Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1123/2025 13.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçının cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Akt əsasında hesablanmış borc) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 oğlunun katibliyi ilə, İddiaçının cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, e-2(075)-838/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2025- ci il tarixdə aparılmış yoxlama əsasında tərtib edilmiş 001689 saylı aktın ləğv edilməsi, əsassız olaraq hesablanmış 2639,39 manat elektrik enerjisi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X8 tərəfindən təqdim olunmuş bildiriş üzrə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəmişdir. Azərişıq ASC X8 tərəfindən gələn xx.xx.2025-ci il tarixli rəsmi xəbərdarlığa əsasən 2639,39 manat borcu olduğu bildirilmiş, borc ödənilmədiyi halda “07 2020-ci il tarixdə 12:00-da” elektrik enerjisinin verilişinin dayandırılacağı bildirilmişdir. Sözügedən xəbərdarlıqların müxtəlif tarixləri əsk etdirməsi ilə yanaşı, borcun necə yaranması barədə hər hansı açıqlama və enerji təchizatının dayandırılacağı tarix dəqiq göstərilməmişdir. Hesablanmış borcun necə yaranması aydın olmadığı üçün X5 müraciət etmişdir. Oradan bildirilmişdir ki, borc məbləği xx.xx.2025-ci il tarixdə aparılmış yoxlamanın nəticəsi əsasında tərtib edilmiş 001689 saylı akta əsasən hesablanmışdır. Sözügedən aktda hər hansı bir borc hesablanması qeyd olunmamış, həmçinin akt əsasında hansı qərar qəbul edilməsindən xəbəri olmamışdır. Buna baxmayaraq elektrik enerjisinin verilməsinin dayandırılmışdır. Ona görə də hüquqlarının məhkəmədə müdafiəsi üçün hazırkı tələblə müraciət edir.
3. İddia tələbinə qarşı cavabdeh tərəfindən yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki şəhərində yaşadığı fərdi yaşayış evi “Azərişıq" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********60225 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2025-ci il tarixində ‘Azərişıq” ASC-nin əməkdaşları F.Oruclu, S.Mehdizadə və H.Kazımov tərəfindən Şəki şəhərində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının nümayəndəsi Telman Abdulkərimovun iştirakı ilə “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacına şəbəkədən sıfır xəttinin gəlmədiyi, sıfır xəttinin zavod nömrəsi **********1 olan digər sayğacdan gəldiyi aşkar edilmişdir. Sıfır xətti sayğacın çıxışına verilmiş, üzərində xüsusi hərəkət sensoru quraşdırılmış və bu yolla sayğac kənardan idarə olunaraq dövriyyədən kənaşdırılmışdır. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları’nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2025-ci il tarixli, NİM001689 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş aktı iddiaçının nümayəndəsi (atası) Telman Abdulkərimov öz imzasıyla təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli, NİM001689 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 300 gün üçün 0.13 manatla 20303 kvt.s. dəyəri 2639.39 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ ıstehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Bundan sonra İddiaçı aşkar olunmuş qüsurla razılaşaraq hesablanmış məbləğin 500.00 manatını ödəmişdir, iddiaçının xx.xx.2025-ci il tarixinə X1yə görə 2130.71 manat borcu vardır. “EEİQ”-nın 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndlən nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla. elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat'müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İddiaçı iddia ərizəsində “X1 Qaydaları”nın 8.33-cü bəndinə istinad etmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, “X1 Qatdaları”nın 8.33-cü bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki İddiaçı məxsus Şəki şəhərində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş 18 01,2025-ci il tarixli NİM001689 saylı akt “EelQ”-nın tələblərinə uyğun olaraq tərtib edilmişdir. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Ona görə də, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “18 yanvar 2025-cı il tarixli NİM001689 saylı akt əsasında əsassız olaraq yazılmış 2639.39 manat borcunun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh tərəfindən elektron ərizə ünvanlanaraq iştirakları olmadan məhkəmə iclasının keçirilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
6. Şəki Rayon Məhkəməsinin (hakim K.Musayev) 22 iyul 2025-ci il tarixli, e-2(075)- 838/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən akt əsasında hesablanmış 2375.46 manat borcun İddiaçı abonent hesabından silinməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 43.75 (qırx üç manat yetmiş beş qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir;
7. Məhkəmə müəyyən etmişdir ki, 18 yanvar 2025-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən Şəki şəhəri, 119-cu kvartalda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və elektrik enerjisinin istifadə qaydalarının pozulmasına dair akt tərtib etmişlər. xx.xx.2025-ci il tarixli, NİM001689 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 300 gün üçün 0.13 manatla 20303 kvt.s. dəyəri 2639.39 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır.
8. İnzibati təndeh vermə haqqında 02 aprel 2025-ci il tarixli, MN ******* nömrəli qərardan müəyyən edilmişdir ki, İddiaçı 18 yanvar 2025-ci il tarixdə Şəki şəhəri, 119-cu kvartalda yerləşən fərdi yaşayış evində elektrik sayğacının birləşmə sxeminə müdaxilə etməklə elektrik enerjisini talaması nəticəsində 2639,36 manat ziyan vurduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat cərimə edilmişdir.
Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə hesab etmişdir ki, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, İddiaçı qısa müddət ərzində sayğacdan kənar xətt 20303 kvt.s. miqdarında, yəni 2639.39 manat dəyərində X1 etməsi və ya həmin miqdarda elektrik enerjisinin sərf olunması ağlabatan deyildir. Belə ki, İddiaçı 2025-ci ilin yanvar ayında təbii qazdan qanunsuz olaraq istifadə etdiyi müəyyən olunsa da, "xxxx" ASC-nin iddiaçının təbii qazdan 300 gün müddətinə qanunsuz istifadə etdiyini iddia edərək ona 2639,39 manat cərimə hesablamışdır. İddiaçının elektrik enerjisindən qanunsuz olaraq 300 gün ərzində istifadə etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də İddiaçı fərdi yaşayış evində olan elektrik enerjisindən 1 ay ərzində qanunsuz olaraq istifadə etməsi əsas götürülməli və dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır.
10. Məhkəmə hesab etmişdir ki, İddiaçı iddiası qismən təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, NİM001689 saylı akta əsasən İddiaçı hesablanmış 2375.46 manat cərimə məbləği azaldılaraq 263.93 manat müəyyən edilməlidir.
11. Məhkəmə həmçinin hesab etmişdir ki, bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, iddia tələbi isə qismən təmin edildiyindən, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 2375.46 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 43.75 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir.
12. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 7.11, 8.2, 8.17, 8.17-1, 8.17-2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 119.1,-ci maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5, 9.4, 8.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a)Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermişdir.
14. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus fərdi yaşayış evinə tərtib edilmiş 18 yanvar 2025-ci il tarixli, NİM001689 saylı akt və aktı təsdiq edən sübutlar tərəflərindən Elektroenergetika Haqqında Azərbaycan Respublikası qanununun 19.16 maddəsinin tələbinə uyğun olaraq X2 Agentliyinə göndərilmişdir. Tərtib edilmiş akt agentlik tərəfindən əsaslı sayılaraq İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinin tələbinə əsasən MN ******* saylı qərarla 100 manat dəyərində cərimə edilmişdir.
15. Şəki Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, e-2(075)-838/2025 nömrəli qətnaməsi qeyri-mötəbər sübutlara əsaslanır. Məhkəmə bu mövqeyi ilə “X1 Qaydaları”nın 8.17-1-ci bəndinin tələbi pozulmuşdur.
16. Belə ki, “EEİQ”-nın 8.17-1-ci bəndinin tələbinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəməyə sübut kimi təqdim edilmiş xx.xx.2025-ci il tarixli icra vəqindən göründüyü kimi, abonentə “EEİQ”-nın 8.17-1-ci bəndinin tələbinə uyğun 300 günlük hesabat aparılmışdır.
17. Qeyd edilənləri nəzərə alaraq Şəki Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, e- 2(075)-838/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişlər. Lakin İddiaçı birinci instansiya məhkəməsindəki vəkili Vəkil məhkəmə kollegiyasına göndərdiyi müraciətində işə iştirakları olmadan baxılaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun; 19.16-cı maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqısatqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
27. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
28. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
29. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etsə də iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası Şəki Rayon Məhkəməsinin 22 iyul 2025ci il tarixli, e-2(075)-838/2025 nömrəli qətnaməsinin iddianın təmin olunmuş hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirən hissədə maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini tam diqqətə almamışdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
32. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı “Azərişıq" ASC-nin enerji satış bazasında **********60225 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır və həmin kod altında Şəki şəhəri 119-cu kvartalda yerləşən fərdi yaşayış evində X1 edir. 18 yanvar 2025-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən Şəki şəhəri, 119-cu kvartalda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və abonentə məxsus elektrik sayğacına baxış keçirilən zaman sayğacına şəbəkədən sıfır xəttinin gəlmədiyi, sıfır xəttinin zavod nömrəsi **********1 olan digər sayğacdan gəldiyi, sıfır xəttinin sayğacın çıxışına verilməsi, üzərində xüsusi hərəkət sensoru quraşdırılaraq sayğacın kənardan idarə olunaraq dövriyyədən kənaşdırılması aşkar edilməsi ilə əlaqədar “Elektrik enerjisinin istifadə qaydalarının pozulmasına dair” xx.xx.2025-ci il tarixli, NİM001689 nömrəli akt tərtib etmişlər. xx.xx.2025-ci il tarixli, NİM001689 nömrəli akta əsasən "xxxx" ASCnin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 300 gün üçün 0.13 manatla 20303 kvt.s. dəyəri 2639.39 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Həmin əməlinə görə İddiaçı inzibati məsuliyyətə cəlb edilərək sonuncunun barəsində Azərbaycan Respublikası Energetika Nazirliyi X2 Agentliyinin Şəki filialının rəisi tərəfindən inzibati tənbeh vermə haqqında 02 aprel 2025-ci il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında 02 aprel 2025-ci il tarixli MN ******* nömrəli qərara əsasən İddiaçı 18 yanvar 2025-ci il tarixdə Şəki şəhəri, 119-cu kvartalda yerləşən fərdi yaşayış evində elektrik sayğacının birləşmə sxeminə müdaxilə edərək elektrik enerjisinin talanması, 2639.39 manat ziyan vurma əməli üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 100 manat cərimə edilmişdir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “Elektrik enerjisinin istifadə qaydalarının pozulmasına dair” xx.xx.2025-ci il tarixli, NİM 001689 nömrəli akta görə hesabat müddətinin 300 gün üçün müəyyən edilməsinin əsassız olması qənaətinə gəlməkdə haqlı olmuşdur.
35. Lakin, birinci instansiya məhkəməsi həmin akt üzrə iddiaçının abunə hesabına yazılmış borcun silinməli olan məbləğini düzgün müəyyən etməmişdir.
36. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 nömrəli Qərarı ilə dəyişikliklər edilmiş, nəticədə Qaydaların 8.17-ci bəndi yeni redaksiyada verilmişdir.
37. Hazırki halda, akt 18 yanvar 2025-ci il tarixdə tərtib edildiyindən həmin akta əsasən cərimənin hesablanması qeyd edilən dəyişikliklərə uyğun həll edilməlidir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, “Elektrik enerjisinin istifadə qaydalarının pozulmasına dair” xx.xx.2025-ci il tarixli, NİM 001689 nömrəli aktla bağlı “İnzibati tənbeh vermə haqqında” 02 aprel 2025-ci il tarixli MN ******* nömrəli qərar mövcuddur.
39. Belə ki, işdə olan “İnzibati tənbeh vermə haqqında” 02 aprel 2025-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, İddiaçı 18 yanvar 2025-ci il tarixdə Şəki şəhəri, 119-cu kvartalda yerləşən fərdi yaşayış evində elektrik sayğacının birləşmə sxeminə müdaxilə edərək elektrik enerjisinin talanması, 2639.39 manat ziyan vurma əməli üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 100 manat cərimə edilmişdir.
40. Bununla belə, vurulmuş zərər hesablanarkən “X1 Qaydaları”nın 8.17-ci bəndinin tələbləri tam diqqətə alınmamışdır.
41. Belə ki, həmin bənddə göstərilir ki, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.
42. İddiaçı barəsində tərtib edilmiş aktdan da göründüyü kimi İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğaca şəbəkədən sıfır xəttinin gəlmədiyi, sıfır xəttinin zavod nömrəsi **********1 olan digər sayğacdan gəldiyi, sıfır xəttinin sayğacın çıxışına verilməsi, üzərində xüsusi hərəkət sensoru quraşdırılaraq sayğacın kənardan idarə olunaraq dövriyyədən kənaşdırılmasının, beləliklə də iddiaçı tərəfindən elektrik enerjisindən sayğacın qoşulma sxemləri pozulmaqla istehlak edilməsi müəyyən edildiyi halda, sonuncu barəsində “X1 Qaydaları”nın 8.17-1-ci bəndinin tələbləri, yəni hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulma əsası ilə akt tərtib edilmişdir. Hansı ki, həmin akt əsasında da iddiaçının barəsində 300 gün üçün 2639.39 manat hesabat aparılmışdır.
43. Halbuki “X1 Qaydaları”nın 8.17-ci bəndinin tələbinə görə cavabdeh təşkilat tərəfindən “Elektrik enerjisinin istifadə qaydalarının pozulmasına dair” xx.xx.2025-ci il tarixli, NİM 001689 nömrəli akt əsasında iddiaçının barəsində üç aydan çox olmayan müddət üçün hesabat aparılmalı idi.
44. Qeyd olunan normanın tələbinə əsasən hesabat müddəti 3 ay götürməklə hesablama aparılmalı olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən 1 aylıq müddət əsas götürülməklə, qalan 2 aylıq müddətə dair hissədə də iddiaçıya hesablanmış 527.88 manatın da iddiaçının hesabından silinməli olması qənaətinə gəlməklə yanlışlığa yol vermişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi hesabat müddətini 3 ay deyil, bir ay götürməkdə haqlı olmadığından iddia tələbi qalan 2 ay üçün hesablanmalı olan 527.88 manata dair hissədə də rədd edilməlidir.
46. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilmiş 527.88 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, e-2(075)-838/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş cavabdeh "xxxx" ASC tərəfindən akt əsasında hesablanmış 527.88 manat borcun İddiaçı abonent hesabından silinməsi, həmçinin cavabdeh "xxxx" ASC-dən həmin məbləğə mütənasib olan 5.27 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi hissələrində ləğv edilməli, ləğv edilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən akt əsasında hesablanmış 527.88 manat borcun İddiaçı abonent hesabından silinməsi hissəsində iş üzrə yeni qətnamə qəbul edilməli, akt əsasında hesablanmış 527.88 manat borcun İddiaçı abonent hesabından silinməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması hissəsində idda tələbi rədd edilməli, Şəki Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, e-2(075)-838/2025 nömrəli qətnaməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, e-2(075)-838/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş cavabdeh "xxxx" ASC tərəfindən akt əsasında hesablanmış 527.88 manat borcun İddiaçı abonent hesabından silinməsi və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 5.27 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi hissələrində ləğv edilsin. Ləğv edilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən akt əsasında hesablanmış 527.88 manat borcun İddiaçı abonent hesabından silinməsi hissəsində iş üzrə yeni qətnamə qəbul edilsin. Akt əsasında hesablanmış 527.88 manat borcun İddiaçı abonent hesabından silinməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması hissəsində idda tələbi rədd edilsin. Şəki Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, e-2(075)-838/2025 nömrəli qətnaməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.