakt Sevis” tərəfindən verilmiş 21 avqust 2021-ci il tarixli, 261577 nömrəli rəydən məlum olmuşdur ki, İMEİ kodu **********58171 olan XİAOMİ POCO M3 PRO markalı telefonun diqanostikasının aparılması nəticəsində, heç bir qüsurun olmadığı aşkar edilmişdir. Lakin buna baxmayaraq borclu tərəfindən müqavilə üzrə qeyd edilən öhdəliklər yerinə yetirilməmiş, müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Bundan başqa apellyator tərəfindən apellyasiya şikayətində göstərilən hallarlarla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Apellyator apellyasiya şikayətində çəkişmə prinsipinin məhkəmə tərəfində pozulduğu bildirmişdir. Məhkəmə kollegiyası apellyatorun bu yanaşması ilə razı olmadığını qeyd edərək, bildirir ki, məhkəmə tərəfindən çəkişmə prinsipinin həyata keçirilməsi üçün şərait yaradılmışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 16 may 2022-ci il tarixli bildirişdən məlum olmuşdur, iş üzrə cavabdehə bildirişin onun tərəfindən əldə edildiyi vaxtdan 10 iş günü ərzində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənəd və sübutlarını məhkəməyə göndərməsi hüququ açıq-aşkar izah edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır. Belə ki, apellyasiya şikayətinin qeyd edilmiş dəlilləri formal mülahizələrə əsaslanır. Biririnci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər və sübutlara əsasən qətnamə qəbul etmişdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinin dəlilləri cavabdeh tərəfindən əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(025)- 776/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(025)- 776/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1114/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1114/2022
15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver