Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1121/2023 14.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1091/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :
1. İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat kompensasiya verilməklə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və onun azyaşlı Hünər və Uğur adlı uşaqları və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır. Aralarındakı nikah xx.xx.2022-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. O, nikaha daxil olmazdan əvvəl cavabdehin zəbt etdiyi həmin ünvandakı iki otaqlı hazırki yaşayış mənzilini xx.xx.2017-ci il tarixdə alqı-satqı yolu ilə almışdır. Ailə qurarkən cavabdeh onun xüsusi mülkiyyəti olan mübahisəli mənzilə qeydiyyata düşmüş və hazırda iki azyaşlı uşaqla birlikdə orada qeydiyyatdadır. Cavabdehlə aralarında kəskin ziddiyyətlər və münaqişələr vardır. Eyni yaşayış mənzilində yaşamaqları mümkün deyildir və o bunu qətiyyən istəmir. Cavabdeh isə onun mülkiyyətini özbaşına zəbt etmiş, mənzillə bağlı əmlakına air hüquqlarını həyata keçirməyə imkan vermir. Ona mülkiyyəti olan mənzilində yaşamaq imkanından məhrum etmişdir. Hazırda o, dözülməz şəraitlə üzüzədir. Yaşamağa və qalmağa yeri yoxdur. Müvəqqəti olaraq digər qardaşının 4 nəfər ailə üzvü ilə birlikdə yaşadığı anasının himayəsinəç sığınmışdır. Artıq iki ilə yaxındır, o, mənzilinə daxil ola və istifadə edə bilmir. Məlumat üçün bildirir ki, cavabdehin valideynləri 3 otaqdan ibarət mənzildə tək yaşayırlar. Cavabdehin orada yaşaması üçün hər cür imkanı vardır. Cavabdehlə onun və ailə üzvlərinin arasında münaqişə həddinə çatan kəskin ixtilaflar və ziddiyətlər vardır. Hazırda onun onun mənzilində yaşaması və onu buraxmaması mülkiyyətçi kimi onun üçün həddindən artıq arzuolunmazdır və bu hal onlar üçün fiziki və mənəvi zorakılıqla nəticələnə bilər. Mənzillə bağlı mübahisələr kəskin şəkildə davam etdiyindən mülkiyyətçi kimi sərəncam vermək hüququndan istifadə edərək, mənzili özgəninkiləşdirmək-satmaq istəyir. Cavabdeh isə bu istəyə qarşı çıxır, münaqişənin davam etdirilməsində maraqlıdır. Ona görə də, cavabdehin fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna kompensasiya müqabilində xitam verilməsi üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Hesab edir ki, iddia tələbi əsaslıdır və indiki vəziyyətdə ən məqsədəuyğun çıxış yoludur. Hazırda mübahisəli mənzilin yerləşdiyi Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ərazisində həmin şəraitli evlərdə kirayə haqqı – bir otaqlı 130 manat, iki otaqlı 150 manat, üç otaqlı mənzillərin kirayə haqqı 200 manatdır. Onun təklif etdiyi 7000 (yeddi min) manat kompensasiya cavabdehin həmin ərazidə eyni şəraitli mənzildə uzun müddət yaşaması üçün kifayət qədər əlverişlidir. Qeyd edir ki, onun xüsusi mülkiyyətində olan mənzil 6-cı mərtəbədə yerləşir, iki otaqlıdır. Odur ki, məhkəmədən Cavabdeh 7000 (yeddi min) manat kompensasiya verilməklə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və onun azyaşlı Hünər və Uğur adlı uşaqları və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclası zamanı etiraz ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, qeyd edir ki, iddiaçı Mustafayev X3 şəhər Məhkəməsində cavabdeh X1 qarşı “kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia qaldırmışdır. İddia tələbinə görə iddiaçı cavabdeh X1 7000 (yeddi min) manat kompensasiya verilməklə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və onun azyaşlı uşaqları Hünər və Uğur adlı uşaqları və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, o onun mülkiyyətində olan mənzili zəbt etmişdir. O onun keçmiş arvadıdır və birgə nikahdan olan iki azyaşlı uşaqları var. Hazırda həmin mənzildə o övladlarıyla birlikdə yaşayır və İddiaçı yaşamasına mane olmur. Mənzilin bir otağı onun, digər otağı onunla uşaqlarının istifadəsindədir. İddiaçı ilə nikahlarını rəsmiləşdirməklə ailə qurduqdan sonra onun razılıği ilə həmin mənzilə cehiz əşyalarıyla birlikdə köçərək yaşamağa başlamış və qeydiyyata düşmüşdür. Onun mənzilə daxil olmasına və orada yaşamasına heç bir maneçilik törətmir. Əksinə o özü hər dəfə evdə söz-söhbət yaradaraq uşaqlarının psixologiyasını pozur. Övladları hər an qorxu içərisində yaşayırlar. Bununla bağlı dəfələrlə polis şöbəsinə də müraciət etmişdir. Eyni zamanda iddia ərizəsində mübahisəli mənzilin yerləşdiyi Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ərazisində həmin şəraitli evlərin kirayə haqqının bir otaqlı mənzillər üçün 130 manat, iki otaqlı mənzillər üçün 150, üç otaqlı mənzillər üçün 200 manat olması qeyd edilir. Hesab edir ki, cavabdeh təklif etdiyi 7000 (yeddi min) manat kompensasiya ilə həmin ərazidə eyni şəraitli mənzildə uzun müddət yaşaya bilər. Etiraz ərizəsinə əlavə etdiyi “Daşınmaz Əmlakın Kirayə Qiymətləndirilməsi barəsində rəyə” görə “Güvən Əmlak” Daşınmaz əmlak Agentliyi tərəfindən Mingəçevir şəhəri Nigar Rəfibəyli küçəsində iki otaqlı mənzilin bu gün üçün bir aylıq kirayə dəyəri 350 manat təşkil edir. Bundan əlavə "xxxx" MMC tərəfindən verilmiş “bina yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi barədə rəyə görə Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 11 A, mənzil 32-də olan bina yaşayış evi 6 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən təmirli iki otaqdan ibarət bina yaşayış evinin may 2023-cü ildə satış qiyməti 70000 (yetmiş min) manat dəyərində qiymətləndirilmişdir. Onun və övladlarının yaşamaq üçün başqa yaşayış sahəsi yoxdur. Hər bir halda azyaşlı uşağın mənafeyi mütləq nəzərə alınmalıdır.
5. Cavabdeh nümayəndəsi Vəkil1 cavabdehin etiraz ərizəsinə uğun məzmunda çıxış edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1091/2023 saylı qətnaməsi ilə (hakim Ə.Hüseynov), iddia tələbinin təmin edilməsi, Cavabdeh 7000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməsi yolu ilə Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi 11A saylı evin, 32-ci mənzilindən istifadə hüququna xitam verilməsi və Hünər və Uğur adlı övladı ilə birlikdə Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi 11A saylı evin, 32-ci mənzilindən çıxarılması qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh mülkiyyətçinin keçmiş arvadıdır. Lakin aralarında olan münasibətlər münaqişəlidir və bir-birinə qarşı barışmaz mövqedədirlər. Cavabdehin mənzildə yaşamaqda davam etməsi mülkiyyətçinin mülkiyyətindən dinc istifadəsinə məhdudiyyət törədəcəkdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsinə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı yaranan mübahisədir.
9. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh mübahisəli evdən istifadə hüququ vardır. Bu halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən iddiaçının Cavabdeh kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb etmək hüququ vardır.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
11. Məhkəmə hesab etmişdir ki, mülkiyyətçinin mənzilindən Cavabdeh istifadə hüququna xitam verilməsinin əvəzi kimi təklif olunan 7000 manat məbləğdə kompensasiya onun davamlı surətdə və müəyyən müddət daxilində, Mingəçevir şəhərinin ərazisində başqa yerdə əvvəlki yaşayış sahəsində olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı verir və cavabdehin evdən istifadə hüququnun itirilməsi üçün yetərlidir.
12. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 7000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməsi yolu ilə Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi 11A saylı evin, 32-ci mənzilindən istifadə hüququna xitam verilməli və Hünər və Uğur adlı övladı ilə birlikdə Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi 11A saylı evin, 32-ci mənzilindən çıxarılmalıdır.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
15. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş arvadıdır və birgə nikahdan olan iki azyaşlı övladları var. Hazırda həmin mənzildə övladları ilə birlikdə yaşayır və İddiaçı yaşamasına mane olmur. Mənzilin bir otağı Şəhruzun, digər otağı cavabdehlə uşaqlarının istifadəsindəir. İddiaçı ilə nikahlarını rəsmiləşdirdikdən sonra onun razılığı ilə həmin mənzilə cehiz əşyaları ilə birlikdə köçərək yaşamağa başlamış və qeydiyyata düşmüşdür. İddiaçının mənzilə daxil olmasına və orada yaşamasına heç bir maneçilik törətmir. Əksinə o, özü hər dəfə evdə söz-söhbət yaradaraq uşaqlarının psixalogiyasını pozur. Övladları hər an qorxu içərisində yaşayırlar. Bununla bağlı dəfələrlə polis şöbəsinə də, müraciət etmişdir.
16. Cavabdehin valideynlərim hər ikisi yaşlı və xəstə insnlardır və ondan başqa onların başqa övladları da var. Hazırda onlarla birlikdə yaşaması mümkün deyil. Digər bacısı valideynləri ilə birlikdə yaşayırlar. Təklif edilən kompensasiya məbləği ilə müəyyən müddətdə yaxşı şəraitli bir evdə kirayə olaraq yaşamaları mümkün deyil.
17. Məhkəmənin müəyyən etdiyi kompensasiya məbləği cavabddehə və iki övladına əvvəlki şəraitə oxşar mənzildə kirayə yaşamağa imkan vermir. İstifadəçinin və iki azyaşlı uşaqların hüquqları pozulmuş olur. Mənzilin yerləşdiyi ərazidə eyni mənzillərin kirayə qiymətlərinin yüksək olması belə nəzərə alınmamışdır. Eyni zamanda kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi barədə mübahisə həll olunarkən evdən istifadə etmək hüququ olan şəxslərin sayı; - evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətə mənsub olması - kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti - kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya az yaşlı uşaqları ilə birlikdə çıxması - yaşayış evinin sahəsi, orada yaşayan şəxslərə düşən sahəsinin həcmi - kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları - yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsi ilə eyni şəraitli bir otaqlı mənzildə kirayə haqqının məbləği. Məhkəmə qətnamə qəbul edərkən yuxarıda qeyd olunan halların heç biri nəzərə alınmamışdır. Ən əsası da azyaşlı iki uşağın mənafeyi nəzərə alınmamışdır. Çünki təklif edilən kompensasiya məbləği ilə müəyyən müddət ərzində cavabdehin övladları ilə birlikdə eyni şəraiti olan mənzildə yaşaması mümkün deyil. Bu isə uşaqların gələcək inkişafına, təhsilinə pis təsir göstərir. Mübahisələndrilən mənzildən əlavə cavabdehin başqa yaşayış sahəsi yoxdur. Artıq uzun müddətdir ki, iddiaçı ilə birlikdə həmin mənzildə yaşayır və evin idarə olunmasında, uşaqlara baxmaqda cavabdehin əməyi daha çoxdur. Belə ki, iddiaçı üzün müddətdir ki, işləmir və ailəsinə, uşaqlarıa maddi cəhətdən baxmır. Cavabdeh həmişə işləmiş və evə, uşaqlarına təkbaşına özü baxmışdır. Evin komunal xərclərinin ödənilməsi, evdə müəyyən təmir işlərinin aparılması cavabdeh tərəfindən aparılmışdır.
18. İddiaçı tərəf özünün iddia tələbi ilə bağlı məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. Məhkəmə isə işin hallarını tam və hərtərəfli araşdırmadan qərar vermişdir. Məhkəmə mübahisəni həll edərkən iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmış, cavabdehin təqdim etdiyi sübutlara qiymət verilməmişdir.
19. İddiaçının məhkəməyə təqdim etdiyi rəyə əsasən Mingəçevir şəhərində yerindən asılı olaraq bina yaşayış evlərində bir otaqlı mənzillərin kirayə qiyməti 130, iki otaqlı mənzillərin kirayə qiyməti 150 manat, 3 otaqlı mənzillərin kirayə qiyməti 200 manat dəyərindədir. Qeyd edilən rəy hazırki, bazar qiymətlərini düzgün əks etdirmir. Rəydə mənzillərin qiyməti “Mingəçevir şəhərində yerindən asılı olaraq” müəyyən edilmişdir. Mübahisələndrilən mənzil isə ünvan 3 ünvanında yerləşir ki, burda iki otaqlı mənzillərin bir aylıq kirayə haqqı 350 manat təşkil edir (Daşınmaz əmlakın kirayə qiymətləndirməsi barədə rəy). Qeyd edilən kirayə qiymətlərini nəzərə alsaq cavabdehin iki övladı ilə birlikdə əvvəlki yaşayış sahəsi ilə müqayisədə, oxşar şəraitli mənzildə 3 il müddətinə davamlı olaraq yaşaması mümkün deyil. Bir otaqlı mənzildə isə cavabdeh iki övladı ilə birlikdə yaşaya bilməz. Uşaqların təhsili, istirahəti, sağlamlığı üçün bir otaqlı mənzildə valideynin şərait yaratması mümkün deyil. Hər iki valideynin uşaqları böyüdüb tərbiyə etmək və onların qayğısına qalmaq vəzifəsidir. İddiaçı ata kimi bu vəzifəni yerinə yetirmir. Bundan əlavə Mütəxəssis rəyinə əsasən mənzilin 2023-cü ilə olan orta bazar satış qiyməti 70000 manat dəyərində qiymətləndrilir. Cavabdeh iddiaçının evdə yaşaması üçün heç bir maneçilik yaratmır. Əksinə o özü hər dəfə evdə süni şəkildə söz söhbət yaradaraq onların bir yerdə yaşamasını çətinləşdirir.
20. Hesab edir ki, məhkəmə kompensasiyanın məbləğini müəyyən edərkən uşaqların mənafeyini, cavabdehin yaşamaq üçün başqa yaşayış yerinin olmamasını nəzərə almamışdır. O, cümlədən mənzilin yerləşdiyi ərazidə kirayə qiymətlərini düzgün müəyyən etməmiş və mənzilin hazırki bazar qiymətini nəzərə almamışdır. Kompensasiyanın məbləği müəyyən edilərkən istifadəçinin hüquqları pozulmuş və həddindən artıq aşağı məbləğdə kompensasiya müəyyən edilmişdir. Nəzərə alınmamışdır ki, Cavabdeh kimi onun iki az yaşlı uşaqlarının da mənzidə istifadə hüququ var. Kompensasiyanın məbləği çox aşağı olduğundan real bazar qiymətlərini əks etdirmir. Ən azından üç il müddətinə övladları ilə birlikdə kirayə yaşaması üçün yetərli məbləğ deyil.
21. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1091/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı apellyasiya şikayətinə yazılı etirazında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1091/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. O həmçinin izahatında himayəsində 2009 və 2012-ci il təvəllüdlü iki azyaşlı uşağının olduğunu, hazırda yaşadığı mənzildən başqa digər bir yaşayış sahəsinə malik olmadığını, iddiaçının təklif etdiyi kompensasiya məbləğinin onun hazırda yaşadığı mənzilə münasibətdə kifayət qədər az məbləğ olduğunu, hazırda yaşadığı binanın aşağı mərtəbəsində yerləşən mənzilin 400 manata kirayəyə verildiyini, iddiaçının daha yüksək kompensasiya ödəmək imkanına malik olduğunu, bunlara baxmayaraq iddiaçının heç olmasa 10000 (on min) manat məbləğində kompensasiya məbləğini ödəyəcəyi təqdirdə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etməyəcəyini göstərmiş, əks təqdirdə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
24. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
25. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. O həmçinin izahatında təklif edilən kompensasiya məbləğinin reallığa uyğun olduğunu, iddiaçının mülkiyyətində olan mənzillə eyni ərazidə yerləşən oxşar mənzillərin aylıq kirayə haqqının yüksək olmadığlını, iddiaçının maddi vəziyyətinin pis olduğunu, iddiaçının cavabdehə evdən istifadə hüququna xitam verilməsi üçün daha yüksək kompensasiya ödəməyə maddi imkanının olmadığını göstərmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 27.2-ci maddəsinə əsasən ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
27. Qərarlar: “AR MM-nin 228.2-ci maddəsinin AR MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına görə AR Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir; birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir; bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Həmin qərarda göstərilir ki, kompensasiya İnstitutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1091/2023 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Ona görə də məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1091/2023 saylı qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı keçmiş arvadıdır. Belə ki, onların arasında bağlanmış 28 yanvar 2008-ci il tarixli nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(051)-109/2022 saylı qətnaməsinə əsasən pozulmuş və tərəflərin birgə nikahlarından anadan olmuş 29 yanvar 2009 və 07 dekabr 2012-ci il təvəllüdlü azyaşlı uşaqları anaları Cavabdeh himayəsində saxlanılmışlar. ünvan 1 ünvanda yerləşən mənzil tərəflər nikaha daxil olmamışdan, yəni 06 aprel 2007-ci ildən İddiaçı mülkiyyətindədir. Cavabdehin həmin mənzildən istifadə hüququ vardır. İddiaçı cavabdehin həmin mənzildən 7000 manat kompensasiya ödəməklə istifadə hüquqlarına xitam verilməsi və onun azyaşlı uşaqları Hünər və Uğur adlı uşaqları, əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf iddianı qəbul etməmişdir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
36. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququ mövcud olduğu halda həmin şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, mütənasibliyi, habelə həmin hüquqların həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.
37. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi məsələsi ilə bağlı əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ yaşayış sahəsindən istifadə hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir.
39. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi məhkəmələr üçün rəsmi şərh hesab olunduğundan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmasa da, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulduğuna görə tərəflər arasında olan hazırki mübahisə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından, qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad olunmaqla həll edilməlidir.
40. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qanunvericiliyin normasına və Konstitusiya Məhkəməsinin Qərarlarına istinad edərək iddiaçının təklif etdiyi kompensasiyanın cavabdehin davamlı surətdə və müəyyən müddət ərzində mübahisəli mənzillə müqayisədə oxşar şəraiti olan başqa yerdə yaşamaq imkanını verməsi qənaətinə gəlsə də, qətnaməsində müəyyən etdiyi məbləğ buna uyğun olmamışdır.
41. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi məhkəmənin müəyyən etdiyi kompensasiya məbləğinin cavabddehə və iki övladına əvvəlki şəraitə oxşar mənzildə kirayə yaşamasına imkan verməməsinə, aşağı məbləğdə kompensasiya müəyyən edilməsinə, təklif edilən kompensasiya məbləği ilə müəyyən müddət ərzində cavabdehin övladları ilə birlikdə eyni şəraiti olan mənzildə yaşamasının mümkün olmamasına, ən azından üç il müddətinə övladları ilə birlikdə kirayədə yaşaması üçün yetərli məbləğ olmamasına, onun iki az yaşlı uşaqlarının da mənzidə istifadə hüququnun olmasına dair dəlilləri ilə razılaşaraq, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında göstərilənlərə uyğun olaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfin cavabdehə təklif etdiyi məbləğ (kompensasiya) hazırkı bazar qiymətinə uyğun deyil. Cavabdehin istifadə hüququna xitam verilməsinə təyin edilən kompensasiya hazırki bazar qiymətinə uyğun olmalıdır. Belə ki, 7000 manat məbləğ cavabdehin uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayət deyildir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olacaqdır.
42. Məhkəmə kollegiyası bu qənaətə gələrkən yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun qərarını nəzərə alır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfdən məhkəmə kollegiyasına birinci instansiya məhkəməsinin yetərli hesab etdiyi kompensasiya məbləğinin artırılmasına dair heç bir rəsmi müraciət təqdim edilməmişdir.
44. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur.
45. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Bununla yanaşı, məhkəmə, iddiaçının cavabdehə təklif etdiyi kompensasiya məbləğini ağlabatan hesab etmir və cavabdehin Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 11A saylı binanın 32 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi üçün Cavabdeh 9000 manat kompensasiya məbləğinin ödənilməsini ədalətli hesab edir. Çünki, cavabdeh ən azı həmin pul vəsaiti ilə 3 il müddətinə eyni şəraitli mənzildən istifadə hüququ əldə etməlidir.
46. Məhkəmə kollegiyası apellyatorun cavabdehin yaşamaq üçün başqa yaşayış yerinin olmamasının nəzərə alınmamasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, iş materialından cavabdehin başqa bir yaşayış sahəsinə malik olması müəyyən edilməmişdir.
47. Məhkəmə kollegiyası apellyatorun birinci instansiya məhkəməsinin mənzilin yerləşdiyi ərazidə kirayə qiymətlərini düzgün müəyyən etməməsinə dair dəlili ilə də razılaşaraq qeyd edir ki, iddiaçı tərəfin təqdim etdiyi və iş materialına əlavə edilmiş "xxxx" MMC-nin 15 fevral 2023-cü il tarixli, 16 saylı rəyində Mingəçevir şəhərində yerindən asılı olaraq bina yaşayış evlərində yaşayışa uyğun şəraitdə olan əşyasız vəziyyətdə 1 otaqlı mənzillərin kirayə qiymətlərinin 130 manat, 2 otaqlı mənzillərin kirayə qiymətlərinin 150 manat, 3 otaqlı mənzillərin kirayə qiymətlərinin 200 manat təşkil etməsi göstərilsə də cavabdeh tərəfin təqdim etdiyi və iş materialına əlavə edilmiş rieltor X2 verdiyi rəydə Mingəçevir şəhərində 2 otaqlı mənzilin 22 may 2023-cü il tarixə 1 aylıq kirayə dəyərinin 350 manat təşkil etməsi qeyd edilmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəflərin təqdim etdikləri rəylər arasındakı kəskin fərqlərin olması nəzərə alınaraq, ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə əlavə bir mütəxəssis rəyinin alınması üçün təşəbbüs göstərməmişdir.
48. Bununla bağlı məhkəmə kollegiyasının sorğusuna cavab verən və iş materialına əlavə edilmiş "xxxx" MMC-nin 01 noyabr 2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Nigar Rəfibəyli küçəsində yerləşən 6 mərtəbəli, 11A nömrəli binanın 2-ci girişində, 6-cı mərtəbəsində yerləşən 2 otaqlı mənzilin eyni ərazidə yerləşən oxşar mənzillərin orta aylıq kirayə haqqı 180-250 manat təşkil edir.
49. Məhkəmə kollegiyası apellyatorun mənzilin hazırki bazar qiymətinin nəzərə alınmamasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, «Bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.
50. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1091/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı Cavabdeh 7000 (yeddi min) manat kompensasiya verilməklə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və onun azyaşlı Hünər və Uğur adlı uşaqları və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması tələbinə dair iddiası rədd edilməlidir.
51. İddia rədd edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlər rüsumu onun özünə aid edilməli, həmçinin mütəxəssis rəyinin verilməsi ilə bağlı 50 manat xidmət haqqı İddiaçı tutulub "xxxx" MMC-nə ödənilməlidir.
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405,407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1091/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı Cavabdeh 7000 (yeddi min) manat kompensasiya verilməklə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və onun azyaşlı Hünər və Uğur adlı uşaqları və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Mütəxəssis rəyinin verilməsi ilə bağlı 50 manat xidmət haqqı İddiaçı tutulub "xxxx" MMCnə ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.